Zaman-zaman Mikayıl
Müşfiq, Səməd Vurğun, Əvəz Sadıq, Əhməd
Mircəfərli, Həmid Abbas kimi sənətkarlarımızın
qələmə aldıqları əsərlərdən sabaha
boylanan indiki Mingəçevirin yaşı çox olmasa da,
ilk təməl daşlarının qoyulduğu gündən həmişə
sözlə-sənətlə qoşa addımlayıb.
Ötən ilin noyabr
ayında 60 yaşı qeyd olunan bu füsunkar
yaşayış məntəqəsinin ədəbi aləmi
ötən əsrin 70-80-ci illərində formalaşsa da, Ana
Kürün sinəsinə sığınan nur timsallı bu
şəhərdə sözə, qələm əhlinə həmişə
yüksək qiymət verilib. Bir vaxtlar şəhərdə fəaliyyət
göstərən "Kür" ədəbi məclisində
ilk addımlarını atan Adil Cəmil, Qaraş
İsmayıl, Aydın Baba, Alim Dərəlyəzli,
Böyükkişi Təmkin, Bəsti Bərdəli, Zahid Kədər,
Fəxrəddin Əziz, Əmikişi Xudavəndi sonralar sənət
yolları ilə daha uzaqlara üz tutdular. İyirminci
yüzilliyin sonlarında bədnam qonşularımızın
törətdikləri qanlı olaylar nəticəsində
doğma ata yurdunu tərk edib Mingəçevirdə məskunlaşan
tanınmış şair-publisist İsmayıl İmanzadə
mükəmməl bədii fəaliyyətilə, sözün
əsl mənasında, şəhərin ədəbi aləmində
bir canlanma yaratdı. Qısa zaman kəsiyi ərzində yerli
yazarların dəstəyini qazanan İsmayıl İmanzadənin
Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə
müraciətindən və o, şəhər icra hakimiyyətinin
xeyir-duasından sonra 23 oktyabr 1999-cu ildə AYB-nin Mingəçevir
bölməsi fəaliyyətə başladı.
Azərbaycan
Yazıçılar Birliyi Mingəçevir bölməsinin
açılış günündə yerli yazarların və
şəhər ictimaiyyətinin qatıldıqları tədbirdə
iştirak edən Azərbaycan Yazıçılar Birliyinin sədri
Anar və birliyin birinci katibi Fikrət Qoca öz gəlişləri
ilə mingəçevirlilərə misilsiz anlar
bağışladılar. Elə həmin toplantıda Azərbaycan
Yazıçılar Birliyinin Mingəçevir bölməsinə
sədr təyin edilən İsmayıl İmanzadənin
söylədiyi: "Hamınızı əmin edirəm ki,
Mingəçevirin ədəbi aləmi tezliklə Azərbaycan
ədəbiyyatına öz sanballı töhfəsini verəcəkdir.
Çünki burada bir çox istedadlı qələm sahibləri
yaşayır" kəlmələri sonrakı illərdə
özünü doğrultmağa başladı.
İlk dövrlərdən
möhkəm özüllər üstə formalaşan, ətraf
regionlarda da yaşayan istedadlı qələm sahiblərini
sıralarına cəlb edən "İlham pərisi",
"Şəlalə", "Mingəçevir
qönçələri" adlı ədəbi məclisləri
ilə şaxələnən bölmə, sözün əsl
mənasında, yerli yazarların şölə saçan
söz ocağına çevrildi. Sonrakı illərdə
bölmə sədrinin tövsiyəsi və AYB rəhbərliyinin
seçimi ilə Azərbaycan Yazıçılar Birliyinə
üzv olan Bəsti Bərdəli, Rüstəm Kamal, Sabir
Abdin, Elşən Əzim, Əhməd Süleymanov, Rafiq Ələkbər,
Zümrüd Rəhimova, Zahid Kədər, Nəsib
Bayramoğlu, Məhyəddin Məhərrəmoğlu, Məmməd
Mərzili ölkə mətbuatında imzalarını
tanıtmaqla yanaşı, kitablarını da çap etdirdilər.
Bölmənin xətti ilə keçirilən poeziya günləri,
kitab təqdimatı mərasimləri, klassik və çağdaş
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinə
həsr edilən yubiley gecələri bir qayda olaraq şəhərin
mədəni həyatının yaddaqalan anlarına
çevrildi.
Ayrı-ayrı dövrlərdə
AYB-nin Mingəçevir bölməsində təmsil olunan
yazarların istəyi ilə səsləşən "Mingəçevir
baharı" poeziya günləri, ustad sənətkarlardan
Abdulla Şaiqin, Süleyman Rəhimovun, Nazim Hikmətin, Əli
Vəliyevin, Xəlil Rza Ulutürkün, Hüseyn Arifin, Səməd
Vurğunun, Rəsul Rzanın, Cəfər Cabbarlının,
Nigar Rəfibəylinin, Hüseyn Cavidin və İlyas Əfəndiyevin
yubiley gecələri bölgədə milli ədəbiyyatımızın
təbliği ilə yanaşı, yerli yazarların da
istedadlarını üzə çıxarmaq baxımından
böyük əhəmiyyət daşımışdır. Bu
sıraya ayrı-ayrı vaxtlarda sərgilənən Vaqif
İbrahimin, Əli Kərimin, Sərdar Əsədin, Faiq
Şəmiloğlunun, Qaraş İsmayılın, Qara Ələsgərovun,
Aşıq Şəmşirin xatirə gecələrini də
əlavə etsək, bölmənin əhatə dairəsini,
yəqin ki, bir az da böyütmüş olarıq.
Təqdir olunası
haldır ki, bölmənin 2001-2009-cu illərdə nəşr
olunan "İnam" adlı qəzetində də, 2008-ci
ilin iyul ayından bəri işıq üzü görən
"Mingəçevir leysanı" jurnalında da regionda ədəbi
proseslərin inkişafını təsdiqləyən yerli
yazarların əsərləri ilə yanaşı, dünya ədəbiyyatının
həcmcə kiçik, ancaq məna tutumu baxımından dəyərli
nümunələrinə geniş yer verilmişdir.
2000-ci ilin dekabr
ayından bölmənin nəzdində istedadlı
yazıçı-publisist Zümrüd Rəhimovanın rəhbərliyi
ilə fəaliyyət göstərən və ədəbiyyata
böyük marağı olan məktəbli uşaqların
toplaşdıqları "Mingəçevir qönçələri"
ədəbi məclisi bir sıra uğurlara imza atmış,
buraya yazıb-yaratmaq amalı ilə gələnlərdən
Şövkət İnarənin "Bənövşə təbəssümü",
"Səhər şəfəqləri", Gülgün Dənizin
"Dənizə bənzəyən dünyam" adlı
kitabları işıq üzü görmüş, məktəbli
yazarların qələmə aldıqları şeir və
hekayələr "Mingəçevir qönçələri"
almanaxında, "Göyərçin", "Aran",
"Mingəçevir leysanı" jurnallarında və digər
mətbuat orqanlarında dərc olunmuşdur.
2002-ci ilin
payızında Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir
bölməsində keçirilən tədbirə qonaq qismində
qatılan xalq yazıçısı Anar məktəbli
yazarların əsərləri ilə tanışlıqdan
sonra heyranlıqla "Mingəçevir qönçələri"
AYB-nin bölmələri içərisində fəaliyyət
göstərən ilk uşaq ədəbi məclisidir. Mən
balaca həmkarlarımın oxuduqları yazılardan məmnun
oldum" - demişdir.
Son on ildən bəri
bölgədəki ədəbi mühitin canlanmasında
misilsiz xidmətləri olan Azərbaycan Yazıçılar
Birliyinin Mingəçevir bölməsinin ayrı-ayrı
vaxtlarda qonağı olan Anar, Fikrət Qoca, Zəlimxan Yaqub, Sərvaz
Hüseynoğlu və başqaları yerli yazarlarla xoş
xatirələrə çevrilmişdir.
Azərbaycan
Yazıçılar Birliyinin Mingəçevir və Şəki
bölmələri arasında son səkkiz ildən bəri
davam edən ədəbi əlaqəlar də təqdirəlayiqdir.
Görkəmli Azərbaycan şairi Rəsul Rzanın Mingəçevir
şəhərində keçirilən 90 illik yubiley tədbirindən
sonra hər iki regionda vaxtaşırı keçirilən birgə
poeziya gecələri yerli yazarların tanınmasında və
istedadlı söz adamlarının üzə
çıxmasında önəmli rol oynamışdır.
AYB-nin Mingəçevir
bölməsində yaşlı və orta nəslin nümayəndələri
olan qələm sahibləri ilə bərabər, istedadlı
gənclərin də püxtələşməsi
üçün münbit şərait
yaradılmışdır. Məhz bunun nəticəsidir ki, cəmisi
beş-on il qabaq ədəbiyyat aləmində ilk
addımlarını atan gənc yazarlardan Elşən Əzimin,
Gülnarə Dünyanın, Humay Məmmədovanın, Xəyalə
Mətinin, Günel Əliyevanın, Namiq Zamanın, Samir Zəngəzurlunun
imzaları da oxuculara tanışdır. Mingəçevirli
yazarların son iki-üç il ərzində "Azərbaycan",
"Ulduz", "Göyərçin", "Mingəçevir
leysanı" jurnallarında, "Ədəbiyyat",
"525-ci qəzet" və digər mətbuat orqanlarında
dərc olunan hekayə və şeirləri bir daha sübut
edir ki, bu bölgə, həqiqətən, ölkəmizin ədəbi
mərkəzlərindən birinə çevrilib.
Heç şübhəsiz
ki, yerli yazarların ədəbi uğurlarının
böyük bir qismi, xüsusən də onların əksər
hallarda günümüzün tələblərinə cavab
verən kitablarının nəşrə hazırlanması və
təbliği son on ildən bəri AYB-nin Mingəçevir
bölməsinə rəhbərlik edən İsmayıl
İmanzadənin önəmli, müntəzəm ədəbi
fəaliyyəti və işgüzarlığı ilə
bağlıdır.
İsmayıl İmanzadə
Azərbaycan Dövlət Televiziyasının Qızıl
fonduna düşən, dəfələrlə yayımlanan
"Xocalı notları" kimi səhnə əsərinin,
"Qəm leysanı", "Bozdağın ana
harayı", "Ömürdən uzun gecə", "Qəriblikdə
qalan dünyam" adlı kitabların, ümumilikdə 19
kitabın müəllifidir. 2009-cu ilin Prezident təqaüdlçüsü
olan İsmayıl İmanzadənin vətən sevgisi
Qarabağa - Cəbrayılın Böyük Mərcanlı kəndinə
boylanan yurd həsrətindən qaynaqlanır. O, uzun illər
bu kənddə müəllim işləmiş,
balalarımızın təlim-tərbiyəsi ilə məşğul
olmuşdur. Doğma yurdun işğalından xiffətlənən
şair "Vətən ana, torpaq namus, sevgi əmanəti"
adlı bir şeirində yazır:
Dua etdim ulu Tanrım
dadıma yetdi,
Ərən yurdum nər
biləkli oğul böyütdü.
Yadda saxla, babalardan qalan
öyütdü-
Vətən ana, torpaq
namus, sevgi əmanət.
...Mən üç rəngli
bayrağımla keçmişəm oddan,
Vətən sözü
müqəddəsdir hər cürə addan.
Ata millət, ana millət,
çıxarma yaddan,
Vətən ana, torpaq
namus, sevgi əmanət.
Xeyli vaxtdan bəri Azərbaycan
Yazıçılar Birliyinin 75 illik yubileyi ilə
bağlı silsilə tədbirlər keçirən Mingəçevir
bölməsi bu ilin sonlarında özünün on
yaşını da qeyd etməyə hazırlaşır.
Mingəçevirli qələm
dostlarımızın sevincinə qoşulub onları təbrik
edir və inanırıq ki, AYB-nin Mingəçevir bölməsi
bundan sonra da öz missiyasını şərəflə davam
etdirəcəkdir. Bu şəhərdə şölələnən
söz ocağının sorağı uzaqlara yayılacaq, bədii
nuru həmişə parlaq olacaq.
Bir vaxtlar Mingəçeviri
nur şəhəri, Vətənimizin işıq mənbəyi
kimi vəsf edərdik. Bax elə bu fərəhin sevincindən
ilhamlanan söz işıqları da doğma Mingəçevirə
yeni şöhrət və rəğbət gətirmək
üçün daha da gur yanacaqdır.
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2009.- 28
avqust.- S. 5.