Dünyaya gəlişi
Hər evdə, hər
obada onun nişanələri olsa da, hələ özü
dünyaya gəlməmişdi. Yer üzü onun
üçün qəribsəmiş, sənət aləmi
onun üçün darıxmışdı. İnsanlar
çoxdan idi onun yolunu gözləyir, həsrətini çəkirdilər.
Onun haçansa dünyaya gələcəyi aydın idisə,
kim tərəfindən dünyaya gətiriləcəyi məlum
deyildi.
O, bir sakit gündə,
bir aylı gecədə, dünyanın naməlum yerində
cahana gəldi. Adına "Teatr" dedilər.
İlkinliyi
Teatrın ilkinliyi qorxu,
səksəkə, təlaş içində keçdi. Bir
qrup xurafatçı teatrda ayaq tutub cəmiyyətdə yerləşməsinə
və inkişafına imkan verməmək üçün din
pərdəsi altında gizlənərək təxribat törədib
onu elə beşikdəcə boğmaq istədilər. Teatrın
yaşaması xətrinə xurafatçıların
hücumlarının, sui-qəsdlərinin
qarşısını almaq üçün kimlərsə
"qurban" getməli idi. Onu həyatından çox istəyənlər
də tapıldı və bir çox insan kimi şirin
canlarını Teatrın yolunda fəda etdilər.
Daha sonra Teatrın gələcəkdə
bəşəriyyətə verə biləcəyi
böyük xeyri başa düşən mütəfəkkir
və filosoflar irəli çıxdı, ona öz nurunu verərək
hər nazını, hər əziyyətini çəkdilər.
Və ömürləri hesabına onu öz doğma
balaları kimi böyütdülər.
Teatr dərddən
doğulduğu üçün elə ilkinliyindən dərd
çəkməyə başladı. Hamının fikrini
çəkdiyindən boynuna böyük bir yük
düşdü. Ən əsası tamaşa dünyanın
asan olmayan tamaşa anlarını yaşamalı oldu. Uşaq
olsa da, onun gələcək məqsədi aydın idi - qrimlənmiş
adamların qrimsiz sifətini insanlara göstərmək. Bununla
yanaşı bir neçə ağır işə də
girişdi - daxili aləmləri xaricə çıxartmaq,
fikir təkərini sürətlə fırlatmaq.
Teatr balaca boyu ilə
böyük işlərə baş vurdu, qlobal problemləri
kiçik səhnəyə gətirə bildi. İbrətamiz
pərdələri ilə böyük salonları titrətdi,
daşürəkliləri ağlatdı, üz-gözündən
zəhrimar yağanları güldürdü.
Teatr kollektivləri heyrətamiz
sənətlərindən bezmədi. Məqsədinə nail
olmaq üçün hər əziyyətə
qatlaşdı, gecə-gündüz tər töküb məşq
etdi, bir gün olsa da, işsiz yaşamadı. Səfərlərə
çıxdı, ömür-günlərini qastrollarda
keçirdiyinə heç vaxt heyifsilənmədi.
Beləliklə, Teatr
öz alın təri ilə qazandığının
hesabına yaşa doldu.
Gəncliyi
Teatr da gəncliyə qədəm
qoyduğu andan qəlbində məhəbbət odu baş
qaldırdı, gözələ, gözəlliyə, gözəlliklərə
eşqi artdı, hər sevgidən yeni-yeni mənalar kəşf
etdi. Sonralar qəlbinə Firdovsi, Şekspir, Molyer, Mirzə Fətəli,
Mirzə Cəlil, Hüseyn Cavid, Cəfər Cabbarlı,
İlyas Əfəndiyev məhəbbəti də əlavə
edildi. Buna görə aşıb-daşan məhəbbətindən
hamıya - bütün zümrələrə eyni dərəcədə
pay düşdü. Sinəsindən "Yoqaya atılan
güllələr" və "Prins Hamletə Kral
atasının qatilini nişan verməsi" onun kamil bir sənət
olduğunu nümayiş etdirdi.
Bundan əlavə, Teatr
tarixi xidmətlər də göstərdi. Kərbəla faciəsini
- imam Hüseyn şəhidliyini şəbehlərə
göstərərək insanları qəhrəmanlığa,
zülmə boyun əyməməyə, Vətəni
qorumağa səslədi.
Yetkinliyi
İlkinliyində, gəncliyində
zamanı qabaqlayan Teatr qocalığında artıq onunla
ayaqlaşa bilmir. Zamanla ayaqlaşa bilməməyi ona çox
ağır zərbələr vurub. Bir tərəfdən kino,
televiziya rəqabətdə ona qalib gəlir, videotexnika isə
onu kölgədə qoyub tamamilə sıradan
çıxartmaq istəyir.
Geniş stadionlardakı
hay-küylü "futbol tamaşaları" sakit, təmkinli
Teatr tamaşalarının qapısına həlledici
"qollar" vurub onun zirvəyə - "finala" gedən
yolunu kəsdi.
Konsert
salonlarındakı gözəgəlimli, bər-bəzəkli,
zər-zibalı, yarıçılpaq müğənnilər
mahnılarla Teatrın tamaşaçılarını
oğurladılar.
Qocalığında Teatr pul qazana bilmədi. İş o yerə çatdı ki, maddi vəziyyətini düzəltmək üçün
təsərrüfatlara və
müəssisələrə, ali və
orta məktəblərə
yollandı.
Şəhər
küçələrindəki çoxsaylı
afişaların, təmtəraqlı reklam və anonsların
da ona köməyi dəymədi.
Bir neçə dəfə
qoca Teatr səhnəyə çıxdı, lakin məqsədinə
çatmadı, əvvəlkitək adamları salonlarına
yığa bilmədi. Özü heç vaxt
könülsüz səhnəyə çıxmasa da,
görüşünə könülsüz gələnlərin
sayı çoxaldı. Çünki istedadsız
şair-dramaturqlar ondan pul qopartmaq üçün mənasız
əsərləri ilə onu quru yerdə qoydular.
Bəs gələcəyi?!.
Çoxdandır qoca Teatr can verir... Dövr, zaman onluq deyil.
Onun insanlara məhəbbəti
azalmasa da, ona olan həvəs
azalıb. Və bir
aylı gecədə dünyaya gəldiyi kimi, bir aylı
gecədə də dünyadan gedəcək.
Amma doğmaları, yaxınları,
onu ürəkdən sevənlər buna inanmaq istəmir, ömrünün qürub
çağını yaşayan
yarımcan Teatrdan əl çəkmir, onu rahat buraxmırlar.
Daşdəmir ƏJDƏROĞLU
Azərbaycan.- 2009.- 29 avqust.- S. 5.