Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil etmişdir

 

Avqustun 26-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Crescent Beach" mehmanxanasında Bakının Nizami, Suraxanı və Xətai rayonlarının uşaq evlərində təlim-tərbiyə alan uşaqlar üçün şənlik təşkil olunmuşdur.

Ənənəvi olaraq hər il keçirilən belə şənliklər yeni dərs ilinin başlanması ərəfəsində uşaqların yay istirahətinin mənalı olması üçün təşkil edilir. Budəfəki şənliyə 200-dək uşaq dəvət olunmuşdu. Uşaqların sevincini bölüşmək, ən çətin vaxtlarda onların yanında olmaq kimi ali missiyanı öz üzərinə götürmüş Heydər Əliyev Fondunun bəxş etdiyi bayram tədbiri klounların şən və heyrətləndirici çıxışları, həvəslə rəqs etməsi ilə yadda qaldı.

Əvvəlki şənliklərdə olduğu kimi, bu dəfə də respublikamızın tanınmış estrada müğənniləri öz oynaq, şux mahnıları, rəqsləri ilə hamıda xoş ovqat yaratmışdılar. Rəqslərə qoşulan, yallı gedən, məharətlərini göstərən uşaqların sevinci hədsiz idi. Çünki tanınmış sənətçilərin, klounların bir-birindən maraqlı çıxışları məhz onlara ünvanlanmışdı.

Yüksək səviyyədə təşkil olunmuş şənlikdən zövq alan uşaqlar, onların tərbiyəçiləri bu sevinci bəxş etdiyi üçün Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya hədsiz minnətdarlıqlarını bildirirdilər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.-27  avqust.- S. 2.