Dünya musiqisinin Qəbələ zirvəsi
Şəxsiyyətin
böyüklüyü həmişə onun xalqına göstərdiyi
xidmətlə ölçülür. Heydər Əliyev Fondunun prezidenti, Milli
Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, bu günlərdə "XXI əsrin böyük
qadını" fəxri tituluna layiq görülmüş
Mehriban xanım Əliyevanın doğma xalqı
qarşısında göstərdiyi xidmət artıq sərhədləri
aşaraq dünya miqyasına çıxmışdır.
Bu səbəbdən də
ölkəmizin birinci xanımını təkcə Azərbaycanda
deyil, dünyanın əksər yerində rəğbətlə
qarşılayır, onun gördüyü hər bir işin
yaratdığı xoş təəssüratlardan məhəbbətlə
söz açılır. Azərbaycandan başlanan xeyirxahlığın yolları
o qədər çoxşaxəlidir ki, ən inkişaf
etmiş, qüdrətli dövlətlərin bir çoxunda
belə bu xanımın təşəbbüsü ilə həyata
keçirilən maraqlı, dəyərli işlərin
pozulmaz izləri var. YUNESKO-nun Baş direktoru K.Matsuura deyirdi:
"Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva
yaratdığı Azərbaycan Mədəniyyətinin
Dostları Fondunun çərçivəsində elə
böyük işlər görmüşdür ki, mən onun
bu sahədəki fəaliyyətini yaxından izləyib
öyrəndim, heyrətə gəldim. Mehriban xanım
yorulmadan çalışır, yeni layihələr üzərində
fikirləşir, bütün varlığı ilə təkcə
öz xalqına deyil, bütün millətlərə xidmət
edir. Ölkənin birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti indi nəinki Azərbaycanda, həm də
regional miqyasda, hətta deyərdim ki, qlobal miqyasda fəaliyyət
göstərir".
Bu ilin mart ayında
Bakıda keçirilən Beynəlxalq muğam festivalı təkcə
Azərbaycanda deyil, bütün dünyada maraqla
qarşılandı. Bu
festival çərçivəsində həyata keçirilən
müsabiqələrdə diqqət çəkən,
tamaşaçını riqqətə gətirən çox
məqamlar var idi. Müsabiqəyə gələn
ifaçıların əksəriyyəti öz
çıxışına "Qarabağ şikəstəsi"
ilə başladı. Bu, sadəcə, mahnı
ifaçılığı deyildi. Məhz dərdimizə
musiqi dili ilə bir sığal çəkilirdi. Bizim xalq
mahnımız özgə dillərdə səsləndikcə
gözlərimiz dolur, kövrəlir və həm də
qürur duyurduq. Fəxr edirdik ki, bəzən siyasətin illərlə
aça bilmədiyi qapıları mədəniyyətimiz,
bax, elə bu mahnıları ilə çətinlik çəkmədən
dəf edirdi. Dünyanın müxtəlif yerlərindən gəlmiş
insanlar "Qarabağ!" deyirdi. Başqa dildə
danışan yad millətin bu doğma ifadələri işlətməsi,
haray çəkməsi böyük hadisə idi, Qarabağ
haqqında düşüncələr idi. Paytaxta gələn
hər kəs gözəl bilirdi ki, Qarabağ azərbaycanlılar
üçün nə deməkdir. Bu ovqatı yaradan, bu
yarışmanı həyata keçirən Mehriban xanım Əliyevaya
hamı minnətdardır.
Milli musiqimizi sevən,
xüsusilə də muğamlarımıza yeni həyat verən,
bu inciləri millətə qaytaran, dünyaya tanıdan Mehriban
xanım Əliyevanın təkcə elə bu sahədəki
xidmətləri zamanın fövqündə dayanır və
bir ömrə bəs edəcək fədakarlıqdır. 2009-cu il üçün
Bakının İslam mədəniyyətinin paytaxtı elan
edilməsi Azərbaycanın beynəlxalq aləmdə
hansı nüfuza malik olduğunu bir daha təsdiqləyir.
Novruz bayramından başlayaraq ölkəmizdə müxtəlif
musiqi günlərinin, festivalların, konsert
proqramlarının, görüşlərin, yubileylərin, mədəniyyət
günlərinin keçirilməsi bir daha təsdiqlədi ki,
Azərbaycan dünya mədəniyyətinin
sütunlarından biridir.
Bakıda yanan mədəniyyət
işığının şöləsi yayın isti
günlərində bölgələrimizə yayıldı. Yaranışından üzü
bəri Qəbələ dağları, yaşıl
ormanları belə büsat görməmişdi. Avqustun 13-dən
23-dək Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət
və Turizm Nazirliyinin və Azərbaycan Musiqi Xadimləri
İttifaqının təşkilatçılığı
ilə bu bölgədə keçirilən beynəlxalq musiqi
festivalının yaratdığı xoş təəssürat
təkcə insanların ürəyində deyil,
dağların, qayaların ucalığında da əks-səda
tapdı. Dünyanın diqqəti yayın isti günlərində
on gün bu yaşıl donlu qədim yaşayış məskəninə
yönəldi. Əslində, bu təntənələr
yalnız Azərbaycan deyil, bütün dünya üçün
maraq kəsb edirdi. Tatarıstanlı diplomat Zemfira Həsənova
televiziya jurnalistinə verdiyi bir müsahibədə haqlı
olaraq söylədi: "Qəbələdə keçirilən
bu festival bütün dünya musiqi mədəniyyəti
üçün böyük hadisədir".
Qəbələyə
dünyanın 15 ölkəsindən, o cümlədən
ABŞ-dan, İtaliyadan, Fransadan, İspaniyadan, Meksikadan,
İsraildən və digər ölkələrdən
tanınmış musiqiçilər, məşhur
ifaçılar, istedadlı gənclər gəlmişdilər.
Musiqi festivalının
bədii rəhbəri, xalq artisti Fərhad Bədəlbəyli
idi. Azərbaycan mədəniyyətinin tanıdılması və
təbliğatı istiqamətində hazırlanan bu
mühüm tədbirin Qəbələdə nəzərdə
tutulması təsadüfi deyildi. Həm regionlardakı
inkişafın nümayiş etdirilməsi, həm də gələcəkdə
Qəbələnin turizm mərkəzlərindən birinə
çevrilməsi baxımından Beynəlxalq musiqi
festivalının burada keçirilməsi çox əhəmiyyətli
idi.
Diqqətçəkən,
xoşagələn məqamlardan biri də budur ki, Beynəlxalq
musiqi festivalı "Qafqaz Resort" hotelinin həyətində,
açıq havada təşkil olunmuşdu. Qəbələyə gələn
qonaqlar həm Azərbaycan təbiətinin
füsunkarlığına, həm də mədəniyyətinin
ecazkarlığına heyran qalmışdılar. Heydər Əliyev
Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın
tədbir iştirakçılarına yönəltdiyi təbrik
məktubunun oxunuşu, bir növ, on gün davam edəcək
festivalın xeyir-duasına çevrildi.
Açılış mərasimində
Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli,
mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
və başqaları çıxış edərək
festivalın Azərbaycan musiqi ənənələrinin
dünyada tanıdılmasına öz töhfələrini
verəcəyini inamla bildirdilər.
Musiqi festivalının
təntənəli açılışında İsrailin
"Ranaana" Simfonik Orkestrinin və Azərbaycan Dövlət
Xor Kapellasının ifasında Azərbaycan, rus və Avropa bəstəkarlarının
əsərləri ifa edildi. Dahi Üzeyir Hacıbəyovun "Koroğlu"
operasından könülləri ehtizaza gətirən
uvertüranın səsləndirilməsi
tamaşaçıları, dünyanın müxtəlif
ölkələrindən gəlmiş ustad sənətkarları
ovsunladı, qədim Qəbələnin ələdüşməz
gözəlliklərinə qovuşaraq bütün müsafirləri
öz cazibəsində saxladı. Qonaqlar söhbət
zamanı bilmirdilər ki, öz razılıqlarını,
heyrətlərini, sevgi və minnətdarlıqlarını
bildirmək üçün hansı sözləri desinlər.
Həm təbiətin, həm musiqinin gözəlliyi hər kəsi
valeh etmişdi. Bəlkə də elə buna görə idi
ki, dünyada məşhur olan tanınmış dirijor Dmitri
Yabloçkin festivalın elə ilk günlərində Azərbaycanda
qalmaq istədiyini bildirdi: "Dünyanın çox yerində
olmuşam. Qəbələ qədər füsunkar yer görməmişəm.
Məni burada iki qüvvə saxlayır: bir Azərbaycan
musiqisevərləri, bir də gözəl Qəbələ. Mənim
üçün iş də problem deyil. Bakıda Musiqi
Akademiyası, konservatoriya var, Qəbələdə də
piano fabriki açılacaq. Mən Azərbaycan musiqisinə
heyran qalmışam".
Festivalın gündəliyində
təqdirəlayiq işlərdən biri də dünya
şöhrətli müğənni və bəstəkar
Müslüm Maqomayevin xatirəsini yad etmək oldu. Böyük sənətkarın
xatirəsinə həsr olunan konsertdə Fərhad Bədəlbəyli,
Murad Adıgözəlzadə və başqaları
çıxış edərək təkrarolunmaz bariton səsi
ilə böyük səhnələri fəth edən
Müslüm Maqomayevin dünya mədəniyyətində,
musiqisində tutduğu yerdən danışdılar.
Musiqi bayramının
yaddaqalan günləri çox oldu. Bir tərəfdən gənc
pianoçuların beynəlxalq müsabiqəsi öz işinə
başladı, digər tərəfdən məşhur
ifaçılar gənc həmkarları üçün
master-klass keçdilər. Gənc pianoçular arasında
keçirilən müsabiqədə müxtəlif ölkələri
təmsil edən pianoçularla bərabər, Azərbaycandan
Nərgiz Kəngərli, Abuzər Manafzadə, Toğrul
Hüseynli və Günel Kazımova iştirak edirdilər. Bu
müsabiqəyə qatılan ABŞ, Fransa, Bolqarıstan,
Rusiya, Çin təmsilçiləri Bax və Şopenin əsərlərini
səsləndirdilər. Müsabiqənin sonunda birinci yerə
xorvatiyalı, ikinci yerə rusiyalı, dördüncü yerə
isə azərbaycanlı Toğrul Hüseynli layiq
görüldü. Üçüncü yer heç kimə
verilmədi. Azərbaycanlı Nərgiz Kəngərli isə
həvəsləndirici mükafat aldı.
Festivalın maraqlı
günlərindən biri də Azərbaycan muğamları ilə
bağlı oldu. Xalq
artistləri Mənsum İbrahimovun, Aygün Bayramovanın və
tarzən Elçin Həşimov, kamançaçı Elnur Əhmədovun
iştirakı ilə muğam axşamı təşkil
olundu. Fərəhlə demək olar ki, o gün Azərbaycan
muğamları yenə də qalib idi. Açıq havada
keçirilən bu möhtəşəm musiqi gecəsində
hər tərəfi bürümüş həzin musiqi təbiətin
təmiz havasına qovuşaraq insanlara ruhi qida verir, onlara sanki
ana laylası çalırdı. Bütün
tamaşaçılar muğamın ovsununa bələnərək
sanki yeni bir aləmə - muğam dünyasına
düşmüşdülər. İfadan sonra səslənən
gurultulu alqışların sədası əks-səda
verirdi.
Festivalın
bağlanış mərasimi də çox yaddaqalan oldu. Milli
Məclisin deputatı Fəttah Heydərov, Musiqi Xadimləri
İttifaqının sədri Fərhad Bədəlbəyli,
İsrailin ölkəmizdəki səfiri Mixail Lavon Lotemi və
başqaları çıxış edərək musiqi
bayramının əhəmiyyətindən
danışdılar. Musiqi ilə başlanan festival musiqi ilə
də sona çatdı. Musiqi bayramı münasibətilə
gecənin atəşfəşanlığı Qəbələ
dağlarının və meşələrinin yaşıl
işığına qarışaraq qeyri-adi bir mənzərə
yaradırdı. Yəqin ki, dünyanın 15 ölkəsindən
Qəbələyə gəlmiş insanlar bu yerlərdən
ayrıldıqdan sonra onlar uzun müddət Azərbaycanda
gördükləri xoş münasibəti, insanların səmimiyyətini,
milli musiqimizin təsirini unutmayacaqlar. Festival həqiqətən də çox sanballı təşkil
olunmuşdu. Qonaqlara adi məişət xidmətindən
tutmuş səyahətlərinə qədər hər bir
şey dəqiq ölçülüb-biçilmişdi. Qəbələyə
gələn xarici ölkə musiqiçiləri, sənətkarlar,
digər qonaqlar həm Azərbaycan mətbəxinin
çeşid-çeşid nemətlərindən daddılar,
həm qəlbləri fəth edən musiqiləri dinlədilər,
həm də görməli yerləri gəzdilər. Qəbələyə
gəlmiş qonaqların müxtəlif marşrutlar üzrə
səyahətləri də təşkil olunmuşdu. Onlar ətraf
rayonların da mədəni həyatı və təbiəti
ilə tanış oldular. Festival
iştirakçılarının səsi Şəkidən,
Ağdaşdan... gəlirdi.
...İstər
festivalın işində iştirak, istərsə də onun
gündəliyini televiziyadan seyr edən
tamaşaçıların ürəyindən bir arzu da
keçirdi. Yəqin
ki, Bakıdan şölələnərək Qəbələyə
işıq saçan bu musiqi bayramının davamı
çox olacaq. Azərbaycanın konservatoriyası sayılan
Şuşada, indi əlimiz yetməyən Cıdır
düzündə vaxtilə maestro Niyazinin rəhbərliyi ilə
"Xarı bülbül" festivalı, müxtəlif
musiqili mərasimlər keçirilərdi. İnanırıq
ki, bu festivalların biri də tezliklə Şuşada öz pərəstişkarlarını
başına yığacaq. Biz o günün yaxın zamanlarda
olacağına inanırıq.
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2009.- 26 avqust.- S. 6.