Ərzaq bolluğuna etibarlı
zəmin yaradılır
Ümummilli lider Heydər
Əliyev ölkə iqtisadiyyatını inkişaf etdirmək
üçün kiçik və orta sahibkarlığın
inkişafına xüsusi diqqət göstərirdi. Məhz o
böyük şəxsiyyətin uzaqgörən siyasəti nəticəsində
Azərbaycanda torpaq islahatı uğurla həyata keçdi,
kiçik və orta sahibkarlığın, özəl
sektorun, fermer təsərrüfatlarının, ümumilikdə
kənd təsərrüfatının inkişafı
üçün münbit şərait yaradıldı.
Bu məsələni
daim diqqət mərkəzində saxlayan ölkə
başçısı cənab İlham Əliyev də
kiçik və orta sahibkarlığa, aqrar sahənin
inkişafına, əhalinin ərzaq məhsullarına təlabatının
yerli istehsal hesabına ödənilməsinə böyük
önəm verir. Xalqın milli maraqlarına əsaslanan məqsədyönlü
islahatların ardıcıl həyata keçirilməsi
ölkəmizin qüdrətini və imicini daha da
artırmış, əhalinin maddi rifahının
yaxşılaşdırılmasına əlverişli şərait
yaratmışdır. Son illər kiçik sahibkarlıqla məşğul
olan müəssisələrin sayı 10 mindən yuxarıdır.
Aqrar sahənin inkişafına yönəldilmiş dövlət
proqramlarının müvəffəqiyyətlə həyata
keçirilməsi sayəsində torpaq istifadəçilərinə
mexanikləşdirilmiş istehsalat xidmətlərinin həcmi
və növü genişləndirilmiş, kənd təsərrüfatı
məhsulları istehsalçılarının traktor, kombayn,
digər kənd təsərrüfatı maşın və
avadanlıqları, habelə toxum və gübrə ilə təminatı
xeyli yaxşılaşdırılmışdır. Mütəxəssislər
və təsərrüfat adamları bunu çox yüksək
qiymətləndirirlər. Məhz ulu öndərin
özülünü qoyduğu siyasi kursun uğurlu davamının
nəticəsidir ki, ölkəmiz neçə vaxtdır ki,
regionda sürətli iqtisadi inkişaf tempinə görə
lider dövlətə çevrilib. Dövlətin dəstəyi
nəticəsində ölkə iqtisadiyyatı ildən-ilə
özünün yeni inkişaf mərhələsini
yaşayır.
Nazirlər Kabinetinin
2009-cu ilin birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş geniş
iclasında Prezident İlham Əliyev bu məsələdən
bəhs edərkən demişdir ki, Azərbaycan hökuməti
aqrar sahənin hərtərəfli inkişafını təmin
etmək üçün fermer təsərrüfatlarına və
özəl sektora daim dəstək verməyə
çalışır... Cari ilin altı ayı ərzində
dövlət büdcəsndən kənd təsərrüfatı
texnikasının və aqrokimyəvi maddələrin
alınması üçün "Aqrolizinq"
Açıq Səhmdar Cəmiyyətinə 33 milyon manat, kənd
təsərrüfatı məhsulları
istehsalçılarına kreditlərin verilməsi
üçün Kənd Təsərrüfatı Nazirliyi
yanında Kənd Təsərrüfatı Kreditləri üzrə
Dövlət Agentliyinə 10 milyon manat həcmində vəsait
ayrılmışdır. Dövlət dəstəyinə əsasən,
indi bir tərəfdən fermerlərə və sahibkarlara təsərrüfatlarını
inkişaf etdirmək üçün kreditlər verilir, digər
tərəfdən isə kənd təsərrüfatı məhsullarının
istehsalında işlədilən yanacaq və sürtkü
yağlarına görə subsidiyalar paylanır. Ölkəmizin
28 rayonunda 166 min fermerə çatası 25 milyon manat avqust
ayının əvvəllərindən onların hesabına
köçürülüb. Fermerlərə pul
yardımı da gündəmdədəir. Subsidiyalar əkilən
hər hektara görə 40 manat olmaqla plastik kartlar vasitəsilə
ödənilir. Bu il bütövlükdə 59 rayonda 1 milyon
493 min hektar sahəyə görə 59 milyon manat həcmində
subsidiyanın verilməsi nəzərdə tutulub. Bu səbəbdən
yeni mövsümdə təxminən 25 minə yaxın yeni
plastik kartın verilməsi gözlənilir.
Avqust ayının sonu,
sentyabrın əvvəllərinədək bütün
rayonlarda subsidiya almaq hüququ olan fermerlərin hamısı həmin
yardımlardan bəhrələnə biləcəklər.
Xatırladaq ki, kənd
təsərrüfatı məhsulları
istehsalçılarına subsidiyalar ölkə Prezidentinin
2007-ci il sərəncamına uyğun olaraq ildə bir dəfə
verilir. Bunun üçün hər il dövlət büdcəsindən
80 milyon manat vəsait ayrılır. Bu il
1 milyon 493 min hektar sahədə əkin aparacaq fermerlər
subsidiyalardan yararlana biləcəklər.
Bir sözlə, aqrar sahəyə
göstərilən qayğı, müəyyənləşdirilən
iqtisadi siyasət öz bəhrəsini verməkdədəir. Bu
gün dünyanı bürüyən maliyyə
böhranı bir çox dövlətlərin
iqtisadiyyatına güclü ziyan vursa da, Azərbaycan bu
problemdən maksimum sığortalana bildi. Qlobal maliyyə-iqtisadi
böhranın Azərbaycan sahibkarlığına təsirinin
azaldılması ilə bağlı ölkə Prezidentinin
tapşırıq və tövsiyələrinə əsasən,
sahibkarların rəqabət qabiliyyətinin qorunması,
onların birbaşa vergi yükünün azaldılması
istiqamətində hökumət tərəfindən təsirli
tədbirlər görülmüşdür. 2010-cu ildən fərdi
sahibkarların gəlirinin vergiyə cəlb edilmə dərəcəsi
35 faizdən 20 faizə, müəssisələrin mənfəət
vergisinin dərəcəsi 22 faizdən 20 faizə
endirilmişdir. Əhalinin vergi yükünün
azaldılması məqsədilə 2010-cu ildən etibarən
fiziki şəxslərdən tutulan gəlir vergisinin yuxarı
həddi 35 faizdən 30 faizə endirilmişdir. Ödənişli
məktəbəqədər müəssisələrin xidmətləri
əlavə dəyər vergisindən azad edilmişdir. Cari
ilin altı ayı ərzində Sahibkarlığa Milli Fondunun
vəsaiti hesabına 41 şəhər və rayonda 770
sahibkarlıq subyektinin investisiya layihələrinin maliyyələşdirilməsinə
45 milyon manat güzəştli kredit verilmişdir ki, bu da
regionlarda 3400-ə yaxın yeni iş yerinin
açılmasına imkan yaradacaqdır.
Ölkə Prezidentinin sərəncamı
ilə yaradılmış "Aqrolizinq" Açıq Səhmdar
Cəmiyyətinin fəaliyyətinin daha da genişləndirilməsi
və aqrar sahənin müasir texnikalarla müntəzəm təchizatı
da kənd təsərrüfatında ciddi dönüş
yaradılmasında mühüm rol oynamışdır. Torpaq
mülkiyyətçilərinə məxsus
maşın-traktor parkında "Aqrolizinq" ASC-nin 55
aqroservis filialı və 105 mexanikləşdirilmiş dəstəsi
tərəfindən texniki xidmət, təmir və nizamlama
işləri görülür, onlardan səmərəli
istifadə üsulları öyrədilir, lazımi tövsiyələr
verilir. Ölkəmizdə fermer təsərrüfatının
və özəl sektorun inkişafına yaradılan bu şərait,
sahibkarlığın inkişaf etdirilməsi istiqamətində
dövlətin dəstəyi Azərbaycanın büdcə gəlirlərinə
daxil olan mədaxillərin rəngarəngliyini artırıb. Nazirlər
Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunan geniş
iclasında ölkə Prezidenti İlham Əliyev bu nailiyyətə
son illərdə Azərbaycanda aqrar sahədə aparılan
islahatlar sayəsində nail olunduğunu bildirib: "Azərbaycan
iqtisadiyyatı uzun illər uğurla inkişaf edir,
iqtisadiyyatımız çoxşaxəlidir və bu, əsas
amildir ki, bizi bu çətin sınaqda qoruya bilmişdir. Təxminən
bir ilə yaxındır ki, dünyanın əksər ölkələrində
ciddi iqtisadi problemlər yaşanır. Azərbaycanda isə
iqtisadiyyat ugurlu inkişafında davam edir. Bu ilin birinci
yarısında ümumi daxili məhsul 3,6 faiz
artmışdır. Sevindirici haldır ki, qeyri-neft sektorunda
artım 4,1 faiz təşkil etmişdir. Bu, çox gözəl
göstəricidir və onu göstərir ki, bizim
iqtisadiyyatımız və ümumiyyətlə, ölkəmizin
gələcəyi neft amilindən daha az asılıdır. Bu
il inflyasiyanın səviyyəsi çox
aşağıdır. Altı ayda inflyasiya 3,7 faiz təşkil
etmişdir. Ərzaq malları üzrə inflyasiyanın 2,1
faiz olduğunu nəzərə alsaq görərik ki, inflyasiya
insanların sosial vəziyyətinə təsir etməmişdir...
Bu rəqəmlər onu göstərir ki, Azərbaycan
iqtisadiyyatı möhkəm iqtisadiyyatdır, aparılan
iqtisadi islahatlar davam etdirilməlidir".
Azərbaycan Prezidenti tərəfindən
iqtisadiyyatın bu vacib sahəsinin inkişafına göstərilən
qayğı əhalinin maddi-rifah halının
yaxşılaşmasına xidmət etməklə
yanaşı, xalqımızın ərzaq təhlükəsizliyinə
etibarlı zəmin yaradır.
Rəhman SALMANLI
Azərbaycan.- 2009.- 26
avqust.- S. 1.