Nüfuzlu "Pakistan Observer" qəzeti Mehriban xanım Əliyevanın "21-ci əsrin böyük qadını" mükafatına layiq görülməsi ilə bağlı məqalə dərc etmişdir

 

Pakistanın ingilis dilində çıxan və bütün ölkədə yayılan "Pakistan Observer" qəzetinin 2009-cu il 28 avqust tarixli sayında "Azərbaycanın birinci xanımı 21-ci əsrin böyük qadını mükafatını almışdır" başlıqlı geniş məqalə verilmişdir.

Məqalədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyəti, dünya mədəni irsinin, təhsilin, səhiyyənin, mədəniyyətin, dini tolerantlığın və mənəvi dəyərlərin inkişafında həyata keçirdiyi genişmiqyaslı işlərə ətraflı yer verilmişdir.

Məqalədə bildirilir ki, Mehriban xanımın mükafat üçün namizədliyinin irəli sürülməsi barədə təkliflə Beynəlxalq Niaqara Festivalının bədii rəhbəri, Toronto Kral Konservatoriyasının professoru Atis Bankas, Moskva Konservatoriyasının professoru, Niaqara Festivalının "İpək yolu" Komitəsinin həmsədri Nina Koqan, "İpək yolu" kamera orkestrinin baş dirijoru və "İpək yolu" Komitəsınin sədri, həmvətənlimiz İsmayıl Hacıyev, Beynəlxalq Niaqara Festivalının baş meneceri Virciniya Meynprays, Amerika Bioqrafiya İnstitutunun prezidenti Evansa müraciət etmişlər.

Müəllif vurğulayır ki, Mehriban xanım mədəniyyət, təhsil və idman sahələrində həyata keçirilən böyük layihələrin təşəbbüskarıdır.

1995-ci ildən bəri "Azərbaycan Mədəniyyətinin Dostları" Fondu vasitəsilə Mehriban xanım ölkəsinin mədəni zənginliyi haqqında dünya miqyasında təbliğatın daha da genişləndirilməsi, eləcə də festivallar, sərgilər, konsertlər və digər mədəniyyət tədbirlərinin həyata keçirilməsi təşəbbüsü ilə çıxış etməklə bu zənginliyin milli və regional səviyyələrdə qorunması istiqamətində mühüm işlər görmüşdür. Mehriban xanımın təşəbbüsü ilə Azərbaycan muğamının inkişaf etdirilməsi məqsədilə Bakıda Muğam Mərkəzi də yaradılmışdır.

Qəzet yazır ki, Mehriban xanımın təşəbbüsü ilə Niaqarada beynəlxalq səviyyədə genişmiqyaslı mədəni tədbir - "Azərbaycan Muğam günləri"nin keçirilməsi Şimali Amerikanın mədəni həyatının mühüm hadisələrindən birinə çevrilmişdir. Mehriban xanım Niaqara festivalının təşkilati strukturu çərçivəsində əsas məqsədi İpək yolu ölkələrinin böyük musiqisinin və mədəni irsinin təbliğini həyata keçirmək olan "İpək yolu" Komitəsinin yaradılmasının da təşəbbüskarıdır.

Mehriban xanımın tövsiyəsi ilə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, ölkənin Kanadadakı səfirliyi, digər qurumlar Şərq və Qərb mədəni dəyərlərinin yaxınlaşması və inteqrasiyasında böyük rolu olan Niaqara Beynəlxalq Festivalının təşkili üçün maliyyə dəstəyi verir. Bu yüksək xidmətləri və nailiyyətləri nəzərə alaraq, Niaqara Festivalı Mehriban xanımı bütün dünyada sülh və tərəqqiyə nail olmaq məqsədilə dünya mədəniyyətləri və sivilizasiyalarının yaxınlaşması və inteqrasiyası istiqamətində həyata keçirilən yüksək dəyərə malik mənəvi missiyanın rəmzi olan "Dünyanın Qızıl Gülü" mükafatına layiq görmüşdür.

Qəzet yazır ki, Mehriban xanım qlobal mədəniyyətin inkişafı, Şərq və Qərb sivilizasiyaları arasında mədəni və siyasi dialoqun qurulması istiqamətində göstərdiyi xüsusi xidmətlərə görə YUNESKO və İSESKO, eləcə də bir çox nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən çoxlu sayda mükafatlara layiq görülmüşdür. YUNESKO-nun xoşməramlı səfiri kimi Mehriban xanım təşkilatın dünyada mədəni irsin qorunması istiqamətindəki fəaliyyətini dəstəkləyir.

Müəllif bildirir ki, 2006-cı ildən etibarən Heydər Əliyev Fondu Azərbaycan ərazisində dini abidələrin yenidən qurulması və əsaslı təmiri üzrə layihələr həyata keçirir. Ötən il "Azərbaycan - Tolerantlığın Vətəni" layihəsi çərçivəsində Buzovnada məscid, ölkə ərazisindəki katolik və pravoslav kilsələri yenidən qurulmuşdur.

Məqalədə xüsusi olaraq vurğulanır ki, "21-ci əsrin böyük qadını" mükafatına İngiltərə Kraliçası II Yelizaveta, ABŞ Dövlət Katibi Hillari Klinton, Tereza ana kimi dünyanın nüfuzlu xanımları layiq görülmüşlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 30 avqust.- S. 2.