ARDNŞ-in gəmiləri Türkmənistan və Rusiyanın neft-qaz yataqlarında kəşfiyyat
işlərinə cəlb
olunub
Xəzər dənizinin
Türkmənistan sektorundakı "Jdanov Bankəsi"
yatağına ezam olunmuş ARDNŞ-in Xəzər Dəniz
Neft Donanmasının "Zöhrab Vəliyev" mühəndis-geoloji
gəmisi burada sualtı qruntda kəsilişin üst hissəsinin
fiziki-mexaniki xüsusiyyətlərinin, həmçinin hasilat
platformasının tikintisi üçün dəniz dibinin təhlükəsiz
ərazilərinin öyrənilməsinə başlayıb.
Gəmidə Kompleks
Geoloji-Kəşfiyyat və Topoqrafiya İdarəsinin mühəndis
geologiyası üzrə 20 mütəxəssisdən ibarət
ekspedisiyası çalışır. Gəmi dənizin 23
metr dərinliyində lövbər salıb. Onun göyərtəsindən
80 metr dərinliyində iki geoloji quyunun qazılması və
30 metr dərinliyində bir quyuda statik zondlama vasitəsilə
kern nümunələri götürülməsi nəzərdə
tutulur.
Ezamiyyətdə
olduğu 30 gün ərzində "Zöhrab Vəliyev"
gəmisi dənizin 65 metr dərinliyindəki "Blok-1"
yatağında da çalışacaqdır. Burada da analoji tədqiqatlar,
sualtı qruntda mühəndis-geoloji kəşfiyyat işləri
aparılacaqdır. Bu, 2009-cu ildə "Zöhrab Vəliyev"in
xaricə beşinci ezamiyyətidir. Gəmi üç dəfə
Türkmənistanın "LAM Bankəsi" və
"Livanov Bankəsi" yatağında, bir dəfə isə
Rusiyanın "LUKoyl" kompaniyasına məxsus
"Rakuşeçnoye" yatağında olub. Bütün
adıçəkilən neft-qaz yataqları XX əsrin 70-ci
illərində Azərbaycan geoloqları tərəfindən kəşf
edilib, lakin müvafiq infrastruktur olmadığı
üçün işlənilməyib. Artıq qonşu
ölkələrin şirkətləri neft-qaz hasilatı
üçün qurğuların tikintisinə və qısa
müddətdə qazma işlərinə başlamağı
planlaşdırırlar. Platformaların layihələndirmə
və tikinti işlərinin həyata keçirilməsi
üçün sualtı qruntun mühəndis-geoloji tədqiqatı
aparılmalıdır. ARDNŞ-in bu unikal
gəmisi həmin məqsədlə icarəyə
götürülüb.
Polad materialdan
tikilmiş "Zöhrab Vəliyev" gəmisi mürəkkəb
hidrometeoroloji şəraitdə əlahiddə olaraq 32 gün
üzmək qabiliyyətinə malikdir. Onun göyərtəsindəki
qazma dəzgahı suyun 150 metrədək dərinliyində
qazma və statik zondlama işlərini həyata keçirə
bilir. 2008-ci ildə "Zöhrab Vəliyev" gəmisi təmir
olunaraq ABŞ və Hollandiyadan alınan müasir geofiziki,
geoloji və naviqasiya avadanlığı ilə təchiz
edilib. Gəminin göyərtəsində və sahildə iki
laboratoriya fəaliyyət göstərir. Həmin laboratoriyalar
da Britaniyanın son model avadanlıqları ilə təchiz
edilib. Sifarişçidən asılı olaraq bizim geoloqlar
artıq ABŞ, Böyük Britaniya və ya Rusiyanın
dövlət standartlarına uyğun tədqiqatlar apara bilirlər.
Türkmənistan tərəfi ilə imzalanan müqavilənin
şərtlərinə əsasən "Jdanov Bankəsi"ndə
aparılan mühəndis-geoloji tədqiqat işləri
Britaniya standartlarına uyğun həyata keçiriləcək.
Azərbaycan.- 2009.- 27 avqust.- S. 4.