Aleksandros Peterson: "Xəzər regionunda Avropa üçün əsas ölkə Azərbaycandır"

 

ABŞ Atlantik Şurasının nəzdindəki Avrasiya Energetika Mərkəzinin direktoru vəzifəsini icra edən Aleksandros Peterson bu sözləri "Trend Capital"a müsahibəsində söyləyib.

O bildirib ki, Xəzər regionunda enerji istehsalçısı kimi Azərbaycan Avropa və Qərb üçün vacib ölkədir. "Özü də təkcə ona görə yox ki, Azərbaycan böyük enerji ehtiyatlarına malikdir. Həm də onun üçün ki, Türkmənistan, Qazaxıstan və Özbəkistan daxil olmaqla Xəzərin şərq sahilləri və Orta Asiyadakı enerji ehtiyatlarına açar rolunu oynayır. Azərbaycan həmçinin Qərbə nefti Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəql etdiyi, eləcə də "Nabucco" qaz kəməri layihəsinin reallaşmasında ən perspektivli ölkə olduğu üçün əhəmiyyətlidir" - deyə A.Peterson vurğulayıb.

Müsahibəsində Azərbaycanla Rusiya arasında ölkəmizin şimal qonşumuza qaz satması ilə bağlı bağlanmış sazişə şərh verən A.Peterson deyib: "Mənim fikrimcə, Bakı bu sazişi Qərbə "xəbərdarlıq atəşi" açmaq üçün bağlayıb və bununla göstərib ki, onun öz qazını satması üçün "Nabucco"dan savayı digər variantı da var".

 

 

Azərbaycan.- 2009.- 30 avqust.- S. 6.