Nabukko qaz kəmərinin doldurulması ilə bağlı problem olmayacaq

 

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində qonaq olan ABŞ dövlət katibinin siyasi məsələlər üzrə sabiq müşaviri Mark Qrosman enerji təhlükəsizliyi məsələləri və Nabukko layihəsi ilə bağlı sualı cavablandırarkən demişdir:

- Xəzər regionu və Yaxın Şərqdən Avropa Birliyi ölkələrinə qaz ixrac edəcək Nabukko qaz kəməri doldurulma problemi ilə üzləşməyəcək. İraq Azərbaycan və Türkmənistanla yanaşı, Nabukko üçün potensial qaz tədarükçüsü kimi nəzərdə tutulur. Bir müddət əvvəl İraq tərəfi bu boru kəməri ilə ildə təxminən 15 milyard kubmetr qaz tədarük etməyə hazır olduğunu bildirib.

bp-nin məlumatına görə, 2009-cu il yanvarın 1-nə Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatı 1,2 trilyon kubmetr, İraqın 3,17 trilyon kubmetr, Türkmənistanın qaz ehtiyatı isə 7,94 trilyon kubmetrdir.

M.Qrosman layihə üzrə iyul ayında Ankarada imzalanmış hökumətlərarası müqavilənin əhəmiyyətini qeyd edərkən bildirib ki, Nabukko Avropa və dünya enerji təhlükəsizliyi üçün çox mühümdür. Çünki enerji təhlükəsizliyi Avropa bazarı üçün əsas problem olaraq qalır.

Qeyd edək ki, dəyəri 7,9 milyard avro olan Nabukko qaz kəmərinin tikintisinə 2011-ci ildə başlanması nəzərdə tutulur. İlkin ixracat 2014-cü ilə planlaşdırılır. Boru kəmərinin gücü ildə 26-31 milyard kubmetr təşkil edəcək. Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulqarqaz", Rumıniyanın "Transqaz", Türkiyənin BOTAŞ və Almaniyanın RWE şirkətidir. İştirakçıların hər biri 16,67 faiz paya malikdir. Layihənin ümumi dəyərinin 30 faizinə pay iştirakçıları əsasında "Nabucco Gas Pipeline international" sərmayə qoyacaq. Qalan 70 faizi isə kreditlər hesabına ödəniləcək.

 

 

Azərbaycan.- 2009.- 27 avqust.- S. 4.