Fransız hökuməti
qondarma "erməni soyqırımı"na görə cərimə ödənilməsinin rəsmən
əleyhinədir
Fransa parlamentinin aşağı palatasının - Milli Assambleyanın dekabrın 2-də keçirilmiş yığıncağında Alfortvil şəhərinin meri deputat Rene Ruke qondarma "erməni soyqırımı"nı inkar edənlərin cərimə ödəmələri haqqında iki il bundan əvvəl palatanın qəbul etdiyi qanuna hökumətin öz münasibətini bildirməsi barədə Baş nazir Fransua Fiyona müraciət etmişdir.
Deputat Fransanın 2001-ci il yanvar ayının 29-da "erməni soyqırımı"nı tanıdığını, Milli Assambleya tərəfindən "soyqırım"ı inkar edənlərə qarşı cəza tədbiri kimi cərimə ödənilməsinin tətbiq olunması barədə qanun qəbul etdiyini xatırlatmış, amma nədənsə həmin qanunun Senatda müzakirə olunmamasına hökumətin münasibət bildirməsini tələb etmişdir.
Fransız qanunlarına görə, Baş nazirə ünvanlanmış suallara həmin sahəyə rəhbərlik edən nazir və yaxud dövlət katibi cavab verə bilər.
Daxili işlər üzrə dövlət naziri Alen Marleks deputatın sualına cavabında bildirmişdir ki, tarixi baxımdan keçmişdə qalmış bu məsələnin həqiqiliyini öyrənmək və ona münasibət bildirmək Senat kimi qanunverici orqanın işi deyil, bu məsələnin araşdırılması ilə tarixçilər məşğul olmalıdırlar. Digər tərəfdən isə, son vaxtlar Türkiyə ilə Ermənistan arasında yaxınlaşma hiss edilir. Türkiyə Prezidenti Abdullah Gülün Yerevana səfəri tarixi bir hadisə olmaqla yanaşı, həm də iki ölkə arasında münasibətlərin yaxşılaşmasına doğru atılmış mühüm addımdır. Fransa dövləti bunu dəstəkləyir.
Sonda A.Marleks hökumətin qondarma
"erməni soyqırımı"nın inkarına görə cəza tədbiri kimi cərimə ödənilməsinin
rəsmən əleyhinə
olduğunu vurğulamışdır.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Paris
Azərbaycan.-2008.-4 dekabr.-S.1.