Azərbaycanla Suriya arasında
ikili vergitutma ləğv ediləcək
Azərbaycan və Suriya
hökumət nümayəndələri ikili vergitutmanın ləğvi,
eləcə də vergidən yayınmaların
qarşısının alınması ilə bağlı
növbəti danışıqlar aparıblar.
Vergilər Nazirliyi mətbuat
xidmətinin yaydığı məlumata görə, hər
iki tərəf sözügedən məsələlər
üzrə işləri Suriya Prezidenti Bəşər Əl-Əsədin
Azərbaycana səfərindən sonra sürətləndiriblər.
Belə ki, Suriya Maliyyə Nazirliyinin nümayəndələri
ötən həftə Bakıya səfərləri zamanı
azərbaycanlı həmkarları ilə saziş layihəsinin
maddələrini müzakirə ediblər. Tərəflər
layihənin əsas maddələri üzrə prinsipial
razılığa gəliblər. Nümayəndə heyətinin
başçısı Naim Əlməsri danışıqlar
prosesini uğurlu qiymətləndirib: "Bu saziş hər
iki ölkənin investorları üçün vacibdir. Bizim
iş adamları Azərbaycana sərmayə qoymağı
planlaşdırırlar və bu sazişsiz onu etmək çətindir.
Güman edirəm ki, saziş qısa zamanda hazır
olacaq".
Danışıqların
sonunda tərəflər memorandum imzalayıblar və növbəti
- sonuncu danışıqların Suriyada keçirilməsi ilə
bağlı razılığa gəlinib.
Xatırladaq ki, Suriya
Prezidenti Bəşər Əl-Əsədin ötən ay
Bakıya rəsmi səfəri çərçivəsində
suriyalı 200 iş adamının iştirakı ilə biznes-forum
keçirilmişdir. Səfər zamanı hər iki ölkənin
prezidentlərinin iştirakı ilə
"İnvestisiyaların dəstəklənməsi və
müdafiəsi haqqında" müqavilə də
imzalanmışdır.
Məlumat
üçün bildirək ki, Azərbaycan ikili
vergitutmanın ləğvi və vergidən yayınmaların
qarşısının alınması üzrə 39 ölkə
ilə saziş imzalayıb. 28 ölkə ilə həmin
saziş artıq işləyir.
Azərbaycan.- 2009.- 29 avqust.- S. 3.