Şərq və Qərb mədəniyyətlərinin
qovuşuğunda yerləşən
Azərbaycan həmişə
öz füsunkarlığı
ilə diqqəti cəlb etmişdir
AzərTAc xəbər verir ki, Azərbaycanda səfərdə olan Avropa Şurasının (AŞ) baş katibi Terri Devis dekabrın 2-də Milli Məclisin Sədri Oqtay Əsədov ilə görüşmüşdür.
Milli Məclisin Sədri qonağı səmimi salamlayaraq onunla ilk dəfə Strasburqda görüşünü xatırlatmış və qeyd etmişdir ki, Terri Devis görüşdə özünü Azərbaycanın dostu kimi təqdim etmişdir. AŞ-da fəaliyyət göstərdiyi dövrdə Terri Devis müxtəlif məsələlərin müzakirəsində ədalətli mövqeyi və hadisələrə obyektiv münasibətilə həmişə seçilmişdir. Ölkəmizin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar məruzəçi kimi onun tutduğu prinsipial mövqe respublikamızın ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Məhz bu keyfiyyətləri sayəsində Terri Devis Azərbaycan xalqının böyük rəğbətini qazanmışdır.
O.Əsədov bildirmişdir ki, Şərq və Qərb mədəniyyətlərinin qovuşuğunda yerləşən Azərbaycan həmişə öz füsunkarlığı ilə Terri Devisin diqqətini cəlb etmişdir. Milli Məclisin Sədri təəssüflə bildirmişdir ki, qonaq həmişə Azərbaycana rəsmi səfərlər çərçivəsində çox qısa müddətə gəlir. Budəfəki səfər də Bakıda Avropa Şurasının üzvü olan ölkələrin mədəniyyət nazirlərinin konfransına təsadüf etmişdir.
Səmimi görüş üçün minnətdarlığını bildirən Terri Devis Azərbaycan mədəniyyətinə və tarixinə böyük maraq göstərdiyini vurğulayaraq, ölkəmizə həmişə gəlişinin çox qısamüddətli olmasından təəssüfləndiyini bildirmişdir.
Sonra qonaq Bakıda keçirilən "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında sülhün və davamlı inkişafın əsasıdır" mövzusunda beynəlxalq konfrans barədə fikirlərini açıqlamışdır. Qeyd edilmişdir ki, Azərbaycanın həyatın müxtəlif sahələrində əldə etdiyi nailiyyətlər onun bölgədəki nüfuzunu günbəgün artırır.
Söhbətdə tərəfləri maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparılmışdır.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komissiyasının sədri, ölkəmizin AŞ PA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və digər rəsmi şəxslər iştirak etmişlər.
Azərbaycan.-2008.-3 dekabr.-S.4.