Ermənilərin qondarma soyqırımı
iddiasında "həyat
sığortası" məsələsi
Dünya miqyasında
qondarma erməni soyqırımı iddialarını qəbul
etdirmək üçün ermənilər uzun illərdir bəzi
beynəlxalq sığorta şirkətlərinin müxtəlif
"materiallar"ından istifadə etməyə cəhd
göstərirlər. Belə ki, onlar XX əsrin əvvəllərində
Osmanlı dövlətində fəaliyyət göstərmiş
müxtəlif beynəlxalq sığorta təşkilatlarına
müraciət edərək bir zamanlar bağlanılmış
həyat sığortasına görə təzminat tələb
edirlər.
Onların tələblərinin
nə dərəcədə həqiqətə söykəndiyini
müəyyənləşdirmək üçün bu məsələnin
əsl mahiyyətinin açılmasına ehtiyac var.
XX əsrin əvvəllərində
Osmanlı dövlətində bir sıra beynəlxalq bank və
sığorta şirkətləri mövcud idi və onlar
Osmanlı vətəndaşlarına müxtəlif növ
xidmətlər göstərirdilər. Belə xidmət
növlərindən biri də vətəndaşların həyat
və əmlaklarının sığorta edilməsi idi. Sığorta
şərtlərinə uyğun olaraq vətəndaşların
həyat və əmlaklarına ziyan dəydikdə onlara
müvafiq təzminat ödənməli idi. Belə
sığorta müqabilində vətəndaşlara
"poliçe"lər (sığorta şəhadətnamələri)
verirdilər və onlar iki nüsxədə tərtib olunurdu. Bir
nüsxə Osmanlı dövlətində fəaliyyət
göstərən sığorta şirkətlərinin arxivlərində
saxlanılır, bir nüsxə də vətəndaşlara
verilirdi.
Birinci dünya
müharibəsi illərində isə dünyanın hər
yerində həyat və əmlak sığortasına maraq
artmışdı. Müxtəlif mənbələrin
araşdırmalarından məlum olur ki, xarici dövlətlərin
məqsədli təşviqi ilə Osmanlı dövlətindəki
qeyri-müsəlman təbəələr beynəlxalq
sığorta təşkilatlarına daha çox müraciət
edirmişlər.
Bütün bunların
fonunda diqqətçəkən mühüm məqamlardan biri
Osmanlı dövlətindəki ermənilərin həyat və
əmlaklarını kütləvi olaraq sığorta etdirdikdən
sonra Osmanlı torpaqlarını müxtəlif formada tərk
edərək Amerikaya, Avropaya, Rusiyaya və digər qonşu
ölkələrə köçmələridir. Birinci
dünya müharibəsi illərində Osmanlı dövlətində
yaşayan ermənilərdən 800000 nəfərinin müxtəlif
ölkələrə mühacirət etmələri
haqqında Amerika və Avropa ölkələrinin arxivlərindən
sənədlər türk alimləri tərəfindən
aşkar edilərək elm xadimlərinə və siyasətçilərə
təqdim olunmuşdur.
Maraqlıdır ki,
qondarma soyqırımı iddialarından əl çəkməyən
ermənilər həmin vaxt Osmanlı dövlətini tərk
edənləri də "ölənlər"in
siyahısına daxil etmişdilər.
Birinci dünya
müharibəsi illərində Amerikanın və Avropa
ölkələrinin bir sıra sığorta şirkətləri
Osmanlı imperiyasında fəaliyyət göstərmişdilər.
Amerikanın "New-York Life İnsurance Company" və
Fransanın AXA ("Nordstern" adı altında) beynəlxalq
sığorta şirkətləri bu sahədə daha çox
fərqlənmişlər. Təsadüfi deyil ki, Kaliforniya
Konqresinin məlum qanunundan sonra ermənilərin ən
çox müraciət etdikləri sığorta şirkətləri
də onlardır.
Amerikanın "New-York
Life İnsurance Company" beynəlxalq şirkəti o zaman
Osmanlı dövlətində Amerika səfiri Henri Morqentau ilə
əlaqədar olmuşdur. Henri Morqentaunun səfirliyi 27 noyabr
1913-cü ildən 27 noyabr 1916-cı ilə qədər davam
etmişdir. Morqentaunun katibi Akop Andonyan, hüquq məsləhətçisi
isə Arşaq K.Şmovanyan idi. Səfirliyin gündəliyi
bu iki erməni tərəfindən tərtib olunurdu. Heç
bir xarici dil bilməyən Morqentau tamamilə bu iki ermənidən
asılı vəziyyətdə idi. O, Amerikaya
qayıtdıqdan sonra xatirələrini adları çəkilən
iki erməninin köməyi ilə hazırlamış,
Osmanlı dövlətinə və türk millətinə ermənilərin
kinini və nifrətini özününkü kimi ifadə
etmişdir.
Morqentaunun
iddialarından biri belədir ki, güya Tələt paşa
ondan "ermənilər yox edildiyindən və varisləri
qalmadığından, onların sığortalarının
hökumətə verilməsini tələb edirmiş". Tədqiqatçılar
müəyyən etmişlər ki, Morqentaunun Osmanlı
dövlətində səfirliyi dövründə tərtib
edilmiş materiallarda bu faktlar yoxdur. Qeyd olunan qondarma faktlar
Morqentaunun erməni köməkçiləri tərəfindən
sonradan uydurularaq "sənədləşdirilmişdir".
Tələt paşa isə
müharibə dövründə beynəlxalq sığorta
şirkətlərinin pul vəsaitini nəzarətsiz
buraxmamış, onların ölkədən
çıxarılmasını əngəlləmək
üçün hesablarını bağlamışdır. Morqentaunun
türk düşmənçiliyinə bu amil də təsir
göstərmişdir.
Fransanın AXA beynəlxalq
sığorta şirkəti ilə əlaqədar ilk növbədə
diqqətçəkən məqam bundan ibarətdir ki, o, indi
də Türkiyədə fəaliyyət göstərir və
1995-ci ildən Türkiyənin OYAK şirkətinin ticarət
fəaliyyətində ortağıdır. Bu şirkət ABŞ-da
da fəaliyyət göstərir.
Ermənilər isə
uzun illərdir ki, beynəlxalq sığorta şirkətlərindən
1915-ci ildə xəyali "soyqırımı"na məruz
qalmış insanlaın "həyat
sığortası"nı almaq uçün hüquqi baza
axtarırdılar. Bu məqsədlə də müxtəlif
ölkələrdə məhkəmələrə müraciət
edirdilər. Ermənilərin uzun illər həsrətində
olduqları belə bir əsası 2000-ci ildə ABŞ-ın
Kaliforniya ştatında konqres 354.4 saylı qanunla qoydu.
Həmin qanuna əsasən,
1915-ci ildə Osmanlı dövlətində
"soyqırımı"na məruz qalan, beynəlxalq
sığorta təşkilatlarında həyat
sığortası olan ermənilərin vərəsələrinə
səlahiyyət verilirdi ki, onlar sığorta təşkilatlarına
qarşı məhkəmə işi açsınlar və
yüksək məbləğdə təzminata sahib olsunlar.
Qeyd edək ki, Kaliforniya
Konqresinin qəbul etdiyi qanunda faktlara əsaslanmadan və
ABŞ hökuməti qəbul etmədiyi halda 1915-ci ildə
Osmanlı dövlətində ermənilərlə
bağıl baş verənlər
"soyqırımı" adlandırılırdı. Qanun
ermənilərin varislərinə 2010-cu ilin sonuna qədər
təzminat tələb etməyə haqq verirdi. Bu qanunun
başqa bir cəhəti də ermənilərin əsassız
iddiasında bir hüquqi akt rolunu oynamağa başlaması
oldu və beləliklə də erməniləri kütləvi
olaraq beynəlxalq sığorta şirkətlərinə
qarşı təzminat açmağa istiqamətləndirdi.
Məsələnin
mahiyyəti ilə tanışlıqdan sonra o da məlum olur
ki, beynəlxalq sığorta şirkətləri ermənilərin
siyasi maxinasiyalarının iştirakçılarına
çevrilmişlər. Artıq hər kəs bilir ki, ermənilərin
və onların diasporunun beynəlxalq sığorta şirkətlərindən
istədikləri maliyyə tələbindən daha çox
siyasi xarakter daşıyır. 25 oktyabr 2005-ci ildə
Türkiyə Böyük Millət Məclisinin islasında
çıxış edən millət vəkili, erməni məsələsi
üzrə görkəmli tədqiqatçı
Şükrü Mustafa Ələkdağ demişdir: "Bu təzminat
məsələsi Ermənistan ilə erməni diasporunun
Türkiyəni qondarma soyqırımı həyata
keçirdiyini tanımaya məcbur etmə məqsədilə
həyata keçirdikləri beynəlxalq kampaniyanın bir hissəsidir".
2004-cü ildə ermənilər
bir zamanlar ABŞ-ın Osmanlı dövlətində səfiri
olan Henri Morqentaunun da idarə heyətinə daxil olduğu
"New-York Life İnsurance Company" beynəlxalq
sığorta şirkətinə qarşı təzminat tələbi
ilə müraciət etdilər. Şirkət məhkəmənin
qərarı ilə 20 milyon dollar ödəməyi qəbul
etdi.
Ermənilər AXA
şirkətinə qarşı da təzminat iddiası ilə
məhkəməyə müraciət etmişdilər. Mənbələrdə
qeyd olunur ki, ermənilər AXA-ya qarşı təzminat
açdıqda şirkətin idarə heyətinə, bölmə
və şöbələrinə qarşı təzyiq
kampaniyasına başlamışdılar. Bu təzyiqlərə
dözə bilməyən AXA məhkəmənin nəticəsini
gözləmədən iddiaçılara təzminat ödəməyə
hazır olduğunu bildirdi və məhkəmənin qərarı
ilə şirkət ermənilərə 17 milyon dollar ödəməyə
razılıq verdi. Bu təzminatın 6 milyon dolları
müxtəlif erməni təşkilatlarına, 11 milyon
dolları isə Osmanlı torpaqlarında yaşamış və
sığorta şəhadətnaməsi olan ermənilərə
ödənməli idi. Ermənilərin alman sığorta
şirkətlərinə qarşı da təzminat iddiası
qaldırdıqları haqqında məlumat var.
Kaliforniya Konqresinin
yuxarıda qeyd olunan qanunu qəbul etməsinin üstündən
9 il keçməsinə baxmayaraq, hələ də
arzularına tam çatmayan ermənilər, əvvəlki
kimi, bu məsələ ətrafında həddən artıq
hay-küy qaldırır, hətta onlara pul ödəməyən
beynəlxalq sığorta şirkətlərinə
qarşı məhkəmə iddiası irəli sürmək
niyyətində olduqlarını bəyan edirdilər. ABŞ
Federal Məhkəməsinin məsələyə xüsusi əhəmiyyət
verməsində isə ermənilərin beynəlxalq
sığorta şirkətlərinə qarşı
hücumları da az rol oynamamışdır.
Ermənilərin
"soyqırımı" əfsanəsində təzminat tələbi
mühüm yer tutur. Əslində, erməni
soyqırımı qondarması ilə əlaqədar
onların 4 "T" strategiyası vardır. Birinci
"T" ermənilərin 1915-ci ildə Osmanlı dövlətində
"soyqırımı"na məruz qalmasını
dünyada tanıtmaqdır. Ermənilər son 100 ilə
yaxın müddətdə saxtakarlıq yolu ilə bu sahədə
çox iş görmüşlər. Təsadüfi deyil ki,
dünyanın bir sıra ölkələrinin qanunverici
orqanları ermənilərin əsassız
"soyqırımı" iddialarını
tanımışlar. Hətta bir sıra ölkələr daha
da irəli getmiş, "soyqırımı
olmamışdır" deməyi ölkələrində
qanunla qadağan etmişlər. "Soyqırımı"nı
inkar edənlərin üzərində məhkəmə
qurulmasına aid faktlar az deyil. Bu da Avropanın bir sıra
ölkələrində demokratiyanın paradokslarıdır.
İkinci "T"
"ermənilərin soyqırımı"na Türkiyə
Respublikasının münasibətilə bağlıdır. Bu,
həqiqətdir ki, ermənilər indiyə qədər
soyqırımı ilə əlaqədar əsaslı bir fakt
belə ortaya qoya bilməmişlər. Buna görə də ermənilər
ikinci mərhələnin tamamlanmasına inanmırlar.
Yalnız çoxşaxəli erməni diasporunun köməyi
ilə Türkiyəyə təzyiq göstərməyə və
türk-erməni münasibətlərində Türkiyə
Respublikasının güzəştə getməsinə nail
olmağa çalışırlar. Türkiyə-Ermənistan
sərhədinin açılması, ermənilərin
Türkiyədə işləməsinə nail olmaq da bu tələblərdəndir.
Lakin onlar Türkiyə hökumətindən əsaslı
güzəştlər edilməsinə nail olmamışlar.
Üçüncü
"T" 1915-ci il hadisələrinə görə Türkiyə
Respublikasından təzminat alınması ilə əlaqədardır.
Ermənilərin təzminat tələbi çoxəhatəlidir.
Bu gün ermənilərin qalmaqal qopardıqları təzminat
"həyat sığortası" ilə əlaqədardır.
Dördüncü
"T" Türkiyə Respublikasından torpaq tələbi xəyalıdır.
Ermənilər son hədəflərini
gizlətmirlər. 1915-ci ildə Osmanlı torpaqlarında
öldürüldüyü iddia edilən ermənilərin
Kaliforniyadakı erməni əsilli vəkili Mark Gerados bununla
bağlı qeyd edir: "Son hədəfimiz Türkiyə və
ABŞ hökumətlərinə 1,5 milyon erməninin
soyqırımına məruz qaldığını qəbul
etdirməkdir". Vəkil ABŞ-da, xüsusən də
Kaliforniyada televiziya kanallarında "soyqırımı"
əfsanəsi ilə əlaqədar yalançı şoular
təşkil edir, Amerikada nüfuzlu vəkillərin (Mixail
Cakobson, Vaynona Rayder) dəstəyindən istifadə edərək
mediada müsahibələr verir.
Bu günlərdə
ABŞ-ın Federal Apellyasiya Məhkəməsi qondarma
soyqırımı ilə bağlı ermənilərin beynəlxalq
sığorta təşkilatlarından həyat
sığortası adı altında təzminat almasına
imkan verən qanunu ləğv etdi və
"soyqırımı" ifadəsini işlətmək
qadağan olundu.
Qondarma faktlarla haqsız
iddialarının ödənilməsini tələb edən
ermənilər müxtəlif ölkələrdə lobbinin
köməyi ilə beynəlxalq sığorta şirkətlərindən
təzminat almaq üçün müraciət edirlər. Əslində,
ermənilərin beynəlxalq sığorta şirkətlərindən
təzminat tələb etmələri dolayı olaraq əsassız
"soyqırımı" iddialarını sübut etmək
məqsədi daşıyır. Beynəlxalq sığorta təşkilatları
ermənilərə "həyat sığortası"
ödədikdən sonra Türkiyə Respublikasından ödədikləri
əsassız təzminatın verilməsini tələb etmək
fikrindədirlər.
Lakin dünya ermənilərin
məzlumluğuna deyil,
işğalçılığına inanmağa
başlamışdır. Ermənilər Azərbaycan
torpaqlarının 20 faizini işğal etmiş, Ermənistandan,
ata-baba torpaqlarından qovulmuş soydaşlarımız da nəzərə
alınsa, bir milyondan artıq insana təzminat ödəməlidir.
Görəsən, ermənilərin başbilənləri azərbaycanlılara
ödəməli olduqları təzminatın nə qədər
olduğunu hesablamışlarmı?
Həsənbala SADIQOV,
Gəncə Dövlət
Universitetinin
professoru
Azərbaycan.- 2009.- 28 avqust.-
S. 2.