ABŞ-da qondarma "erməni
soyqırımı"na daha bir zərbə
Diplomatik cəbhədə
Ermənistanın, eləcə də erməni lobbisinin Azərbaycana,
onun starteji tərəfdaşı olan Türkiyəyə indi daha
böyük fərqlə uduzmağa başlaması
işğalçı ölkədə ciddi ajiotaj
yaratmaqdadır. Ermənistanın "Aykakan Jamanak" qəzetinin
yazdığına görə, bir vaxtlar güclü
mövqeyi ilə öyünməyi xoşlayan erməni
diasporu artıq diplomatik cəbhədə Azərbaycana,
Türkiyəyə ciddi itkilər verməkdədir. Qəzet
buna sübut kimi bir müddət əvvəl ABŞ Senatı
tərəfindən Dağlıq Qarabağda yaradılan
separatçı rejimə maliyyə yardımı
ayrılmasına dair qanun layihəsinin rədd edilməsini, həmçinin
ABŞ Konqresində Azərbaycanı dəstəkləyən
konqresmenlərin sayının artmasını, qondarma "erməni
soyqırımı"nın ABŞ tərəfindən rəsmən
tanınmamasını göstərir.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ətrafında cərəyan
edən hadisələr və ATƏT-in Minsk qrupunda
ABŞ-ı təmsil etmiş Mətyu Brayzənin fəaliyyəti
də ABŞ-da məskunlaşan erməni diasporunun ciddi
narahatlığına yol açıb. Bunu Amerika Erməni
Milli Komitəsinin (ANCA) sədri Ken Haçikyanın Mətyu
Brayzənin son bəyanatları ilə bağlı dövlət
katibi Hillari Klintona göndərdiyi şikayət məktubu da
təsdiq edir. Məktubda Haçikyan amerikalı diplomatın
Azərbaycanın tərəfində olduğunu, uzun müddətdir
qondarma "erməni soyqırımı"nı inkar edən
Türkiyənin mövqeyini dəstəklədiyini bildirib. Məktubda
son zamanlar ABŞ-ın Ermənistana yardımlarının
azalması da vurğulanıb.
ANCA sədrinin məktubunda,
ümumiyyətlə Barak Obama administrasiyasının Ermənistan
siyasətindən açıq narazılıq ifadə olunur:
"Barak Obama və Cozef Bayden administrasiyasının öz
işinə başlamasından sonra keçən 7 ay ərzində
erməni məsələsi, Türkiyə ilə bağlı
götürdüyü öhdəliklərdən geri çəkilməsindən
ciddi şəkildə narahat olmağa
başlamışıq. Çünki Ermənistanla
bağlı qəbul edilən bütün qərarlar
Türkiyənin diktəsi altında həyata
keçirilir".
ANCA sədrinin məktubunda
qeyd olunan bu fikirlər bir daha ABŞ-da erməni lobbisinin
mövqelərinin kifayət qədər zəiflədiyini
göstərməklə yanaşı, həmçinin
onların Vaşinqton administrasiyasını ittiham etməkdən
belə çəkinmədiklərini göstərir. Əslində
seçkiqabağı kampaniya zamanı istər Prezident Barak
Obama, istərsə də vitse-prezident Cozef Bayden ermənilər
qarşısında heç bir öhdəlik götürməyib,
həmçinin sözügedən şəxslər hakimiyyətə
gəldikdən sonra qondarma "erməni
soyqırımı"nı tanıyacaqlarına dair də
konkret vədlər verməyiblər.
ATƏT-in Minsk qrupunda
ABŞ-ı təmsil etdiyi müddət ərzində Mətyu
Brayzənin tutduğu mövqe, xüsusən də onun son
açıqlamalarından ermənilərin narahatlıq ifadə
etməsi də heç bir məntiqə sığmır. İlk növbədə ona
görə ki, Mətyu Brayzə açıqlamalarında daim
birmənalı şəkildə Azərbaycanın ərazi
bütövlüyünün bərpa edilməsinin zəruriliyini,
Ermənistanın öz silahlı qüvvələrini
işğal edilmiş ərazilərdən
çıxarmalı olduğunu bildirib və həm Yerevanda, həm
də Bakıda keçirdiyi son görüşlər
zamanı bunu yenidən təkrar edib. Brayzənin bu
açıqlamaları Azərbaycanın ərazi
bütövlüyünü tanıyan ABŞ-ın rəsmi
mövqeyini əks etdirir. Bu mənada ANCA sədri Ken
Haçikyanın Mətyu Brayzənin son bəyanatlarından
nəyə görə şikayətlənməsi heç bir
məntiqə sığmır.
Digər tərəfdən
ABŞ-ın Ermənistanla bağlı qərarlarını
Türkiyənin diktəsi altında qəbul etməsinə
dair ANCA sədrinin söylədiyi fikirlər də
gülünc görünür. İlk növbədə ona görə ki, dünyanın
fövqəldövlət statusunu daşıyan ABŞ
administrasiyasının hər hansı kənar ölkənin
təsiri altında qərar qəbul etməsi sadəcə
mümkün deyil. İkinci bir tərəfdən
ABŞ-ın tarixdə olmayan qondarma "erməni
soyqırımı"nı tanımaqdan imtina etməsi
heç də o demək deyil ki, bu məsələdə
Vaşinqton administrasiyasına Türkiyə təsir göstərir.
Əksinə, bu məsələdə ABŞ daha çox
tarixi faktlara, reallıqlara əsaslanır və olmayan bir hadisəyə
görə əsas tərəfdaşlarından biri olan
Türkiyə ilə münasibətlərinin gərginləşməsinə
heç bir lüzum görməz.
Bu arada "erməni
soyqırımı" ilə bağlı ABŞ-ın
Federal Apellyasiya Məhkəməsi tərəfindən ermənilər
üçün daha bir sarsıdıcı qərar qəbul
olunub. Belə ki, Federal
Apellyasiya Məhkəməsi qondarma "erməni
soyqırımı"nın "qurbanları" olmuş
şəxslərin nəsil davamçılarının
"soyqırıma" görə ödənilməmiş
sığortaların verilməsi tələbilə xarici
sığorta şirkətlərinə qarşı ərizə
verməsinin qadağan olunmasına dair qərar qəbul edib. Məhkəmə
bildirir ki, ABŞ rəsmən "erməni
soyqırımı"nı tanımadığından belə
ərizələrin verilməsi mümkünsüzdür.
Xatırladaq ki, təxminən iki il əvvəl Kaliforniya
ştatının dairə məhkəməsinin sədri
Kristina Snayder qondarma "erməni
soyqırımı"nın "qurbanları" olmuş
şəxslərin nəsil davamçılarının
üç alman sığorta şirkətinə qarşı
ərizə vermələrinin mümkünlüyünə
dair qərar qəbul etmişdi. Lakin Federal Apellyasiya Məhkəməsi
bu qərarı ləğv etdiyindən artıq ermənilər
yalançı "soyqırıma" görə alman
sığorta şirkətlərindən pul ala bilməyəcəklər.
Los-Ancelesdən olan hüquqşünas Brayan Kabatek bildirir ki,
Federal Apellyasiya Məhkəməsinin qərarı "Amerka
erməniləri üçün olduqca
acınacaqlıdır".
Ermənistanın
özündə isə bu məsələ ilə
yanaşı, Türkiyə ilə olan sərhədlərin
açılmamasından da ciddi narahatlıq ifadə olunur. Bəzi erməni siyasətçilər
Rusiya və Türkiyə arasında son təmaslara diqqət
çəkərək rəsmi Yerevana bu və digər məsələlərdə
ayıq-sayıq olmağı tövsiyə edirlər.
Türkoloq Akop Çakryan isə bu fonda rəsmi Ankaranı
iki ölkə arasında əlaqələrin
qurulmasını nəzərdə tutan "yol xəritəsinə"
əməl etməməkdə ittiham edib. O, Yerevanda
keçirdiyi mətbuat konfransında bildirib ki, Türkiyə
bununla İsveçrədə aparılan
danışıqların və əldə olunan
razılaşmanın üstündən xətt çəkmiş
oldu. Çakryanın sözlərinə görə, baş
verənlər göstərir ki, rəsmi Ankara bu il də sərhədləri
açmayacaq.
O, Ermənistan
prezidentinin sərhədlər açılmayacağı təqdirdə,
iki ölkənin futbol komandası arasında Türkiyədə
keçiriləcək matça tamaşa etməyə getməyəcəyi
barədə bəyanatını xatırladaraq deyib ki, bununla
rəsmi Yerevan böyük səhvə yol vermiş olar. Onun fikrincə, Sarkisyan Türkiyəyə
getməli və Prezident Abdulla Güllə yenidən
danışıqlar aparmalıdır.
"Daşnaksütyun" partiyasının nümayəndəsi
Kiro Manoyanın fikrincə isə, artıq "futbol
diplomatiyası" iflasa uğrayıb və bu mənada
Sarkisyanın Türkiyəyə getməsinin heç bir əhəmiyyəti
yoxdur. Daşnakları da narahat edən əsas məsələlərdən
biri son vaxtlar Türkiyə ilə Rusiya arasında münasibətlərin
nəzərəçarpacaq səviyyədə inkişaf etməsidir.
Onlar belə hesab edirlər ki, Ankara və Moskva arasında təmasların
intensivləşməsi Ermənistana müsbət heç nə
vəd etmir.
Bütün bunlar bir
daha Ermənistanın diplomatiya sahəsində, qondarma "erməni
soyqırımı" məsələsində, eləcə
də Dağlıq Qarabağ münaqişəsi ətrafında
cərəyan edən hadisələrdə ciddi məğlubiyyətə
uğradığını göstərir. Son illərin reallıqları göstərir
ki, indi ABŞ-da Ermənistanı dəstəkləyənlərin
sayı azaldığı bir vaxtda Azərbaycan-Türkiyə-Amerika
münasibətləri daha da güclənməkdədir. Belə
vəziyyətdən isə təbii olaraq indi daha çox Ermənistan
və erməni diasporu narahat olmağa başlayıb. Lakin
görünən odur ki, ermənilərin bu
narahatlığı qarşıdakı dövr ərzində
bir qədər də artacaq. Çünki beynəlxalq arenada
gedən mövqe və nüfuz savaşında Ermənistan Azərbaycana
daha böyük fərqlə məğlub olmaqdadır.
Rasim BAYRAMOV
Azərbaycan.- 2009.- 27 avqust.- S. 3.