AŞ PA-nın
Büro və Daimi Komitə iclaslarında Azərbaycandakı
prezident seçkiləri
yüksək qiymətləndirilmişdir
Xəbər verdiyimiz kimi, noyabrın sonlarında İspaniyanın paytaxtı Madriddə Avropa Şurası Parlament Assambleyasının Büro və Daimi Komitə iclasları keçirilib. İclaslarda Azərbaycandakı prezident seçkiləri ilə bağlı müzakirələr aparılıb. Bununla əlaqədar Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri, parlamentin AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov dekabrın 2-də mətbuat konfransı keçirdi.
Səməd Seyidov dedi ki, AŞ PA-nın Büro və Daimi Komitə iclaslarında 2008-ci il oktyabrın 15-də ölkəmizdə keçirilmiş prezident seçkiləri ilə bağlı məsələlər iki gün müzakirə olundu. Seçki ilə bağlı AŞ PA-nın seçkini müşahidə etmiş missiyasının rəhbəri Andres Herkelin təqdim etdiyi məruzə əvvəlcə komitənin büro iclasında qapalı müzakirə olundu. İkinci gün isə məruzə Daimi Komitənin iclasında müzakirəyə çıxarıldı. A.Herkeldən sonra məruzə ətrafında 15-ə yaxın xarici ölkə nümayəndəsi çıxış etdi. AŞ PA-nın sədri Luis Maria de Puç, Finlandiya, Böyük Britaniya, Ukrayna, Almaniya, Polşa, İsveçrə, Rusiya, Macarıstan nümayəndələri çıxışlarında Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı müsbət fikirlər söylədilər. Ümumiyyətlə, bütün çıxışlarda Azərbaycanda keçirilmiş prezident seçkilərinin demokratik prinsiplərə uyğunluğu, AŞ-nın standartlarına cavab verdiyi birmənalı şəkildə qeyd edildi.
Səməd Seyidov AŞ PA-nın Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı məruzəsinin yekun bəndlərindən danışarkən dedi: "Xüsusi komitə belə bir qənaətə gəlmişdir ki, 2008-ci il oktyabrın 15-də keçirilmiş prezident seçkilərinin nəticəsi ölkə seçicilərinin iradəsini əks etdirir. Sənədin prezident seçkilərinin nəticələri ilə başqa bir yekun bəndində bildirilir ki, Azərbaycan xalqı prezident seçkilərində hakimiyyətdə olan Prezidentlə bağlı stabilliyə və davamlılığa səs vermişdir. Yekun bəndlərdə belə bir cümlə də var: "Yenidən seçilmiş Prezident azərbaycanlıların əksəriyyətinin ona verdiyi möhkəm mandata sahib olmuşdur". Xüsusi komitə, həmçinin hesab etmişdir ki, seçki yaxşı idarə olunmuş və müvafiq qanunvericilik daha da təkmilləşdirilmişdir. Sənədin yekun bəndlərində o da qeyd olunur ki, gələcəkdə, xüsusən növbəti parlament seçkiləri kontekstində seçkilərin təşkili və keçirilməsi hazırkı səviyyədə siyasi platforma və ideyaların yarışması ilə uyğunluq təşkil etdiyi halda Azərbaycan daha yüksək nailiyyətlər əldə edəcəkdir. Bu bəndlərin məruzədə yer alması ölkəmizin böyük uğurudur. Müzakirələrin sonunda AŞ PA-nın sədri belə bir fikir işlətmişdir: "Azərbaycan xalqı tam sərbəst öz prezidentini seçərək iradəsini ifadə edibsə, demək, bu seçki AŞ-nın prinsiplərinə uyğundur".
Səməd Seyidov daha sonra qeyd etdi ki, məruzədə həm Azərbaycan, həm AŞ PA-dan olan müşahidəçilər, həm də beynəlxalq ictimaiyyət üçün vacib olan başqa yekun bəndlər də var. Həmin bəndlərdə AŞ PA-nın Azərbaycandakı bəzi müxalifət partiyalarının prezident seçkisinə qatılmamasına dair münasibət əksini tapıb. Bəndlərin birində deyilir: "Xüsusi komitə 5 siyasi partiyanın seçkilərdə iştirak etməmək qərarından təəssüfləndiyini bildirir və onları seçkilər üçün məsuliyyəti bölüşməli olan müxalifət arasında mənalı dialoqa çağırır". Başqa sözlə, AŞ PA müxalifəti dialoqa dəvət etmişdir. İlk dəfə AŞ PA tribunasından Azərbaycanda müxalifət daxilində dialoqun olmaması bəyan edilmiş və müxalifətə "seçkilər nədir?" məsuliyyətinin dərindən dərk olunması çağırışı edilmişdir.
S.Seydiov bununla bağlı onu da bildirdi ki, məruzədə Azərbaycanda bəzi müxalifət partiyalarının prezident seçkisində iştirak etməməsinin səbəbləri də çox dəqiq göstərilib. AŞ PA müşahidə missiyasının gəldiyi qərarda bu barədə belə deyilir: "Bizim müşahidəçilərimizin çoxunun fikrincə, bəzi müxalifət partiyalarının prezident seçkisini boykot etmələrinin əsl səbəbi həmin 5 partiyanın seçkilərdə qələbə qazanmaq üçün imkanlarının olmamadığını bilmələri və bu səbəbdən növbəti parlament seçkilərində uğur qazanmaq ümidi ilə öz nüfuzlarını qorumaq üçün manevr etmələridir".
Ümumiyyətlə, məruzədə göstərilmiş müddəalar Azərbaycanın çox böyük nailiyyətidir. Ona görə də Büronun və Daimi Komitənin yekdil qərarına əsasən Azərbaycanda seçkilər xalqın iradəsini tam əks etdirdiyinə, Avropa Şurasının və beynəlxalq standartların prinsiplərinə uyğunluq təşkil olunduğuna, seçki missiyası öz funksiyasını yerinə yetirdiyinə görə bu məsələ artıq bağlanmış və AŞ PA-nın yanvar sessiyasında Azərbaycanda seçki ilə bağlı məsələ müzakirə olunmayacaq.
Yanvar sessiyasında başqa məsələ müzakirə ediləcək. Məlum olduğu kimi, seçkidən sonra AŞ PA, Avropa Birliyi və ATƏT müşahidə missiyalarının bir neçə saat ləngimiş mətbuat konfransı keçirilmiş və Azərbaycandakı prezident seçkilərinin qiymətləndirilməsi ilə bağlı birgə bəyanat qəbul edilmişdi. Məhz həmin birgə bəyanat və onun açıqlanmasının gün ərzində ləngiməsi AŞ və ATƏT arasında problemlər yaratmışdır. Ona görə də AŞ PA-nın Büro və Daimi Komitə iclaslarında münasibətlərin ciddi təhlil olunması qərara alınıb. Gələcəkdə iki təşkilat arasında belə problemlər olmaması üçün yanvar sessiyasında bu barədə müzakirə aparılacaq. Müzakirədə bəzi ölkələrə açıq-aşkar ikili standartlarla yanaşmalar, əvvəlcədən hazırlanmış qərarlar, təzyiq üçün istifadə olunan məsələlər, ölkədə müsbət dəyişiklikləri görməmək cəhdləri və müsbət proseslərə kölgə salmaq niyyətləri kimi məsələlər ciddi təhlil olunacaqdır.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-2008.-3 dekabr.-S.4.