Gənclər siyasəti - gələcəyə qayğı

 

XX əsr Azərbaycanın dövlətçilik, ictimai-siyasi fikir tarixində Heydər Əliyev siyasi lider və böyük şəxsiyyət kimi çox mühüm yer tutur. Onun zəngin siyasi təcrübəsi, yüksək təşkilatçılıq qabiliyyəti, idarəetmə səriştəsi, mədəniyyətimizin, mənəvi dəyərlərimizin qorunub saxlanması və inkişaf etdirilməsi sahəsində gördüyü nəhəng işlər, söylədiyi qiymətli fikirlər görkəmli dövlət xadimi olaraq milli dövlətçiliyimizin möhkəmləndirilməsi naminə göstərdiyi fədakarlıqlar və nadir şəxsiyyətlərə məxsus başqa məziyyətləri, bütövlükdə geniş fəaliyyəti hələ bundan sonra çox öyrəniləcəkdir. Gələcək nəsillər bu zəngin irsə müraciət edərək faydalanacaqlar, həyatın, cəmiyyətimizin bütün sahələrinə aid burada mövcud olan qiymətli fikirlərdən, ideyalardan bəhrələnəcəklər.

Ulu öndər Heydər Əliyev respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz xidmətlər göstərmişdir. Dahi şəxsiyyət gənc nəslin inkişaf problemlərini və qayğılarını daim diqqət mərkəzində saxlamış, Azərbaycanın sağlam gələcəyini müasir dünyanın əldə etdiyi nailiyyətlər səviyyəsinə qaldırmağı mühüm vəzifə kimi irəli sürmüşdür. Ümummilli lider Heydər Əliyev demişdir:

"Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik."

Ümummilli lider Heydər Əliyevin fərmanı ilə 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradılmışdır. Həmçinin, 1996-cı və 1999-cu illərdə Azərbaycan gənclərinin müvafiq olaraq I və II Forumunun keçirilməsi, 1997-ci ildə Heydər Əliyevin sərəncamı ilə 2 fevralın Azərbaycanda "Gənclər günü" elan edilməsi, o cümlədən 1999-cu ildə imzalanan "Dövlət Gənclər Siyasəti haqqında" fərmanı bu sahəyə Prezident səviyyəsində böyük önəm verildiyinin parlaq təzahürü kimi qiymətləndirilə bilər. Dövlət gənclər siyasəti haqqında sənəd çox geniş bir spektri-gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtın təşkili problemlərinin həlli, hüquqların müdafiəsi respublikanın ictimai-siyasi və mədəni həyatında iştirakı ilə bağlı məsələləri əhatə edir. Dövlət gənclər siyasəti dövlətin daxili siyasətinin mühüm tərkib hissəsidir və o, cəmiyyətin proqressiv inkişafı üçün mühüm əhəmiyyətə malikdir.

Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2007-ci il "Gənclər ili" elan edilmişdir. Dövlət başçısı Azərbaycan gəncliyinin savadına, bacarığına, gələcəyinə böyük inamla yanaşdığını bildirmişdir: "Hər bir insanın gücü əlbəttə ki, onun biliyindən asılıdır. Ona görə mən əminəm, gənclərimiz bunu yaxşı başa düşürlər ki, yaxşı bilik almaq, yaxşı savad almaq və istənilən sahədə peşəkar olmaq hər bir gəncin, hər bir insanın həyatda yaxşı yer tutmasına gətirib çıxaracaqdır".

Qayğıya cavab olaraq biz gənclər də gələcəkdə Azərbaycanın layiqli idarəçiləri olmaq üçün məsuliyyətimizi anlamalı, intellektual səviyyəmizi daim inkişaf etdirməli, dövlətimizin parlaq və davamlı inkişafına öz töhfəmizi verməliyik. Fikrimcə, bunun üçün gənclik daha fəal vətəndaş mövqeyi tutmalı, yaradılan imkanlardan yetərincə istifadə etməlidir.

 

 

Jalə AXUNDOVA,

Azərbaycan Respublikası Prezidenti yanında

Dövlət İdarəçilik Akademiyasının magistri

 

Azərbaycan.- 2009.- 27 avqust.- S. 3.