Bakı İslam mədəniyyətinin
paytaxtı missiyasını
uğurla davam etdirir
Çoxəsrlik tarixində
müxtəlif etiqadlara hörmət və ehtiram
nümayiş etdirən Azərbaycan dini, milli və etnik
tolerantlıq mərkəzinə çevrilmişdir. Müsəlman
dövlətləri arasında islam həmrəyliyinin gücləndirilməsinin
təşəbbüskarlarından olan ölkəmiz qlobal
layihələrə dəstək verir, müxtəlif mədəniyyətlər
və dinlərarası dialoqun genişləndirilməsi məqsədilə
keçirilən beynəlxalq tədbirlərə ev sahibliyi
edir.
2001-ci il dekabrın
29-31-də mədəniyyət nazirlərinin Qətərdə
keçirilən III konfransında İslam Təhsil, Elm və
Mədəniyyət Təşkilatının (İSESKO) təklif
etdiyi "İslam mədəniyyətinin paytaxtları"
ilkin proqramını təsdiqləyən qətnamə qəbul
olundu. Qətnaməyə əsasən İSESKO İslam
Konfransı Təşkilatına (İKT) üzv dövlətlərin
təklif edəcəkləri şəhərlər
arasından Asiya və Afrika regionlarının hər birindən
bir şəhər seçiləcəkdi. Xarici işlər
nazirlərinin 29-cu islam konfransının qəbul etdiyi qətnaməyə
əsasən İSESKO islam mədəniyyətinin
paytaxtları proqramının konsepsiyasını
hazırladı, sənəddə Məkkə şəhərindən
sonra Asiya və Afrika regionlarından 30 şəhərin 10 il ərzində
İslam mədəniyyətinin paytaxtları kimi qeyd
olunması təklif olunurdu.
2004-cü il dekabrın
15-17-də Əlcəzairdə keçirilmiş mədəniyyət
nazirlərinin IV islam konfransında təsdiqlənmiş
İslam mədəniyyətinin paytaxtları proqramına əsasən
hər hansı şəhərin İslam mədəniyyətinin
paytaxtı elan olunması üçün həmin şəhər
ölkə və region səviyyəsində mühüm
tarixi keçmişə, həm islam, həm də bəşər
mədəniyyətində elm, incəsənət, ədəbiyyat
sahəsindəki töhfələrə, elmi tədqiqat,
arxeoloji təhsil mərkəzlərinə, fərdi və
kollektiv şəkildə mədəni tədbirlər təşkil
edən mədəniyyət qurumlarına malik olmalıdır.
2007-ci il noyabrın
21-23-də Liviyada keçirilən mədəniyyət nazirlərinin
V islam konfransında Azərbaycanın mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev Bakı şəhərinin
"İslam mədəniyyətinin paytaxtları"
proqramında müəyyən edilən bütün meyarlara
tamamilə uyğun gəldiyinə aid məruzə ilə
çıxış etdi və Bakının 2009-cu ildə
İslam mədəniyyətinin paytaxtı elan olunması təklifini
irəli sürdü. Azərbaycanın müsəlman dövlətləri
arasında əməkdaşlığın genişləndirilməsində
mühüm rol oynadığı o vaxta qədər ölkəmizdə
həyata keçirilmiş tədbirlər islam ölkələri
tərəfindən müsbət qiymətləndirildiyi
üçün Azərbaycan nümayəndə heyətinin təklifi
iclas iştirakçıları tərəfindən yekdilliklə
qəbul edildi və Bakı şəhəri 2009-cu il
üçün İslam mədəniyyətinin paytaxtı elan
olundu.
Bakıda İslam mədəniyyətinin
paytaxtı ilinin rəsmi açılış mərasimi
fevralın 18-19-da Heydər Əliyev Sarayında keçirildi.
Avropa və İslam ölkələrinin mədəniyyət
nazirlərinin, onların müavinlərinin, İSESKO-nun
baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri və
digər şəxslərin iştirak etdiyi tədbirdə Azərbaycana
həsr olunmuş sənədli filmlər nümayiş
etdirildi, "Qədim Bakı" kitabının təqdimatı
keçirildi. Mədəniyyət ilinin təntənəli
açılış mərasimində Prezident İlham Əliyev
dedi: "Azərbaycan müstəqil ölkə kimi nisbətən
gəncdir, cəmi 17 ildir ki, müstəqil ölkə kimi
yaşayırıq. Biz bu illər ərzində
çalışmışıq və
çalışırıq ki, islam ölkələrinin həmrəyliyi,
birliyi üçün öz töhfəmizi verək.
Bu məqsədlə Azərbaycanda
çoxsaylı tədbirlər keçirilibdir. Eyni zamanda Azərbaycan
İslam Konfransı Təşkilatı çərçivəsində
çox fəal rol oynayır. Son illər ərzində Azərbaycanda
çoxsaylı tədbirlər keçirilmişdir: xarici
işlər nazirlərinin toplantısı, mədəniyyət
və turizm nazirlərinin toplantısı. Növbəti illərdə
daha çox tədbirlər keçiriləcəkdir. Beləliklə,
biz öz siyasətimizlə, addımlarımızla və
praktik işlərimizlə İslam aləminin bir-birinə
daha yaxın olmasına çalışırıq. İslam
həmrəyliyinin daha da möhkəm olmasına
çalışırıq".
Azərbaycan zəngin adət-ənənələrinə
və tarixinə əsaslanaraq islam dəyərlərinin
qorunub saxlanılmasında, müsəlman həmrəyliyinin
daha da möhkəmlənməsində mühüm rol
oynayır və bu işi Bakının İslam Mədəniyyətinin
paytaxtı elan olunması ilində də müvəffəqiyyətlə
davam etdirir.
İqtisadi Əməkdaşlıq
Təşkilatına üzv olan ölkələrin Milli
Kitabxanalarının Direktorları Şurasının II
konfansı çərçivəsində keçirilən
"İslam mədəniyyəti kitab səhifələrində"
adlı beynəlxalq sərgidə İƏT-in 9 ölkəsinin
Milli kitabxana fondlarının hər birindən İslam mədəniyyətinə
və incəsənətinə həsr edilmiş 50-60, Azərbaycandan
isə 500-dən çox kitab nümayiş olundu.
Bakının 2009-cu ildə
İslam mədəniyyətinin paytaxtı elan edilməsi həm
də İKT-nin 40-cı ildönümünə təsadüf
edib. Bu təşkilat müsəlman aləminin
maraqlarını qoruyan, İslam mədəniyyətini və
tarixini uğurla təşviq edən yeganə qurumdur. İKT
dövlətlərinin hüquq-mühafizə sahəsində
qarşılıqlı əməkdaşlığının
əsas istiqamətləri bu il reallaşdırıldı. Aprelin
21-də Bakıda keçirilmiş İKT ölkələrinin
hüquq-mühafizə orqanlarının rəhbərlərinin
ikigünlük konfransında quruma üzv ölkələr
arasında transmilli mütəşəkkil cinayətkarlığın,
beynəlxalq terrorçuluğun, ekstremizmin, separatizmin,
silahların, narkotik vasitələrin, psixotrop maddələrin
və onların prekursorlarının qanunsuz dövriyyəsinin,
insan alverinin, qanunsuz miqrasiyanın, cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasının, terrorçuluğun maliyyələşdirilməsinin
və korrupsiyanın qarşısının alınması
sahəsində əməkdaşlıq məsələləri
geniş müzakirə edildi və bununla bağlı
mühüm əhəmiyyətə malik Bakı Bəyannaməsi
qəbul olundu. Konfrans cinayətkarlığa qarşı birgə
daha səmərəli mübarizə aparmaq üçün
yeni prioritetlər müəyyən olunmaqla İKT-nin
üzvü olan ölkələr arasında hüquqi sahədə
mövcud əlaqələrin genişləndirilməsinə zəmin
yaratdı.
2009-cu ildə
Bakının İslam mədəniyyətinin paytaxtı elan
olunması ilə əlaqədar hazırlanmış tədbirlər
planına uyğun olaraq iyunun 9-da keçirilən Qətər
Dövlətinin Mədəniyyət günləri Azərbaycanla
Qətər arasında mədəni əlaqələrin daha
da genişləndirilməsinə mühüm töhfə
verdi.
Qətərin Mədəniyyət,
İncəsənət və İrs Milli Şurasının
baş katibi Mübarək bin Nasir əl-Xəlifənin rəhbərlik
etdiyi nümayəndə heyətinin qatıldığı tədbirin
rəsmi açılışı mərasimi Muzey Mərkəzində
keçirildi. Qətər haqqında qısametrajlı sənədli
filmlərin nümayişi, təsviri sənət nümunələrindən
ibarət sərgi bu ölkə, onun qədim tarixi, adət-ənənələri
haqqında tam dolğun təsəvvürün
formalaşmasına geniş imkanlar yaratdı.
Azərbaycanın
paytaxtının 2009-cu ildə İslam mədəniyyətinin
paytaxtı elan olunması ilə bağlı
hazırlanmış tədbirlər planı çərçivəsində
keçirilən tədbirlər mədəniyyətin
bütün sahələrini əhatə edir. Həmin plana
uyğun olaraq mərasimlər, forumlar ilin sonuna kimi
keçiriləcək. Muzeylərdə sərgilərin təşkili,
elm, təhsil, gənclərlə və qadınlarla iş sahələri
də bu qəbildəndir. Müsəlman ölkələri tərəfindən
Azərbaycana göstərilən bu yüksək etimad həm
də inkişaf tempinə görə dünyanın lider
dövlətinə çevrilmiş ölkəmizin ən
böyük milli və etnik tolerantlıq mərkəzi
olması ilə əlaqədardır. "İslam mədəniyyəti
paytaxtları" proqramı mədəniyyətə, ədəbiyyata,
elm və biliyə verəcəyi töhfəni nəzərə
alaraq əsasən islam mədəniyyətinin
yayılmasına, yüksəlməsinə, yeniləşməsinə,
eyni zamanda, xüsusilə fərqlənən islam şəhərlərinin,
o cümlədən Bakının şanlı irsini qeyd etməyə
yönəldilib. Dini tolerantlıq mərkəzi Azərbaycan
da bu missiyanı uğurla davam etdirir.
Anar RASİMOĞLU
Azərbaycan.- 2009.- 28
avqust.- S. 3.