Azərbaycanlıların deportasiyası soyqırımı siyasətidir
Azərbaycanlıların
1948-ci ilin yayında Ermənistandan deportasiya edilməsinin mən
də şahidi olmuşam. O vaxt Azərbaycan ərazisinin
Arpaçay sahillərində respublikanın bütün
geoloqlarına yaxşı məlum olan Əsməri əhəngdaşı
yerin səthinə çıxırdı. Müharibə illərində
İran İslam Respublikasında işləmiş akademik Əhəd
Ələkbər oğlu Yaqubov əhəngdaşı
qatlarında qazılmış hər bir quyudan gündə 10
min ton neft çıxarılmasını
görmüşdü.
Akademik əhəngdaşı
çöküntüləri yerləşən ərazidə
iki quyu qazılması üçün keçmiş SSRİ
Neft Sənayesi Nazirliyindən icazə almışdı. O vaxt
mən Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan
Dövlət Neft Akademiyası) üçüncü kursunda
oxuyurdum. Həmin ekspedisiyada kollektor işləyirdim.
Quyuların qazılacağı yer müəyyənləşdirildi,
lakin hər iki quyu "boş" çıxdı. Ə.Yaqubov
dedi ki, axtarış işlərini Naxçıvan bölgəsində
davam etdirmək lazımdır. Həmin işlərin
görülməsində çöküntü və vulkan
püskürməsi süxurlarının petroqrafiyası sahəsində
tanınmış mütəxəssis, akademik Ş.Əzizbəyov
da iştirak edirdi.
1948-ci ilin yay günlərindən
birində biz axtarış rayonunun geologiyasını
aydınlaşdırmaq üçün Naxçıvan Muxtar
Respublikasından Ermənistana işə gedərkən dəhşətli
bir mənzərənin şahidi olduq. Gözümüzün
qarşısında insanları çox hündür yük
maşınlarına mindirirdilər, həmin adamların
yalnız başları görünürdü. Onların
arasında kişilərlə yanaşı, qadınlar və
uşaqlar da vardı. Akademiklər həmin adamlardan
soruşdular ki, bu nə deməkdir, haraya gedirsiniz? Maşındakılar
cavab verməyə macal tapmamış ermənilərdən
biri Azərbaycan dilində dedi ki, onları Ermənistandan Azərbaycana
pambıq becərməyə göndərirlər. Sonra da əlavə
etdi ki, Azərbaycanda torpaq çoxdur, amma işçi
qüvvəsi çatışmır. Biz azərbaycanlıları
sorğu-suala tutanda bildirdilər ki, onların özləri ilə
yalnız sənədlərini və paltarlarını
götürməsinə icazə verilmiş, təzə
yaşayış yerində bu insanlara pul və müəyyən
əşyaların paylanacağı vəd edilmişdi. Adamlar
şikayətlənməyə başladılar ki, onlar həmişə
dağlıq ərazidə yaşamışlar və Azərbaycanın
aran rayonlarında yaşaya bilməyəcəklər. Ermənilər
isə onları məsxərəyə qoyaraq deyirdilər:
"Ölməzsiniz, hər şey qaydasında olacaq, işləriniz
düzələndən sonra ünvanlarınızı bizə
göndərin, sizə qonaq gələcəyik".
Orada gördüklərimiz
hamıdan çox akademik Əhəd Yaqubova təsir
etmişdi, tez-tez ürəyini tuturdu. Köçürülənlərə
söz verdi ki, Bakıya gələn kimi bu barədə Azərbaycan
KP MK-nın birinci katibi Mircəfər Bağırova məlumat
verəcək. Akademik Ə.Yaqubov gördüklərini
M.Bağırova söyləyəndə o demişdi ki, hər
şeydən xəbəri var.
SSRİ Nazirlər
Sovetinin İ.Stalin tərəfindən imzalanmış qərarına
əsasən Ermənistan SSR-in azərbaycanlı əhalisinin
Azərbaycana köçürülməsi və onların zəruri
maliyyə vəsaitləri ilə təmin edilməsi
tapşırığı verilmişdi. Stalin də, ermənilər
də yaxşı bilirdilər ki, nəsilbənəsil
dağlıq ərazidə yaşamış bu adamlar başqa
iqlim şəraitinə dözməyəcəklər. Doğrudan
da, azərbaycanlı köçkünlərin çoxu
onların qismətinə düşmüş sınaqlara tab
gətirə bilmədi və əksəriyyəti həyatdan
vaxtsız köçdü. Əsl genosid bu idi: bir güllə
atmadan ermənilər azərbaycanlıları məhv etdilər.
İ.Stalinin ölümündən və Mircəfər
Bağırov vəzifədən çıxarılandan sonra
azərbaycanlı köçkünlərin bəziləri
Muğan düzünü tərk edərək Azərbaycanın
dağlıq rayonlarına köçdü və bu,
onların salamat qalmasına müəyyən mənada kömək
etdi. Azərbaycanlı əhalinin Ermənistandan
köçürülməsinin məqsədi Ermənistan
Respublikasının milli tərkibini dəyişmək idi.
1813-cü ildən
1988-ci ilə qədər olan dövrdə azərbaycanlı əhali
üç dəfə - əvvəlcə İrəvan
xanlığından, sonra İrəvan quberniyasından və
nəhayət, Ermənistan Respublikasından zorla deportasiya
edilmişdir. 1897-ci il fevralın 9-da (köhnə stillə
yanvarın 28-də) keçirilmiş Birinci Ümumrusiya
siyahıyaalmanın yekunlarına görə, o vaxt İrəvan
quberniyasının əhalisinin 37,75 faizi, İrəvan şəhəri
əhalisinin 51,37 faizi azərbaycanlılar olmuşdur. 2001-ci
ildə Ermənistan Respublikasında aparılmış
siyahıyaalmaya görə isə, bu respublikada yaşayan bir nəfər
də azərbaycanlı olmamışdır.
Azərbaycanlı əhalinin
Yerevandan və Ermənistandan köçürülməsi mərhələlərlə
baş vermişdir. Birinci mərhələ 1937-1947-ci illərə,
regionda müharibə dövrünə
düşmüşdür. Azərbaycanlıların Ermənistandan
deportasiyasının ikinci mərhələsi Qara dəniz
boğazlarına birgə nəzarət edilməsi barədə
keçmiş sovetlər ittifaqının təklifindən
Türkiyənin imtina etməsi səbəbindən, SSRİ ilə
Türkiyə arasında problemlər yarandıqdan dərhal
sonra başlamışdır. O vaxt Ermənistanın Türkiyə
ilə həmsərhəd rayonlarında yaşayan
kürd-müsəlmanlar Qazaxıstana deportasiya edilmişdi. Elə
həmin dövrdə (1945-ci ildə) SSRİ Türkiyənin
Qars və Ərdəhan vilayətlərinə ərazi
iddialarını təqdim etmişdi. İki ölkə
arasında münasibətlərdə yaranmış bu
qarşıdurma Stalinin ölümünə qədər
uzanmışdı. Həmin iddiaları əsaslandırmaq
üçün hazırlıq işləri 1953-cü ilə
qədər davam etmişdi. Stalinin xaricdə yaşayan ermənilərin
sovet Ermənistanına köçməsinə icazə verməsi
bu yolda mühüm addım olmuşdur.
Türkiyənin Şərqdə
çox əlverişli hərbi-coğrafi mövqeyə malik
olması bu ölkəni SSRİ-nin nüfuz dairəsinə cəlb
etmək üçün sovetlər hökumətinin
planlarında mühüm yer tuturdu. Ermənistanı
döyüş meydanı kimi möhkəmlətmək məqsədilə
respublikanın müsəlman- azərbaycanlılardan təmizlənməsi
də həmin planın tərkib hissəsi idi. Partiya rəhbərliyinin
fikrincə, Türkiyə ilə münaqişə baş verəcəyi
halda "etibarsız" olan azərbaycanlılar bir növ
"beşinci kolonna"ya çevrilə bilərdi. Bunu nəzərə
alan Stalin azərbaycanlı əhalinin Ermənistan SSR-dən
deportasiya edilməsinə icazə vermiş və SSRİ
Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli 4083 nömrəli qərarına
əsasən bu aksiya həyata keçirilmişdi.
Nüsrət XƏLİLOV,
Elmi-Tədqiqat Neft, Qaz və
Kimyanın Geotexnoloji Problemləri
İnstitutunun baş elmi işçisi,
geologiya-mineralogiya
elmləri doktoru
Azərbaycan.- 2009.- 27 avqust.- S. 3.