Bu gün Azərbaycan, sözün əsl mənasında, dostluq, qardaşlıq məkanıdır
Dekabrın 2-də Bakıda,
"Gülüstan" sarayında
Avropa Şurasının
üzvü olan dövlətlərin mədəniyyət
nazirlərinin "Mədəniyyətlərarası
dialoq Avropa və onun qonşu
regionlarında davamlı
inkişafın və
sülhün əsasıdır"
mövzusunda ikigünlük
konfransı başlanmışdır.
Azərbaycan Prezidenti İlham Əliyev konfransın açılışında iştirak
etmişdir.
Konfransda Avropa Şurasının üzvü
olan, habelə müşahidəçi ölkələrin,
Avropa Mədəniyyət
Konvensiyasını imzalamış
dövlətlərin, Avropanın
qonşu regionlarını
təmsil edən 10 ölkənin, habelə Avropa Komissiyasının və YUNESKO-nun, İslam Ölkələri Elm, Təhsil
və Mədəniyyət
Təşkilatının (İSESKO), Ərəb Dövlətləri
Liqası ölkələrinin
Elm, Mədəniyyət və
Təhsil Təşkilatının
(ALEKSO) yüksək rütbəli
rəsmiləri, müxtəlif
fondların və qeyri-hökumət təşkilatlarının
təmsilçiləri, ümumilikdə
250-dən çox nümayəndə,
o cümlədən 16 nazir,
18 nazir müavini, 10 beynəlxalq təşkilatın
başçısı iştirak
edir.
Son illərdə Azərbaycan
Prezidenti İlham Əliyev ölkəmizdə
mədəniyyət və
turizm sahələrinin
inkişafı, dünya
miqyasında təbliği
üçün 100-dən çox fərman və sərəncam imzalamışdır. 2004-2008-ci illərdə bu istiqamətdə 71 beynəlxalq
saziş və konvensiya imzalanmışdır.
Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva mədəni irsimizin qorunması və dünya təbliği sahəsində
məqsədyönlü fəaliyyət
göstərir. Azərbaycan
mədəniyyəti dünya
mədəniyyətinin, habelə
onun tərkib hissəsi olan islam mədəniyyətinin
böyük daşıyıcılarından
biri olduğuna görə Bakı şəhəri 2009-cu il üçün "İslam
mədəniyyətinin paytaxtı"
elan edilmişdir. Bu baxımdan Avropa
Şurasının üzvü
olan dövlətlərin
mədəniyyət nazirlərinin
Bakı konfransı nəinki Azərbaycanın
və Qərbin, eyni zamanda Şərqin
mədəni həyatında
mühüm hadisədir.
Bunu yüksək qiymətləndirən Azərbaycan
Prezidenti İlham Əliyevin bu il noyabrın
4-də imzaladığı sərəncama əsasən,
konfransın hazırlanması
və keçirilməsini
təmin etmək məqsədilə Baş
nazir Artur Rasizadənin rəhbərliyi
ilə Təşkilat
Komitəsi yaradılmışdı.
Konfrans münasibətilə "Gülüstan"
sarayının foyesində
təşkil olunmuş
sərgidə ölkəmizin
qədim, zəngin mədəniyyəti barədə
kifayət qədər
dolğun təsəvvür
yaradan eksponatlar - xalçalar, silah nümunələri, musiqi
alətləri, xalq sənəti nümunələri
nümayiş etdirilir. Respublikamızın turizm imkanlarını, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin mədəniyyət və
incəsənətə göstərdiyi
diqqət və qayğını göstərən
fotoşəkillər qonaqlarda
böyük maraq doğurmuşdur.
Sonra konfransın rəsmi açılışı oldu. Salona toplaşanlar
Prezident İlham Əliyevi və Avropa Şurasının baş katibi Terri Devisi alqışlarla qarşıladılar.
Mədəniyyət naziri Əbülfəs Qarayev Avropa Şurası ilə Azərbaycanın birgə təşkil etdiyi konfransı açaraq dedi ki, müasir dövrdə sivilizasiyaların
arasında dialoq qlobal səviyyədə bəşəriyyətin ən
vacib ehtiyaclarından birinə çevrilmişdir.
Bu konfrans müxtəlif
xalqlar və dövlətlər arasında
dialoqu möhkəmləndirməyə
və daha da inkişaf etdirməyə yönələn
fəaliyyətin bariz
nümunəsidir.
Ölkəmizdə son illər
çoxlu beynəlxalq
forumların və mədəniyyətlərarası dialoqa həsr edilmiş tədbirlərin
keçirilməsinin artıq
ənənəyə çevrildiyini
bildirən nazir dedi ki, bu
beynəlxalq konfrans Azərbaycan Prezidenti İlham Əliyevin bilavasitə dəstəyi
və müvafiq göstərişi ilə
təşkil olunmuşdur.
Buna görə Prezidentə təşəkkürünü
bildirən Ə.Qarayev
vurğuladı ki, Azərbaycan öz siyasətində mədəniyyətlərarası
dialoqa böyük önəm verir və şəxsən dövlətimizin başçısının
rəhbərliyi altında
həyata keçirilən
tədbirlər həm
ölkəmizin daxilində,
həm də beynəlxalq aləmdə dialoqun səmərəli inkişafına böyük
töhfələr vermişdir.
Dövlətimizin başçısı konfransda
nitq söylədi.
Azərbaycan.-2008.-3 dekabr.-S.1.