Sərmayədarlar üçün cəlbedici ölkə
Xarici investisiyaların,
müasir texnologiya və avadanlıqların, idarəetmə təcrübəsinin
milli iqtisadiyyata cəlb edilməsi yolu ilə yüksək
keyfiyyətli, rəqabətə davamlı məhsulların
istehsalı Azərbaycanda həyata keçirilən iqtisadi
inkişaf strategiyasının prioritet məqsədlərindən
birinə çevrilmişdir. Həyata keçirilən səmərəli
və çevik investisiya siyasəti ölkə
iqtisadiyyatının neftdən asılılığının
azalmasını, "qara qızıldan" qazanılan gəlirlərin
qeyri-neft sektoruna yönəldilməsi yolu ilə yüksək
inkişafı təmin etmişdir.
İnkişaf etmiş
dövlətlərin təcrübəsi göstərir ki, cəmiyyətin
artmaqda olan sosial-iqtisadi tələbatının ödənilməsi,
mövcud istehsal potensialından tam və səmərəli
istifadə edilməsi, elmi-texniki tərəqqinin nailiyyətlərinin
istehsala tətbiqi kimi yeniliklər bilavasitə investisiya
qoyuluşlarından asılıdır. Son 15 ildə həyata
keçirilən səmərəli iqtisadi siyasətin nəticəsi
olaraq Azərbaycan hazırda xarici investisiya cəlbediciliyinə
görə dünya ölkələri sırasında ön
sıralardadır.
Milli iqtisadiyyata
investisiyaların cəlbi məqsədilə
"açıq qapı" siyasəti həyata keçirən
Azərbaycan iqtidarı ötən illərdə
investorların hüquq və mənafelərinin qorunması,
mülkiyyətinin toxunulmazlığı, yerli və xarici
sahibkarlara bərabər iş şəraitinin
yaradılması, əldə edilmiş mənfəətdən
maneəsiz istifadə olunması ilə bağlı
mühüm qanunlar qəbul etmişdir. "İnvestisiya fəaliyyəti
haqqında", "Xarici investisiyaların qorunması
haqqında" Azərbaycan Respublikası qanunları bu
baxımdan xüsusi qeyd edilməlidir. Eyni zamanda Azərbaycan
hökuməti bir sıra xarici ölkələrlə ikiqat
vergitutmanın aradan qaldırılması, investisiyaların təşviqi
və qarşılıqlı qorunması haqqında sazişlər
imzalamışdır. Son 10 ildə ölkədə
lisenziyalaşdırma sisteminin sadələşdirilməsi
istiqamətində də bir sıra tədbirlər həyata
keçirilmiş, mövcud olan lisenziyalaşdırma sistemi
köklü surətdə dəyişmişdir.
Lisenziyalaşdırılan fəaliyyət növlərinin
sayı 240-dan 30-a endirilmiş, lisenziyanın müddəti 2
ildən 5 ilə qədər uzadılmışdır.
Azərbaycanın
qeyri-neft sektoruna investisiyaların cəlb edilməsinin ən
mühüm vasitələrindən biri də özəlləşdirmə
prosesidir. Bu günədək Türkiyə, ABŞ, Fransa,
Böyük Britaniya, Çin, İran, İsveçrə,
Hollandiya və digər ölkələrin investorları Azərbaycanda
həyata keçirilən özəlləşdirmə
prosesində iştirak etmiş, milli iqtisadiyyata böyük məbləğdə
investisiyalar qoymuşlar. Xarici investorlar üçün
xüsusilə cəlbedici olan metallurgiya, kimya, energetika,
maşınqayırma, nəqliyyat, rabitə və digər sahələrdə
fəaliyyət göstərən şirkətlərin özəlləşdirməyə
açılması xarici investisiya axınına güclü
təkan vermişdir.
Ölkənin ixrac
qabiliyyətinin artırılmasını və
investisiyaların cəlb edilməsini stimullaşdırmaq məqsədilə
2003-cü ildə Azərbaycan İxracın və
İnvestisiyaların Təşviqi Fondu (AZPROMO)
yaradılmışdır. Fond investorlar, yerli
istehsalçılar və hökumət arasında əlaqələndirici
rolunu oynamaqla, dövlət-özəl sektor münasibətlərində
əhəmiyyətli işlər görür. Qurum xarici sərmayədarlara
öz investisiya layihələrini həyata keçirmək
üçün sahələrin müəyyənləşdirilməsində,
onların Azərbaycana gəlməsini asanlaşdırmaqda
yardım edir.
Biznes mühitinin
yaxşılaşdırılması istiqamətində həyata
keçirilən tədbirlər nəticəsində
2003-2008-ci illərdə ölkə iqtisadiyyatına 44 milyard
dollar investisiya qoyulmuşdur və bu da müstəqillik illərində
Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunun 77 faizi deməkdir.
Bu dövrdə bütün maliyyə mənbələri
hesabına əsas kapitala qoyulmuş investisiyanın həcmi
son beş ildə 33,5 milyard manat təşkil etmiş, bunun
53,2 faizi daxili, 46,8 faizi isə xarici investisiyalar olmuşdur.
2008-ci ildə istifadə edilmiş investisiyanın həcmi
2003-cü il səviyyəsini 3 dəfə üstələmiş,
adambaşına düşən investisiyanın həcmi
2003-cü illə müqayisədə 605,8 manat çox
olmuşdur. 2003-cü ildə ümumi investisiyaların həcmində
daxili investisiyaların payı 24,8 faiz olduğu halda, 2008-ci ildə
bu göstərici 78,6 faiz təşkil etmişdir.
2009-cu ilin 6 ayında isə
əsas kapitala yönəldilmiş investisiyalarda daxili sərmayələr
üstünlük təşkil etmişdir. Bunun 82,4 faizi
daxili, 17,6 faizi isə xarici sərmayələrdir. Daxili sərmayələrin
ötən ilin müvafiq dövrü ilə müqayisədə
11,6 faiz artması Azərbaycanda güclü sərmayədarlar
təbəqəsinin formalaşdığına dəlalət
edir.
Son illər respublika
iqtisadiyyatına investisiyaların cəlb edilməsini sürətləndirmək
istiqamətində həyata keçirilən mühüm tədbirlərdən
biri də Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 30
mart tarixli sərəncamı ilə Azərbaycan İnvestisiya
Şirkətinin yaradılması olmuşdur. Şirkətin fəaliyyətinin
məqsədi əsasən ölkə iqtisadiyyatının
qeyri-neft sahələrində fəaliyyət göstərən
səhmdar cəmiyyətlərinin və digər kommersiya təşkilatlarının
nizamnamə kapitalındakı iştirak payını, o
cümlədən səhmlərini almaqla müddətli
investisiya qoyuluşunun həyata keçirilməsindən ibarətdir.
Şirkətin fəaliyyətinin prioritet istiqamətlərindən
biri də Azərbaycan müəssisələrinin
ixracyönümlü və idxalın əvəzləşdirilməsinə
yönəlmiş layihələrində iştirak və həmin
layihələrə yerli və ya xarici investorların cəlb
edilməsidir.
Azərbaycan Prezidenti
İlham Əliyevin 30 aprel 2007-ci il tarixdə
imzaladığı "Azərbaycan Respublikasında
sahibkarlığın inkişafı ilə bağlı bəzi
tədbirlər haqqında" fərmanla təsdiq olunmuş
qaydalara əsasən, 2008-ci il yanvarın 1-dən etibarən
vahid qeydiyyat Vergilər Nazirliyi tərəfindən həyata
keçirilir. Sahibkarlıq fəaliyyəti subyektlərinin
qeydiyyatının "vahid pəncərə" prinsipi
üzrə təşkili nəticəsində qeydiyyatdan
keçmiş hüquqi şəxslərin sayı 30 faiz
artmışdır. 2008-ci ildən idxal-ixrac əməliyyatlarında
da bu sistemin tətbiqinə başlanmışdır. Nəticədə
fəaliyyət göstərən vergi ödəyicilərinin
sayı 2003-cü ildəki 93 mindən hazırda 220 minə
çatmış, eləcə də sahibkarlara öz
hesabatlarının, vergi bəyannamələrinin təqdim
olunmasında, vergi ödənişlərində elektron xidmətlərdən
istifadə etmək şəraiti yaradılmışdır.
Ümumiyyətlə, son illərdə ixracın
stimullaşdırılması, xarici bazarlara
çıxış imkanlarının genişləndirilməsi
məqsədilə görülmüş tədbirlər nəticəsində
Azərbaycan ABŞ və Norveçin "CSP", Avropa
İttifaqının "CSP+" proqramlarına daxil
edilmişdir. Bu proqramlar Azərbaycan sahibkarlarına 27 Avropa
ölkəsi, ABŞ və Norveç bazarlarına rüsumsuz
və ya çox aşağı rüsumlarla ixrac imkanları
yaradır.
Dünya Bankının
ekspertləri ilə birgə hazırlanmış
"İnvestsiya fəaliyyəti haqqında" qanun layihəsi
də respublikanın biznes cəlbediciliyinin yüksəldilməsinə
xidmət edir. Digər ölkələrin bu sahədəki təcrübəsi
əsas götürülərək qanun layihəsinə
investisiyaların qorunması, investisiya fəaliyyəti
zamanı yaranan mübahisələrin həlli və digər
həlledici prinsipial məsələlərlə bağlı
yeniliklər daxil edilmişdir.
Ümumdünya
İqtisadi Forumu (Davos Forumu), Beynəlxalq Valyuta Fondu, Dünya
Bankı, "Qoldman Saks" təşkilatı, Beynəlxalq
Maliyyə Korporasiyası, Müstəqil Dövlətlər
Birliyinin Statistika Komitəsi və digər qurumların
hesabatlarında Azərbaycanda investisiyalar üçün əlverişli
biznes mühitinin yaradılması, əcnəbi sərmayəçilər
üçün hökumət tərəfindən əlverişli
sərmayə imkanlarının təmin edilməsi, eləcə
də digər tədbirlərin intensiv xarakter alması əksini
tapmışdır. Ölkədə əlverişli biznes və
investisiya mühitinin formalaşdırılması istiqamətində
həyata keçirilən sistemli tədbirlər Azərbaycanın
bütün dünyada etibarlı iqtisadi tərəfdaş
kimi tanınmasını, habelə qlobal maliyyə şəraitində
respublikaya xarici sərmayə qoyuluşlarını təmin
edir. Respublikamızın adambaşına düşən
birbaşa xarici investisiyaların həcminə görə
dünyanın qabaqcıl dövlətləri sırasında
olması bunu bir daha təsdiqləyir.
S.ELMANOĞLU
Azərbaycan.- 2009.- 28
avqust.- S. 1, 3.