Bu gün Azərbaycan, sözün əsl
mənasında, dostluq, qardaşlıq məkanıdır
Avropa Şurasının baş katibi Terri Devisin
çıxışı
- Zati aliləri cənab
Prezident!
Xanımlar və cənablar!
Mənim bu gün
hamıya ünvanlayacağım sual çox sadədir. Biz
dialoqa hazırıqmı? Nazirlər səviyyəsində
keçirilən konfransın mövzusu Avropa
Şurasının əsas məqsədini əks etdirir. Məhz
insan hüquqlarının, demokratiyanın və qanunun
aliliyinin qorunması və təbliğ olunması, 2005-ci ildə
dövlət və hökumət
başçılarının 3-cü sammitində təsdiqlədiyimiz
kimi, mədəniyyətlərarası dialoq siyasi bir
prioritetdir. Lakin Bakıda keçirilən bu konfrans dialoqla
bağlı bizi narahat edən bir sıra məsələləri
özündə ehtiva edir. Nə üçün?
Çünki bu, Avropa Şurasının üzvü olan
ölkələrin mədəniyyət nazirlərinin ilk
konfransıdır və bu tədbir Avropa Şurasının
coğrafi sərhədləri ilə məhdudlaşmayaraq,
qonşu region ölkələrinin nazirlərinin
iştirakı ilə təşkil olunmuşdur. Bu,
özünü sülhün və dayanıqlı
inkişafın əsası hesab olunan mədəniyyətlərarası
dialoqda və gələcək fəaliyyətlər
üçün birgə mövqedə göstərir.
Bakı, Azərbaycan
qeyri-adi bir məkandır. Bura tarix boyu müxtəlif mədəniyyətlərin
qovuşma nöqtəsi, Şərq və Qərb, Şimal və
Cənub arasında təbii bir körpü olubdur. Bu, çox
xüsusi tədbirdir, çünki bu ilin may ayında Avropa
Şurası özünün mədəniyyətlərarası
dialoqa dair "Ağ kitabı"nı yaradıbdır. Bu, əsas
qanunlar sənədinin hazırlanmasından sonra nazirlər səviyyəsində
ilk konfransdır və biz bunun necə həyata keçirilməsini
düşünməliyik. Dialoqdan dialoq haqqında və
dialoqa. Bu səbəbdən mən Azərbaycan Prezidenti cənab
İlham Əliyev, Avropa Şurası Nazirlər Komitəsinin
İspaniyadan olan rəhbəri, habelə YUNESKO, ALEKSO və
İSESKO-dan olan hörmətli həmkarlarımla birgə
burada olmağımdan çox məmnunam. Deməliyəm ki, mədəniyyətlərarası
dialoq İspaniyanın sədrlik etdiyi Nazirlər Komitəsinin
prioritet məsələlərindən biridir. Təsadüfi
deyil ki, Bakıdakı konfrans bir həftədən də az
bir müddət öncə İspaniyanın Avropa
Şurasına sədrliyə başlamasından sonra
keçirilən ilk tədbirdir. Biz burada təcrübə
mübadiləsi aparmaq və birgə irəliləyişə
nail olmaq üçün bir araya gəlmişik. Biz
hamımız çoxmillətli cəmiyyətlərdə bu
və ya digər yolla, mədəniyyətin müxtəlifliyinə
daha da meyilliyik. Bir çox hallarda təbii müxtəliflik ətraf
mühit üçün nə qədər vacibdirsə, mədəniyyət
müxtəlifliyi də bəşəriyyət
üçün bir o qədər vacibdir. Lakin biz hələ
də bəzi hallarda milli, etnik, linqvistik stereotiplər
haqqında düşünürük.
Davamlı mədəniyyətlərarası
dialoq cəmiyyətlərimizin içərisində ehtiyac
duyduğumuz bir sosial möhürdür. Bu
dözümsüzlüyə, parçalanmaya və
zorakılığa qarşı bir müalicə vasitəsidir.
Dialoq təkcə ideologiya deyil, həmçinin müəyyən
siyasi kontekstlərdən irəli gələn süni
yanaşmalar üçün bir reseptdir. Lakin biz müxtəlifliyin
dəyərləndirildiyinə və müxtəlif fərdlərin
bir-biri ilə ümumi ünsiyyət qurduğuna və
insanların dialoq aparmaq üçün imkanlarının
olduğuna əmin olsaq, onda hamımız, gələcək nəsillər
üçün qarşılıqlı hörmət, ədalət
və təhlükəsizlik şəraitində daha
yaxşı dünyada yaşamaq imkanı olar. Mədəniyyət
bu istiqamətdə bir yardımçıdır.
Mədəniyyət
hissiyyatımızı, bir-birimizi görmək,
görüşmək və anlamaq qabiliyyətimizi
qidalandırır və bu işdə ürəyimiz,
idrakımız və bədənimiz əlaqəlidir. Bu səbəbdən
yaxşı qanunlar bir çox bu cür mədəniyyətlərarası
məkanlara və imkanlara şərait yaradır. Bizim yerində
və spesifik olmağımız xüsusilə vacibdir.
İnsanların bir-biri ilə ünsiyyət qurması həmişə
yaxşıdır, lakin mədəniyyətlərarası
dialoq beynəlxalq seminarlarda xeyriyyəçilik səviyyəsinə
endirilməməlidir. Məqsəd real həyatda real insanlar
arasında real problemlər haqqında dialoqun qurulmasına
sövq etməkdir. Fəaliyyətimizin meyarları
keçirilən beynəlxalq konfransların sayı və ya
hazırlanan kitabçalarla deyil, insanların həyat tərzinə,
evdə, məktəbdə, işdə, küçədə,
məsciddə, kilsədə və ya sinaqoqda üzləşdikləri
problemləri necə həll etdiklərinə təsir göstərməklə
ölçülür.
Zati aliləri cənab
Prezident!
Xanımlar və cənablar!
Mən bütün
insanlar arasında bərabər hörmət, insan
hüquqları, qanunun aliliyi və demokratik prinsiplər olmadan
həyata keçməsi mümkün olmayan bu dialoqa cəlb
edilməyinizi istəyirəm. Bu dəyərlər
qarşılıqlı hörmət və anlaşmanı təmin
edir və bu, dialoqun gücün arqumenti ilə deyil, arqumentin
gücü ilə idarə olunmasını təmin etmək
üçün çox əhəmiyyətlidir. Təşəkkür
edirəm.
Hörmətli sədr,
icazə verin, konfrans iştirakçılarının diqqətinə
çatdırım ki, Prezident İlham Əliyevin qeyd etdiyi
kimi, bu konfrans əlamətdar hadisədir. Lakin son bir neçə saat ərzində bu, daha da
əlamətdar oldu. Çünki bildyiniz kimi, Prezident Əliyev ilk dəfə baba olmuşdur. Prezident Əliyev ikiqat
baba olmuşdur. Təsəvvür edirəm, əkiz
nəvələr. Siz ikiqat
mükafatlandırılmısınız.
Sizi bir daha konfrans
iştirakçıları adından təbrik edirəm.
* * *
Avropa Şurasının baş
katibi Prezident İlham Əliyevə gül dəstəsi təqdim etdi.
* * *
Prezident İlham
ƏLİYEV təşəkkür edərək dedi:
- Təbriklərə
görə təşəkkür
edirəm. Dünən mənim və
ailəm üçün
çox xoşbəxt
bir gün oldu. Bizim qızımız iki gözəl oğlan uşağını
dünyaya bəxş
etdi. Bu təbriklərə
görə sizə təşəkkür etmək
istəyirəm. Bütün Azərbaycan
və dünya uşaqlarına cansağlığı
və xoşbəxtlik
arzulayıram.
* * *
Sonra çıxış
edən Avropa Şurası Nazirlər Komitəsinin İspaniyadan
olan rəhbəri Gilyermo Koral Van Damm bildirdi ki,
Bakıda keçirilən
konfrans mədəniyyətlərərası
dialoqla bağlı ideyaların irəli sürülməsi və müzakirəsi baxımından
mühüm mərhələ
olacaqdır.
Avropa Şurası Yerli və regional hakimiyyətlər
konqresinin nümayəndəsi
Farid Muxametşin Azərbaycanın Avropa strukturlarında fəal rolunu vurğuladı. O, mədəniyyətlərarası
dialoqda fəallığın
artırılmasının əhəmiyyətindən danışdı.
Avropa Şurası
Parlament Assambleyasının
nümayəndəsi, Milli
Məclisin deputatı
Rafael Hüseynov çıxışında
dedi ki, gələn il
Avropa Şurasının
60 illiyidir. Azərbaycan isə bu təşkilatda 8 ildir təmsil olunur. "Mədəniyyətlərin ali məqsədi insanları və xalqları bir-birinə daha da yaxınlaşdırmaq
üçün körpüdür"
- deyən Rafael Hüseynov
vurğuladı ki, dünyanın gələcək
inkişafı məhz
bu cür dialoq üzərində qurulmalıdır.
ALEKSO-nun baş
direktoru Mongi Busnina rəhbərlik etdiyi təşkilatda 22 dövlətin təmsil olunduğunu dedi. O bildirdi ki, ALEKSO da mədəniyyətlərarası
dialoqda mühüm nəticələr əldə
etmişdir.
İSESKO-nun baş
direktoru Əbdüləziz
bin Osman əl-Tüveycri
isə diqqəti Şərqlə Qərb arasında mədəni dialoqun əldə olunmasına cəlb etdi. Bildirdi ki, indi dünyanın vacib mövzularından olan bu məsələyə
İSESKO da öz töhfələrini verir.
Əbdüləziz bin Osman
əl-Tüveycri mədəniyyətlərarası
dialoqda xidmətlərinə
görə Avropa Şurasının baş
katibi Terri Devisin
İSESKO-nun qızıl medalına
layiq görüldüyünü
bildirdi və medalı ona təqdim etdi.
YUNESKO-nun Mədəniyyət siyasəti
və beynəlxalq dialoq bölməsinin direktoru xanım Katerina Stenou da Azərbaycanın zəngin mədəniyyətə
malik olduğunu bildirdi. O vurğuladı ki,
Avropa Şurasının
üzvü olan ölkələrin mədəni
dəyərləri dialoqun
əldə olunmasında
mühüm vasitədir.
Çıxış edənlər
belə bir ümumi fikir söylədilər ki, Avropa və qonşu regionların mədəni inteqrasiyasına
əsaslanan "Bakı
prosesi" ölkələrarası
dialoqun praktik inkişafı, yeni, real və səmərəli fəaliyyət mexanizminin müəyyənləşdirilməsi, müxtəlif sivilizasiyalar
arasında mədəniyyətlərarası
dialoqun təşviqinə
yönələn tədbirlərin
həyata keçirilməsi
sahəsində müstəsna
imkanlara malikdir.
Xüsusi vurğulandı ki, konfransın mövzusu, iştirakçıların tərkibi,
əhatə etdiyi regionların miqyasına görə Avropa və İslam ölkələrinin tarixində
mədəniyyətlərarası dialoq mövzusunda ilk beynəlxalq tədbirdir. Bu tədbirin
uğurlu nəticələrindən
asılı olaraq yaranacaq yeni format gələcəkdə beynəlxalq
əhəmiyyətli tədbirlər
üçün də
nümunə ola bilər. Daha sonra Azərbaycan Uşaq Xoru konfrans iştirakçıları
qarşısında çıxış
etdi.
* * *
Sonra konfransda nazirlərin "Mədəniyyətlərarası uyğunluqlar haqqında"
mövzusunda "dəyirmi
masa"sı keçirildi.
Azərbaycanın mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev, Avropa Şurasının beynəlxalq mədəniyyətlərarası
əlaqələndiricisi xanım
Qabriella Batteni-Draqoni,
BMT-nin sivilizasiyaların
İttifaqı ofisinin
direktoru Mark Şuer və başqaları mövzu ilə bağlı fikirlərini açıqladılar.
Onlar beynəlxalq mədəni əməkdaşlığın ən müxtəlif aspektlərinə nəzər
salaraq vurğuladılar
ki, Avropada və onun qonşu
regionlarında davamlı
inkişafın və
sülhün təmin
edilməsində mədəniyyətlərarası
münasibətlərin imkanlarının
araşdırılması zərurdir.
* * *
Fasilədən sonra konfransın davamı olaraq, nazirlərin işçi qrupunun "Mədəniyyət
siyasəti (proqramlar və təşəbbüslər)
və mədəniyyətlərarası
dialoq: müxtəlif mədəniyyətlərin idarəedilməsinə
dair yeni konsepsiya" mövzusunda birinci, "İrs və mədəniyyətlərarası
dialoq - hamımız birgə milli irsdən dünyəvi irsə doğru" mövzusunda ikinci iclasları oldu.
Çıxış edənlər
Bakı konfransının
yüksək səviyyədə
təşkil olunduğunu
bildirərək söylədilər
ki, bu tədbir
Avropa mədəni proseslərində yeni bir istiqamətin - "Bakı prosesi"nin əsasını qoyacaqdır. Son on il ərzində mədəniyyətlərarası dialoq mədəniyyət məsələlərinə məsul
olan nazirlərin, eləcə də hökumətlərin qarşısında
prioritet məsələ
kimi meydana çıxmışdır. İndi mədəni
müxtəlifliyə qarşılıqlı
hörmət və hüquqların qorunması
elə bir prinsipə çevrilmişdir
ki, mədəniyyətlərarası
dialoqun qurulması üçün siyasətlər,
proqramlar və yeni konsepsiyalar buna əsaslana bilər.
Millətlərin bütün
dəyərlərini göstərən
milli irs
xalqlar və insanlar arasında mədəniyyətlərarası dialoqa, habelə regionların davamlı inkişafına rəvac verən bir vasitədir.
Konfrans dekabrın 3-də işini
davam etdirəcəkdir.
AzərTAc
Azərbaycan.-2008.-3 dekabr.-S.2.