"Ərazi quruluşu inzibati ərazi bölgüsü haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər əlavələr edilməsi barədə

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

"Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 10, maddə 709; 2004-cü il, ¹ 1, maddə 6; 2007-ci il, ¹ 6, maddə 563; 2008-ci il, ¹ 5, maddə 345) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. 2.6-cı maddədən "bir və ya daha çox şəhər, qəsəbə və ya kənddən ibarət olan," sözləri çıxarılsın.

2. Aşağıdakı məzmunda 2.12-ci maddə əlavə edilsin:

"2.12. Ərazi vahidlərinin Dövlət reyestri - Azərbaycan Respublikasının ərazi vahidlərinə və inzibati ərazi dairələrinə dair sənədləşdirilmiş məlumatları əks etdirən dövlət informasiya ehtiyatı mənbəyidir.".

3. 7.4.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

"7.4.4. qeydə alınması təklif olunan ərazi vahidində yaşayan, səsvermə hüququna malik olan vətəndaşların ümumi yığıncağının (yığıncaqlarının) qərarı (səsvermə hüququna malik olan, habelə yığıncaqda (yığıncaqlarda) iştirak etmiş şəxslərin sayı göstərilməklə);".

4. 7.4.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

"7.4.5. qeydə alınması təklif olunan ərazi vahidinin və onun tabe olacağı inzibati ərazi dairəsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş xəritələri.".

5. 7.6-cı maddə aşağıdakı redaksiyada verilsin:

"7.6. Ərazi vahidləri birləşdikdə bu qanunun 7.5-ci maddəsində göstərilmiş sənədlərə birləşmə nəticəsində yaranan ərazi vahidinin və onun tabe olacağı inzibati ərazi dairəsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş xəritələri və birləşən ərazi vahidlərində yaşayan, səsvermə hüququna malik olan vətəndaşların ümumi yığıncağının (yığıncaqlarının) qərarı (səsvermə hüququna malik olan, habelə yığıncaqda (yığıncaqlarda) iştirak etmiş şəxslərin sayı göstərilməklə) əlavə olunur.".

6. 8.4.5-ci maddə aşağıdakı redaksiyada verilsin:"

8.4.5. sərhədlərinin müəyyən edilməsi və ya dəyişdirilməsi təklif olunan ərazi vahidinin və onun tabe olduğu inzibati ərazi dairəsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş xəritələri.".

7. 8.5-ci maddədə "əhalinin (səsvermə hüququna malik olan şəxslərin sayı göstərilməklə) sayı və onların ümumi yığıncağının qərarı" sözləri ", səsvermə hüququna malik olan vətəndaşların ümumi yığıncağının (yığıncaqlarının) qərarı (səsvermə hüququna malik olan, habelə yığıncaqda (yığıncaqlarda) iştirak etmiş şəxslərin sayı göstərilməklə)" sözləri ilə əvəz edilsin.

8. 9.4-cü maddədə "rəy hazırlanır" sözləri "qərar qəbul edilir" sözləri ilə əvəz edilsin.

9. 9.6.4-cü maddədə "əhalinin (səsvermə hüququna malik olan şəxslərin sayı göstərilməklə) sayı və onların ümumi yığıncağının qərarı" sözləri ", səsvermə hüququna malik olan vətəndaşların ümumi yığıncağının (yığıncaqlarının) qərarı (səsvermə hüququna malik olan, habelə yığıncaqda (yığıncaqlarda) iştirak etmiş şəxslərin sayı göstərilməklə)" sözləri ilə əvəz edilsin.

10. 10.3.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

"10.3.4. statusunun müəyyən edilməsi və dəyişdirilməsi təklif olunan ərazi vahidinin və onun tabe olduğu inzibati ərazi dairəsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş xəritələri.".

11. 11.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"11.2. İnzibati ərazi dairələrinin yaradılması və onların ləğv edilməsi bu qanunun 7-ci maddəsinə uyğun olaraq ərazi vahidlərinin qeydə alınması və qeydiyyatdan çıxarılması üçün nəzərdə tutulmuş qaydada həyata keçirilir. İnzibati ərazi dairələri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş xəritə tərtib olunur.".

12. 12.3.1-ci və 12.3.2-ci maddələr aşağıdakı redaksiyada verilsin:

"12.3.1. irəli sürülən təkliflərin məqsədəuyğunluğu, yaradılması təklif olunan rayonun və ya şəhər rayonunun ərazisi, tərkibində olan ərazi vahidlərinin və inzibati ərazi dairələrinin sayı, orada yaşayan əhalinin ümumi sayı və əsas məşğuliyyətə görə tərkibi, əsas sənaye, tikinti, nəqliyyat, kommunal, kənd təsərrüfatı müəssisələri, sosial-mədəni, ticarət və məişət obyektləri, habelə yaxın dəmir yol stansiyasının adı və orayadək məsafə barədə müvafiq icra hakimiyyəti orqanının təqdimatı;

12.3.2. yaradılması təklif olunan rayonun və ya şəhər rayonunun müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş xəritəsi.".

13. Aşağıdakı məzmunda 12.6-cı və 12.7-ci maddələr əlavə edilsin:

"12.6. Rayonların və şəhər rayonlarının adlandırılması və adlarının dəyişdirilməsi bu qanunun 9-cu maddəsinə uyğun olaraq ərazi vahidlərinə ad verilməsi və onların adlarının dəyişdirilməsi üçün nəzərdə tutulmuş qaydada həyata keçirilir.

12.7. Rayonların və şəhər rayonlarının sərhədlərinin müəyyən olunması və dəyişdirilməsi bu qanunun 8-ci maddəsinə uyğun olaraq ərazi vahidlərinin sərhədlərinin müəyyən edilməsi və dəyişdirilməsi üçün nəzərdə tutulmuş qaydada həyata keçirilir.".

14. 13-cü maddə aşağıdakı redaksiyada verilsin:

 

"Maddə 13. Ərazi vahidlərinin Dövlət reyestri

13.1. Azərbaycan Respublikasının ərazi quruluşu və inzibati ərazi bölgüsünə dair qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən aparılan Ərazi vahidlərinin Dövlət reyestri (bundan sonra - Dövlət reyestri) yaradılır.

13.2. Azərbaycan Respublikasında yerləşən ərazi vahidlərinə və inzibati ərazi dairələrinə dair bütün məlumatlar Ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilir.

13.3. Dövlət reyestrinə daxil edilmiş bütün ərazi vahidlərinə və inzibati ərazi dairələrinə şəhadətnamə və müvafiq icra hakimiyyəti orqanında təsdiq edilmiş xəritə verilir.".

15. Aşağıdakı məzmunda 13-1-ci maddə əlavə edilsin:

 

"Maddə 13-1. Ərazi vahidləri və inzibati ərazi dairələrinin xəritələrinə dair tələblər

13-1.1. Ərazi vahidinin və ya inzibati ərazi dairəsinin bu qanunun 7.4.5-ci, 7.6-cı, 8.4.5-ci, 10.3.4-cü, 11.2-ci, 12.3.2-ci və 13.3-cü maddələrində nəzərdə tutulan xəritələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aşağıdakı tələblər nəzərə alınmaqla hazırlanır:

13-1.1.1. ərazidə yerləşən yaşayış məntəqələri, onların adı, poçt şöbəsi, dəmir yolu və şose yolları, çaylar, magistral su kanalları və ya kollektorları, magistral neft və qaz kəmərləri, dəmir yol stansiyaları, dövlət mülkiyyətində olan torpaqlar və sərhədinin qonşuluqlarını müəyyənləşdirən döngə nöqtələri göstərilməklə (inzibati ərazi dairəsinə daxil olan şəhər, qəsəbə və kəndlərin sərhədləri ayrı-ayrılıqda müəyyənləşdirilir), onların ərazisindən asılı olaraq sahəsi 4 kv.km-ə qədər olduqda - 1:5000, 4 kv.km-dən 25 kv.km-ə qədər olduqda - 1:10000, 25 kv.km-dən 100 kv.km-ə qədər olduqda - 1:25000, 100 kv.km-dən artıq olduqda - 1:50000 miqyasda tərtib edilir;

13-1.1.2. sərhədinin qonşuluqlarını müəyyənləşdirən bütün döngə nöqtələri (sərhəd xətti boyunca əsas istinad döngə nöqtələri və onlar arasında müəyyənləşdirilmiş digər nöqtələr) arasındakı məsafələri və onların koordinatlarını əks etdirən yerquruluşu sənədlər qovluğu xəritəyə əlavə edilir.

13-1.2. Bu qanunun 7.4.5-ci, 7.6-cı, 8.4.5-ci, 10.3.4-cü, 11.2-ci və 12.3.2-ci maddələrində göstərilən xəritələrin təqdim edilməsi tələbi yalnız qeydə alınan və barəsində müvafiq dəyişikliklər edilməsi təklif edilən ərazi vahidlərinə və inzibati ərazi dairələrinə şamil edilir. Mövcud ərazi vahidlərinin və inzibati ərazi dairələrinin xəritələrinin təqdim edilməsi həmin ərazi vahidləri və ya inzibati ərazi dairələri Dövlət reyestrində olmadığı hallarda tələb olunur.".

16. Aşağıdakı məzmunda 13-2-ci maddə əlavə edilsin:

 

"Maddə 13-2. Vətəndaşların yığıncağına (yığıncaqlarına) dair tələblər

13-2.1. Ərazi vahidləri qeydə alındıqda, birləşdikdə, inzibati tabeliyi dəyişdirildikdə, onlara ad verildikdə və ya adları dəyişdirildikdə hər bir ərazi vahidinin ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı 25 faizinin müvafiq məsələyə münasibət bildirməsini təmin edən yığıncaq (yığıncaqlar) keçirilir.

13-2.2. Yığıncaqda (yığıncaqlarda) iştirak etmiş vətəndaşların yarısından çoxu ərazi vahidinin qeydə alınmasının, birləşməsinin, inzibati tabeliyinin dəyişdirilməsinin, ərazi vahidinə ad verilməsinin və ya onun adının dəyişdirilməsinin "lehinə" səs verdikdə müvafiq qərar qəbul edilir.".

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 iyun 2009-cu il

 

Azərbaycan.- 2009.- 29 avqust.- S.2.