Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi ümidləri doğruldur

 

Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi regionların sosial-iqtisadi inkişafının Dövlət Proqramı çərçivəsində muxtar respublikada inşa olunan müasir tipli səhiyyə müəssisələri sırasında ən iri obyektdir. 2005-ci ilin payızında tikintisinə başlanılan və bir il sonra istifadəyə verilən bu səhiyyə ocağı indi öz müsbət fəaliyyəti ilə nəinki muxtar respublikada, eyni zamanda, ətraf bölgədə yaxşı tanınır. "Gəmiqaya" şirkəti tərəfindən gözəl memarlıq üslubunda inşa olunan, müasir standartlara cavab verən bu diaqnostika mərkəzi dünyanın müxtəlif ölkələrindən gətirilən son texnologiyalar əsasında istehsal edilmiş cihaz və avadanlıqlarla, o cümlədən süni böyrək aparatı ilə təmin olunub.

 Burada ən mürəkkəb, o cümlədən mikrocərrahiyyə əməliyyatlarının aparılması da artıq gerçəkləşib.

Dövlət başçısı cənab İlham Əliyev 2006-cı ilin dekabr ayında bölgəyə səfəri zamanı səhiyyə ocağının açılış mərasimində iştirak etmiş, burada görülən işləri, həyata keçirilən tədbirləri yüksək qiymətləndirmişdir: "Bu gözəl mərkəz həm xarici görünüşünə, həm də daxili təchizatına görə dünyanın ən yüksək standartlarına cavab verir. Bu, bir memarlıq abidəsidir və əminəm ki, burada göstəriləcək xidmət ən yüksək səviyyədə olmalıdır və olacaqdır. Çünki burada quraşdırılmış avadanlıq dünyanın ən öndə gedən tibb firmalarının istehsalıdır və ən qabaqcıl texnologiyaları əks etdirir. Ən müasir tibbi mərkəzdir və burada insanlar həm müayinədən keçəcəklər, eyni zamanda, müalicə olunacaqlar".

Mərkəzdə əhaliyə ambulator və stasionar xidmət göstərilir. Ötən müddətdə bura minlərlə xəstə müraciət edib, yaradılan şəraitdən, tibbi xidmətdən razı qalıb. Çoxları aparılan müalicədən şəfa tapıb.
Mərkəzin ən iri konsultativ-diaqnostika şöbəsi ambulator xidmət üzrə istiqamətləndirilib. Xəstələr kardioloq, nevropatoloq, terapevt, uroloq, dermatoloq, stomatoloq, ultrasəs müayinə üzrə ixtisaslı həkimlərin xidmətindən istifadə edirlər.

Hemodializ bölməsində xəstələrin stasionar müalicəsi üçün 5 çarpayılıq palata ayrılıb. Bununla bərabər, dializ zalı da fəaliyyət göstərir. Həmin zalda eyni vaxtda 20 xəstəyə xidmət olunur.

Bölmənin rəhbəri İlham İsmayılov deyir ki, muxtar respublikada xroniki böyrək çatışmazlığından əziyyət çəkən 50-yə yaxın xəstə qeydə alınıb. Onlardan 34-ü burada müalicə olunur.

- Əvvəllər dializ xidməti üçün xəstələr İranın Təbriz və Urmiyə şəhərlərinə gedir, əlavə vəsait sərf etməklə bərabər, xeyli əziyyət çəkirdilər, - deyə müsahibim onu da bildirdi ki, son illər Şərur, Culfa və Şahbuz rayon mərkəzi xəstəxanaları üçün inşa olunan səhiyyə ocaqlarında da dializ xidməti göstərilir. Uroloji xidmət sahəsində mühüm yeniliklərdən biri "Litotripter" adlı müasir texnoloji avadanlığın birinin burada quraşdırılmasıdır. Rentgen, ultrasəslə təmin olunan bu avadanlıq böyrəkdə, sidik axarında olan daşların əməliyyatsız çıxarılmasına imkan yaradır. Son üç ay ərzində mərkəzdə 20 xəstə üzərində effektli müalicə aparılıb.

Muxtar respublikada angioqrafiya müayinəsi də təkcə bu səhiyyə ocağındadır. Hollandiyanın "Fillips" firmasının istehsalı olan bu aparatla arteriyanın daralması, tutulması ilə yanaşı, ürəyin tac damarının müayinəsi də aparılır. Kardiocərrahiyyə əməliyyatları zamanı isə həmin müayinəyə xüsusi ehtiyac duyulur. Gənc həkim-kardioloq Mahir Əhmədov da artıq bu sahədə öz bacarığını göstərə bilir.

Mərkəzdəki ümumi stasionar sahə cərrahiyyə, kardiocərrahiyyə və reanimasiya şöbələrini əhatə edir. Cərrahiyyə şöbəsində 29 ştat vahidi var. Onun 12-si cərrah-həkim üçün nəzərdə tutulub. Hələlik burada 4 cərrah çalışır. Onlar bölgədə çoxlarının yaxşı tanıdıqları təcrübəli mütəxəssislərdir. Muxtar respublikanın səhiyyə nazirinin müavini, təcrübəli cərrah Valid Kazımov da bu şöbə ilə sıx əməkdaşlıq edir. Söhbət əsnasında dedi ki, artıq ümumi cərrahiyyə əməliyyatlarında da bir sıra yeniliklər var. İnsan orqanizminin ağciyər hissəsində aparılan əməliyyatlar onlardan biridir.

Tibb elmləri namizədi, respublikanın əməkdar həkimi İsa Abdullayevin rəhbərlik etdiyi bu şöbədə əsasən ümumi cərrahiyyə əməliyyatları həyata keçirilir. O, İlham İsmayılov, Güldanə Məmmədova, İlhamə Əliyeva, Zeynəb Məmmədova kimi gənc həkimlərin işindən, peşələrinə olan maraqlarından razılıqla danışdı.

İlham İsmayılov əvvəllər muxtar respublikada kardioloji mərkəzdə həkim-kardioloq işləyib. Sonralar isə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda uroloq ixtisasına yiyələnib. Bunlarla da kifayətlənməyib. Bakıdakı Respublika Klinik Xəstəxanasında və Türkiyənin Qahramanmaraş şəhərindəki səhiyyə müəssisələrində keçdiyi təcrübə mübadilələri də yeri düşəndə karına gəlir.

İlhamə Əliyeva da gənc mütəxəssisdir. O, əvvəl Bakı Dövlət Universitetinin kimya fakültəsini bitirib. Sonra isə Tibb Universitetinə qəbul olunub. 2003-cü ildə orada təhsilini başa çatdırdıqdan sonra Bakıda M.Nağıyev adına Təcili-Tibbi Yardım Stansiyasında həkim-cərrah kimi internatura keçib. İndi fəaliyyətini burada davam etdirir.

Kardiocərrahiyyə şöbəsinə Elnurə Bağırova rəhbərlik edir. O, Türkiyənin İzmir şəhərindəki Kocaeli Universitetinin xəstəxanasında təcrübə keçib. Deyir ki, şöbənin əməkdaşları tez-tez Mərkəzi Neftçilər Xəstəxanasının həkim briqadası ilə birgə çalışır.

26 yaşlı İntiqam Fətullayev muxtar respublikada kardiocərrah ixtisası üzrə yeganə həkimdir. Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra Mərkəzi Neftçilər Xəstəxanasında kardiocərrah kimi internatura keçib. Tibb elmləri namizədi Rəşad Mahmudov və Seymur Musayev kimi təcrübəli həkimlərlə çiyin-çiyinə çalışıb, bu gün də özünü onların yetirməsi hesab edir. O bildirdi ki, hazırda çalışdığı müəssisə daha zəngin maddi-texniki bazaya malikdir.

Muxtar respublikanın səhiyyə naziri Niyazi Novruzov isə deyir ki, lazım gəldikdə yüksək ixtisaslı həkim briqadalarının Bakıdan bura gətirilməsi, xüsusilə aztəminatlı ailələrdən olan xəstələrin bölgədən kənara çıxmayaraq dövlət vəsaiti hesabına müayinəsi və cərrahiyyə əməliyyatlarının təşkili mühüm işlərdəndir. Təkcə ötən il ərzində burada 370 xəstə üzərində müxtəlif cərrahi əməliyyat aparılıb.

Bu ayın əvvəllərində də bir neçə xəstədə açıq ürək üzərində əməliyyat keçirilib. Onlardan bir neçəsi ilə söhbət etdik. Naxçıvan şəhər sakinləri Cəmilə Bağırova, Çingiz Musayev, Elnur Hüseynov, Babək rayonunun Cəhri kənd sakini Abbasəli Maqsudov ağır cərrahiyyə əməliyyatlarından sonra özlərini yaxşı hiss etdiklərini, yaradılan şəraitə görə ölkə başçısına dərin minnətdarlıqlarını bildirdilər.

Şüa-diaqnostika şöbəsinə müraciət edənlər daha çoxdur. Şöbədə kompüter-tomoqrafiya və şüa-maqnit rezonans tomoqrafiya avadanlıqları quraşdırılıb. Əvvəllər bu cür avadanlıqlar muxtar respublikanın digər səhiyyə ocaqlarında olmadığından xəstələr daha çox xarici ölkələrə və Bakıya üz tuturdular. Artıq həmin problem də həll olunub. Başlıcası isə odur ki, bu növlər üzrə də adamlara pulsuz xidmət göstərilir.

Məlumdur ki, diaqnozun dəqiq təyin olunmasında laboratoriya analizlərinin düzgün nəticəsi lazımdır. Laboratoriyalarda biokimyəvi və ümumi analizlərin aparılması üçün müasir avadanlıqlar quraşdırılıb. Burada çalışan həkim-laborantlar da xarici ölkələrdə və digər bölgələrdə təcrübə keçiblər.

Bir sözlə, cəmi üç il bundan əvvəl fəaliyyətə başlayan Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi muxtar respublikada əhalinin bütün təbəqələrinin keyfiyyətli tibbi xidmətlə təmin olunmasında, onların sağlamlıqlarının qorunmasında və möhkəmləndirilməsində öz sözünü deməyə çalışır.

 

 

Məmməd MƏMMƏDOV

 

Azərbaycan.- 2009.- 29 avqust.- S. 4.