Ulyanovsk şəhərindəki
mərkəzi meydanlardan birinə ulu öndər Heydər Əliyevin
adı verilmişdir. Vilayətin meri Sergey Yermakov Zasviyajsk
rayonundakı Jiqulyovsk və Fruktovaya küçələrinin
kəsişməsindəki meydana Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin adının verilməsi
barədə sənəd imzalamışdır. Bu qərar Ulyanovsk
şəhərində küçələrin,
meydanların, prospektlərin və s. adlarının dəyişdirilməsinə
dair komissiyanın iclasında qəbul edilmişdir.
Xatırladaq ki, ötən
il iyulun 11-də Ulyanovskda Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin abidəsi
açılmışdır. Ulyanovsk şəhərinin
Zasviyajsk rayonundakı Jiqulyovsk və Fruktovaya küçələrinin
kəsişməsində ümummilli liderin şərəfinə
salınmış bağda ucaldılan,
hündürlüyü beş metr olan abidənin müəllifi
Moskvada Yuri Qaqarinin abidəsinin müəlliflərindən
biri olan tanınmış heykəltəraş Sergey
Bobrakovdur. Elə həmin gün Ulyanovskdakı 78 nömrəli
orta məktəbdə Azərbaycan tarixi və mədəniyyəti
muzeyinin təntənəli açılışı
olmuşdur. Burada Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyevin, ulu öndərin ailə üzvlərinin,
habelə ölkəmizin görkəmli xadimlərinin həyat
və fəaliyyətinə həsr olunmuş ayrıca stend
yaradılmışdır.
Abidənin və muzeyin
açılışı Ulyanovsk sakinlərinin Azərbaycanın
ümummilli liderinə dərin hörmətinin əlamətidir.
Dahi lider dəfələrlə Ulyanovskda olmuşdur. 1983-cü
ildə isə ulu öndər "Aleksandr Suvorov"
teploxodunun qəzaya uğramasının nəticələrinin
aradan qaldırılması üzrə Dövlət
Komissiyasının sədri kimi buraya gəlmişdir. O vaxt
Sovet İttifaqının ali rəhbərliyindən biri
olmuş Heydər Əliyev faciə ilə bağlı
çoxsaylı problemlərin həlli üçün
qısa müddətdə tədbirlər
görmüşdür.
Ulyanovsk vilayətinin
qubernatoru Sergey Morozov demişdir ki, Heydər Əliyevin xatirəsinin
Ulyanovskda da əbədiləşdirilməsi Rusiya və Azərbaycan
xalqları arasında dostluq və əməkdaşlığın
möhkəmlənməsində və inkişafında
mühüm rol oynayacaqdır.
AzərTAc
Azərbaycan.- 2009.- 27 avqust.- S. 2.