Bakıda Gimnastika Kompleksinin
təməlqoyma mərasimi
keçirilmişdir
Avqustun 26-da Bakıda
Gimnastika Kompleksinin təməlqoyma mərasimi
keçirilmişdir.
Azərbaycan Prezidenti
İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə
iştirak etmişlər.
Mərasim
iştirakçıları - idman ictimaiyyətinin nümayəndələri
və inşaatçılar Prezident İlham Əliyevi və
Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban
xanım Əliyevanı hərarətlə
qarşıladılar. Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olundu.
Prezident İlham Əliyev
Gimnastika Kompleksinin layihəsi ilə tanış oldu. Məlumat
verildi ki, tikinti üçün ayrılmış 3,5 hektar ərazidə
möhtəşəm idman kompleksi inşa olunacaq, abadlıq və
yaşıllaşdırma işləri aparılacaqdır.
Ümumi sahəsi 15 min
kvadratmetr olan üçmərtəbəli kompleksdə məşq
və yarış zalları, ofislər, soyunub-geyinmə
otaqları, kafe, restoran, emalatxana, anbarlar fəaliyyət
göstərəcəkdir. Kompleks telekommunikasiya və nəzarət-idarəetmə
sistemi ilə təmin ediləcəkdir. Bundan başqa, kompleksin
ərazisində qazanxana, nasosxana, digər köməkçi
bina və qurğular, 500 avtomobil yerlik yeraltı, 100 yerlik
yerüstü dayanacaq olacaqdır. Kompleksdə keçiriləcək
idman yarışlarını 6 min tamaşaçı izləyə
biləcəkdir.
Kompleksdə
gimnastların məşq etmələri, respublika və beynəlxalq
səviyyəli yarışların təşkili məqsədi
ilə hər cür şərait yaradılacaqdır.
İdman qurğusunun
2011-ci ildə istifadəyə veriləcəyi qeyd
olunmuşdur.
Daha sonra dövlətimizin
başçısına kompleksin yaxınlığında gələcəkdə
inşası nəzərdə tutulan
üzgüçülük üzrə ixtisaslaşacaq idman
sarayı barədə də məlumat verildi.
Prezident İlham Əliyev
sarayın eskizinə baxdı və layihə ilə
yaxından tanış olduqdan sonra tikinti işlərinə
başlanacağını bildirdi.
Mehriban xanım Əliyeva
gilizi Gimnastika Kompleksinin təməlinə buraxdı və
beton qarışığı tökdü. Dövlətimizin
başçısı da təmələ beton
qarışığı tökdü.
Sonra Prezident İlham Əliyev
və Mehriban xanım Əliyeva Azərbaycan
gimnastlarının bir qrupu ilə görüşdülər.
Gimnastlar onlar üçün yaradılan şəraitə və
belə gözəl kompleksin tikilməsinə görə
dövlətimizin başçısına və Azərbaycanın
birinci xanımına təşəkkürlərini bildirdilər.
Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva
gimnastlarla xatirə şəkli çəkdirdilər.
Xatırladaq ki, Azərbaycan
Gimnastika Federasiyasının fəaliyyəti sayəsində
ölkəmizdə idmanın bu növündə də ciddi
nailiyyətlər əldə olunmuşdur. Azərbaycan bədii
gimnastika üzrə Avropa və dünya çempionatlarına
ev sahibliyi etmişdir. Bədii gimnastlarımız Azərbaycanı
Olimpiya oyunlarında da layiqincə təmsil etmişlər.
Federasiyanın prezidenti Mehriban xanım Əliyevanın diqqət
və qayğısının nəticəsidir ki, indi
nüfuzlu beynəlxalq gimnastika təşkilatları Azərbaycana
yüksək maraq göstərirlər.
Prezident İlham Əliyev
idman ictimaiyyətinin nümayəndələri ilə də
görüşdü. Dövlətimizin
başçısı Azərbaycan Boks Federasiyasının
vitse-prezidenti Ağacan Əbiyevlə söhbətində gənclərdən
ibarət boks üzrə yığma komandamızın
Polşada keçirilən Avropa birinciliyində 7 medal qazanaraq
komanda hesabında birinci olmasını yüksək qiymətləndirdi.
Bu yarışda boksçularımız yüksək əzmkarlıq
göstərərək 1 qızıl, 2 gümüş və
4 bürünc medal qazanmış və medalların sayına
görə 35 ölkə arasında birinci yeri tutmuşlar. Buradan
da göründüyü kimi, ölkəmizdə idmana
göstərilən qayğı, yeni idman obyektlərinin
inşası bir məqsədə - gənc nəslin sağlam
böyüməsinə xidmət edir.
Prezident İlham Əliyev
bir daha mərasim iştirakçılarını təbrik
etdi, kompleksin inşası ilə bağlı tövsiyələrini
verdi, inşaatçılara işlərində uğurlar
arzuladı.
AzərTAc
Azərbaycan.- 2009.- 27 avqust.- S. 1.