Rusiya Federasiyasının xalq artisti Andrey Konçalovskiyə
Hörmətli Andrey Sergeyeviç!
Atanız - rus ədəbiyyatının klassiki, görkəmli şair və dramaturq, böyük ictimai xadim Sergey Vladimiroviç Mixalkovun vəfatı ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı verirəm.
Həqiqi vətəndaşlıq və vətənpərvərlik Sergey Vladimiroviç Mixalkovun bütün həyat və fəaliyyətinin, onun bənzərsiz yaradıcılığının səciyyəvi cəhətləri idi. Bütün postsovet məkanında, o cümlədən Azərbaycanda da bir neçə nəsil onun yüksək əxlaq, mənəviyyat və humanizm ideallarını tərənnüm edən əsərləri ruhunda böyümüş və formalaşmışdır.
Sizə üz vermiş itkinin ağrı-acısına ürəkdən şərik olduğumu bildirir, Sizinlə bərabər kədərlənirəm. Sergey Vladimiroviçin bütün doğmalarına və yaxınlarına başsağlığımı və kədərlərinə şərik olduğumu çatdırmağınızı xahiş edirəm.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 28 avqust 2009-cu il
Azərbaycan.- 2009.- 29 avqust.- S.1.