Azərbaycan Prezidenti İlham Əliyevə Məxdumqulu
adına Türkmənistan Dövlət Universitetinin Fəxri
professoru adı verilmişdir
Azərbaycan Prezidenti İlham Əliyevin nitqi
- Əziz dostlar!
Mən, ilk növbədə,
əməyimi yüksək qiymətləndirdiyinə, mənə
bu universitetin Fəxri professoru kimi yüksək ad verilməsinə
görə Məxdumqulu adına Türkmənistan Dövlət
Universitetinə dərin minnətdarlığımı bildirmək
istərdim.
Sizi əmin etmək istəyirəm
ki, mən bundan sonra da öz fəaliyyətimdə iki
qardaş xalq - türkmən və Azərbaycan xalqları
arasında əlaqələrin möhkəmlənməsinə,
ölkələrimizin münasibətlərinin bugünkü
kimi dinamik inkişaf etməsinə çalışacağam.
Qonaqpərvər Türkmənistan
torpağında olmağıma çox şadam. Bu gün mənim
rəsmi səfərim başlanmışdır. Bu səfərin
ilk dəqiqəsindən etibarən mən səmimi, mehriban
qonaqpərvərliyi hiss edirəm. Bu gün biz çox
hörmətli Türkmənistan Prezidenti Qurbanqulu Məlikquliyeviç
Berdiməhəmmədovla ölkələrimiz arasında ikitərəfli
münasibətlərin geniş spektrini müzakirə etdik.
Biz həmçinin regional məsələləri, öz həllini
tələb edən məsələləri müzakirə
etdik və əlaqələrimizin inkişafından ümumi
razılığımızı bildirdik.
Bizim münasibətlərimizin
inkişafı üçün çox möhkəm təməl
mövcuddur. Bu təməl bizim ortaq tariximiz, bizim mədəniyyətimizdir.
Türkmən və Azərbaycan xalqları əsrlər boyu
qardaşlıq, dostluq, mehriban qonşuluq şəraitində
yaşamışlar. Biz iki müstəqil dövlət
arasında münasibətləri bu möhkəm tarixi təməl
üzərində qururuq.
Ölkələrimizin
müstəqil dövlətlər kimi təşəkkülü
dövrü çox uğurlu olmuşdur. Bu gün
sözün tam mənasında deyə bilərik ki, həm
Türkmənistan, həm də Azərbaycan özlərinin
müstəqil dövlətlər kimi təşəkkülü
yolunda əsas məsələləri həll etmişdir. Bu
gün ölkələrimizdə ictimai-siyasi sabitlik, xalqla
iqtidar arasında birlik, çox möhkəm iqtisadi zəmin
mövcuddur. Biz özümüzü təmin edən ölkələrik
və bizi birləşdirən daha bir amil müstəqil siyasət,
müstəqil xətt yeritməyə qadir
olmağımız, bunun üçün iradəmizin
olmasıdır. Bizim münasibətlərimizin möhkəmlənməsində
çox böyük rol oynayan əsas prinsiplər
bunlardır.
Bu gün biz həm siyasi, həm
iqtisadi əlaqələri, humanitar sahədə, nəqliyyat və
energetika sahələrində əlaqələri, bizi birləşdirən
çoxsaylı başqa mövzuları müzakirə etdik. Əməkdaşlığımızla
bağlı çox məsələlərin həllinə
yanaşmalarımız tamamilə eynidir. Əmtəə
dövriyyəsi artır, son dövrdə o, bir neçə dəfə
artmışdır. Çox qısa müddətdə iqtisadi
xarakterli bir sıra məsələlər həll
olunmuşdur. Biz beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq
edirik. Energetika sahəsində əməkdaşlıq
üçün də yaxşı potensial mövcuddur.
Ölkələrimiz özlərinin enerji təhlükəsizliyini
tam təmin etmişdir və başqa dövlətlərin
enerji təhlükəsizliyinin təmin olunmasında
iştirak edir.
Bu amillər ölkələrimiz
arasında münasibətlərdə mühüm rol oynamaqla
bərabər, həm də bizim regionda - Mərkəzi Asiya,
Qafqaz, Xəzər hövzəsi regionunda proseslərə
müsbət təsir göstərir. Buna görə də mən
dərin məmnunluq hissi ilə qeyd edirəm ki, son bir
neçə ayda Türkmənistan və Azərbaycan rəhbərliyi
arasında siyasi təmaslar tamamilə yeni səviyyəyə
çıxmışdır. Bu gün mən artıq bu barədə
demişəm və bir daha demək istəyirəm ki, bu ilin
mayında Türkmənistan Prezidentinin ölkəmizə rəsmi
səfəri, aparılmış danışıqlar,
imzalanmış sənədlər bu əlaqələrə
güclü təkan vermişdir. Ən başlıcası isə
odur ki, imzalanmış sənədlər artıq
reallaşdırılır və bu gün biz nəzərdə
tutduğumuz, qərara aldığımız məsələlərin
praktik şəkildə gerçəkləşməsini
görürük.
Bunlar bir daha göstərir
ki, münasibətlərimizin möhkəmlənməsi
üçün çox güclü siyasi iradə vardır.
Bir daha vurğulamaq istəyirəm ki, bunun üçün
çox möhkəm, güclü tarixi təməl
mövcuddur. İndi ölkələrimizin sosial-iqtisadi
inkişafı ilə bağlı bir sıra məsələlərin
uğurla həll edildiyi bir vaxtda biz gələcəyə
baxırıq ki, ölkələrimizi daha da
yaxınlaşdırmaq, iqtisadi inteqrasiyanı, siyasi dialoqu daha
da möhkəmlətmək üçün, ölkələrimizin
vətəndaşlarının bir-birini daha yaxşı
tanımaları üçün daha nə etmək
lazımdır.
Bu məqsədlə gələcəkdə
insanlarımızın bir-birini daha yaxşı
tanıması, dostlaşması üçün bu gün
müxtəlif mədəni tədbirlər, mədəni
mübadilələr, ölkələrimizin mədəniyyət
xadiml alınmışdır.
Mən
xalqlarımızın dillərində oxşar cəhətlərin
lap çox olmasını qeyd etmək istəyirəm. Əlbəttə,
mən bunu bilirdim, təbii ki, bu barədə eşitmişdim
və bu gün buna şəxsən əmin oldum. Aşqabadda
obyektlərin, binaların üzərindəki yazıları
oxuyanda tərcüməçi lazım deyil. Bu gün, biz bu
salona daxil olandan əvvəl universitetin gənc tələbələri
mənə kompüter proqramlarını göstərdilər.
Orada türkmən dilində yazılmış mətni
başa düşmək üçün də mənə tərcüməçi
lazım deyildi, hər şeyi başa düşürdüm.
Bu, çox böyük sərvət, çox böyük dəyərdir.
Bu, bizim xalqlarımızın bir-birinə nə qədər
yaxın olmasını, ünsiyyət
saxlamağımızın nə qədər asan
olmasını göstərir. Ona görə də biz bu
münasibətləri öz əməllərimizlə, konkret
addımlarımızla, təşəbbüslərimizlə
möhkəmlətmək üçün hər şeyi etməliyik.
Bir daha demək istəyirəm, bu münasibətlər bizim
xalqlarımız üçün, tariximiz üçün
vacibdir, bu, həm də əsrlər boyu dost və qardaş
kimi birgə yaşamış əcdadlarımızın
ruhuna ehtiram əlaməti olacaqdır. Bu, həm də regional əməkdaşlıq
üçün yaxşı amil olacaqdır.
Regionda müsbət proseslər
də gedir, müəyyən narahatlıq ocaqları da var.
Qafqaz regionunda hələ tam sabitlik bərqərar
olmamışdır. Regionumuzda etimad tədbirlərini möhkəmlətmək
üçün hələ çox iş görülməlidir.
Bizim yerləşdiyimiz region son vaxtlar get-gedə dünya
üçün daha böyük maraq doğurur. Mərkəzi
Asiya, Qafqaz, Xəzər hövzəsi zonası bu gün həm
geosiyasi, həm iqtisadi, həm də enerji baxımından,
enerji ehtiyatlarının nəqlinin şaxələndirilməsinin,
enerji müstəqilliyinin və enerji təhlükəsizliyinin
təmin edilməsi baxımından böyük maraq
doğurur.
İndiki halda Türkmənistanın
və Azərbaycanın zəngin təbii ehtiyatları,
ölkələrimizin öz enerji potensialını müstəqil
şəkildə reallaşdıra bilməsi, əlbəttə,
ölkələrimiz qarşısında yeni perspektivlər
açır, habelə əməkdaşlıq, iqtisadi əlaqələrin
möhkəmlənməsi üçün, həm regionda, həm
də dünyada mövqelərimizin möhkəmlənməsi
üçün yeni imkanlar yaradır. Əminəm ki, gələcəkdə
bizim regionda, həm də təkcə burada yox, onun
hüdudlarından kənarda da inteqrasiya, energetika, nəqliyyat
layihələri, başqa layihələr və proseslər
xeyli dərəcədə Türkmənistan ilə Azərbaycan
arasında münasibətlərin səviyyəsindən
asılı olacaqdır. Bizim münasibətlərimizdə
olan müsbət ovqat, birgə işləmək, birgə təşəbbüsləri
həyata keçirmək, əməkdaşlıq etmək
arzumuz və ən başlıcası, bu əməkdaşlığın
konkret nəticələri nikbinlik doğurur. Mən əminəm
ki, Türkmənistanla Azərbaycan arasındakı
qardaşlıq, dostluq münasibətləri gələcəkdə
daha da möhkəmlənəcək, xalqlarımız bir-birinə
daha yaxın olacaq, bu isə həm ölkələrimizin
inkişafına, həm də regional əməkdaşlığa
kömək edəcəkdir.
Mən bu gün bu ali məktəbdə
ölkələrimizin gələcəyi üçün təhsilin
əhəmiyyəti barədə də bir neçə
söz demək istərdim. Bu gün Türkmənistanda sizin
ölkənin rəhbərliyinin və şəxsən
Prezidentin təhsillə bağlı məsələlərə
qayğı göstərməsini görmək mənim
üçün çox xoş oldu. Təhsil gələcək
deməkdir, təhsil intellektdir, təhsil inkişafdır.
Dünyanın heç bir ölkəsi öz intellektual
potensialını reallaşdırmadan uğurla inkişaf edə
bilməz.
Əgər biz
dünyanın inkişaf etmiş ölkələrinin tarixinə
və təşəkkül yoluna nəzər salsaq görərik
ki, inkişaf üçün əsas təkan məhz
intellektual potensial, təhsilin inkişaf səviyyəsi,
müasir texnologiyaların inkişaf səviyyəsi
olmuşdur. Bu gün Türkmənistanda təhsil məsələlərinə
çox böyük əhəmiyyət verildiyini görmək
mənə çox xoşdur. Bizim ölkədə də eyni
hadisələr baş verir. Bizdə də bu məsələ
prioritet məsələdir, çalışırıq ki, Azərbaycanın
bütün vətəndaşlarının, gənclərin
keyfiyyətli təhsil almaq, yaxşı mütəxəssis
kimi yetişmək imkanı olsun, onlar öz əməli
işləri ilə ölkəmizin inkişafına töhfə
versinlər.
Biz məktəb tikintisi ilə
əlaqədar çox böyük bir proqram həyata
keçiririk. Son beş ildə Azərbaycanın müxtəlif
bölgələrində ən müasir avadanlıqla təchiz
edilmiş 1600 müasir məktəb tikilmişdir.
İslahatlara və təhsil prosesinin keyfiyyətinə
xüsusi diqqət yetiririk ki, bu proses müasir tələblərə
tam uyğun olsun, eyni zamanda xalqımızın ənənələrinə
əsaslansın.
Biz böyüməkdə
olan nəslin vətənpərvərlik ruhunda, milli, mənəvi
dəyərlərimiz ruhunda tərbiyə edilməsinə
çox böyük əhəmiyyət veririk. Bu, bizim
inkişafımızın əsası, hər bir xalqın
inkişafının əsasıdır. Ölkələrimiz
son 17 ildə müstəqildir. O vaxta qədər, əsrlər
boyu bizim öz taleyimizi müstəqil şəkildə müəyyən
etmək imkanımız olmamışdır. Lakin biz öz
milli ləyaqətimizi, milli identikliyimizi və milli ruhumuzu
qoruyub saxlamışıq. Bu, çox cəhətdən bizim
tariximiz, mədəniyyətimiz, ədəbiyyatımız,
bizim dilimiz, bizim böyük alim və mütəfəkkirlərimiz
sayəsində mümkün olmuşdur. Bu, çox
böyük, heç bir şeylə müqayisə edilə
bilməyəcək sərvətdir.
Mən qəti əminəm
ki, hər bir ölkənin gələcəyi daha çox təhsilin
keyfiyyətindən asılıdır. Ona görə də bu
gün bu yüksək mükafatı - Türkmənistan
Dövlət Universitetinin Fəxri professoru diplomunu almaq mənə
çox xoşdur və əməyimi bu cür qiymətləndirdiyinizə
görə sizin hamınıza bir daha dərin təşəkkürümü
bildirmək istəyirəm.
Mən bizi dəvətə
görə, səmimi qəbula görə, Türkmənistan
Prezidentinə, bizə göstərilən qonaqpərvərliyə
görə qardaş Türkmənistanın bütün vətəndaşlarına
təşəkkür etmək istəyirəm. Əminəm
ki, ölkələrimizin gələcəyi də
bugünkü günümüz kimi gözəl və xoşbəxt
olacaqdır. Öz tərəfimdən sizin hamınızı
bir daha əmin etmək istəyirəm ki, mən öz fəaliyyətimdə
Türkmənistanın və Azərbaycanın qardaş
xalqlarının bundan sonra da dostluq, həmrəylik şəraitində
yaşaması, əlbir işləməsi, ölkələrimizin
və xalqlarımızın inkişafı üçün
yeni şərait yaratması naminə əlimdən gələni
edəcəyəm.
Diqqətinizə görə
təşəkkür edirəm.
* * *
Çaryad TUGİYEV:
Hörmətli İlham Heydər oğlu!
İcazə verin, bu yüksək
ada layiq görülməyiniz münasibətilə Sizi Məxdumqulu
adına Türkmənistan Dövlət Universitetinin
professor-müəllim heyəti, aspirantları və tələbələri
adından, Türkmənistanın bütün elmi ictimaiyyəti
adından səmimi qəlbdən təbrik edim, Sizə
möhkəm cansağlığı və iki dost dövlətin
daha da yaxınlaşması işində böyük
uğurlar arzulayım. Qoy Türkmənistan-Azərbaycan
dostluğu möhkəmlənsin!
Azərbaycan. -2008. -2 dekabr.-S.3.