Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

 

- Sağ olun, çox hörmətli Qurbanqulu Məlikquliyeviç!

Hörmətli xanımlar və cənablar!

İlk növbədə, məni ölkənizə rəsmi səfərə dəvət etdiyinə görə, burada bizim nümayəndə heyətinin bütün üzvlərinə göstərilən qonaqpərvərliyə və səmimi qəbula görə qardaş Türkmənistanın Prezidentinə bir daha ürəkdən təşəkkür etmək istərdim. Biz bu səfərə və bütövlükdə bizim iki ölkə arasında münasibətlərə çox böyük əhəmiyyət veririk. Bu münasibətlərin necə inkişaf etməsi bizi çox sevindirir, şadıq ki, bu münasibətlərdə çox böyük dinamizm vardır. Qəbul edilən qərarlar kifayət qədər qısa müddətdə həyata keçirilir. Hökumətlərarası komissiyanın fəal işi onu göstərir ki, siyasi rəhbərliyin qəbul etdiyi qərarlar, müvafiq qurumlara verilən tapşırıqlar qarşılıqlı anlaşma və qardaşlıq ruhunda operativ şəkildə yerinə yetirilir. Bu, çox vacibdir, çünki bizim ortaq tariximiz, ortaq mədəniyyətimiz, ortaq köklərimiz, dillərimizin oxşarlığı xalqlarımızı bir-birinə bağlayır. Münasibətlərimizi bu baza üzərində qururuq. Bu gün bu münasibətlər təkcə bizim ölkələr üçün deyil, bütün Mərkəzi Asiya, Xəzər, Qafqaz regionu üçün və bəlkə də, daha artıq coğrafi məkan üçün çox böyük əhəmiyyət kəsb edir. Əlbəttə, ölkələrimiz arasındakı qarşılıqlı siyasi əlaqələr, bizim çox yüksək qiymətləndirdiyimiz siyasi münasibətlərin səviyyəsi elə bir təməldir ki, bütün başqa münasibətlər onun üzərində qurulur. Sıx tarixi əlaqələr, ortaq tariximiz, möhkəm siyasi münasibətlər və bu zəmində iqtisadi, sosial, nəqliyyat, energetika, humanitar məsələlər - bütün bunlar, bir daha demək istəyirəm, qardaşlıq ruhunda, qarşılıqlı anlaşma, qarşılıqlı maraqlar ruhunda həll edilir.

Çox hörmətli Qurbanqulu Məlikquliyeviçlə bizim bu gün təkbətək və geniş tərkibdə apardığımız danışıqlar bu münasibətlərin potensialının nə qədər böyük olmasını bir daha nümayiş etdirdi. Bu gün biz qarşılıqlı siyasi fəaliyyət, beynəlxalq təşkilatlarda fəal qarşılıqlı əlaqələr, əmtəə dövriyyəsinin artması, - siyasi rəhbərliyin siyasi əzmi olmasaydı bu, mümkün olmazdı, - məsələlərini müzakirə etdik.

Bu gün enerji təhlükəsizliyi məsələləri bütün dünyanı narahat edir və bununla əlaqədar, məmnuniyyətlə qeyd etmək olar ki, həm Türkmənistan, həm də Azərbaycan özünün enerji təhlükəsizliyini tamamilə təmin etmişdir. Təkcə bu deyil, onlar başqa ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində də mühüm rol oynayırlar. Şübhəsiz ki, bu rol gələcəkdə daha da artacaqdır, çünki müasir dünyada enerji təhlükəsizliyi məsələləri xüsusi əhəmiyyət kəsb edir. İki müstəqil dövlət kimi biz öz enerji potensialımızı tamamilə gerçəkləşdirmişik. Bizim həyata keçirdiyimiz investisiyalar və layihələr xalqlarımızın xoşbəxt gələcəyini təmin edir və bir neçə onilliklər ərzində də təmin edəcəkdir.

Çox hörmətli Türkmənistan Prezidentinin qeyd etdiyi kimi, bu gün biz nəqliyyat sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdik və imzalanmış sənədlər real konkret işlər, real layihələr deməkdir. İndi Xəzər dənizi regionunda nəqliyyat sahəsində əməkdaşlığı genişləndirmək üçün çox böyük potensial vardır. Hazırda Azərbaycanı dəmir yolu vasitəsilə Türkiyə və Avropa ilə, eləcə də Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu tikilir.

Ümid edirəm ki, bu yeni İpək yolu iki ildən sonra bizim hamımızın sərəncamında olacaq və hamımız ondan istifadə edəcəyik. Burada iqtisadi səmərə də var və təbii ki, regional əməkdaşlıq da. Bu əməkdaşlıqdan hər kəs yalnız qazanacaqdır.

Başqa sözlə desək, biz bütün bu məsələləri, eləcə də Xəzərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və Xəzərin sülh və əməkdaşlıq dənizinə çevrilməsi, - bunun üçün yaxşı zəmin var, - məsələlərini müzakirə etdik. Gələcəkdə biz bu istiqamətdə qardaşlıq və qarşılıqlı anlaşma ruhunda, qarşılıqlı maraqlar nəzərə alınmaqla fəal işləyəcəyik. Bütün bunlar bu günün reallıqlarıdır. Mən əminəm ki, bu gün nəzərdə tutduqlarımızı gələcəkdə uğurla həyata keçirəcəyik.

Son olaraq, artıq qeyd etdiyim kimi, bir daha demək istərdim ki, bu ilin may ayında Türkmənistan Prezidentinin Azərbaycana səfəri və o vaxt əldə edilmiş razılaşmalar ölkələrmiz arasında münasibətlərdə mühüm mərhələ olmuşdur. Bu, sadəcə, bəlağətli sözlər deyil, reallıqdır. Mən çox hörmətli Qurbanqulu Məlikquliyeviçin həmin səfərinə görə ona çox minnətdaram. Azərbaycanda biz hamımız həmin səfəri xatırlayırıq. Mən həm də Türkmənistana rəsmi səfərə dəvət edildiyimə görə təşəkkür edirəm. Bütün bunlar çox qısa tarixi zaman kəsiyində baş verir və bu, bizim planlarımızın, bir-birimizə olan münasibətin ən yaxşı təsdiqidir. Qardaş Türkmənistanın bütün xalqına firavanlıq, sülh və yeni-yeni uğurlar diləmək istəyirəm.

Diqqətinizə görə təşəkkür edirəm.

 

Azərbaycan.- 2008. -2 dekabr.-S.2.