Azərbaycan-Türkmənistan münasibətlərinin dinamik və hərtərəfli inkişafı üçün çox böyük potensial vardır

 

 

Türkmənistan Prezidenti Qurbanqulu BERDİMƏHƏMMƏDOV Azərbaycan dövlətinin başçısını salamlayaraq dedi:

- Hörmətli İlham Heydər oğlu, əziz dostlar!

Biz Sizi qədim türkmən torpağında görməyə çox şadıq və Sizi ən əziz və fəxri qonaqlar kimi qarşılayırıq.

Azərbaycan bizim yaxın qonşumuzdur, xalqlarımızı mədəniyyətlərinin, dilinin və əsrlərin dərinliyindən gələn milli ənənələrin tarixi ümumiliyi bir-birinə bağlayır. Ölkələrimiz dövlət müstəqilliyi əldə edəndən və 1992-ci ilin iyununda Türkmənistanla Azərbaycan Respublikası arasında diplomatik münasibətlər yaranan vaxtdan biz beynəlxalq aləmdə, o cümlədən iri beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın fəal iştirakçılarıyıq. Bu baxımdan Türkmənistan və Azərbaycan dünya birliyinin kollektiv səylərinə layiqli töhfə verir, ilk növbədə, Birləşmiş Millətlər Təşkilatı çərçivəsində tərəfdaşlığı möhkəmləndirir. Bununla əlaqədar, icazə verin, Türkmənistanın iri xarici siyasət təşəbbüslərini daim dəstəklədiyinə görə Azərbaycana təşəkkürümü bildirim.

Buna bir əyani misal: Azərbaycan bizim ölkənin daimi bitərəfliyinin beynəlxalq hüquqi statusunu birincilər sırasında dəstəkləmiş və 1995-ci ilin dekabr ayında BMT Baş Məclisinin qəbul etdiyi müvafiq qətnamənin müəlliflərindən biri kimi çıxış etmişdir. Sizin ölkəniz Türkmənistanın təşəbbüsü ilə irəli sürülmüş və BMT Baş Məclisi 63-cü sessiyasının gündəliyinə daxil edilmiş "Enerji daşıyıcılarının etibarlı və sabit tranziti və onun iqtisadi inkişafın və beynəlxalq əməkdaşlığın təmin edilməsində rolu" adlı qətnamə layihəsini dəstəkləmiş və onun müəlliflərindən biri kimi çıxış etmişdir. Zənnimcə, bu son sənədin vacibliyi haqqında nə isə deməyə ehtiyac yoxdur.

Böyük məmnuniyyətlə vurğulamaq istəyirəm ki, son vaxtlar Türkmənistanla Azərbaycan Respublikası arasında qardaşlıq münasibətləri real cizgilər alır. Real məzmun kəsb edən dövlətlərarası dialoqun fəallaşması bizim yeni siyasətimizə, ölkələrimiz və xalqlarımız arasında dostluq və qardaşlıq siyasətinə müvafiqdir. Bunu yüksək səviyyədə müntəzəm keçirilən görüşlərin nəticələri, rəsmi nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, sammitlər və beynəlxalq forumlar çərçivəsində əlaqələr də təsdiq edir.

Bundan əlavə qeyd etmək lazımdır ki, bizim ikitərəfli münasibətlərin müqavilə-hüquqi bazasının möhkəmlənməsi prosesi gedir. Bugünkü danışıqların yekunlarına əsasən imzalanacaq yeni sənədlər paketi əməkdaşlığımızın beynəlxalq hüquqi əsasının daha da möhkəmlənməsinə kömək edən sanballı əlavə olacaqdır. Ona görə də Türkmənistanda Sizin bu səfərinizi ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi və qarşılıqlı surətdə faydalı tərəfdaşlıq üçün geniş imkanlar yaradılması baxımından qiymətləndiririk.

Hörmətli İlham Heydər oğlu ilə indicə etdiyimiz dostcasına söhbətdə biz konstruktiv qarşılıqlı fəaliyyətin, siyasi dialoqun bundan sonra da davam etdirilməsində maraqlı olduğumuzu vurğuladıq. Biz dövlətlərimizin və xalqlarımızın mənafeyi naminə, habelə bütövlükdə beynəlxalq birliyin mənafeyi naminə ikitərəfli münasibətlərin ən səmərəli yollarını tapmağı qarşımıza məqsəd qoymuşuq. Müasir dövrün əsas problemləri haqqında, ilk növbədə sülh, təhlükəsizlik və davamlı inkişaf məsələləri, bəşəriyyətə qarşı təhdid və hədələrə qarşı mübarizə məsələləri barədə baxışlarımızın oxşar olması və ya üst-üstə düşməsi mühüm amildir.

Hörmətli dostlar, bizim seçdiyimiz yolun - Türkmənistanla Azərbaycan arasında ticarət-iqtisadi münasibətlərin inkişaf etdirilməsi yolunun düzgün olmasını məmnuniyyətlə vurğulamaq istəyirəm. İkitərəfli əmtəə dövriyyəsinin artım dinamikasının göstəricisi bu prosesin ən mühüm indikatorudur. Bu ilin 10 ayı ərzində qarşılıqlı əmtəə dövriyyəsinin həcmi 490,8 milyon ABŞ dollarına bərabər olmuşdur. Bu, keçən ilin müvafiq göstəricisi ilə müqayisədə təqribən 8 dəfə çoxdur və bu gün Azərbaycan bizim dövlətin ticarət-iqtisadi münasibətlər saxladığı dünya ölkələri arasında 6-cı yeri tutur.

Türkmənistan Prezidenti iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin potensialından da söhbət açdı. O, həm də Xəzərin sülh və əmin-amanlıq dənizinə çevrilməsinin, regionda yeni enerji və nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsinin hər iki xalqın rifahının yüksəldilməsinə yönəldiyini bildirdi, Azərbaycan Prezidentinin bu sahədə təşəbbüslərini yüksək qiymətləndirdi.

Prezident Qurbanqulu Berdiməhəmmədov Azərbaycanla Türkmənistan arasında mədəniyyət, elm və humanitar sahədə əməkdaşlığın da genişlənəcəyinə əminliyini bildirdi. O dedi:

- Bu da faydalı cəhətdir ki, biz mənəvi-humanitar, elm, təhsil sahələrində münasibətlərin reallaşdırılmasının konkret yolları barədə müntəzəm fikir mübadiləsi edir, müzakirələr aparırıq. Bu münasibətlər, o cümlədən müvafiq konfranslar, simpoziumlar, festivallar, digər mədəni və elmi tədbirlər çərçivəsində reallaşır.

Mən fürsətdən istifadə edərək, Türkmənistanda keçirilən beynəlxalq forumların işində fəal iştiraklarına görə Azərbaycanın yaradıcı ziyalılarının, elm və mədəniyyət xadimlərinin nümayəndələrinə təşəkkür etmək istərdim. Müasir mərhələdə Türkmənistan və Azərbaycanın qarşılıqlı mədəni-humanitar əlaqələrin gözəl ənənələrini inkişaf etdirmək və möhkəmlətmək üçün çox yaxşı imkanı vardır. Bu baxımdan biz elm, təhsil, mədəniyyət və incəsənət, turizm və idman sahəsində də səmərəli əlaqələrin dərinləşdirilməsi və genişləndirilməsi üçün fəal iş aparmalıyıq. Bu fikrin davamı kimi, gələn il Aşqabadda Türkmənistan və Azərbaycanın elm və incəsənət xadimlərinin forumunu keçirmək ideyasını təklif etmək istərdim. Bu, bizim alim və tədqiqatçıların, yaradıcı ziyalıların nümayəndələrinin təcrübə və nailiyyətlərini mübadilə etmələri üçün yaxşı imkan olacaq, elmi və yaradıcı əlaqələrin daha da zənginləşməsinə gətirib çıxaracaqdır.

Azərbaycan Prezidenti İlham ƏLİYEV Türkmənistan dövlətinin başçısına müraciətlə dedi:

- Çox sağ olun, hörmətli Qurbanqulu Məlikquliyeviç!

Hörmətli dostlar!

Bu gün qardaş Türkmənistan torpağında mənə və bizim nümayəndə heyətinin üzvlərinə göstərilən qonaqpərvərliyə və səmimi qəbula görə Sizə ürəkdən təşəkkür etmək istərdim. Mən, həmçinin bizim ölkəmizə ünvanlanmış xoş sözlərinizə görə Sizə təşəkkür etmək və demək istəyirəm ki, ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsi barədə Sizin fikirlərinizə tamamilə şərikəm.

Siz öz çıxışınızda bu münasibətlərin dinamikasını, onların geniş spektrini və möhkəm təmələ əsaslanmasını qeyd etdiniz. Bu təməl xalqlarımızın möhkəm tarixi və mədəni kökləridir. İndi, Türkmənistanın və Azərbaycanın müstəqil inkişafı şəraitində ölkələrimiz və xalqlarımız yüksək dərəcədə mütəşəkkillik, intellektual potensial nümayiş etdirmişlər. Tarixən qısa zaman kəsiyində ölkələrimizdə müstəqillik bərqərar olmuş, dönməz xarakter almışdır. Biz iqtisadi və sosial inkişaf baxımından çox böyük uğurlar qazanmışıq. Ölkələrimizdə həyat səviyyəsi ilbəil yaxşılaşır. Bizi bu da birləşdirir. Regionda vəziyyətə geniş baxış, əsas qüvvələri daxili problemlər, vətəndaşlarımızın yaşayışı və iqtisadiyyatın inkişafı üçün yaxşı şərait yaradılması üzərində cəmləşdirilməsi, ölkələrimizin zəngin təbii sərvətlərindən istifadə edilməsi və bütün bu məqsədlərə uğurla nail olmaq - bu, həm Türkmənistan, həm də Azərbaycan üçün səciyyəvidir.

Ölkələrimizdə çox sabit ictimai-siyasi şərait mövcuddur, iqtidarla xalq arasında birlik vardır ki, bu da hər bir ölkənin inkişafı üçün vacibdir. Bizim dövlətlərin inkişaf yolları barədə ictimai konsensus mövcuddur. Beləliklə, bizi birləşdirən təkcə müştərək tariximiz və ümumi köklərimiz deyil, həm də problemlərə yanaşmalarımızın bir çox cəhətdən ümumiliyi və müstəqillik illəri ərzində qazandığımız uğurlardır. Bu gün birmənalı şəkildə deyə bilərik ki, Türkmənistan və Azərbaycan özlərinin bütün planlarının həyata keçirilməsində, müstəqil dövlətlər kimi təşəkkül tapmaqda çox böyük uğurlar qazanmışdır. Beynəlxalq qurumlarda qarşılıqlı dəstək, müxtəlif beynəlxalq təşəbbüslərdə fəal iştirak etməyimiz də bizi bir-birimizə yaxınlaşdırır. Siz öz çıxışınızda iqtisadi əlaqələrin artım dinamikasını qeyd etdiniz. Siyasi münasibətlərin möhkəm təməli olmasa, bu dinamika mümkün olmazdı.

İndi biz iki qardaş dövlət arasında münasibətlərin inkişafının yeni mərhələsini yaşayırıq. Bu mərhələ hərtərəfli əməkdaşlıq üçün geniş perspektivlər açır. Əmtəə dövriyyəsinin qısa müddətdə bir neçə dəfə artması həm ölkələrimizin potensialının, həm də əməkdaşlığı fəal inkişaf etdirmək arzusunun göstəricisidir. Mən əminəm ki, qarşıdakı illərdə əmtəə dövriyyəsinin həcmi daim artacaqdır. Əmtəə dövriyyəsinin strukturu da zənginləşəcəkdir. Hazırda ölkələrimizin iqtisadi potensialı və bizim istehsal etdiyimiz mallar ən yüksək dünya standartlarına müvafiqdir, bunlar rəqabətədavamlı mallardır. Əminəm ki, ölkələrimizin iqtisadiyyatları inkişaf etdikcə, əmtəə dövriyyəsinin nomenklaturu genişlənəcəkdir.

Biz həm də qonşuyuq - Xəzər dənizi regionunda qonşuyuq. Əlbəttə, bizim regionda təhlükəsizlik və əməkdaşlıq elə məsələlərdir ki, daim onlara diqqət yetirir, səylərimizi bu məsələlər üzərində cəmləşdiririk. Bizim ölkələr Xəzər dənizi regionunda beynəlxalq təhlükəsizlik sisteminin möhkəmlənməsində, Xəzərin hüquqi statusunun qəti şəkildə müəyyən edilməsi məsələsində çox mühüm rol oynayır.

Bu baxımdan mən əminəm ki, həm indiyə qədər keçirilmiş sammitlər, həm də gələcək zirvə görüşü çox böyük əhəmiyyət kəsb edəcəkdir və biz ümid edirik ki, bu məsələ ən yaxın vaxtlarda qarşılıqlı fayda və qarşılıqlı maraqlar əsasında tənzimlənəcəkdir.

Təcrübə göstərmişdir ki, biz vaxtı çatmış məsələləri çox səmərəli həll edirik. Bu, son vaxtlar müşahidə etdiyimiz kimi, iqtisadi məsələlərin həllinə operativ və sözün həqiqi mənasında, qardaşcasına yanaşmağımızda özünü göstərdi. Bu, əlaqələrimizin inkişaf etdirilməsi üçün qarşılıqlı iradənin, münasibətləri möhkəmlətmək və onların potensialını artırmaq üçün böyük istəyin olmasını göstərir. Əminəm ki, gələcəkdə bizim ölkələrimizi birləşdirəcək çoxsaylı yeni ideyalar və layihələr yaranacaqdır.

Bizim ölkələrimizin uğurlu inkişafı üçün hər cür şərait var: möhkəm siyasi sistem, sabitlik, təbii ehtiyatlar, bu təbii ehtiyatlardan ölkələrimizin rifahı naminə bacarıqla istifadə olunması, əlverişli coğrafi mövqe, ölkələrimizin və xalqlarımızın potensialı. Bütün bunlar Türkmənistanla Azərbaycan arasında münasibətlərin əsasını təşkil edən müsbət amillərdir. Hazırda bu münasibətlər çox yüksək səviyyədədir. Əminəm ki, onlar gələcəkdə müsbət istiqamətdə inkişaf edəcəkdir. Hörmətli cənab Prezident, bu baxımdan Sizin bu ilin may ayında Azərbaycana səfəriniz, orada aparılmış danışıqlar və imzalanmış sənədlər böyük rol oynamışdır. Sizin səfəriniz müddətində Azərbaycanda yaranmış ab-hava özü iqtisadi və siyasi əməkdaşlığın genişləndirilməsi üçün böyük istək və real imkanlar olduğunu göstərir. Siz öz çıxışınızda mədəni, humanitar sahədə əməkdaşlığın vacibliyini qeyd etdiniz və xalqlarımızın daha sıx birləşməsi, bir-birini daha yaxşı tanıması üçün ölkələrimizdə bir sıra mədəni tədbirlər keçirilməsi barədə təklifinizi mən də tamamilə dəstəkləyirəm.

Başqa sözlə desək, bu gün ölkələrimiz arasındakı münasibətlər milli maraqlarımıza uyğundur, tarixi ədalətə uyğundur, əcdadlarımızın vəsiyyətlərinə uyğundur. Hörmətli Qurbanqulu Məlikquliyeviç, Sizə, eləcə də bütün qardaş Türkmənistan xalqına qonaqpərvərliyə və səmimi qəbula görə bir daha təşəkkür etmək istəyirəm. Qardaş Türkmənistan torpağında olmaq mənə çox xoşdur və əminəm ki, bu səfər də münasibətlərimizin gələcək inkişafında çox mühüm mərhələ olacaqdır. Sağ olun.

 

Azərbaycan.- 2008. -2 dekabr.-S.1-2.