Kosmik sənayenin yaradılması Azərbaycan iqtisadiyyatının dinamik inkişafına öz töhfəsini verəcəkdir

 

Müasir dövrdə kosmik fəaliyyətin dünya siyasətində və iqtisadiyyatında rolunun durmadan artması, qloballaşma proseslərinin əhatə dairəsinin getdikcə genişlənməsi, elm və texnikanın sürətli inkişafı respublikamızın iqtisadiyyatında kosmik texnologiyalardan daha geniş miqyasda istifadə edilməsini ön plana çəkir.

Elmin inkişafına daim xüsusi diqqət ayıran ulu öndər Heydər Əliyev 1974-cü ildə Azərbaycan Elmlər Akademiyasının tərkibində "KASPİ" Elmi Mərkəzinin yaradılması haqqında tarixi qərar verdi. 1978-ci ildə isə "KASPİ" Elmi Mərkəzinin bazası əsasında hazırda Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyində fəaliyyət göstərən Milli Aerokosmik Agentliyi yaradılmışdır.

1982-ci ildə Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutu təcrübi istehsalat sahəsinin və poliqonunun əsasında Kosmik Tədqiqatlar Elmi-İstehsalat Birliyi (EİB) yaradıldı. İnstitut və EİB keçmiş SSRİ dövründə kosmik tədqiqatlar sahəsində fəaliyyəti açıqlanan ilk müəssisələr idilər.

Kosmik Tədqiqatlar EİB-də aparılmış işlərin əhəmiyyəti haqqında keçmiş SSRİ Hərbi Kosmik Qoşunlarının yaradılmasında xüsusi xidmətləri olmuş akademik V.Mişinin söylədiyi fikir maraqlıdır: "Azərbaycan alimləri dünyada ilk dəfə elə bir peykaltı sistem yaratmışlar ki, onun köməyi ilə bütün Yer kürəsini əhatə edən kontinental nəzarət-ölçü aerokosmik poliqonlarından planetin ətraf mühitinə operativ və müntəzəm nəzarət etmək olur".

MAKA-nın fəaliyyət göstərdiyi 35 illik bir dövrdə burada çalışan alim, mütəxəssislər və mühəndis-konstruktorlar tərəfindən xüsusi təyinatlı müxtəlif aerokosmik ölçü sistemləri, yerüstü və distansion cihazlar, komplekslər və digər köməkçi aparatlar və alətlər işlənib hazırlanmış, keçmiş SSRİ məkanında və digər beynəlxalq peykaltı eksperimentlərdə uğurla sınaqdan keçirilmişdir.

MAKA-nın Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyində fəaliyyət göstərdiyi son illər daha əlamətdar olmuş, nazirliyin təşkilatları ilə sıx kooperasiyada müasir texnologiyalara əsaslanmış yeni istehsal sahələri yaradılmış, mövcud maddi-texniki bazanın modernləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, bir sözlə, yerüstü kosmik infrastrukturun formalaşması və inkişafı üçün ilkin addımlar atılmışdır.

Hazırda Ermənistanla münaqişə şəraitində yaşayan, coğrafi mövqeyi ilə seysmik aktiv zonada yerləşən və təbii-fövqəladə hadisələrin baş verməsi hər an gözlənilən Azərbaycan üçün dövlətin təhlükəsizliyinə və ərazi bütövlüyünün qorunmasına xidmət edən genişmiqyaslı layihələrin həyata keçirilməsi, Yerin təkinin, meşə və su ehtiyatlarının qiymətləndirilməsi, etibarlı rabitə və informasiya şəbəkəsinin yaradılması, müxtəlif ekoloji problemlərin həlli, əldə edilmiş məlumatlardan istifadə, ölkəmiz üçün kosmik sistemin fəaliyyətini tənzimləyən kosmik sənaye infrastrukturunun yaradılması və inkişafı ilə öz səmərəli nəticələrini verə bilər. Kosmik sənayenin inkişafı mövcud hərbi və strateji amilləri qiymətləndirməyə, vaxtında düzgün və qəti qərarlar qəbul etməyə imkan verməklə yanaşı, operativ tədbirlərin həyata keçirilməsi üçün əsaslı zəmin yaradar ki, bunlar da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 avqust 2009-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı"nın müddəaları başqa dövlət qurumları ilə yanaşı, Müdafiə Sənayesi Nazirliyinin qarşısında da yeni və məsul vəzifələr qoyur.

Bu proqramda respublikada kosmik sənayenin yaradılması və inkişaf etdirilməsi, müxtəlif dövlət strukturlarının peyk rabitəsinə olan tələbatının ödənilməsi, regionlarda əhalinin yüksək keyfiyyətli teleradio yayımına olan tələbatının təmin edilməsi, ölkənin mövcud beynəlxalq rabitə kanallarının artırılması və kosmik fəzadan səmərəli istifadə etməklə iqtisadi, elmi, sosial, mədəni, təhlükəsizlik və digər məsələlərin həlli əsas məqsəd kimi qarşıya qoyulmuşdur. Proqramda kosmik sənayenin yaradılmasında beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, mövcud kosmik sənaye potensialının möhkəmləndirilməsinə, kosmik sənayenin texniki vasitələrinin və texnologiyalarının inkişafına, yeni rabitə xidmətlərinin təşkili və teleradio yayımı məsələlərinə, Yerin məsafədən zondlanması, hidrometeorologiya və ekoloji monitorinq məsələlərinə, eləcə də fövqəladə hallara nəzarət, axtarış və xilasetmə tədbirlərinin həyata keçirilməsi və digər sahələrə də geniş yer verilmişdir.

Proqramda ilk növbədə telekommunikasiya peykinin idarə edilməsi və istismarı üzrə normativ-hüquqi sənədlərin, Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən ayrılmış orbital mövqeyin yayım imkanlarının artırılması üzrə təkliflərin hazırlanması, orbital mövqeyin seçilməsi, peykin idarə edilməsi və istismarı üzrə yerüstü sistemin quraşdırılması və nəhayət, 2011-ci ilin sonlarında ilk Azərbaycan peykinin orbitə çıxarılması nəzərdə tutulmuşdur. İlk Azərbaycan peyki orbitə çıxarıldıqdan sonra yerüstü idarəetmə sisteminin və qəbul olunmuş informasiyaların təhlükəsizliyi üzrə tədbirlərin görülməsi, eləcə də VSAT və digər terminal stansiyaların element və hissələrinin, müxtəlif tipli peyk qəbuledici sistemlərinin MSN-in birlik və müəssisələrində hazırlanması və istehsalı üzrə təkliflərin hazırlanması qarşıda duran əsas məsələlərdəndir.

Eyni zamanda, peyk şəbəkələri və qurğuları üçün element bazası və ehtiyat hissələrin hazırlanması, mini və mikropeyklər üçün avadanlıqların yaradılması üzrə kosmik məlumatların istifadəsində maraqlı olan aidiyyəti dövlət təşkilatlarının bu sahədə tələbatı öyrənilməli və müvafiq çəkiliş sistemləri üçün ən çox istifadə edilən ehtiyat hissələrinin MSN-in müəssisələrində texniki imkanlar çərçivəsində istehsalı üçün təkliflər hazırlanmalıdır. İlkin mərhələdə istehsalçı şirkətlərin işçi-konstruktor sənədləri və müvafiq lisenziyaları əsasında peyk qəbuledicilərinin MSN-in müəssisələrində yığılması məqsədilə müvafiq araşdırmalar aparılmalı və bu qurğuların texniki parametrləri dəqiqləşdirilməlidir.

2010-2013-cü illərdə bu məsələnin həlli ilə bağlı təkliflər paketi hazırlanmalı, çoxməqsədli peyklərdən informasiyaların toplanması, emalı və yayılması üçün zəruri avadanlıqların əldə edilməsi təmin olunmalıdır.

Dövlət proqramı üzrə həyata keçirilməsi nəzərdə tutulan mühüm məsələlərdən biri də bu sahədə kadr hazırlığı ilə bağlıdır.

Hazırda respublikamızda bu sahədə milli kadrların kifayət qədər olmamasına baxmayaraq, kosmik avadanlıqların istehsalı, kosmik məlumatların qəbulu və emalı sahələri üzrə vaxtilə SSRİ-nin ən nüfuzlu elm, təhsil mərkəzlərində və müəssisələrində xüsusi hazırlıq keçmiş milli kadrların bir çoxu bu gün də MSN-in tabe təşkilatlarında öz əmək fəaliyyətlərini davam etdirirlər. MSN-in tabeli təşkilatlarında yerinə yetirilən elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin səmərəliliyinin artırılması məqsədilə son illər bir sıra xarici ölkələrdə, o cümlədən, Türkiyədə, Tailandda, Hindistanda, Pakistanda, Almaniyada, Belçikada, Rusiyada, Ukraynada və digər ölkələrdə təşkil olunan kosmik elm və texnologiyalar üzrə tədris kurslarında nazirliyin mütəxəssisləri mütəmadi olaraq iştirak edirlər.

MAKA Birləşmiş Millətlər Təşkilatının "Kosmik məsələlər üzrə ofisi", Asiya və Sakit okean regionuna daxil olan ölkələrin İqtisadi və Sosial Komissiyası, Kosmik Elm və Texnologiyalar Mərkəzi ilə, Asiya Texnologiya İnstitutu, Rusiya Federal Kosmik Agentliyi ilə sıx əməkdaşlıq əlaqələri yaratmış, 2003-cü ildən Beynəlxalq Astronavtika Federasiyasının, 2009-cu ildən isə İslam Dövlətlərinin Kosmik Təşkilatının (İSNET) üzvlüyünə qəbul edilmiş, Fransa Respublikasının Tuluza Aviasiya və Kosmik Tədqiqatlar İnstitutu ilə əməkdaşlıq haqqında memorandum imzalamışdır.
Aerokosmik məlumatları toplamaq, sistemləşdirmək və emal etmək üçün zəruri olan müxtəlif texniki qurğulardan, proqram-aparat vasitələrindən, poliqon tədqiqatları cihazlarından və digər element, dəstləşdirici hissələrdən ibarət olan texnologiyalar kosmik sənayenin yaradılması və inkişafı proqramı üzrə əldə edilməli və hazırlanmış kadrlar bu texnologiyaları dərindən mənimsəməlidirlər. Bu məqsədlə Avropanın və Amerika Birləşmiş Ştatlarının bir sıra aparıcı kosmik sənaye təşkilatlarında yüksək ixtisaslı kadrların hazırlanmasına proqramda düzgün olaraq xüsusi yer verilmişdir. MSN-in son illərdə yaratdığı beynəlxalq əlaqələri daha da genişləndirməklə mütəxəssislərin radiotexnika, elektronika, informasiya, naviqasiya və rabitə sistemləri, kompüter şəbəkələri və coğrafi-məlumat sistemləri texnologiyaları, astrofizika və digər ixtisaslar üzrə xarici dövlətlərdə təhsil almaları üçün müəyyən tədbirlərin görülməsi məqsədəuyğundur.

İqtisadiyyatımızın sürətlə inkişaf etdiyi indiki dövrdə Azərbaycan ərazisindən nəql edilən karbohidrogen ehtiyatlarının artması, yeni enerji və kommunikasiya şəbəkələrinin istismara verilməsi, bununla yanaşı, yerüstü infrastrukturun yeniləşməsi, operativ kosmik məlumatlar və yeni texnologiyalar əsasında müasir tələblərə cavab verən elektron xəritələrin yaradılması, strateji və dövlət əhəmiyyətli obyektlərdə müşahidə sisteminin işlənilməsi problemləri kosmik sənayenin yaradılması və inkişafında aktual məsələlər kimi qarşıda durur.

Prezident İlham Əliyevin fərmanı ilə MSN-in yaradılması, müharibə şəraitində olan respublikamızın müdafiə qüdrətinin gücləndirilməsi ordunun müasir texnika, silah və döyüş sursatları ilə təminatında öz bəhrəsini verməkdədir. Təsadüfi deyil ki, qısa müddət ərzində öz məhsullarını yaradaraq beynəlxalq aləmə çıxaran MSN kosmik sənayenin yaradılması ilə əlaqədar ilk addımlarını atmışdır. Yeri gəlmişkən, 2009-cu ilin aprel ayında Türkiyənin İstanbul şəhərində keçirilən IX Beynəlxalq müdafiə sənayesi sərgisində (İDEF-2009) ilk dəfə olaraq Müdafiə Sənayesi Nazirliyinin tabeli müəssisələrində yaradılmış və istehsal olunmuş 29 adda müdafiə təyinatlı məhsullar nümayiş etdirilmişdir.

MSN-in tabe müəssisələrinin mövcud istehsal bazasından və imkanlarından istifadə edərək kosmik sistemlər üçün avadanlıqların və ehtiyat hissələrin yaradılması, uçuş aparatlarının idarə edilməsi, həmçinin məlumatların qəbulu, emalı, saxlanılması və yayılması məsələlərini əhatə edən vahid texnoloji sistemin fəaliyyəti təmin edilməlidir.

Bu sahədə MSN-in tabeli təşkilatlarının hələ Sovetlər birliyi dövründən müəyyən təcrübəyə malik olduğunu nəzərə alaraq, ilk növbədə, həmin müəssisələrdə yeni texnoloji xətlərin istismara verilməsi, mövcud maddi-texniki bazanın gücləndirilməsi, müasir texnologiyalar əsasında istehsalat fəaliyyətinin yenidən təşkili, kosmik sənayenin inkişafı tarixində ən əhəmiyyətli mərhələlərdən biri olardı. MSN-in müəssisələrinin kosmik texnologiyalar bazasında həyata keçirilən müxtəlif səviyyəli layihələrə qoşulması istiqamətində də əlavə tədbirlər görülməlidir.

Dövlət proqramının icrasının ən vacib aspektlərindən biri də fəaliyyətdə olan peyklərdən və digər orbital mövqelərdən informasiyanın qəbulu üçün MAKA-da 2007-ci ildən istismara verilmiş "UNİSCAN-24" Kosmik Məlumatların Qəbuledici Kompleksinin funksional imkanlarının genişləndirilməsi vacibdir. Həmin kompleksin fəaliyyət göstərdiyi dövrdə bir sıra əlavə tədbirlər həyata keçirilmiş, yeni modullar quraşdırılmış, müasir aparat-proqram vasitələri əldə edilmiş, lakin davamlı və səmərəli istismar üçün stansiyanın bütövlükdə yenidən komplektləşdirilməsi və onun bazasında respublikamızda ilk dəfə olaraq kosmik məlumatların qəbulu mərkəzinin yaradılması məsələsi həll edilməlidir.

Fəaliyyətdə olan kosmik aparatlarla rabitə, izləmə, müşahidə və idarəetmə şəbəkəsinin fəaliyyətinin səmərəli təşkili üçün MSN-in Nabran peykaltı poliqonunun və Mingəçevir təlim-tədris kombinatının yenidən qurulması, onların mövcud texniki bazalarının yeniləşməsi, bir sözlə, həmin ərazilərdə peykaltı informasiya sistemləri infrastrukturunun yaradılması respublikamızda kosmik sənayenin inkişafında öz dəyərli töhfələrini verəcəkdir.

Gələcək perspektivdə raket texnikası üçün start-buraxılış meydançalarının, izləmə və idarəetmə məntəqələrinin, saxlama bazalarının, aviasiya vasitələri üçün uçuş zolaqlarının və digər kosmik infrastruktur elementlərinin yaradılması da əsas vəzifələrdən biri olmalıdır. Bununla belə, texniki məsələlərin həlli ilə yanaşı, bir sıra normativ-hüquqi sənədlər hazırlanmalıdır.

Ölkəmizdə kosmik fəaliyyətlə məşğul olan ayrı-ayrı dövlət və kommersiya təşkilatları arasında koordinasiyanın təşkil edilməsi, vahid konseptual prinsiplərin formalaşdırılması məqsədilə alim və mütəxəssislər tərəfindən "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının qanun layihəsi hazırlanmış və 15-dən artıq nazirlik və dövlət qurumunda müzakirə edilərək Nazirlər Kabinetinə təqdim olunmuşdur. Qanun layihəsinin qəbul edilməsi kosmik sənayenin yaradılması və inkişafına təkan verəcək, əməli tədbirlərin həyata keçirilməsində çevikliyi daha da artıracaqdır. Proqramın icra mərhələlərinin sürətləndirilməsi məqsədilə "Azərbaycan Respublikasının 2008-2025-ci illər üçün kosmik fəaliyyət konsepsiyası" dəstəklənməli və "Milli Aerokosmik Agentliyin 2009-2013-cü illər üçün inkişaf Proqramı"na müvafiq olaraq bir sıra tədbirlər həyata keçirilməlidir. Bu sahədə müəyyən təcrübəsi olan mütəxəssislər tərəfindən xüsusi dərsliklərin, tədris vəsaitlərinin, elmi-metodiki tövsiyələrin, eksponatların hazırlanması, tədris kurslarının təşkili və bu işə xarici mütəxəssislərin cəlb edilməsi üçün əlavə tədbirlər görülməlidir. Respublikamızın tanınmış ali məktəblərində və digər elm müəssisələrində yüksək ixtisaslı kadrların hazırlanması üçün müştərək kafedraların və ya laboratoriyaların yaradılması imkanları da araşdırılmalıdır. Müstəqil Dövlətlər Birliyi ölkələrinin kosmik təşkilatları ilə əlaqələrin bərpası və onların texniki nailiyyətlərindən bəhrələnmək kosmik sənayenin inkişafında ümumi işin xeyrinə olacaqdır.

Bununla da elmi-texniki tərəqqidə və istehsalatın modernləşdirilməsində strategiyanın düzgün istiqamətləndirilməsi, həmçinin alim və mütəxəssislərin imkanlarından səmərəli istifadə edilməsi, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün müəyyən tədbirlərin görülməsi kosmik sənayenin yaradılması və inkişafı tarixində əhəmiyyətli yer tutacaq, dünya kosmik infrastrukturuna inteqrasiya prosesində Azərbaycan mühüm addımlar atacaqdır.

Əminliklə demək olar ki, "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı"nın icrası respublikamızın digər müəssisə və təşkilatları ilə yanaşı, Müdafiə Sənayesi Nazirliyinin birlik və müəssisələrinin, o cümlədən Milli Aerokosmik Agentliyin texniki tərəqqisi üçün yeni imkanlar yaradacaq, ən müasir texnologiyalara əsaslanmış istehsal fəaliyyətinin təşkilində müəyyən nailiyyətlər qazanılacaq, bir sözlə, kosmik texnologiyalar respublikamızın iqtisadiyyatının daha sürətlə inkişaf etməsinə, ölkəmizin müdafiə qüdrətinin möhkəmlənməsinə öz töhfəsini verəcəkdir.



Yavər CAMALOV,

müdafiə sənayesi naziri

 

Azərbaycan.- 2009.- 28 avqust.- S. 2.