Azərbaycanda korrupsiyaya qarşı
səmərəli mübarizə
aparılır
Müasir dövrdə
ümumi inkişafa və təhlükəsizliyə
birbaşa təsir göstərən korrupsiya təkcə
ümumbəşəri demokratik dəyərləri deyil, həm
də mədəni-dini və etnik dəyərləri
sarsıdır. Qlobal miqyasda sosial bəlaya çevrilmiş
korrupsiya iqtisadi inkişaf prosesində ciddi buxova çevrilir,
demokratik təsisatların inkişafına, vətəndaş
cəmiyyəti və hüquqi dövlət quruculuğu
prosesinə mane olur. Odur ki, cəmiyyətlərin üzləşdiyi
ən ciddi problemlərdən olan korrupsiyaya qarşı
mübarizə bu gün də dünya dövlətlərinin
qarşısında duran başlıca vəzifələrdən
biridir.
Əldə olunan
makroiqtisadi göstəricilərin davamlı xarakter
daşıması daha çox cəmiyyət həyatının
bütün əhəmiyyətli sahələrində
demokratik normaların, şəffaflığın və
qanunçuluğun təminatından asılıdır. Ölkəmizdə
dövlət idarəetmə sistemində şəffaflıq
prinsipinin qorunması, büdcə vəsaitlərinin təyinatı
üzrə xərclənməsi, maliyyə intizamının
gücləndirilməsi, eləcə də korrupsiya
hallarına qarşı mübarizə tədbirlərini
genişləndirilməsi istiqamətində həyata
keçirilən tədbirlər də məhz bu məqsədə
xidmət edir. Son illərdə korrupsiyaya qarşı
mübarizə sahəsində həyata keçirilmiş tədbirlər
də özünün ardıcıllığı və
sistemliliyi ilə diqqəti çəkir. 2004-cü il
yanvarın 13-də qəbul olunmuş "Korrupsiyaya
qarşı mübarizə haqqında" qanunun tətbiqi ilə
əlaqədar "Korrupsiyaya qarşı mübarizə
üzrə Dövlət Proqamının (2004-2006-cı illər)
layihəsi hazırlanaraq Azərbaycan Prezidentinin 3 sentyabr
2004-cü il tarixli sərəncamı ilə təsdiq
edilmişdir. Korrupsiyaya qarşı səmərəli
mübarizə mexanizmlərini müəyyənləşdirən
Dövlət Proqramı uğurla icra edilərək 2006-cı
ilin dekabrında tam başa
çatdırılmışdır. Azərbaycan Respublikasının
Dövlət Qulluğunu İdarəetmə Şurası
yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə
Komissiyanın yaradılması da bu istiqamətdə həyata
keçirilən mühüm tədbirlərdən biridir.
Dövlət
başçısının 28 oktyabr 2004-cü il tarixli fərmanı
ilə Azərbaycan Respublikası Baş prokuroru yanında
Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əsasnaməsi
təsdiq olunmuş, bu qurumun səlahiyyət və
funksiyaları müəyyən edilmişdir. Ötən
müddətdə idarə korropsiya cinayətlərinin
aşkarlanması və aradan qaldırılması istiqamətində
mühüm tədbirlər həyata keçirmişdir. Milli
Məclisin 2006-cı ilin yaz sessiyasında Azərbaycan
Prezidentinin təklifi ilə korrupsiyaya qarşı mübarizə
ilə əlaqədar bəzi qanunvericilik aktlarına, Cinayət
Məcəlləsinə əlavə və dəyişikliklər
edilmişdir. Cinayət Məcəlləsinin 33-cü fəsli
"Korrupsiya cinayətləri və dövlət hakimiyyəti,
dövlət qulluğu mənafeyi, yerli özünüidarə
orqanlarında, habelə komersiya və qeyri-kommersiya təşkilatlarında
qulluq mənafeyi əleyhinə olan cinayətlər"
adlandırılmışdır. Rüşvətvermə
cinayəti daha ağır əməl kimi göstərilərək
aktiv rüşvətxorluq adlandırılmış, onun cəza
sanksiyası artırılmışdır. Eyni zamanda vəzifəli
şəxsin qərarına təsir göstərmə
(nüfuz alveri) kimi yeni cinayət əməli qanunvericiliyə
əlavə edilmişdir. Vəzifəli şəxslərin
kateqoriası genişləndirilmiş, korrupsiya ilə
bağlı cinayətlərin istintaq aidiyyəti müəyyən
olunmuşdur. Cinayət Prosessual Məcəlləsinə və
Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər
edilmişdir. Bu əlavə və dəyişikliklər cinayət
yolu ilə əldə edilmiş əmlak istifadə edildiyi,
özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən
dövlət nəfinə alına bilinmədiyi halda, dəyərinə
görə müsadirənin prosessual normalarını müəyyən
edir.
"Məhkəmələr
və hakimlər haqqında" qanuna edilmiş əlavə və
dəyişikliyə görə isə fiziki və hüquqi
şəxslər hakimlər tərəfindən
"Korrupsiyaya qarşı mübarizə haqqında"
qanunda nəzərdə tutulan korrupsiya ilə əlaqədar
hüquqpozmaların törədilməsi haqqında məlumata
malik olduqda, birbaşa Məhkəmə-Hüquq
Şurasına müraciət edə bilərlər. Məhkəmə-Hüquq
Şurası bu halda öz qərarı ilə hakimlər
haqqında intizam icraatı başlaya bilər.
Azərbaycan Prezidenti
İlham Əliyevin "Şəffaflığın
artırılması və korrupsiyaya qarşı mübarizə
üzrə Milli Strategiyanın təsdiq edilməsi barədə"
28 iyul 2007-ci il tarixli fərmanı isə respublikada şəffaflığın
təmin olunmasını və korrupsiyaya qarşı
mübarizə tədbirlərinin daha geniş miqyasda
aparılmasını təmin etmişdir. Belə bir
mühüm sənədin imzalanmasında başlıca məqsəd
korrupsiya sahəsində həyata keçirilən tədbirlərin
davam etdirilməsi, normativ hüquqi bazanın və
institutsional mexanizmlərin təkmilləşdirilməsi,
dövlət və yerli özünüidarə
orqanlarının fəaliyyətində şəffaflığın
artırılması və bu sahədə dövlət siyasətinin
həyata keçirilməsi ilə bağlıdır.
Milli Strategiya korrupsiyaya
qarşı mübarizənin əsas şərti kimi dövlət
orqanlarının fəaliyyətində şəffaflığın
artırılmasını təmin edir, şəffaflıq
korrupsiyaya qarşı mübarizənin əsas vasitəsi kimi
müəyyən olunur. Şəffaflığın təmin
edilməsi ictimaiyyətin dövlət orqanlarının qəbul
edəcəyi qərarlar haqqında daha çox məlumata
malik olması, dövlət orqanlarına ictimai etimadın
güclənməsi və bu orqanların məsuliyyətinin
daha da artırılması kimi səciyyələndirilir. Milli
Strategiya qərar qəbul etmə mexanizmləri və
qaydaları, dövlət qulluğuna qəbul, dövlət
büdcəsinin gəlir və xərcləri, siyasi
partiyaların maliyyələşdirilməsi, dövlət
satınalmaları, özəlləşdirmə, investisiya,
dövlət və yerli özünüidarə
orqanlarının fəaliyyəti və digər sahələrdə
şəffaflığın artırılması
üçün tədbirləri müəyyən edir. Sənədin
birinci hissəsində şəffaflığın təmin
edilməsi üçün "İnformasiya əldə etmək
haqqında" qanunun effektiv işləməsinin zəruriliyi
də xüsusi önə çəkilir.
Azərbaycan
Respublikası Prezidentinin 10 fevral 2009-cu il tarixli sərəncamı
ilə təsdiq edilmiş "Cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında" qanun da cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılması və ya terrorçuluğun
maliyyələşdirilməsi ilə bağlı
hüquqpozmaların aşkar edilməsi,
qarşısının alınması üçün
hüquqi mexanizmin yaradılmasına yönəlmişdir.
Dövlət
başçısı İlham Əliyevin 22 iyun 2009-cu il
tarixli "Dövlət və bələdiyyə əmlakının
və vəsaitlərinin idarə olunması sahəsində
korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı
mübarizənin gücləndirilməsi haqqında" fərmanı
isə dövlət və bələdiyyə orqanlarında
şəffaflığın və hesabatlılığın
gücləndirilməsinə, korrupsiyaya qarşı
mübarizə tədbirlərinin genişləndirilməsinə
xidmət edir.
Fərmanda göstərilir
ki, ümumbəşəri sosial bəla olan korrupsiyanın tam
aradan qaldırılması üçün daha sərt və
qətiyyətli addımların atılması zəruridir. Azərbaycan
Respublikasının icra hakimiyyəti orqanlarına
tapşırılır ki, dövlətin büdcə və
digər maliyyə vəsaitlərinin, həmçinin bələdiyyələrin
vəsaitlərinin istifadə olunması, dövlət və bələdiyyə
əmlakına sahiblik, istifadə və sərəncam verilməsi,
dövlət müəssisələrinin idarə olunması
sahələrində dövlət nəzarətinin səmərəliliyinin
artırılması, bu sahədə korrupsiya ilə əlaqədar
hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi
istiqamətində zəruri tədbirlərin görülməsini
təmin etsinlər. Bu sahələrdə cinayət əlamətləri
olan hüquqpozmalar aşkar etdikdə müvafiq sənədləri
Azərbaycan Respublikasının Baş Prokurorluğuna
göndərsinlər, müvafiq prokurorun mütəxəssislərin
cəlb edilməsi və ya yoxlama materiallarının tələb
edilməsi barədə qərarının təxirəsalınmadan
icra olunmasını təmin etsinlər.
İcra strukturları Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli sərəncamı
ilə təsdiq edilmiş "Şəffaflığın
artırılması və korrupsiyaya qarşı mübarizə
üzrə Milli Strategiya"nın icra edilməsi vəziyyətinə
dair Azərbaycan Respublikasının Korrupsiyaya qarşı
mübarizə üzrə Komissiyasına təqdim edilən məlumatlarla
birgə bu fərmanın icrası ilə əlaqədar
görülən tədbirlər barədə də hesabat
verməlidirlər.
Ölkəmizdə
korrupsiyaya qarşı mübarizənin səmərəli və
keyfiyyətli olması üçün dövlət səviyyəsində
tədbirlər görülür və bu mübarizə
aşkarlıq şəraitində aparılır. Azərbaycan
hakimiyyəti bir çox dövlətlərin təcrübəsini
nəzərə alaraq, bu sosial bəlaya qarşı qətiyyətlə
mübarizə aparır, təkamül və islahatlar yolu ilə
korrupsiyanın aradan qaldırılmasına
çalışır. Vətəndaş cəmiyyəti və
hüquqi dövlət quruculuğu yolunda atılan inamlı
addımlar, həyata keçirilən sosial-siyasi islahatlar
fonunda bu sosial bəlanın da tamamilə aradan
qalxacağına ümid etmək olar.
S.ELMANOĞLU
Azərbaycan.- 2009.- 30
avqust.- S. 7.