Bu gün Azərbaycan, sözün əsl mənasında, dostluq, qardaşlıq məkanıdır

 

Azərbaycan Prezidenti İlham Əliyevin nitqi

 

 

- Hörmətli cənab baş katib!

Hörmətli xanımlar və cənablar!

Əziz qonaqlar!

Mən ilk növbədə sizin hamınızı Azərbaycanda ürəkdən salamlayıram. Bu gün Azərbaycan paytaxtında, Bakı şəhərində çox önəmli bir tədbir keçirilir. Əminəm ki, mədəniyyətlərarası dialoqun möhkəmlənməsi işində bu konfransın çox böyük və müsbət rolu olacaqdır.

Biz bu gün müxtəlif ölkələrdən olan mədəniyyət nazirlərinin konfransını keçirməklə bir daha onu göstəririk ki, son illər ərzində Azərbaycan dini tolerantlıq, milli və etnik tolerantlıq məsələlərində çox böyük uğurlara nail olmuşdur. Əslində, bizim ölkəmizdə bütün insanlar müxtəlif dövrlərdə, ictimai-siyasi quruluşundan asılı olmayaraq, həmişə bir ailə kimi yaşamışlar. Burada bütün dinlərin nümayəndələri həmişə dostluq, qardaşlıq şəraitində yaşamışlar. Bir daha qeyd etmək istəyirəm ki, bu, bizim ölkəmizə xas olan çox mühüm bir amildir.

Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra, əlbəttə, millətlərarası münasibətlərə, milli və dini tolerantlığın möhkəmlənməsi işinə çox böyük diqqət verilmişdir. Bu gün Azərbaycan sözün əsl mənasında dostluq, qardaşlıq məkanıdır. Burada bütün xalqlar, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Mən əminəm ki, Azərbaycanın bu istiqamətdə əldə etdiyi təcrübə çox önəmlidir. Şübhə etmirəm ki, konfrans zamanı bu barədə geniş söhbət açılacaqdır.

Mən çox şadam ki, bu konfransda dünyanın müxtəlif ölkələrindən gələn nümayəndələr iştirak edirlər. Bildiyiniz kimi, konfrans Avropa Şurası ilə Azərbaycan tərəfindən təşkil olunmuşdur. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan səkkiz ilə yaxındır Avropa Şurasının üzvüdür. Bu dövr ərzində ölkəmizdə gedən siyasi və iqtisadi islahatlar, Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi nəticəsində Azərbaycan demokratik inkişaf baxımından çox sürətlə irəli getmişdir. Ölkədə aparılan siyasi və iqtisadi islahatlar, qanunun aliliyinin bərqərar olunması, Azərbaycanda mütərəqqi təcrübənin tətbiq edilməsi - bütün bunlar son illər ərzində baş vermiş mühüm hadisələrdir. Biz Avropa Şurası ilə Azərbaycan arasında mövcud olan əməkdaşlıqdan çox razıyıq. Əminəm ki, bu əməkdaşlıq gələcəkdə uğurla davam etdiriləcək və bizə əlavə imkanlar yaradacaqdır.

Eyni zamanda, bizim qonaqlarımızın arasında İslam Konfransı Təşkilatının üzvləri vardır. Biz buna da çox sevinirik və çox şadıq ki, bu gün Şərqlə Qərbin kəsişdiyi yerdə, Bakıda müxtəlif ölkələrdən müxtəlif dinlərin nümayəndələri iştirak edirlər. Biz buna çox böyük önəm veririk. Bunun çox böyük əhəmiyyəti var. Çünki indiki zamanda bir çox hallarda sivilizasiyalararası, mədəniyyətlərarası dialoqdan danışılır, ancaq bununla bərabər, dünyada gedən proseslər, əfsuslar olsun ki, bəzi hallarda gərginliyin artmasına gətirib çıxarır. Mən çox istəyirəm ki, bu gün Azərbaycanda başlanan Bakı prosesi mədəniyyətlər arasında olan dialoqun, dostluğun, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə öz dəyərli töhfəsini versin.

Bir sözlə, Azərbaycanın həm tarixi, həm coğrafi vəziyyəti, həm də müxtəlif beynəlxalq təşkilatlarda iştirakı, əlbəttə, bizim imkanlarımızı daha da genişləndirir. Mən əminəm ki, ölkəmizin uğurlu inkişafı bundan sonra da davam etdiriləcək və bu inkişafı şərtləndirən təkcə siyasi, yaxud da iqtisadi islahatlar deyildir.

Eyni zamanda, bayaq qeyd etdiyim kimi, Azərbaycanda hökm sürən çox gözəl ictimai-siyasi ab-hava burada yaşayan bütün millətlərin hüquqlarının qorunması və hər bir insanın, hər bir millətin nümayəndəsinin Azərbaycanda rahat yaşamasıdır.

Bizim ölkəmizin çox zəngin və böyük tarixi vardır. Minilliklər bundan əvvəl Azərbaycanda insanlar yaşayıb yaratmışlar. Bunu əks etdirən tarixi abidələr Azərbaycan dövləti tərəfindən lazımınca qorunur. Biz öz mədəni və tarixi irsimizə çox bağlıyıq. Mədəni irsimizin qorunması üçün çox böyük işlər görürük. Azərbaycan xalqı əsrlər boyu müstəqillikdən məhrum idi. Biz yalnız qısa bir müddət ərzində öz taleyimizi özümüz müəyyən edirdik. Ancaq buna baxmayaraq, bizim tariximiz, mədəniyyətimiz, ədəbiyyatımız, ana dilimiz - bu amillər azərbaycanlıları bir millət kimi assimilyasiyadan qorudu və bu gün müstəqil ölkəmizdə Azərbaycan xalqı öz taleyinin sahibidir.

1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdə ölkədə vəziyyət həddindən artıq ağır idi. Həm siyasi böhran, həm iqtisadi böhran, həm də Ermənistanın Azərbaycana qarşı təcavüzü və bunun nəticəsində torpaqlarımızın bir hissəsinin işğal altına düşməsi - bütün bu amillər Azərbaycanda vəziyyətin nə qədər ağır və çətin olduğunu göstərir. Ancaq buna baxmayaraq, biz öz səylərimizlə, işimizlə, Azərbaycan xalqının iradəsi ilə bu çətin və ağır sınaqlardan şərəflə çıxdıq. Bu gün Azərbaycan, demək olar ki, tam şəkildə öz müstəqilliyini təmin edibdir. Azərbaycan müstəqil siyasət aparır. Biz həm iqtisadi, həm də siyasi sahədə çox böyük və əhəmiyyətli nailiyyətlərə nail olmuşuq.

Azərbaycan xalqı rahat yaşayır, təhlükəsizlik, sülh şəraitində yaşayır. Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması və möhkəmlənməsi istiqamətində çox önəmli addımlar atılmışdır. Ölkəmizdə əsas inkişaf istiqamətləri ilə əlaqədar cəmiyyətdə fikir ayrılığı yoxdur, əksinə, bizim cəmiyyətimiz ümumxalq amalları ətrafında birləşibdir: azərbaycançılıq fəlsəfəsi, müasirlik, öz tarixi köklərimizə, ənənələrimizə bağlılıq. Eyni zamanda Azərbaycan dünyəvi dövlətdir. Azərbaycanda bütün dinlərin nümayəndələrinə çox böyük hörmət vardır. Yəni bizim ölkəmizi bu gün ictimai-siyasi baxımdan şərtləndirən amillər bunlardır.

Müstəqillik əldə olunandan və ölkəmiz dünya birliyinə inteqrasiya edəndən sonra Azərbaycanda müasir siyasi sistem formalaşıbdır. Ancaq bu sistem hələ daha da təkmilləşməlidir. Ölkədə aparılan iqtisadi islahatlar bizim iqtisadi gücümüzü əhəmiyyətli dərəcədə artırmışdır. Son dörd il ərzində Azərbaycan iqtisadi artım baxımından dünya miqyasında birinci ölkədir. Bizim iqtisadiyyatımız son beş il ərzində təxminən üç dəfə artıbdır. Büdcə xərcləri 12 dəfə artıb, sənaye istehsalı böyük dərəcədə artıbdır. Bizim imkanlarımız genişlənibdir. Yoxsulluqla mübarizədə böyük uğurlar əldə edilibdir. Dörd il ərzində yoxsulluğun səviyyəsi 49 faizdən 16 faizə düşüb və əminəm ki, bu ilin yekunlarına görə daha da aşağı düşəcəkdir.

Azərbaycanda uzun illər ərzində ən böyük və çətin problem olan işsizliklə mübarizə uğurla gedir. Son beş il ərzində 740 mindən artıq yeni iş yeri açılmışdır. Bütün bölgələrdə quruculuq, inkişaf gedir. Bir sözlə, Azərbaycan özünü iqtisadi cəhətdən tam şəkildə təmin edir. Eyni zamanda bizim enerji sahəsindəki uğurlarımız nəinki ölkə üçün, həm də bölgə üçün çox böyük dəyərdir. Azərbaycanın enerjidaşıyıcıları bu gün Avropa və dünya bazarlarına çıxarılaraq, enerji təhlükəsizliyi məsələlərində müsbət rol oynayır. Bu istiqamətdə Avropa İttifaqı ilə Azərbaycan arasında müvafiq sənədlər imzalanıbdır. Digər beynəlxalq təşkilatlarda fəal iştirak edirik. Enerji təhlükəsizliyini təmin etməklə bağlı Azərbaycanda vaxtaşırı beynəlxalq forumlar keçirilir və bu forumların nəticələri nəinki region üçün, dünya üçün də çox böyük əhəmiyyət kəsb edir.

Bir sözlə, biz gələcəyə çox böyük nikbinliklə baxırıq. Siyasi və ictimai-siyasi vəziyyət baxımından Azərbaycan çox sabit ölkədir və Azərbaycana birbaşa xarici investisiyaların qoyulması bunu əks etdirir. İqtisadi potensialın möhkəmlənməsində uğurlar göz qabağındadır. Eyni zamanda bütün bu nailiyyətlərə baxmayaraq, Azərbaycanda islahatlar davam etdirilir və etdirilməlidir. Həm siyasi sahədə, həm də iqtisadi sahədə. Çox sevindirici haldır ki, ən böyük maliyyə qurumu olan Dünya Bankı bu il Azərbaycanı dünya miqyasında bir nömrəli islahatçı ölkə kimi tanıyıbdır. Bu onu göstərir ki, bizim islahatlarımız, həqiqətən, çox cəsarətlidir, uğurludur və əhəmiyyətlidir.

Bununla bərabər, Azərbaycanda maliyyə sektorunda şəffaflığın tam şəkildə təmin olunması istiqamətində böyük addımlar atılıbdır. Keçən il Birləşmiş Millətlər Təşkilatı Azərbaycan Dövlət Neft Fondunu şəffaflığa görə, şəffaflıq işində əldə etdiyi uğurlara görə mükafatla təltif edibdir. Yəni bütün bunlar çox ciddi hadisələrdir. Dünyanın ən böyük beynəlxalq təşkilatlarının Azərbaycana, Azərbaycanda gedən proseslərə verdiyi qiymətdir.

Eyni zamanda Azərbaycanda dini və milli tolerantlığın, dözümlülüyün yüksək səviyyədə olması və bütün xalqların rahat, mehriban şəkildə yaşaması, əlbəttə ki, bizi daha da gücləndirir. Bax, bu amillər hər bir ölkənin inkişafı üçün çox vacibdir. Mən çox istəyirəm ki, bizim ölkədə bu vaxta qədər əldə olunan nailiyyətlər bundan sonra da uğurla davam etdirilsin. Bunu etmək üçün, əlbəttə ki, bölgədə sülh tam şəkildə bərqərar olunmalıdır.

Biz çox istəyirik ki, Qafqaz regionunda bütün münaqişələr, nəhayət, öz həllini tapsın, sülh bərqərar olunsun və beləliklə, bölgədə əməkdaşlıq üçün imkanlar açılsın. Bu, hər bir ölkə üçün çox önəmlidir. Xüsusilə Cənubi Qafqazda baş verən hadisələr bir daha onu göstərir ki, beynəlxalq hüquq normaları tam şəkildə təmin olunmalıdır. Beynəlxalq hüquq normaları pozulduqda, əfsuslar olsun ki, çox ciddi və təhlükəli proseslər baş verir.

Bizim bölgədə ən böyük təhlükə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır. Uzun illər ərzində bizim torpaqlarımız işğal altındadır. Ermənistanın Azərbaycana qarşı apardığı etnik təmizləmə siyasəti nəticəsində, təcavüzkar separatizm nəticəsində torpaqlarımızın 20 faizi işğal altına düşübdür. Bu işğaldan əziyyət çəkən 1 milyon azərbaycanlı öz doğma torpaqlarından didərgin salınıbdır. Azərbaycanın ərazi bütövlüyü pozulubdur.

Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon tamamilə işğal altındadır və oradan deportasiya edilmiş soydaşlarımız bundan çox əziyyət çəkirlər. Bu, böyük ədalətsizlikdir.

Birləşmiş Millətlər Təşkilatının qərarları, Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistanın silahlı qüvvələrinin torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmasını tələb edir. Ermənistan buna əməl etmir. Bu ilin mart ayında BMT-nin Baş Məclisində qəbul edilmiş qərarda qeyd olunur ki, Azərbaycan torpaqları işğal altındadır və bu işğala son qoyulmalıdır. Buna da əməl olunmur. Avropa Şurası hələ bir neçə il bundan əvvəl münaqişə ilə bağlı, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti ilə bağlı qətnamə qəbul edibdir. O da icra olunmur. İslam Konfransı Təşkilatı da buna oxşar qərarlar qəbul edibdir. Yəni bölgədə biz onun şahidi oluruq ki, beynəlxalq hüquq normaları tamamilə pozulur və əfsuslar olsun ki, beynəlxalq təşkilatların, xüsusilə çox mötəbər təşkilatların qərarları icrasız qalır. Bu, bölgədə gedən proseslərə ən böyük təhlükədir.

Biz şübhə etmirik ki, beynəlxalq hüquq normaları tam şəkildə bərqərar olunmalı və Azərbaycanın ərazi bütövlüyü bərpa edilməli, işğal olunmuş torpaqlar tezliklə işğalçı qüvvələrdən boşaldılmalıdır.

Bu işğal və hərbi təcavüz, eyni zamanda bizim mədəni irsimizə də çox böyük ziyan vurubdur. İşğal olunmuş torpaqlarda hər şey dağıdılıbdır. Bunu həm biz deyirik, həm də beynəlxalq təşkilatlar təsdiq edir. 2005-ci ildə ATƏT-in faktaraşdırıcı missiyası Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş bölgələrində monitorinq keçirmişdir. Bu monitorinq əsasında məruzə hazırlanmış və təqdim edilmişdir. Məruzədə göstərilir ki, orada hər şey dağıdılıb, bir dənə salamat bina qalmamışdır. Bütün binalar, bütün tarixi abidələr Ermənistan tərəfindən dağıdılıbdır. Mədəniyyət ocaqları dağıdılıbdır, bizim muzeylərimizdə nümayiş etdirilmiş bütün eksponatlar oğurlanıb, muzeylər talan edilibdir. Əcdadlarımızın qəbirləri, bizim məscidlərimiz dağıdılıbdır. Bütün bunları Ermənistan dövləti edibdir. ATƏT-in faktaraşdırıcı missiyası bütün bunları təsdiqləyib öz məruzəsində göstəribdir.

Biz isə Azərbaycanda yaşayan bütün xalqların mədəni irsinə, tarixi irsinə çox böyük hörmətlə yanaşırıq. Bakıda və ölkəmizin digər yerlərində qorunub saxlanılan bütün dinlərin məbədləri, abidələri və onların bərpası bunun əyani sübutudur.

Əziz dostlar!

Mən sizi bir daha bu konfransın keçirilməsi münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bir daha demək istəyirəm ki, biz bu konfransın keçirilməsinə Azərbaycanda çox böyük əhəmiyyət veririk. Əminəm ki, konfransın çox gözəl nəticələri olacaq və bu nəticələr hesabına mədəniyyətlərarası dialoqun möhkəmlənməsi prosesi daha da güclənəcəkdir.

Mən çox istərdim ki, bu gün başlanan "Bakı prosesi" uzunmüddətli olsun. Çox istərdim ki, bu konfransın keçirilməsindən sonra konkret mexanizmlər işlənilsin, konkret fəaliyyət planı hazırlansın. Belə tədbirlərin keçirilməsi həm Bakıda, həm də digər şəhərlərdə ənənəyə çevrilsin. Ümid edirəm ki, sizin müzakirələriniz çox uğurlu olacaq və biz qarşımıza qoyduğumuz məqsədə çatacağıq.

Sizin hamınızı bir daha ürəkdən salamlayır, konfransın işinə uğurlar arzulayıram!

* * *

Sonra Avropa Şurasının baş katibi Terri Devisə söz verildi.

 

Azərbaycan.-2008.-3 dekabr.-S.1-2.