O günü səbirsizliklə gözləyirik
"..O
torpaqlar əməksevər insanların qeyrət, bərəkət
ünvanı idi. Qubadlılılar Qarabağa, Laçına,
Kəlbəcərə Ermənistandan gələn yolun
üstündə möhtəşəm qala kimi
dayanmışdılar. Onun işğalından da bərk
sarsıldım".
Heydər ƏLİYEV
Xatırlamaq
ağırdır, kədərlidir. Ata-baba yurd yerlərini məcbur
olub tərk edən insanların müsibətlərini,
iztirablarını görmək çətindir. 1993-cü il
avqustun 30-u Qubadlının tarixinə qara hərflərlə
yazılıb. Həmin gün 30 mindən çox sakin öz
el-obasından didərgin düşüb. 16 ildir ki,
qubadlılar doğma yurdun həsrəti ilə yaşayır
və ora dönəcəkləri günü gözləyirlər.
Rayonun ərazisi - bərəkətli düzləri,
dağları, kəndləri, yaşayış evləri, səhiyyə,
ticarət, mədəniyyət, idman obyektləri düşmənin
işğalı altındadır. Vaxtilə yerli adamlardan mərhəmət,
humanistlik görmüş mənfur qonşular indi o diyara qənim
kəsiliblər. Yeraltı, yerüstü sərvətləri
talan, tar-mar ediblər.
Qubadlı işğala
məruz qalandan bu suallar dönə-dönə yaddaşlardatəkrar
olur: faciəli, qanlı-qadalı hadisələrin
qarşısını almaq olardımı? Məcburi
köçkünlərin intizarlı, yurd həsrətli illəri
necə keçir, o insanların dolanışıqları,
yaşayışları necədir?. Rayon icra hakimiyyətinin
başçısı Malik İSAQOV bu sualları belə
cavablandırdı:
- Qədim yurd yerlərimizdən
biri olan Qubadlının özünəməxsus şöhrəti
var. İnsanlar halal ruzilərini qəlbən
bağlandıqları torpaqdan qazanardılar. Dağlara baxanda
qürur hissi duyardıq. Qubadlı Ermənistanla 120 kilometr 40
kilometr Dağlıq Qarabağla həmsərhəd idi. Əkin-biçinlə,
heyvandarlıqla məşğul olan insanlar ötən əsrin
sonlarında bir daha erməni qəddarlığı ilə
üz-üzə gəldilər. İlk günlər heç
kim inanmırdı ki, ermənilər yedikləri
duz-çörəyi yadlarından çıxara bilərlər.
Amma sonralar baş verən hadisələr göstərdi ki,
namərdlər onlara edilən yaxşılıqları
unudublar. Yerli camaat dinclik üzünə həsrət
qaldı. İstili-soyuqlu səngərlərə sinə gərdilər.
Ancaq yurd, el-oba qeyrətini çəkən insanların, təəssüf
ki, düşmənə cavab vermək imkanları yox idi. Ermənilər
müasir raketlərdən atəş açırlar,
kompüterlə idarə olunan tanklarla gəlirdilər,
özünümüdafiə dəstələrimiz isə ov
tüfəngi ilə cavab verməyə
çalışırdılar. Bu "dayan-doldurum"ları
da onlara çox gördülər. 1988-ci ilin payızında
Azərbaycan KP MK-nın birinci katibi Ə.Vəzirovun xüsusi
tapşırığı ilə sərhədlərimizin
keşiyində dayananlardan ov tüfənglərinin
yığılmasına cəhd göstərildi. Əslində
bu, düşmən yoluna yaşıl işıq yandırmaq
idi. Beş ildən artıq düşmən
başımıza od ələdi, evlərimizi, əkin-biçin
sahələrimizi yandırdı.
Yüzlərlə şəhid
verdik. 1988-ci ilin noyabr ayında ermənilər rayonumuzun ərazisində,
Gorus-Qafan yolunun kənarındakı Eyvazlı kəndini
yandırdılar. Respublika rəhbərləri yenə qəflət
yuxusundan oyanmadılar. Canlı qüvvəyə, silah-sursata
böyük ehtiyacımız vardı, kömək isə yox
idi. O dəhşətli, qanlı faciədən sonra ermənilər
daha da fəallaşdılar. Ahıllar, uşaqlar vəhşiliklə
qətlə yetirildi, girov götürüldü.
O ağır günlərdə
belə, qubadlılar ümidlərini üzmür, sabahkı günün
daha yaxşı olacağına inanırdılar. Hələ
o illərdə əhalinin dilindən tez-tez gileylər eşidərdik:
"Bəxtimiz onda gətirməyib ki, ölkənin qətiyyətli
rəhbəri yoxdur E Kaş hakimiyyətdə Heydər Əliyev
olaydı, bu müsibətlər də başımıza gəlməzdi".
Camaat çətin günlər yaşayırdı, rəhbərlik susur, gözləmə mövqeyi tuturdu. Ümid yalnız insanların özlərinə qalmışdı. Silahları olmasa da, qocalı-cavanlı hamı ön cəbhəyə gedirdi. Bəzən uğurları olardı. Ancaq günbəgün itgi artırdı. Beş il qubadlılılar Ermənistandan Qarabağa - Şuşaya, Xankəndinə, Laçına gedən yolu qorudular. Düşmən tərəfdən nəinki ağır texnika, heç minik maşını da həmin yoldan keçmədi. Məqsədlərinə çatmayan qarşı tərəf hücum istiqamətlərini dəyişir, hər tərəfdən zərbə vururdular. 241 nəfər şəhid verdik. 200 nəfərdən artıq sakin ağır yaralandı. Ancaq bu, özünümüdafiə dəstələrini sarsıtmırdı, amallarından çəkindirmirdi. Əksinə, daha mübariz olurdular. Cəsur oğullar doğma torpağımızın hər qarışını canlarından üstün tuturdular. Hər bir qubadlılının dilində Əliyar Əliyevin, Aqil Məmmədovun, ümumiyyətlə, 8 nəfər Azərbaycanın Milli Qəhrəmanının, bütün şəhidlərin adları əzbərdir. Onlar həmişə ehtiramla xatırlanır, hörmətlə yad olunurlar.
Qubadlı rayonu 1930-ci ildə təşkil edilmişdir.
Rayonun ərazisi 802 kvadratklometr idi ki, bunun
böyük hissəsini
meşə və yaşıl zolaq təşkil edirdi.
Hazırda 32,9 min
Qubadlı sakini respublikanın 42 rayon və şəhərində
müvəqqəti məskunlaşıb. Əhalinin əksər
hissəsi Sumqayıt şəhərindədir. Rayonun icra
strukturları, idarə və təşkilatları burada fəaliyyət
göstərir. Bu qədər əraziyə səpələnmiş
8538 ailənin sosial, kommunal , səhiyyə, təhsil və digər
məsələri ilə məşğul olmaq, onların
üzləşdikləri problemləri həll etmək
üçün icra strukturları xüsusi iş rejimi ilə
işləyirlər. Onu da qeyd edək ki, ölkədə
aparılan iqtisadi islahatların uğurlu nəticəsi məcburi
köçkünlərin də həyatına müsbət təsir
etmişdir. Ölkə başçısının
imzaladığı bir sıra fərman və sərəncamlarda
məcburi köçkünlərin hüquqlarının
müdafiəsi, onların həyat şəraitinin
yaxşılaşdırılması, sosial məsələlərin
yüngülləşdirilməsi öz əksini
tapmışdır. İndi sənaye sahələrində,
tikintidə, neft sektorunda çalışan xeyli
köçkün soydaşımız var. Sahibkarlıq fəaliyyəti
ilə məşğul olanların sayı da ilbəil
artır. Bunlar köçkün həyatına müsbət
mənada təsir edir. Ümumi inkişaf, həyat səviyyəsinin
yüksəlişi yurd-yuvalarından didərgin
düşmüş adamların həyatında da hiss edilməkdədir.
Rayon icra strukturları
mütəmadi olaraq müxtəlif yerlərdə məskunlaşan
qubadlılarla görüşür, icra aparatında məlumatlar
hazırlanır və həmin problemlərin həlli
yolları araşdırılır. Onu da qeyd edək ki, məcburi
köçkünlərin problemləri ilə bağlı
Qaçqınların və məcburi köçkünlərin
işləri üzrə Dövlət Komitəsinə edilən
hər bir müraciət öz müsbət həllini
tapmışdır. Dövlət tərəfindən əmək
haqqlarının, təqaüdlərin müntəzəm
artırılması, yeni iş yerlərinin
açılması, ünvanlı sosial yardım
proqramının həyata keçirilməsi
köçkün ailələrinin maddi vəziyyətinin
yaxşılaşmasına müsbət təsir edir. Yaxın
illərdə 1802 qubadlılı yeni iş yeri ilə təmin
edilmişdir. Məktəblərin maddi-texniki bazasının
yaxşılaşdırılması istiqamətində də
iş davam etdirilməkdədir. Son illərdə Mərdanlı,
Xanlıq 2 saylı, Fərcan, Hal, Xocahan kənd orta məktəblərinin
yerləşdiyi binalar hələ ilin əvvəlində təmir
edilərək məktəblilərin istifadəsinə
verilmişdir. 220 yerlik Qubadlı şəhər 1 saylı, 96
yerlik Saray Xanlıq 1saylı, Mahmudlu kənd orta məktəbləri
və uşaq musiqi məktəbi ötən dərs ilində
təhvil verilmişdir. Qubadlı camaatına xidmət edən
səhiyyə, mədəniyyət və turizm şöbələrinində
maddi bazası gücləndirilmişdir. Belə ki, Sumqayıt
şəhərində rayon mərkəzi xəstəxanası
- poliklinikasının və bu il istifadəyə verilən mədəniyyət
evi kompleksi sakinlərin ixtiyarına verilib. Dövlətin
qayğısı nəticəsində rayonun təhsil
bazası kökündən yeniləşdirilmiş, inşa
edilən 15 yeni, 19 əsaslı təmir olunmuş məktəblərdə
bu dərs ilində 6695 nəfər təhsil alacaqdır.
Qubadlı Rayon İcra
Hakimiyyəti ilə respublikanın müxtəlif bölgələrinlə
məskunlaşan həmyerlilərimizlə mütamadi əlaqə
saxlanılır. Ortaya çıxan problemlərin vaxtında
həll edilməsi üçün rayonlardakı nümayəndəliklərlə
vaxtaşırı görüşlər keçirilir.
Bu gün
camaatımız didərginlik dövrü yaşasalar da,
ölkənin iqtisadi-sosial həyatında fəal iştirak
edirlər.2009-cu ilin əvvəlində rayonun problemləri
kompleks şəkildə təhlil olunmuş, görüləcək,
həyata keçiriləcək tədbirlər müəyyən
edilmişdir.
Gənclərə
qayğı daim diqqət mərkəzindədir. İcra
hakimiyyətində onlarda vətənpərvərlik ruhunun
yüksəldilməsi sahəsində aparılan işlərlə
bağlı xüsusi proqram hazırlanıb. Rayon
ağsaqqalları ilə, Milli qəhrəmanların ailə
üzvləri ilə keçirilən görüşlər
öz bəhrəsini verir. Gənclərimiz hərbi xidmətə
könüllü gedirlər. Bir sözlə, məcburi
köçkün həyatı yaşayan qubadlılılar
ölkədəki sürətli quruculuq və inkişaf
prosesindən kənarda qalmırlar. Rayonumuzun hər bir sakini
yaxşı bilir ki, ölkə iqtisadiyyatının dinamik
inkişafı, həm də güclü ordu yaradılması
deməkdir. Ərazi bütövlüyünün bərpası,
torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində
Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu
siyasəti qubadlılılar da ürəkdən bəyənirlər.
Ali Baş Komandan demişdir:
"Azərbaycanın ərazi
bütövlüyü danışıqlar predmeti
olmamışdır, deyil və heç vaxt olmayacaqdır. Azərbaycanın
işğal olunmuş torpaqları işğalçı
qüvvələrdən azad olunmalıdır. Azərbaycan
qaçqınları öz yurd yerlərinə
qayıtmalıdırlar".
O günü səbirsizliklə
gözləyirik. Daim dövlət qayğısı ilə əhatə
olunan hər bir qubadlı intizarda qaldıqları doğma
torpaqlarına qovuşacaqları günün tezliklə gələcəyinə
əmindirlər...
Akif ƏLİYEV
Azərbaycan.- 2009.- 30
avqust.- S. 7.