Almaniyada yaşayan soydaşlarımız təşkilatlanma prosesini başa çatdırıblar

 

Almaniyada ayrı-ayrılıqda mövcud olmuş diaspor təşkilatlarımızı birləşdirən, bu qurumların fəaliyyətini əlaqələndirən Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzinin təsis edilməsi bu ölkədəki cəmiyyətlərimizin işində ciddi dönüş yaratdı. Məhz yeni mərkəzin təsis edilməsindən sonra bu ölkədə diaspor təşkilatlarımız Azərbaycan həqiqətlərinin yayılmasını daha da gücləndirdilər.

Hazırda Almaniyada mövcud olan 50-yə yaxın cəmiyyət və icmanın işini əlaqələndirməyi başlıca vəzifə seçən Koordinasiya Mərkəzinin icraçı direktoru Samirə İsmayılova qəzetimizin əməkdaşı ilə söhbətində yalnız bu ölkədə deyil, həm də Avropadakı bütün soydaşlarımızın ünsiyyət nöqtəsinə çevrilməyi hədəf seçdiklərini bildirdi:

- Almaniyada 50-yə yaxın cəmiyyət fəaliyyət göstərir. Hər həftə onları baş verən hadisələr, keçirilən tədbirlər haqqında məlumatlandırırıq. Koordinasiya Mərkəzi yaradılana qədər onlar səyyar formada, bir-birlərindən xəbərsiz fəaliyyət göstərirdilər. Buna görə də qərara aldıq ki, ilk növbədə onlar üçün məlumat bazasını yaradaq. İndi həmvətənlərimiz baş verən proseslər haqqında dolğun məlumatlanırlar. Eyni zamanda Almaniyadakı Azərbaycan və Türkiyə diaspor təşkilatlarının qarşılıqlı əlaqələrinin daha da genişləndirilməsi diqqət mərkəzindədir. Bununla əlaqədar bir neçə görüş və tədbir keçirilib. Belə diskussiyalar ictimai dialoq üçün mühüm əhəmiyyət kəsb edir və yaxşı nəticələr verir.

Hər ay soydaşlarımız və Almaniyanın ictimai-siyasi proseslərində yaxından iştirak edən şəxslər üçün mühazirələr təşkil edirik. Bu zaman mədəniyyətlərarası dialoq mövzusunda edilən çıxışlar maraqlı diskussiyalara səbəb olur. Dağlıq Qarabağ həqiqətlərinin yayılması ilə bağlı keçirilən tədbirlər xüsusi əhəmiyyətə malikdir. Bu mövzu ilə əlaqədar tələbələrin forumunu təşkil etdik ki, onların həmin məsələ ilə əlaqədar məlumat bazası daha da genişlənsin. Tədbirdə Almaniyanın aparıcı KİV-lərinin jurnalistləri və müxtəlif təşkilatların nümayəndələri də iştirak edirdi.

Almaniya parlamenti ilə əlaqələr daim genişlənir. Xocalı soyqırımı haqda əsl həqiqətlərin dünyaya çatdırılması məqsədilə keçirilən tədbirlərin miqyasını daha da genişləndirmişik. Bu, "Xocalıya ədalət" kampaniyasının tərkib hissələrindəndir. Uşaqların çəkdikləri şəkillərdə Xocalı faciəsinin əks etdirilməsinə çalışırıq. "Xocalıya ədalət" kampaniyası çərçivəsində imzatoplama kampaniyasını davam etdiririk. Tədbirlərə Almaniya Bundestaqının üzvlərini dəvət edirik. Onlar bu dəvətləri məmnuniyyətlə qəbul edir və forumlarda fəal iştirak edirlər. "Azərbaycan mənim yurdumdur" mövzusunda keçirilən tədbir ölkəmiz barəsindəki həqiqətlərin çatdırılmasında mühüm addım oldu. Koordinasiya Mərkəzinin təmsilçiləri digər tədbirlərdə də fəal iştirak edirlər. Avropa Parlamentinin üzvləri ilə keçirilən görüşlərimiz bu qəbildəndir.

Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının son toplantısından keçən yarım ildən artıq vaxt ərzində lobbiçilik istiqamətində bir sıra işlər görülüb. 2009-cu il Azərbaycanda "Uşaq ili" elan edildiyindən bu məqsədlə Koordinasiya Mərkəzi indiyə qədər 3 tədbir keçirib. Bu, Almaniyadakı azərbaycanlı ailələrdə böyüyən uşaqların milli ruhda tərbiyə edilməsində mühüm rol oynayır.

Bundestaqın üzvü Eduard Lintnerin iştirak etdiyi tədbir xüsusilə çox maraqlı idi. Drezden və digər şəhərlərdəki kitabxanalara Xocalı soyqırımını faktlarla əks etdirən kitablar, ədəbiyyatlar paylamışıq. Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqına xidmətlərindən bəhs edən tədbirlər xüsusilə yaddaqalan olur. Ulu öndərin ölkəmizin ictimai-siyasi, mədəniyyət, incəsənət, sosial-iqtisadi və digər sahələrindəki xidmətləri haqqında Almaniya ictimaiyyətinə mütəmadi məlumatlar çatdırırıq.

Qarşıda bir sıra tədbirlər bizi gözləyir. Sentyabrın 4-də Almaniya Bundestaqının deputatları ilə görüş keçirəcəyik. Sentyabrın 18-də isə görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun ad gününün təntənəli şəkildə qeyd edilməsini planlaşdırırıq.

Koordinasiya Mərkəzinin üzvləri Almaniyanın ictimai-siyasi həyatında əvvəlki illərlə müqayisədə indi daha fəal iştirak edirlər. Eyni mədəniyyət simpoziumunun keçirilməsini nəzərdə tutmuşuq. Milli Dirçəliş Günü, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bir sıra forumlar təşkil etmək nəzərdə tutmuşuq.

Almaniyanın ölkəmizin ərazi bütövlüyünü dəstəkləməsi onu göstərir ki, Azərbaycan hakimiyyətinin yürütdüyü uğurlu xarici siyasət öz bəhrəsini verməkdədir. İndi bütün dünya Dağlıq Qarabağ problemində təcavüzkarla təcavüzə məruz qalanın kim olduğunu yaxşı anlayır. Bütün bunlar həm də Avropadakı azərbaycanlıların birgə səyləri nəticəsində reallaşıb. Qərb dövlətləri, beynəlxalq təşkilatlar ölkəmiz haqda dolğun məlumatlar aldıqca obyektiv təsəvvürlər əldə edirlər. Bizimlə daim ünsiyyətdə olan Almaniya Bundestaqına Qarabağ barədə məlumat verdikdə məlum oldu ki, onlar Azərbaycanın tarixindən xəbərsiz imiş. Deməli, ölkəmiz haqqında dünya ölkələrinə daha geniş məlumat çatdırmaq lazımdır. Onlar indiyə qədər təsəvvürü yalnız bir tərəfin uydurmaları ilə əldə ediblər.

Biz Almaniyaya Azərbaycan həqiqətlərini çatdırmaq üçün tədbirləri gələcəkdə də davam etdirəcəyik. Bu ölkədə mədəniyyətimizi, incəsənətimizi geniş təbliğ edəcəyik.

 

 

Anar RASİMOĞLU

 

Azərbaycan.- 2009.- 27 avqust.- S. 3.