Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstan Milli Assambleyasının sədri Məhəmməd Yunis Qanuninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də Əfqanıstan Milli Assambleyasının sədri Məhəmməd Yunis Qanuninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Dövlətimizin başçısı Azərbaycanla Əfqanıstan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğuladı, əməkdaşlığın siyasi, iqtisadi digər sahələrdə daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirdi. Qarşılıqlı əməkdaşlığın möhkəmlənməsində parlamentlərarası əlaqələrin önəminə toxunan Prezident İlham Əliyev ümidvar olduğunu bildirdi ki, nümayəndə heyətinin ölkəmizə bu səfəri Azərbaycan-Əfqanıstan münasibətlərinin inkişafı üçün mühüm addım olacaqdır.

Məhəmməd Yunis Qanuni iki ölkə arasındakı dostluq əlaqələrindən məmnunluğunu söylədi. O, Azərbaycan xalqının tərəqqisində ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərini vurğuladı, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sürətlə inkişaf etdiyini bildirdi. Qonaq dedi ki, Azərbaycanla münasibətlər Əfqanıstanın xarici siyasətinin əsas prioritetlərindən birini təşkil edir. Məhəmməd Yunis Qanuni iki ölkə arasında əlaqələrin, o cümlədən parlamentlərarası əməkdaşlığın genişləndirilməsi üçün qarşılıqlı səfərlərin böyük əhəmiyyəti olduğunu bildirdi.

 

AzərTAc

 

Azərbaycan.- 2008.- 2 dekabr.-S.1.