Dünya iqtisadiyyatı böhrandan xilas olmağa başlayır

 

Dünyanın bir sıra ölkələri qlobal iqtisadi böhran səbəbindən cari mövsümdə turist problemi ilə üzləşdiklərini, hətta 30-35 faiz itkiyə məruz qaldıqlarını bəyan ediblər. Turizm mövsümü hələ bitməsə də, dünyanın neçə-neçə nəhəng turizm maqnatları bu ilin nəticələrindən şikayətlənirlər. Onlar bu mövsüm ölkələrinə turistlərin çox az gəldiyini etiraf edirlər. Azərbaycanda isə vəziyyət əksinədir. Aparılan hesablamalara görə, bu il ölkəmizə gələn turistlərin sayı keçən ildəkindən 200-300 nəfər çoxdur. Yəni sahibkarlar turist itirməyiblər ki, qazanıblar.

Hər ilin turizm mövsümü ölkəmizdə bu sahənin inkişafı üçün həm də bir təcrübə olur. Respublika mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu barədə danışarkən görülən işləri xüsusilə qeyd etmişdir: "Bu ilin yekunlarını sentyabrın 27-dən sonra öyrənəcəyik. Ümid edirik ki, itkimiz yoxdur, hətta 3-5 faiz artımın olacağını gözləyirik. Gələn il Azərbaycanda Turizm İnstitutunun ilk buraxılışı olacaq. Məzunların yeni iş yerləri ilə təmin olunması qarşıda duran əsas vəzifələrdən biridir.

Bu il 60-a yaxın tələbəni təcrübə keçmək üçün xaricə göndərmişik. Onları elə yerlərdə yerləşdirmək lazımdır ki, öz bilik və bacarıqlarını tətbiq edə bilsinlər. Turizm sahəsində Azərbaycanda kadr hazırlığı nə qədər sürətlə aparılsa, ölkəmiz üçün bir o qədər yaxşıdır. Peşə məktəblərinin formalaşması da çox yaxşı haldır. Çünki peşə məktəbləri biliyin, savadın artmasına, işin peşəkar səviyyədə öyrənilməsinə xidmət edir. Bu günlərdə yerlərdə keçirilən monitorinq zamanı bizi narahat edən bir sıra problemlərlə rastlaşdıq və öhdəsindən gəldik. Zonalardakı turizm mərkəzlərində qidaların hazırlanarkən sanitar qaydalara əməl olunmasında da problemlər var.

Qarşılaşdığımız problemləri yoluna qoymaq və turizmin ən yüksək səviyyədə inkişafına nail olmaq üçün hesab edirəm ki, ilk növbədə, Azərbaycanda turizm sahəsində servisin səviyyəsi artırılmalı və bu sahə əsl peşəkarlara həvalə olunmalıdır".

Onu da xatırlatmaq yerinə düşər ki, mütəxəssislər dünya iqtisadiyyatının yavaş-yavaş böhrandan xilas olduğunu bəyan edirlər. Beynəlxalq Valyuta Fondunun baş iqtisadçısı Oliviya Blanşar bu barədə danışarkən deyib ki, düzdür, böhranın mənfi nəticələri istehlakçı və sahibkarları uzun müddət ərzində narahat edəcək, bərpa prosesi də asanlıqla baş verməyəcək. Ancaq əsas məsələ budur ki, dünya iqtisadiyyatının yaşadığı ağır böhran sona çatmaq üzrədir.

Mütəxəssislərə görə, iqtisadiyyatın artım templərini yalnız ABŞ tərəfindən mal ixracı, Asiya bazarı tərəfindən idxalın artırılacağı və bir də turizm sahəsinin inkişafında nail olan irəliləyiş dünyanı qlobal böhrandan xilas edə biləcək, vəziyyəti ən azından sabit saxlayacaq. Ekspertlərə görə qlobal böhrandan birdəfəlik xilasın bir neçə mühüm şərtlərindən biri də turizmin qarşıdakı illərdə sürətlə və keyfiyyətli şəkildə inkişafıdır.

 

 

R.RZALI

 

Azərbaycan.- 2009.- 28 avqust.- S. 6.