GTZ-nin baş hüquq eksperti Tomas Herman Azərbaycanda missiyasını başa vurmuşdur

 

AzərTAc xəbər verir ki, dekabrın 2-də Konstitusiya Məhkəməsində Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) "Azərbaycanda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi" layihəsinin baş eksperti Tomas Hermanın ölkəmizdə missiyasının başa çatması ilə əlaqədar görüş keçirilmişdir. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirmişdir ki, Tomas Herman 6 ildən çoxdur ki, GTZ-nin Azərbaycanda həyata keçirdiyi məhkəmə və hüquq islahatlarına dəstək layihəsinə rəhbərlik etmişdir.

Respublikamızda digər sahələrdə olduğu kimi, məhkəmə və hüquq sahəsində də məqsədyönlü islahatların aparıldığını vurğulayan F.Abdullayev qeyd etmişdir ki, 1998-ci ildə həyata keçirilməsinə başlanmış "Azərbaycanda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi" layihəsi bu işdə xüsusi rola malikdir. Məhz həmin layihənin icrası Azərbaycanda məhkəmə və hüquq sahəsində hazırlanan qanunların beynəlxalq standartlara cavab verməsinə, bu zaman müasir hüququn inkişaf meyillərinin nəzərə alınmasına imkan yaratmışdır. Mülki prosessual aktların və Milli Məclis tərəfindən müvafiq qanunların hazırlanmasında və qəbulunda GTZ yaxından iştirak edərək həmişə öz prinsipiallığını göstərmişdir.

GTZ tərəfindən göstərilən dəstəyin təşkilində layihənin baş hüquq eksperti kimi Tomas Hermanın əməyini xüsusi vurğulayan sədr Konstitusiya Məhkəməsinin beynəlxalq əlaqələrinin qurulmasında da onun mühüm rol oynadığını qeyd etmişdir. Konstitusiya Məhkəmisinin 2007-ci ilin sentyabrında tam heyətlə Almaniya Federativ Respublikasına işgüzar səfərini xatırladan F.Abdullayev bildirmişdir ki, məhz Tomas Hermanın təşəbbüsü ilə baş tutan səfər uğurla başa çatmış və iştirakçıların yaddaşında dərin izlər buraxmışdır.

Konstitusiya Məhkəməsinin sədri almaniyalı ekspertə Azərbaycanda göstərdiyi səmərəli fəaliyyətinə görə təşəkkürünü bildirmiş, ona gələcək fəaliyyətində uğurlar arzulamışdır.

Tədbirdə çıxış edən Konstitusiya Məhkəməsinin hakimləri Tomas Hermanın Azərbaycanda olduğu dövrdə göstərdiyi fəaliyyəti xüsusi qeyd etmiş, onun təşəbbüsü ilə keçirilmiş konfrans, seminar və treninqlərin, çap olunmuş hüquq ədəbiyyatının əhəmiyyətini yüksək qiymətləndirmişlər. Qeyd olunmuşdur ki, Azərbaycandan ayrılmasına baxmayaraq, Tomas Herman həm yüksək peşəkarlığı, həm də ali insani keyfiyyətləri ilə azərbaycanlı həmkarlarının dostu olaraq qalacaqdır.

Sonda almaniyalı mütəxəssisə xatirə hədiyyəsi təqdim edilmişdir.

 

Azərbaycan.-2008.-3 dekabr.-S.3.