Azərbaycan-İtaliya əməkdaşlığı yeni mərhələdə
uğurla inkişaf edir
Xarici siyasət strategiyası dövlətlərin gücü, qüdrəti, təbii resursları, dünya siyasətindəki rolu və yerindən asılı olaraq müxtəlif məqsəd və vəzifələr üzərində qurulur. Hər bir dövlət özünəməxsus prinsip və xüsusiyyətlərlə fərqlənən müxtəlif istiqamətli daxili və xarici siyasət xətti yeridir. Azərbaycan Respublikası da Xəzər-Qafqaz məkanında regional əməkdaşlıq üçün mühüm əhəmiyyət daşımaqla, xüsusən enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində əvəzsiz rola malikdir. Ölkəmizin davamlı iqtisadi inkişafı, regionda təhlükəsizlik və sabitliyin təmin olunmasına verdiyi töhfə dünyadakı nüfuzunu daha da möhkəmləndirməkdədir.
Qərblə Şərqin qovuşduğu coğrafi məkanda yerləşən Azərbaycan bir çox sivilizasiyanın müsbət məqamlarını özündə cəmləşdirmişdir. Zəngin təbii ehtiyatlarımız ölkəmizin qüdrətlənməsi və əhalinin milli rifahının yaxşılaşdırılması üçün perspektivlər açır, onu beynəlxalq əhəmiyyətli enerji mənbəyi və beynəlxalq enerji təchizatı şəbəkəsinin mühüm tərkib hissəsinə çevirir. Azərbaycanın bilavasitə iştirakı ilə beynəlxalq əhəmiyyətli nəqliyyat və kommunikasiya dəhlizlərinin inkişaf etdirilməsi, neft və qaz boru kəmərlərinin inşası region ölkələrinin əməkdaşlığının bariz nümunəsidir.
Ölkəmizin yerləşdiyi coğrafi şərait ona mühüm üstünlüklər verməklə bərabər eyni zamanda bir sıra təhlükəsizlik problemləri ilə də üzləşdirir. Bu problemlərin ən ağır və bariz nümunəsi Azərbaycan Respublikasının qonşu Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalması və bunun nəticəsində ölkə ərazisinin bir hissəsinin işğal olunması və təxminən bir milyon azərbaycanlının məcburi köçkün və qaçqına çevrilməsidir. Təcavüz zamanı Azərbaycan Respublikasının vətəndaşlarına qarşı soyqırımı və terror aktları, sülhə və insanlığa qarşı ən ağır cinayətlər törədilmiş və zəbt olunmuş ərazilərdə transsərhəd mütəşəkkil cinayətlər, o cümlədən beynəlxalq terrorçu qruplar tərəfindən qeyri-qanuni fəaliyyət həyata keçirilməkdədir. Azərbaycanın işğal olunmuş ərazilərində azərbaycanlılara məxsus tarixi, mədəni və arxeoloji abidələr kütləvi surətdə dağıdılmış, təbii sərvətlər talan edilmiş, ətraf mühitə ciddi ziyan vurulmuşdur. Xarici siyasət kursunun prioritet istiqamətini də məhz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil edir. Münaqişənin sülh yolu ilə tənzimlənməsi istiqamətində danışıqların son illər daha da intensivləşdirilməsi müəyyən nəticələrin əldə edilməsinə inamı artırır.
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və inkişaf etdirdiyi xarici siyasət strategiyası nəticəsində dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələr ümummilli mənafelərə əsaslanan xətlə inkişaf etmişdir.
Ulu öndər Heydər Əliyevin balanslaşdırılmış xarici siyasət doktrinasını uğurla davam etdirən Prezident İlham Əliyev dünya siyasətinə əsaslı təsir imkanları olan dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək və inkişaf etdirmək istiqamətində böyük əzmkarlıq göstərir. Azərbaycan dövlətinin xarici siyasətinin gücləndirilməsi, fəal və çevik diplomatiyanın həyata keçirilməsi Prezident İlham Əliyevin xüsusi diqqət yetirdiyi məsələlərdəndir.
Dünya siyasətinə əsaslı təsir imkanlarına malik ölkələrdən olan İtaliya ilə qarşılıqlı faydalı münasibətlərin genişləndirilməsi bu baxımdan diqqəti cəlb edir. İtaliyanın Azərbaycanla əməkdaşlığa göstərdiyi marağı təkcə ölkəmizin malik olduğu strateji-coğrafi mövqe və zəngin karbohidrogen ehtiyatları ilə deyil, həm də möhkəm siyasi sabitliyə, demokratik inkişafa, beynəlxalq birliklə fəal inteqrasiyaya söykənən dövlətçilik kursunun dönməzliyi ilə şərtlənir. İki dövlət arasında dostluq və qarşılıqlı inam əsasında qurulan münasibətlər bütövlükdə Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, qlobal enerji və kommunikasiya layihələrinin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan-İtaliya münasibətlərinin yüksək səviyyəyə gəlib çatması məhz ulu öndər Heydər Əliyevin uzaqgörən xarici siyasəti nəticəsində gerçəkləşmişdir və bu münasibətlər yeni mərhələdə uğurla inkişaf edir. Prezident İlham Əliyevin bu günlərdə İtaliyaya rəsmi səfəri də iki ölkə arasında əlaqələrin bütün sahələrdə daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Dövlət başçısı İlham Əliyev səfər çərçivəsində İtaliyanın Nazirlər Şurasının Sədri Silvio Berluskoni, bu ölkənin parlamentinin Deputatlar Palatasının Sədri Canfranko Fini və digər rəsmi şəxslərlə görüşlər keçirərək ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar sahələrdə qarşılıqlı münasibətlərin daha da möhkəmləndirilməsi məsələləri barədə geniş fikir mübadiləsi aparmışdır.
Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın "RAİ İnternational" telekanalına müsahibəsində İtaliya-Azərbaycan münasibətlərinin yeni mərhələdə uğurla inkişaf etdiyini bildirmişdir: "Ölkələrimiz arasında əlaqələr çox uğurla inkişaf edir. Müstəqilliyi əldə etdiyimiz ilk illərdən İtaliya ilə əlaqələrimiz çox sürətlə inkişaf edir, siyasi əlaqələrimiz də çox yaxındır. Bu, mənim son üç il ərzində ölkənizə ikinci rəsmi səfərimdir. Bu, əlaqələrimizin səviyyəsinin mühüm göstəricisidir. İtaliya şirkətləri Azərbaycanda uğurla çalışır, enerji sektoruna və digər sahələrə böyük sərmayələr yatırırlar. Azərbaycanda bəzi İtaliya şirkətləri müxtəlif sənaye layihələrində podratçı qismində çalışır və eyni zamanda kənd təsərrüfatı sahəsində güclü əlaqələrimiz, geniş fəaliyyət var. Ümumiyyətlə, bunlar çox tarazlaşdırılmış əlaqələrdir, yaxşı gələcəyi var. Çünki siyasi və iqtisadi sahələrdə əlaqələri inkişaf etdirmək üçün yaxşı imkanlar var.
Avropa İttifaqının aparıcı ölkələrindən biri kimi İtaliya Azərbaycanın bu qurumla əlaqələrində mühüm rol oynayır. Hesab edirik ki, bu əlaqələr uğurla inkişaf edir. İqtisadi sahədə gələcəkdə görüləcək işlər çoxdur, çünki ölkəmizin imkanlarını öyrənməyə və Azərbaycanın regionumuzda çox mühüm rol oynadığını görməyə hələ ehtiyac var".
Ölkə başçısının İtaliyaya rəsmi səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələdə inkişafına güclü təkan verəcəkdir. Azərbaycanın bölgədə aparıcı dövlətə çevrilməsi, qlobal və enerji layihələrinin həyata keçirilməsində söz sahibi olması ölkəmizin dünyadakı nüfuzunu artırmaqdadır. Ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rola malik olacağını nəzərə alsaq, Avropa İttifaqı ölkələrinin Azərbaycanla hərtərəfli əməkdaşlığa böyük diqqət yetirmələrini başa düşmək olar. Avropa İttifaqının aparıcı ölkələrindən olan İtaliya ilə də əməkdaşlığın daha da inkişafı hər iki ölkənin mənafelərinə tam cavab verir.
E.HACIALIYEV
Azərbaycan.-2008.-
4 dekabr.-S.1.