QHT layihələrinin monitorinqinin birinci mərhələsinin yekunları müzakirə edilmişdir

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasında qurum tərəfindən maliyyələşdirilmiş layihələrin monitorinqini həyata keçirən Müstəqil Elmi-Praktiki Hüquq Mərkəzinin, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbərləri və işçi heyətlərinin iştirakı ilə monitorinqin nəticələri müzakirə olunmuşdur.

Qurumun mətbuat xidmətindən bildirmişlər ki, şuranın sədri Azay Quliyev layihələr üzrə yerinə yetirilən işlərin və həyata keçirilən tədbirlərin mühüm sosial-ictimai əhəmiyyət daşıdığını vurğulamışdır. O, bunu dövlətin vətəndaş cəmiyyətinin inkişafına qayğı və diqqətinin təzahürü kimi dəyərləndirmişdir. Qeyd etmişdir ki, layihələrin reallaşdırılması nəticəsində vətəndaş təşəbbüskarlığının artırılması, cəmiyyətin sosial qayğılarının ödənilməsi ilə bərabər, QHT-lərin təşkilat kimi möhkəmlənməsi, onların idarəçilik təcrübəsinin artırılması da vacibdir. Aparılan monitorinqlər bir sıra xüsusi məqamlar üçün də nəzərdə tutulmuşdur. QHT fəaliyyətində zəngin təcrübəyə malik iki təşkilatın apardığı bu monitorinqlər QHT-lərin layihə üzrə öhdəliklərinin necə yerinə yetirilməsinin yoxlanılması ilə bərabər, həm də onlara konsultativ, təşkilati-texniki və metodiki yardım xarakteri daşımalıdır. Yeni yaranmış QHT-lərin belə yardıma xüsusilə ciddi ehtiyacı vardır.

A.Quliyev bildirmişdir ki, monitorinqin nəticələri layihələr üzrə yerinə yetirilən işlərin real mənzərəsini əks etdirməli və hesabatlarda qüsurların üzə çıxarılması və vaxtında aradan qaldırılması baxımından heç bir təşkilata güzəşt edilməməlidir. Çünki bu nəticələrə görə, gələn il hansısa təşkilat daha çox maliyyə dəstəyi alacaq, hansılarsa maliyyə yardımından məhrum ediləcəkdir. Sədr şuranın aylıq "Vətəndaş cəmiyyəti" jurnalının nəşrinin, "İlin ən yaxşı QHT layihəsi" və üçüncü sektorun inkişafında medianın rolunun artırılması üçün şuranın sifarişi ilə Media İnkişaf Mərkəzi İctimai Birliyinin təşkil etdiyi "QHT fəaliyyətinin ən yaxşı işıqlandırılması" müsabiqələrinin təbliğat işinə yardımını yüksək qiymətləndirmişdir.

Hələ tam yekunlaşmamış monitorinqlərin ilkin nəticələri barədə Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Rəhimoğlu, Müstəqil Elmi-Praktiki Hüquq Mərkəzinin sədri Aydın Kərimov və başqaları məlumat vermişlər.

Qeyd edilmişdir ki, 200-dən artıq təşkilatda aparılmış monitorinqlər ölkədə vətəndaş cəmiyyətinin vəziyyətini bilavasitə əks etdirir. QHT-lər texniki-təşkilati baxımdan möhkəmlənir, QHT və maliyyə idarəçiliyində qiymətli təcrübə əldə edirlər. Son iki ildə dövlətin ayırdığı maliyyə yardımı nəticəsində ölkənin QHT sektorunda böyük sıçrayış baş vermişdir.

Vurğulanmışdır ki, layihələr üzrə yerinə yetirilən işlərin səmərə və keyfiyyətində, eləcə də bu işlər haqqında hazırlanmış hesabatlarda müəyyən qüsurların olmasına baxmayaraq, bütövlükdə maliyyələşmənin vətəndaş cəmiyyətinin inkişafına böyük təkan verməsindən və ölkədə ictimai fəallığın artmasından, demokratik prinsiplərin müəyyən qədər dərinləşməsindən danışmaq lazımdır. Şuranın maliyyə yardımı ilə reallaşdırılan bu layihələr, əsas etibarilə, indiyədək beynəlxalq donorların diqqətdən kənarda saxladığı mövzular və istiqamətlər üzrədir. Ona görə heç də təsadüfi deyildir ki, son iki ildə QHT-lər tərəfindən vətənpərvərlik məsələləri, Qarabağ həqiqətləri, milli mədəniyyətimiz, adət və ənənələrimiz haqqında beynəlxalq aləmə çıxarılması mümkün olan çoxlu sayda təbliğat materialları yaradılmışdır.

Nəzərə çatdırılmışdır ki, layihələrin maliyyələşdirilməsinin müəyyən sistem halına gətirilməsinə və maliyyələşdirilmədə diferensallaşdırmaya ehtiyac duyulur. Belə ki, təşkilatların təqdim etdiyi ilkin layihə ideyasına müvafiq hesablanmış maliyyə vəsaitlərinin ixtisar edilməsi bəzi hallarda layihənin yerinə yetirilməsinin səmərəliliyinə xələl gətirir. Ona görə də gələn illərin maliyyələşdirilməsində kifayət qədər təcrübəyə malik təşkilatlar üçün böyük, davamlı layihələrin nəzərdə tutulması ilə yanaşı, yeni yaranmış təşkilatlar üçün ayrıca, kiçik qrantlardan ibarət maliyyə müsabiqələrinin keçirilməsi təklifi irəli sürülmüşdür.

Müzakirələrdə paytaxt təşkilatlarının regionlarda reallaşdırdığı layihələrin bir sıra hallarda səmərəli olmaması diqqətə çatdırılmış və qeyd edilmişdir ki, gələcəkdə belə layihələr üçün bilavasitə regionda fəaliyyət göstərən dayaq təşkilatlarının əvvəlcədən layihə təklifi səviyyəsində müəyyənləşdirilməsi zəruridir. Ümumiyyətlə, regional QHT-lərin inkişafı ilə bağlı şuranın xüsusi siyasətinin reallaşdırılmasına ehtiyac vardır.

Müzakirələrdə QHT layihələrinin təbliğatı ilə əlaqədar məsələlərə də toxunulmuşdur. Bir çox QHT-lərin ictimai əlaqələrlə bağlı təsəvvürlərinin məhdudluğu, bəzilərinin isə bu işə diqqət yetirməməsi layihələrin icrasında nöqsan kimi səsləndirilmişdir. Təbliğat işinin gücləndirilməsi üçün bir sıra təkliflər, o cümlədən şuranın yeni QHT-xəbər saytının yaradılmasının vacibliyi bildirilmişdir.
Monitorinqin nəticələrinin şuranın sifarişi ilə hazırlanan kitabda əks olunması, eləcə də təbliğat işinin gücləndirilməsi ilə bağlı müzakirədə Yeni Yazarlar və Sənətçilər Qurumunun rəhbəri Aydınxan Əbilov da öz fikir və təkliflərini söyləmişdir.

Şura sədri A.Quliyev toplantıya yekun vuraraq sentyabrın 16-da qurum üzvlərinin və layihə yerinə yetirən bütün təşkilatların rəhbərləri ilə monitorinqin birinci mərhələsinin yekunlarının geniş müzakirə ediləcəyini demişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 29 avqust.- S. 3.