Gənclər İdman Nazirliyinin 15 illik yubileyi qeyd edilmişdir

 

Avqustun 26-da "Buta-Palas"da Gənclər və İdman Nazirliyinin yaradılmasının 15-ci ildönümü münasibətilə qəbul təşkil edilmişdir.

Qəbula nazirlik və idarələrin, idman federasiyalarının və cəmiyyətlərinin rəhbərləri, idman veteranları, Olimpiya oyunlarının, Dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları dəvət edilmişdilər.

Gənclər və idman naziri Azad Rəhimov qəbulda çıxış edərək demişdir ki, nazirlik Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli fərmanı ilə yaradılmışdır.

Ulu öndər Heydər Əliyev Azərbaycan gənclərinə həmişə böyük diqqət yetirirdi. 1994-cü ildə bu nazirliyi yaratmaqla o, ölkəmizdə bədən tərbiyəsinin və idmanın inkişafında yeni strategiyanın təməlini qoymuşdur.

Ötən illər ərzində nazirlik ölkəmizdə gənclər siyasəti, idmanın inkişafı sahəsində çox iş görmüşdür.

1998-ci ildən başlayaraq azərbaycanlı idmançılar ən mühüm idman bayramı olan Olimpiya oyunlarında medallar qazanmışlar. Azərbaycanlı idmançılar Pekində keçirilmiş sonuncu Olimpiadadan müxtəlif dəyərli 7 medal ilə qayıtmışlar.

1997-ci ildə İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsinə seçiləndən sonra ölkəmizdə idmanın inkişafı daha geniş vüsət almışdır. Bu illər ərzində çox geniş idman infrastrukturu yaradılmış, regionlarda olimpiya kompleksləri inşa edilməyə başlanmışdır. Hazırda bu komplekslərin sayı 19-a çatmışdır.

Nazir bildirmişdir ki, keçən il Azərbaycan idmançıları 51 Dünya çempionatında, 73 Avropa çempionatında və 120 beynəlxalq turnirdə iştirak etmişlər. Bu il Bakıda 25 beynəlxalq turnir keçirilmişdir.

2008-ci ildə müstəqil dövlətimizin idmançıları rekord sayda - 550 medal, o cümlədən olimpiya idman növlərində 137 medal qazanmışlar.

Sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış etmişdir. O, İdman və Gənclər Nazirliyinin yaradılması və onun mövcudluğunun ilk illərində qazanılmış uğurlar barədə söhbət açmışdır.

Qəbulun sonunda incəsənət ustalarının konserti olmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 27  avqust.- S. 2.