Şeyxülislam müqəddəs Ramazan
ayı münasibətilə iftar süfrəsi
açmışdır
Avqustun 28-də Qafqaz
Müsəlmanları İdarəsinin sədri,
şeyxülislam Allahşükür Paşazadə müqəddəs
Ramazan ayı münasibətilə öz iqamətgahında
iftar süfrəsi açmışdır. Azərbaycan Prezidenti İlham Əliyev
iftar mərasimində iştirak etmişdir.
İftar mərasimini
Qafqaz Müsəlmanları İdarəsinin sədri,
şeyxülislam Allahşükür Paşazadə
açdı. O, müqəddəs kitabımız Qurani-Kərimin
nazil olduğu, on bir ayın sultanı mübarək Ramazan
ayı münasibətilə təşkil olunan iftar mərasiminə
dəvəti qəbul etdiyinə görə Prezident İlham Əliyevə
dərin minnətdarlığını bildirdi, bunu İslam
dininə ehtiram və millimənəvi dəyərlərimizə
verilən yüksək qiymət kimi dəyərləndirdi.
Şeyxülislam qeyd
etdi ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət
və ruzi ayıdır. Azərbaycanda təşkil olunan iftar
süfrələri də ölkəmizdə ənənəvi
tolerantlığı və sıx birliyi nümayiş etdirir.
Hacı Allahşükür Paşazadə ölkəmizdə
vətəndaşların vicdan azadlığının təmin
olunmasında böyük xidmətlərinə və 60 illik
yubileyi münasibətilə Prezident İlham Əliyevin onu
"Şərəf" ordeni ilə təltif etməsinə
görə dövlətimizin başçısına dərin
təşəkkürünü çatdırdı.
Qafqaz Müsəlmanları
İdarəsinin sədri bu gün Azərbaycanda hökm
sürən sabitliyin, inkişafın, birliyin, vicdan
azadlığı və tolerantlığın təməlində
ulu öndər Heydər Əliyevin müdrik siyasətinin
dayandığını xüsusi vurğuladı. O, bu siyasəti Prezident İlham Əliyevin
uğurla davam etdirdiyini, respublikamızda gedən sürətli
sosial-iqtisadi inkişafı, nümunəvi
tolerantlığı beynəlxalq birliyin də etiraf etdiyini
diqqətə çatdıraraq dedi:
- Mən cənab
Prezident haqqında ən yüksək və layiqli fikirləri
söyləməkdən yorulmuram: bizim Prezidentimiz bunlardan daha
yüksəkdə duran şəxsiyyətdir. Ölkənin ən çətin
məqamlarında, iqtisadi böhranlar və ictimai gərginliklər
dönəmində cənab Prezident milli dəyərlərimizə,
dindarlarımızın arzu və ehtiyaclarına həssaslıqla
yanaşıb, mərasimlərimizdə iştirak edib, vəd
etdiyi tikintilərin - Bibiheybət, Təzəpir, Əjdərbəy,
İçərişəhər Cümə məscidlərinin
təmir və bərpasına diqqətini bir gün belə əsirgəməyib.
Hər bir azərbaycanlı, hər bir müsəlman
üçün qürur mənbəyinə çevrilmiş
bu müqəddəs abidələrin hər daşında
Prezidentimizin zəhməti və qayğısı vardır.
O, xalqımızın qəlbində həm dini abidələrimizin,
həm də zəfərli gələcəyimizin memarı
adını qazanıb. Allah etdiyi bütün gözəl əməllərdə
ona yardımçı olsun!
Şeyxülislam
Allahşükür Paşazadə Moskvada yaradılan MDB
ölkələri müsəlman icmalarının Məşvərət
Şurasına sədrliyin ona həvalə edilməsini, Qafqaz
Müsəlmanları İdarəsinin YUNESKO nəzdində
dinlərarası Məşvərət Şurasının
üzvü olmasını Prezident İlham Əliyevin məqsədyönlü
siyasətinin və ölkəmizin artan beynəlxalq
nüfuzunun məntiqi nəticəsi kimi dəyərləndirdi.
İSESKO-nun qərarı
ilə 2009-cu ildə Bakının İslam mədəniyyətinin
paytaxtı elan olunmasında Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyevanın bilavasitə xüsusi xidmətlərini
diqqətə çatdıran şeyxülislam, böyük
tarixə malik məscid və ziyarətgahlarımızın,
sinaqoq və kilsələrin bərpasında dövlətin
ardıcıl tədbirlər həyata keçirdiyini bildirdi.
Allahşükür Paşazadə Ramazan ayı münasibətilə
Prezident İlham Əliyevə və xalqımıza ən
xoş arzularını çatdırdı.
Prezident İlham Əliyev
gözəl ənənəyə çevrilən iftar
süfrəsini cəmiyyətimizin vahidliyinin, ölkəmizdə
dövlətlə din arasında ümumi amallar naminə
sıx birliyin bariz nümunəsi olduğunu söylədi. Əsası ulu öndər Heydər
Əliyev və şeyxülislam Allahşükür
Paşazadə tərəfindən qoyulan bu ənənənin
indi də uğurla davam etdirildiyini bildirdi. Ölkəmizin son
illərdə əldə etdiyi uğurların Heydər Əliyev
siyasətinin düzgünlüyünü bir daha sübuta
yetirdiyini vurğulayan dövlətimizin
başçısı Azərbaycanda dinlərarası dialoqun
nümunəvi xarakter daşıdığını,
bütün millətlərin bir ailə kimi
yaşadıqlarını qeyd etdi. Prezident İlham Əliyev bəşəri
dəyərlərə hörmətlə yanaşılan, beynəlxalq
birliyə inteqrasiya edən Azərbaycanın islam həmrəyliyinə
də töhfələrini əsirgəmədiyini dedi. Son illərdə
Azərbaycanda sosial-iqtisadi inkişafla bağlı
böyük uğurlara nail olunduğunu bildirən Prezident
İlham Əliyev, dünyada maliyyə və iqtisadi
böhranın hökm sürdüyü indiki dövrdə də
respublikamızın uğurlu inkişafını davam
etdirdiyini vurğuladı. Bunu respublikamızın durmadan artan
iqtisadi qüdrətinin əyani nümunəsi kimi qiymətləndirən
dövlətimizin başçısı Azərbaycanın
hazırda yalnız öz hesabına yaşayan nadir ölkələrdən
biri olduğunu söylədi. Prezident İlham Əliyev
respublikamızın beynəlxalq səviyyədə
nüfuzunun və bizə dost ölkələrin
sayının sürətlə artdığını dedi.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə toxunan
dövlətimizin başçısı danışıqlar
prosesində əldə olunan irəliləyişlərin
aparılan məqsədyönlü siyasətin nəticəsi
olduğunu bildirərək dedi:
- Bizim səylərimiz
deyə bilərəm ki, danışıqlar prosesində
artıq ilk nəticələrini verməkdədir. Bütün dövrlərdə
bizim mövqeyimiz ondan ibarət olmuşdur ki, bu məsələ
yalnız Azərbaycanın ərazi bütövlüyü
çərçivəsində həll edilə bilər.
Dağlıq Qarabağda insanlar yüksək muxtariyyət statusu
çərçivəsində, vahid Azərbaycan dövləti
çərçivəsində yaşaya bilərlər. Bu
gün bu prinsiplər əsas götürülübdür. Yəni
danışıqlar bu prinsiplər əsasında
aparılır və istənilən razılaşma ancaq bu
prinsiplər əsasında ola bilər. Biz bütün
dövrlərdə demişik və bu gün də deyirik ki, məsələ
ancaq mərhələli yolla həll oluna bilər. Bu gün
danışıqlar mövzusu olan təkliflər məhz mərhələli
həlli təmin edir. İşğal edilmiş bütün
rayonlar ardıcıllıqla azad ediləcək,
soydaşlarımız həmin rayonlara qayıdacaqlar. Orada
bütün infrastruktur bərpa olunacaqdır və ondan sonra gələcək
mərhələdə Dağlıq Qarabağın hüquqi
statusu müəyyən ediləcəkdir. Biz hər zaman
demişik ki, əlbəttə Dağlıq Qarabağın
statusu olmalıdır, amma biz bu statusu Azərbaycanın ərazi
bütövlüyündən kənarda görmürük və
heç vaxt Azərbaycan dövləti buna razı
olmayacaqdır.
Prezident İlham Əliyev
"Şərəf" ordeninə layiq gördüyü
şeyxülislamın Vətən qarşısında
xüsusi xidmətləri olduğunu və beynəlxalq səviyyədə
böyük nüfuz qazandığını vurğuladı,
ən xoş arzularını çatdırdı.
Rus Pravoslav Kilsəsinin
Bakı və Xəzəryanı Yeparxiyasının rəhbəri
Aleksandr Ata və Azərbaycan Dağ Yəhudiləri
İcmasının sədri Semyon İxiilov Azərbaycanda
dövlət ilə dini icmalar arasında konstruktiv münasibətlərin
formalaşdığını söylədilər, təbriklərini
çatdırdılar.
Şeyxülislam
Allahşükür Paşazadə onun fəaliyyətini
yüksək qiymətləndirdiyinə görə Prezident
İlham Əliyevə dərin təşəkkürünü
bildirdi, bundan sonra da milli mənafe naminə səylərini əsirgəməyəcəyini
vurğuladı.
Sonra Quran oxundu, iftar süfrəsi açıldı.
İftar mərasimində Milli Məclisin Sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş səfirləri, dini icmaların nümayəndələri, Milli Məclisin deputatları iştirak edirdilər.
AzərTAc
Azərbaycan.- 2009.- 29 avqust.- S. 1.