Azərbaycan Qazaxıstan Fövqəladə Hallar nazirlikləri arasında protokol imzalanmışdır

 

Ölkəmizdə səfərdə olan Qazaxıstanın fövqəladə hallar naziri Vladimir Bojkonun başçılıq etdiyi nümayəndə heyəti avqustun 26-da Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin əziz xatirəsini anmış, məzarı önünə əklil qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı önünə də gül dəstələri düzülmüşdür.

Qazaxıstanlı qonaqlar Şəhidlər xiyabanını da ziyarət etmiş, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman oğul və qızların məzarı üzərinə güllər düzmüş, "Əbədi məşəl" abidəsi önünə əklil qoymuşlar.

Qonaqlar buradan Bakının mənzərəsini seyr etmişlər.

Həmin gün Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov qazaxıstanlı həmkarı Vladimir Bojko ilə görüşmüşdür.

Kəmaləddin Heydərov müstəqillik bərpa edildikdən sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə əldə olunmuş nailiyyətlər və ölkədə aparılan islahatlar barədə qonağa ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Azərbaycan ilə Qazaxıstan arasında münasibətlərin tarixi çox qədim dövrlərə təsadüf edir. Hər iki ölkə müstəqilliyini bərpa etdikdən sonra siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələr getdikcə inkişaf edir.

Ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan K.Heydərov fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində ölkələr arasında əməkdaşlığın əhəmiyyətini də qeyd etmişdir.

K.Heydərov demişdır ki, bu səfər ölkələrimizin Fövqəladə Hallar nazirlikləri arasında əməkdaşlıq əlaqələrinin daha sürətlə inkişafına təkan verəcəkdir. Azərbaycan fövqəladə hallar sahəsində təcrübəsini Qazaxıstanla bölüşməyə hazırdır. Nazir K.Heydərov bildirmişdir ki, Azərbaycan da, əsasən toz burulğanları, sellərin və daşqınların qarşısının alınması sahəsində qonşu dövlətin təcrübəsindən yararlanmaqda maraqlıdır.

Bildirilmişdir ki, Qazaxıstan və Azərbaycan Fövqəladə Hallar nazirlikləri arasında ilk dəfədir ki, Bakıda bu səviyyədə görüş keçirilir. Hər iki ölkə Xəzəryanı dövlət olduğundan bir sıra ortaq problemlərimiz də vardır. Ölkələrimiz neft-qaz hasilatı və ixracı ilə məşğul olan dövlətlərdir.

Qazaxıstanın fövqəladə hallar naziri Vladimir Bojko demişdir ki, dinamik inkişaf edən Xəzər regionu ölkələrinin fövqəladə hallar sahəsində birgə əməkdaşlığına ehtiyac vardır. Bizim region, əsasən, neft-qaz ehtiyatları ilə zəngindir. Xəzərin karbohidrogen ehtiyatlarının daşınması zaman baş verə biləcək müxtəlif hadisələrin, məsələn, neftin dənizə dağılmasının nəticələrinin aradan qaldırılması, Xəzərin bioloji resurslarının qorunması və s. məsələlər müzakirə obyektidir. Bu baxımdan səfərin böyük əhəmiyyəti vardır.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Sonra Kəmaləddin Heydərov və Vladimir Bojko Fövqəladə Hallar nazirlikləri arasında əməkdaşlıq haqqında protokol imzalamışlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 27 avqust.- S. 2.