"Mənzil Məcəlləsi" mənzil problemlərinin həllinə xidmət edəcək

 

 

Dekabrın 2-də Milli Məclisin növbəti iclası olmuşdur. Parlament Sədrinin birinci müavini Ziyafət Əsgərov gündəlik barədə məlumat verəndən sonra deputatlar cari məsələlərdən danışdılar. Deputat Əli Məsimov bildirdi ki, qarşıdan Qurban bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik Günü yaxınlaşır. Dünya təcrübəsində bayram ərəfəsi bütün növ məhsulların qiymətləri aşağı salınır. O, Azərbaycanda da belə bir ənənənin əsasının qoyulmasını vacib saydı.

Deputat Əli Əhmədov dedi ki, azərbaycanlıların öz doğma dədə-baba torpaqlarından deportasiya edilmələrindən 20 il ötür. Deportasiya nəticəsində azərbaycanlılar tarixi torpaqlarından zorla çıxarılmışlar. Ermənilər tərəfindən aparılan etnik təmizləmə siyasəti ilə bağlı beynəlxalq təşkilatlara müraciət olunmalıdır. Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləmə siyasəti ilə əlaqədar Avropa Şurası qarşısında məsələ qaldırılmalıdır. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti 1948-1953-cü illər ərzində Ermənistan rəhbərliyi tərəfindən azərbaycanlıların deportasiya olunması məsələsinə hüquqi və siyasi qiymət verilməsi istiqamətində səylərini artırmalıdır.

Deputatlardan İqbal Ağazadə, Zeynəb Xanlarova və Qüdrət Həsənquliyev Şəhriyar mədəniyyət evinin yaxınlığında Məmmədhüseyn Şəhriyarın heykəlinin qoyulmasını təklif kimi irəli sürdülər.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov "Azərbaycan Respublikası hökuməti ilə Meksika Birləşmiş Ştatları hökuməti arasında diplomatik pasporta malik vətəndaşların vizadan azad olunması haqqında" sazişlə bağlı çıxış edərək bildirdi ki, sənəd 2008-ci il sentyabrın 26-da Nyu-York şəhərində imzalanmışdır. Tərəflər öz dövlətlərində diplomatik pasporta malik olan vətəndaşların ölkəyə gəlmək, ölkədən getmək və tranzit keçidini asanlaşdırmaq məqsədi daşıyır.

Qanun layihəsi səs çoxluğu ilə qəbul olundu.

"Azərbaycan Respublikası hökuməti və Slovakiya Respublikası hökuməti arasında gömrük məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında" Sazişin təsdiq edilməsi ilə bağlı layihə barədə parlamentin İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə məlumat verdi. O bildirdi ki, 2008-ci il iyunun 27-də Brüsseldə imzalanmış sazişə əsasən adıçəkilən dövlətlərin gömrük orqanları öz səlahiyyətləri və imkanları daxilində qanunsuz daşınmalar, dövlətlərin ərazisində malların qanunsuz saxlanması üçün istifadə olunan yerlər barədə bir-birlərinə məlumat verməlidirlər. Bu sənəd də səs çoxluğu ilə qəbul edildi.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədi Əli Hüseynov "İşgəncə və digər qəddar, qeyri-insani və ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokolunun təsdiq edilməsi haqqında sənədlə bağlı dedi ki, tərəflər ləyaqəti alçaldan rəftar və cəza növlərinin qarşısının alınması məqsədilə milli səviyyədə bir və ya bir neçə orqan yaratmağı qarşılarına məqsəd qoyurlar. Birgə əməkdaşlıq obyektivlik prinsipləri rəhbər tutularaq həyata keçiriləcək. Bu qanun layihəsi yekdilliklə qəbul olundu.

Parlament sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərov "Nüvə terrorçuluğu əməlləri ilə mübarizə haqqında" Beynəlxalq Konvensiyanın təsdiq edilməsi barədə" və "Azərbaycan Respublikasının milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)" yubiley medalının təsis edilməsi haqqında" qanun layihələri barədə məlumat verdi. Komissiya sədri qeyd etdi ki, 2005-ci il sentyabrın 15-də imzalanmış Beynəlxalq Konvensiyaya ölkəmiz qeyd-şərt və bəyanatla qoşulmuşdur. Belə ki, Azərbaycan Respublikası bəyan edir ki, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində Konvensiyanın müddəalarının həyata keçirilməsinə həmin ərazilər işğaldan azad olunana qədər təminat vermək iqtidarında deyildir.

O, 2009-cu ildə milli təhlükəsizlik orqanlarının 90 illiyinin qeyd olunacağını və bu münasibətlə yubiley medalının təsis edilməsini mühüm addım saydı. Hər iki sənəd deputatlar tərəfindən qəbul edildi.

Komissiya sədri Əli Hüseynov "Notariat haqqında" və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə" qanun layihəsi barədə məlumat verdi. Bildirdi ki, notariat xidmətlərinə görə vətəndaşlar tərəfindən ödəniləcək vəsaitin məbləği bütün notariat kontorlarında imperativ norma kimi göstəriləcəkdir. Deputatlardan Yevda Abramov, Vasif Əliyev layihəyə dair fikirlərini bildirdilər. Sənəd səsə qoyuldu və qəbul edildi.

Milli Məclisin Aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov "Torpaq islahatı haqqında" qanuna, Torpaq Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərdən danışaraq dedi ki, qanunlara edilən dəyişikliklərə əsasən Xəzər dənizinin sahilboyu ərazilərində 20-50 metrlik məsafədə tikintinin aparılması, hasarların çəkilməsi, gediş-gəlişə maneçilik törədilməsi halları baş verərsə, İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki və hüquqi şəxslər cərimə olunacaqlar. Qanunlarda edilən dəyişikliklərdə vətəndaşların mənafeləri nəzərə alınmışdır.

Deputat Mübariz Qurbanlı Xəzər dənizinin sahil zolağının istifadəsi ilə bağlı ayrıca qanun layihəsinin hazırlanmasını təklif etdi. Deputat Qənirə Paşayeva təklif etdi ki, layihədə sahil zolağından dövlət məqsədləri üçün istifadə edilməsi bir bənd kimi göstərilməlidir. O, qanunvericiliyin pozulmasına görə cərimələrin artırılmasını zəruri saydı.

Deputatlardan Əkrəm Abdullayev, Əli Məsimov, Siyavuş Novruzov qanun layihəsinə dair təkliflərlə çıxış etdilər. Sənəd səs çoxluğu ilə qəbul olundu.

Qısa fasilədən sonra "Arıçılıq haqqında" qanun layihəsi müzakirəyə çıxarıldı. Bununla bağlı məlumat verən Milli Məclisin Aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov bildirdi ki, layihə komissiya üzvlərinin təşəbbüsü ilə hazırlanmışdır. Layihənin hazırlanması zərurəti bir neçə səbəbdən irəli gəlmişdir. Arıçılıq məhsulu olan bal tək ərzaq kimi deyil, təbabətdə də geniş istifadə edilir. Statistik məlumatlara görə, bu gün ölkəmizdə 126 min arı ailəsi var. İl ərzində təxminən 1350 kiloqram bal istehsal edilir. Amma bu, ölkəmizin potensialı ilə müqayisədə xeyli azdır. Eldar İbrahimovun sözlərinə görə, ölkəmizdə az miqdarda maliyyə vəsaitlərindən istifadə etməklə arıçılığı inkişaf etdirmək olar. Bunun üçün əlverişli iqlim və güclü potensial mövcuddur. Mövcud potensialdan düzgün istifadə etməklə ölkəmizdə arı ailələrinin sayını 600 minə, bal istehsalını isə 14 tona çatdırmaq olar.

Eldar İbrahimov onu da da bildirdi ki, bu yaxınlarda dövlət başçısının ərzaq təhlükəsizilyi ilə bağlı təsdiq etdiyi dövlət proqramında arıçılığın inkişafı da nəzərdə tutulub. Arıçılığın inkişaf etdirilməsi reallıqdan irəli gələn zərurətdir. Bunun üçün birinci növbədə hüquqi baza olmalıdır. Müzakirəyə təqdim edilən qanun layihəsinin qəbulunda məqsəd ölkəmizdə arıçılığın təşkilinin və idarə edilməsinin hüquqi və iqtisadi əsaslarını müəyyən etmək, bu sahədə münasibətləri tənzimləməkdir.

Arıçılığın inkişafının kənd təsərrüfatı üçün mühüm əhəmiyyət kəsb etdiyini deyən deputat Tahir Rzayevin sözlərinə görə, qanun layihəsi mükəmməl hazırlanıb. Tahir Rzayev təklif etdi ki, arıcılıqla bağlı kadrların yetişdirilməsi üçün Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında ayrıca ixtisas açılsın.

Deputat Əli Məsimli bildirdi ki, qabaqcıl texnologiyalardan istifadə etməklə ölkədə bal istehsalını səkkiz dəfə artırmaq mümkündür. Bu qanun layihəsinin qəbulu qabaqcıl texnologiyadan istifadə etməklə arıçılığın inkişafına və beləliklə də bal istehsalının, eləcə də digər arıçılıq məhsullarının artımına imkan verəcəkdir.

Belə bir qanunun zəruriliyini qeyd edən deputat Elton Məmmədovun sözlərinə görə, arılar daha çox təbiətə xeyir verirlər. Arılar məhv olarsa, ekoloji fəlakət baş verə bilər. Elton Məmmədov bildirdi ki, dünyanın inkişaf etmiş ölkələrində il ərzində adambaşına bir neçə kiloqram bal düşdüyü halda ölkəmizdə bu rəqəm qat-qat aşağıdır. Azərbaycanda arıçılıq ən qədim təsərrüfat sahələrindən olmasına baxmayaraq, hazırda bu sahədə problemlər mövcuddur. Qanun layihəsinin qəbulu bu problemlərin aradan qaldırılmasına imkan yaradacaqdır. Qanun layihəsi birinci oxunuşun tələblərinə tam cavab verir.

Hazırda ölkədə arıçılığın əsasən fərdi təsərrüfatlarda saxlanıldığını deyən deputat Ərəstun Cavadovun fikrincə, son illərdə bu sahənin inkişafı ilə bağlı zəruri tədbirlər görülməmişdir. İnanırıq ki, qanun layihəsinin qüvvəyə minməsindən sonra arıçılığın inkişafı üçün münbit zəmin yaranacaqdır.

Qanun layihəsinin qəbulunun arıçlıq sahəsindəki çatışmazlıqları aradan qaldıracağına inamını ifadə edən deputat Həvva Məmmədova sənədin mükəmməl hazırlandığını bildirdi. Onun sözlərinə görə, Azərbaycanda arıçılığın inkişafdan qalmasının müəyyən obyektiv səbəbləri var. Bunlardan biri vaxtilə arıçılığın inkişaf etdiyi rayonlarımızın işğal altında olmasıdır. Ermənistanın hərbi təcavüzü minlərlə arı ailəsini də məhv etmişdir.

Qanun layihəsinin müzakirəyə çıxarılmasını təqdirəlayiq hesab edən deputat Rafael Cəbrayılov bəzi təkliflərini diqqətə çatdırdı. Deputat Xanhüseyn Kazımlı bu gün Azərbaycanda arıçılıqla bağlı xüsusi qanuna ciddi ehtiyac olduğunu, müzakirə edilən layihənin birinci oxunuşun tələblərinə cavab verdiyini bildirdi.

İclasda iştirak edən kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev bu məsələ ilə bağlı fikirlərini diqqətə çatdırdıqdan sonra qanun layihəsi birinci oxunuşda qəbul edildi.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin layihəsini müzakirəyə təqdim etdi. Əli Hüseynov layihə barədə məlumat verərək dedi ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra bazar iqtsadiyyatına keçid, yeni iqtisadi münasibətlər, mülkiyyətin özəlləşdirilməsi mənzil münasibətlərinin tənzimlənməsinə bir çox yeniliklər gətirmişdir. Hazırda bu münasibətlərin həyata keçirilməsində bəzi hallarda bir sıra qanun pozuntularına yol verilir və müəyyən pərakəndəlik mövcuddur. İstənilən dövlətdə vətəndaşların mənzillə təminatı ölkənin iqtisadi potensialından və cəmiyyətin ümumi inkişaf səviyyəsindən birbaşa asılıdır. Bu baxımdan Azərbaycanın indiki iqtisadi potensialı bütövlükdə əhalinin mənzil problemlərinin həllinə, xüsusən də aztəminatlı ailələrin mənzil şəraitinin yaxşılaşdırılmasına imkan yaradır. Birmənalı şəkildə qeyd etmək lazımdır ki, dövlət başçısı tərəfindən təqdim olunmuş məcəllə layihəsi ilk növbədə sadalanan problemlərin kompleks həllinə yönəlmişdir. Eyni zamanda bu məcəllə layihəsi mülkiyyətçilərin hüquqlarının daha səmərəli qorunmasına yönəlib. Mənzil Məcəlləsinin layihəsi çox geniş və əhatəlidir. 16 fəsil, 164 maddədən ibarətdir.

Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli bildirdi ki, Mənzil Məcəlləsi vətəndaşların mənzil hüquqlarının qorunmasına, gənc və aztəminatlı ailələrin mənzil problemlərinin həllinə xidmət edəcəkdir.

Müzakirələr zamanı deputatlardan Xanhüseyn Kazımlı, Elmira Axundova, Fazil Mustafayev, Rafael Cəbrayılov, Vasif Əliyev layihə ilə bağlı təkliflərini diqqətə çatdırdılar.

Mənzil Məcəlləsinin layihəsi birinci oxunuşda qəbul edildi.

Qeyd edək ki, Azərbaycanda səfərdə olan Avropa Şurasının baş katibi Terri Devis dünən Milli Məclisin iclasında iştirak edirdi. Deputatlar tərəfindən salamlanan Terri Devis özünü evindəki kimi hiss etdiyini dedi. "Mən Azərbaycanın böyük dostuyam" - deyən Terri Devis vaxt azlığı səbəbindən ölkəmizlə, xüsusən Azərbaycanın mədəni irsi ilə yaxından tanış ola bilməməsindən təəssüfləndiyini bildirdi. Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin Bakıda beynəlxalq konfransının keçirildiyini qeyd edən T.Devis: "Bu gün Avropa Azərbaycanda görüşür, sabah isə dünya Azərbaycanda görüşəcək" - deyə qısa çıxışını başa vurdu.

 

 

Azərbaycan.-2008.-3 dekabr.-S.4.