Oğuzda 1-ci Foto və
Sənət düşərgəsi
açılmışdır
"İrəli"
İctimai Birliyi və "iStudio" bədii foto məktəbinin
təşkilatçılığı ilə avqustun 26-dan
29-dək Oğuz rayonunda 1-ci Foto və Sənət düşərgəsi
keçirilir. Azərbaycanda ilk dəfə keçirilən
düşərgədə incəsənət, bədii
yaradıcılıq sahəsində xüsusi istedada malik olan
40 fəal gənc iştirak edir.
Avqustun 27-də Oğuz
şəhərindəki AFRA otelinin konfrans zalında
düşərgənin rəsmi açılış mərasimi
olmuşdur. Tədbiri giriş sözü ilə açan
"İrəli" İctimai Birliyinin sədri Ceyhun
Osmanlı bildirmişdir ki, düşərgənin məqsədi
sənət yönümlü yaradıcı gənclərə
peşəkar təlimçilər tərəfindən təlimlərin
keçirilməsi, onları maraqlandıran layihələrin
müəyyən olunub dəstəklənməsi
üçün mexanizmlərin araşdırılması,
yaradıcı gənclərin sayının
artırılması, bu istiqamətdə yeni layihələrin
reallaşdırılmasıdır. Bu layihə qurum tərəfindən
cari ilin yay aylarında, yəni iyunun 1-dən indiyədək
reallaşdırılan sayca 26-cı düşərgədir. Düşərgələrin
17-si "İnformasiya Texnologiyaları Akademiyası" layihəsi
ilə bağlı olmuşdur. Bundan əlavə, arxeoloji və
beynəlxalq düşərgələr, habelə gənc
liderlər üçün yay universiteti təşkil
olunmuşdur. Növbəti düşərgə isə regionlardan
olan gənclərin də iştirak edəcəyi liderlik və
idarəetmə düşərgəsi olacaqdır.
Qurumun sədri
bildirmişdir ki, bu layihə digərlərindən onunla fərqlənir
ki, onun iştirakçıları sənətə, fotoya
bağlı olan, istedadlıq qabiliyyəti ilə seçilən
yaradıcı gənclərdir.
Tədbirdə
"iStudio" bədii foto məktəbinin direktoru İsa
Aydın çıxış edərək
iştirakçılara keçirilən təlimlərdə
fəal olmağı tövsiyə etmiş, düşərgənin
işinə uğurlar arzulamışdır.
Tədbirin ilk
günü gənclərə "Foto sənətinin
tarixi" mövzusunda mühazirə keçirilmiş, eyni
zamanda peşəkar fotoqrafın riayət etməli olduğu
texniki biliklər aşılanmışdır. Daha sonra gənclər
qruplara bölünərək interaktiv təlimlərdə
iştirak etmişlər.
Düşərgədə
olduqları müddətdə iştirakçılar Oğuz
rayonu, onun təbiəti ilə də yaxından tanış
olacaqlar.
AzərTAc
Azərbaycan.- 2009.- 28 avqust.- S. 3.