Şeyxülislam müqəddəs Ramazan ayı münasibətilə iftar
süfrəsi açmışdır
Xəbər verdiyimiz
kimi, avqustun 28-də Qafqaz Müsəlmanları İdarəsinin
sədri şeyxülislam Allahşükür Paşazadə
müqəddəs Ramazan ayı münasibətilə öz
iqamətgahında iftar süfrəsi açmışdır.
Azərbaycan Prezidenti
İlham Əliyev iftar mərasimində iştirak etmişdir.
Mərasimi
şeyxülislam açdı.
Qafqaz Müsəlmanları İdarəsinin sədri
şeyxülislam Allahşükür Paşazadənin
çıxışı
- Bismillahir-rəhmanir-rəhim!
Zati-aliləri, möhtərəm
cənab Prezident!
Əziz din
qardaşlarım!
Möhtərəm səfirlər!
Hörmətli qonaqlar!
Ənənəvi iftar məclisimizə
təşrif gətirən bütün əziz
qonaqlarımızı, xüsusən dövlətimizin rəhbəri,
möhtərəm cənab İlham Əliyevi səmimi qəlbdən
salamlayır, dəvətimizi qəbul etməklə islam aləminin
önəmli mərasiminə ehtiram göstərdiyinizə
görə Azərbaycan müsəlmanları adından və
şəxsən öz adımdan dərin təşəkkürümü
bildirirəm.
Biz hər il sizinlə
mübarək Ramazan ayında, iftar mərasimində
görüşürük. Bu görüşlərimiz adi tədbirlərdən
deyildir. Bu məclis biz dindarlar üçün dövlətimizin
qədim və müqəddəs islam dininə olan
ehtiramının göstəricisi, xalqımız
üçün milli-mənəvi dəyərlərə
verilən yüksək qiymət, dünya ictimaiyyəti
üçün isə Azərbaycanda din və dövlət
münasibətlərinin zirvə məqamı deməkdir. Əslində
bu, yalnız iftar süfrəsi deyil, birliyimizin,
qardaşlığımızın,
tolerantlığımızın, Prezidentimizin ətrafında
sıx birləşməyimizin nümunəsidir. Şükr
edirəm ki, bu görüşün səadətini və bu
ayın nemətini Allah-Taala bizə bəxş edir.
Əlbəttə, biz hər
dəfə böyük ehtiramla qeyd edirik ki, Azərbaycanın
iqtisadi, ictimai-siyasi və mədəni həyatında yaranan
dönüş böyük tarixi şəxsiyyət, mərhum
Heydər Əliyevin adı ilə bağlıdır. Ölkədə
demokratik, hüquqi, dünyəvi dövlətçiliyin əsaslarını
quran Heydər Əliyev milli ideologiyada dini dəyərlərin
mühüm yer tutduğunu daim bəyan edirdi. Bizim çoxmillətli
regionda xalqlarımızın dostluğunun möhkəmlənməsində,
dinlərarası tolerantlıq münasibətlərinin
inkişafında, Qafqazda sabitliyin təminatında Heydər Əliyevin
xidmətləri əvəzsizdir.
Ulu öndərimiz Heydər
Əliyevə Allah rəhmət eləsin!
Mərhum Heydər Əliyevlə
məni bağlayan ünsiyyət tellərinin, səmimi
münasibətlərin tarixi çox böyükdür. Uzun
illik tanışlığımız ərzində milli mənəviyyatımızın,
istər ölkə daxilində, istərsə də xaricdə
şeyxülislamlıq məktəbinin formalaşmasında
Heydər Əliyevin böyük zəhməti olmuşdur. İllərin
sınağından keçən bu ənənələrin
bu gün müasir Azərbaycanın lideri, dövlətimizin
başçısı əlahəzrət İlham Əliyevin
timsalında davam etməsini Allah-Taalanın lütfü kimi
qiymətləndirirəm.
Mən cənab Prezident
haqqında ən yüksək və layiqli fikirləri söyləməkdən
yorulmuram: bizim Prezidentimiz bunlardan daha yüksəkdə duran
şəxsiyyətdir. Ölkənin ən çətin məqamlarında,
iqtisadi böhranlar və ictimai gərginliklər dönəmində
cənab Prezident milli dəyərlərimizə,
dindarlarımızın arzu və ehtiyaclarına həssaslıqla
yanaşıb, mərasimlərimizdə iştirak edib, vəd
etdiyi tikintilərin - Bibiheybət, Təzəpir, Əjdərbəy,
İçərişəhər Cümə məscidlərinin
təmir və bərpasına diqqətini bir gün belə əsirgəməyib.
Hər bir azərbaycanlı, hər bir müsəlman
üçün qürur mənbəyinə çevrilmiş
bu müqəddəs abidələrin hər daşında
Prezidentimizin zəhməti və qayğısı vardır. O,
xalqımızın qəlbində həm dini abidələrimizin,
həm də zəfərli gələcəyimizin memarı
adını qazanıb. Allah, etdiyi bütün gözəl əməllərdə
ona yardımçı olsun! Bu, təkcə mənim yox,
bütün Azərbaycan xalqının ən səmimi
dualarıdır. Azərbaycan xalqı, ölkəmizin
dindarları möhtərəm Prezidentimiz İlham Əliyevin
nəcib amallarını ürəkdən bəyənir və
dövlətimizin başçısına daim dəstək
olacaqlarını bəyan edirlər!
Cənab Prezident!
Möhtərəm qonaqlar!
Bu il Azərbaycanın
dini mühitində bir sıra önəmli hadisələr
baş vermişdir. Hər şeydən əvvəl, biz
Bakının islam mədəniyyətinin paytaxtı
seçilməsinin sevincini yaşamaqdayıq. Buna görə
ilk növbədə Heydər Əliyev Fondunun prezidenti,
xoşməramlı səfirimiz, Azərbaycanın nəcabətli
xanımı Mehriban Əliyevaya minnətdarıq. Məhz onun
təşəbbüsü ilə Bakı qədim islam mədəniyyətinin
nümunəsi kimi dünyaya təqdim olunub.
Qafqazın tarixi-dini mərkəzi
sayılan Təzəpir məscidi kompleksinin və Qafqaz
Müsəlmanları İdarəsinin yeni binalarının
istifadəyə verilməsi 2009-cu ilin əlamətdar hadisələri
siyahısındadır. Bu ilin iyun ayında Moskvada MDB ölkələri
müsəlman icmalarının Məşvərət
Şurasının yaradılması və sədarətin mənə
həvalə olunması da, əslində, Azərbaycanın
beynəlxalq nüfuzunun artmasına xidmət edən amillərdəndir.
Dövlətimizin dünya birliyində mövqelərinin
güclənməsinin təzahürüdür ki, Rus Pravoslav
Kilsəsi, Roma Katolik Kilsəsi, ərəb müsəlman aləmi
ilə bir cərgədə yer alan Qafqaz Müsəlmanları
İdarəsi YUNESKO-nun nəzdində dinlərarası Məşvərət
Şurasının üzvüdür. Ənənəvi dinlərin
liderləri sırasında Azərbaycan təmsilçisi kimi
şeyxülislamın iştirakı da dövlətimizin beynəlxalq
aləmdə artan nüfuz və etimadından irəli gəlir.
Bugünkü fürsətdən
istifadə edərək dövlətimizin rəhbərinə
60 illik yubileyimin yüksək səviyyədə keçirilməsinə
razılıq verdiyinə və ən əsası, ölkəmizin
ali mükafatlarından olan "Şərəf" ordeni ilə
təltif edildiyimə görə dərin təşəkkürümü
bildirmək istəyirəm. Mən fəxr edirəm ki, həyatımın
30 ili bir şeyxülislam kimi böyük qardaşım,
dostum, fenomen şəxsiyyət, mərhum Heydər Əliyevlə
birgə olub və onun dəyərli tövsiyələri ilə
Allah yoluna, islamın, vətənimizin tərəqqisinə və
Azərbaycan dövlətçiliyinə xidmət etmişəm.
Vətənimizin müstəqilliyi, xalqımızın
birliyi, ölkəmizin ərazi bütövlüyü və gələcəyi
naminə, cənab Prezident, Sizi dəstəkləyir və həmişə
də dəstəkləyəcəyik. Vətən yolunda
şəhid olanların ruhuna rəhmət diləyir və əmin
olduğumu bildirirəm ki, inşallah, Sizin rəhbərliyinizlə
Azərbaycan daha böyük uğurlar əldə edəcəkdir!
Zati-aliləri! Hörmətli qonaqlar!
Ramazan on bir ayın
sultanı, saflıq və səmimiyyətin məkanı,
Qurani-Kərimin nazil olma tarixidir. Belə gözəl bir məqamda
mənim evimi mənəvi ocaq bilib bir dost, bir qardaş kimi məclisimizdə
iştirakınıza görə möhtərəm
Prezidentimiz, Zati-aliləri, Sizə minnətdarlıq edirəm.
Sizin hər gəlişiniz bizim üçün şərəf
və iftixardır və həm də Allahın mərhəmətidir.
Allah-Taala Qurani-Kərimdə Bəqərə surəsinin
185-ci ayəsində buyurur ki, "İnsanlara doğru yolu
göstərən, bu yolu açıq dəlilləri ilə
aydınlaşdıran və haqqı batildən ayıran Quran
Ramazan ayında nazil edilmişdir".
Hamınıza bir daha təşəkkürlərimi
bildirir, oruc və namazlarınızın qəbul olunması
üçün Allahdan xeyir-dualar diləyirəm.
Allah qəbul eləsin!
Vəssalamu əleykum və
rəhmətullahi və bərəkatuhu.
* * *
Azərbaycan Prezidenti
İlham Əliyev iftar mərasimində çıxış
etdi (Dövlətimizin başçısının
çıxışı qəzetin bugünkü nömrəsində
dərc olunur).
Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı
Yeparxiyasının rəhbəri Aleksandr Atanın
çıxışı
- Zati-aliləri, möhtərəm
cənab Prezident!
Çox hörmətli,
əziz yubilyar şeyx həzrətləri!
Hörmətli Semyon
Borisoviç!
Xanımlar və cənablar!
Ənənəvi iftarda
biz - siyasətçilər, din xadimləri, Azərbaycanda
akkreditə edilmiş diplomatlar görüşmək, ölkənin
dini həyatının spesifikası ilə tanış olmaq,
bir-birimizlə üzbəüz ünsiyyət imkanı əldə
edirik. Biz burada dəfələrlə demişik ki,
ümummilli lider Heydər Əliyev Azərbaycanın müasir
həyatının elə möhkəm təməlini
qoymuşdur ki, onun sayəsində hətta indiki iqtisadi
böhran dövründə də ölkə uğurla
inkişaf edir. Bunun sayəsində Azərbaycan, xoşbəxtlikdən
millətlərarası ayrı-seçkilikdən və dinlərarası
münaqişələrdən yan keçmişdir. Lakin zaman
keçir, həyat bizim qarşımızda yeni vəzifələr
qoyur, yeni təhdidlərlə üzləşirik. Burada
diplomatlardan biri dedi ki, ekspertlərin öyrəndiyi predmetlər
arasında təkcə neft, Azərbaycanın faydalı qazıntıları
deyil, həm də ölkəmizdə çox yüksək səviyyədə
yaradılan tolerantlıq məsələsi olmalıdır.
Mən vurğulamaq istərdim
ki, möhtərəm şeyxin bu yubiley ili həqiqətən
əlamətdar zəfərlər ili olmuşdur. Azərbaycanda
həyat tərzi, o cümlədən dini münasibətlər
də bütün dünyada nümunə olmuş və
yüksək qiymətə layiq görülmüşdür. Qeyd
etməliyəm ki, MDB müsəlmanlarının qurultayı
keçirilmiş və həmin forumda bizim çox hörmətli
şeyximiz Birlik ölkələri müsəlman
icmalarının Məşvərət Şurasının sədri
seçilmişdir. Bu, MDB müsəlmanları arasında
şeyxin nə qədər yüksək qiymətləndirilməsinin
təsdiqidir. Bundan əlavə, bu il Birləşmiş Millətlər
Təşkilatı yanında Dinlərarası Məşvərət
Şurası yaradılmışdır. Bu təşəbbüsün
müəlliflərindən biri bizim möhtərəm
şeyx olmuşdur.
Hazırda artıq
YUNESKO yanında rəsmi işçi orqan yaradılır. O,
din xadimlərinin, ictimai və siyasi xadimlərin bir-biri ilə
ünsiyyət qurmasına kömək edəcəkdir. Düz
iki gün bundan əvvəl mən Rus Pravoslav Kilsəsinin
baş keşişi, zati-müqəddəsləri patriarx Kiril
ilə görüşmüşəm. O, mənimlə
söhbət zamanı şeyxin dinlərarası fəaliyyətinə
çox yüksək qiymət verdi və dinlərarası
sülhün, həmrəyliyin və anlaşmanın möhkəmlənməsi
işində şeyxin irəli sürdüyü bütün
təşəbbüsləri dəstəkləmək arzusunda
olduğunu bildirdi. Mən də əziz yubilyarımıza
ünvanlanmış təbriklərə qoşuluram, ona nəcib
fəaliyyətində uğurlar və əlbəttə, uzun
ömür arzulayıram ki, biz burada bu gözəl evdə dəfələrlə
görüşə bilək, Azərbaycanın həyatında
mövcud olan problemləri müzakirə edək və Azərbaycanın
iri addımlarla irəliləməsinə, XXI əsrdə
milli və dini sülh nümunəsi olmasına sevinək. Hamınıza
təşəkkür edirəm və hamınızı
ürəkdən təbrik edirəm.
Azərbaycan Dağ Yəhudiləri
İcmasının sədri Semyon İxiilovun
çıxışı
- Zati-aliləri möhtərəm
İlham Heydər oğlu!
Möhtərəm
şeyxülislam!
Möhtərəm
Aleksandr Ata!
Əziz qonaqlar!
Bu gün yenidən iftar
məclisində olmağım mənə çox xoşdur. Burada
ən əziz qonaq Azərbaycan Respublikasının Prezidenti
İlham Heydər oğlu Əliyevdir. O, güclü, təcrübəli,
tolerant, müdrik, öz azad ölkəsində hər bir
insana hörmət bəsləyən insandır. Cənab
Prezident, biz Sizi burada salamlayırıq,
gördüyünüz bütün işlərə görə
Sizə təşəkkür etmək istəyirik.
Mən Azərbaycanın
bütün yəhudiləri adından hörmətli cənab
Prezident, Sizin şəxsinizdə, möhtərəm şeyx
Sizin şəxsinizdə bütün Qafqaz müsəlmanlarını
müqəddəs Ramazan ayı münasibətilə təbrik
etmək, möhkəm cansağlığı, xoşbəxtlik
diləmək, ən xoş arzularımı çatdırmaq
istəyirəm.
Allah
namazınızı və orucunuzu qəbul eləsin.
* * *
Şeyxülislam Allahşükür PAŞAZADƏ: Cənab Prezident, mənim
haqqımda söylədiyiniz xoş sözlərə, əməyimə
verdiyiniz yüksək qiymətə görə Sizə minnətdarlığımı
bildirirəm. Əlbəttə ki, həyatda hər bir şəxsin
müəllimi olur. Mənim də müəllimim ulu öndər
Heydər Əliyev həzrətləridir. Mən onu
özümə müəllim bilirəm. Əgər onun məsləhətləri,
onun göstərdiyi yollar olmasaydı, mən bu zirvəyə
çata bilməzdim. Ona görə də bu gün istərdim
ki, mənim həm mənəvi, həm də dünyəvi həyatımda
böyük rol oynayan ulu öndərimiz Heydər Əliyevi
yada salaq, onun ömür-gün yoldaşını yada salaq.
Ümumiyyətlə, torpaq uğrunda şəhid olanların xatirəsini yad edək. Bugünkü iftar süfrəsinin müqəddəsliyi naminə Qurani-Şərifdən bir neçə ayə oxuyaq. Sonra Ramazan duası oxunacaqdır. Allah sizi qorusun. Çox sağ olun.
* * *
Sonra Quran oxundu, iftar süfrəsi açıldı.
İftar mərasimində Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş səfirləri, dini icmaların nümayəndələri, Milli Məclisin deputatları iştirak edirdilər.
AzərTAc
Azərbaycan.- 2009.- 30 avqust.-
S. 2.