İslahatçı Prezident

 

Seçib-seçilmək istəyi insanlığın daim can atdığı ali mənəvi dəyər olaraq ta qədimdən sivilizasiyanın müasir mərhələsinədək uzun yol gəlmiş, bəşəriyyətin demokratik-hüquqi ideallar uğrunda mücadiləsinin ideya istiqamətinə, başlıca qayəsinə çevrilmişdir. Yaranmış əlverişli tarixi şəraitdə gələcəyi baxımından xeyirli olanı seçən ayrı-ayrı xalqlar bununla həm də dünya miqyasında özünütəsdiq şansı qazanmış, etnos kimi nəyə qadir və layiq olduqlarını təcəssüm etdirmişlər. Tale yolunu müstəqil şəkildə seçmək, gələcək müqəddəratını sərbəst şəkildə müəyyənləşdirmək əzmini qərinələr boyu sübuta yetirmiş azərbaycanlıların da milli düşüncəsində seçim anlayışı dərin mənəvi-psixoloji və toxunulmaz məzmuna malikdir. Yaxşını pisdən, ağı qaradan seçməyi bacaran müdrik xalqımızın dünyagörüşündə xeyrin şər üzərində təntənəsi, ədalətli rəhbərə sahiblik arzusu da qırmızı xətlə keçir.

 

Müdrikliyə əsaslanan seçim

 

Azərbaycanın demokratikləşməsi və Avratlantik məkana inteqrasiyası yolunda keyfiyyətcə yeni mərhələnin əsasını qoymuş 2008-ci ilin 15 oktyabr seçkiləri Azərbaycan vətəndaşlarının xalqın və dövlətin gələcəyi baxımından son dərəcə dürust, reallığa adekvat seçim etdiyini, habelə Heydər Əliyev siyasi kursunun cəmiyyət üçün strateji önəmini nümayiş etdirmişdir. Son seçkilərin nəticələrinə nəzərən bir daha təsdiqlənmişdir ki, Azərbaycan cəmiyyəti ulu öndərin zəngin dövlətçilik irsini ölkənin milli təhlükəsizliyinin, iqtisadi maraqlarının və siyasi sistemin sabitliyinin təmin edilməsinə yönələn təkmil siyasi konsepsiya kimi qəbul edir.

Müstəqil respublikamızın son illərdə ciddi iqtisadi uğurlara imza atması, ümumi daxili məhsulun artım tempinə görə dünyada lider mövqelərini qoruyub saxlaması, regional layihələrin gerçəkləşməsində əsas söz sahibi kimi çıxış etməsi məhz dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış, təcrübədən uğurla çıxmış təkmil mexanizmlər əsasında həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Azərbaycanın bütün problemlərinə milli dövlətçilik kontekstindən yanaşan, cəmiyyətin ümumi inkişaf qanunauyğunluqlarını dəqiq şəkildə qiymətləndirməyi bacaran, eyni zamanda ictimai həyatın müxtəlif sahələrindəki çətinliklər və nöqsanlar haqqında aydın təsəvvürə malik olan Prezident İlham Əliyev məhz bu keyfiyyətləri sayəsində yeni dövr üçün qarşıda duran prioritet vəzifələri dəqiq şəkildə müəyyənləşdirməyə müvəffəq olmuşdur.

Güclü, mobil və yüksək iş qabiliyyətli komandaya malik dövlət başçısı sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində qarşıda duran prioritet vəzifələri düzgün müəyyənləşdirməklə, ilk növbədə, milli iqtisadiyyatda infrastruktur dəyişikliklərinə nail olmağın, kəmiyyət dəyişikliklərini keyfiyyət müstəvisinə keçirməyin zəruriliyini önə çəkmişdir. Cənab İlham Əliyev son beş ildə imzaladığı fərman və sərəncamlarla, qəbul etdiyi praqmatik qərarlarla, habelə obyektiv reallıqdan irəli gələn addımları ilə ölkəmizin dinamik yüksəlişini təmin etmiş, həyata keçirdiyi islahatlarla inkişaf mexanizminin işləkliyinə nail olmuşdur.

 

İqtisadi inkişafın "güzgüsü", yaxud rəqəmlər nə deyir

 

İnkişaf etmiş dövlətlərin onilliklər boyu keçdiyi təkamül və tərəqqi mərhələlərini qısa zaman kəsiyində qət edərək bütövlükdə Cənubi Qafqazda mühüm rolu və mövqeyi ilə seçilən Azərbaycanın regional liderə çevrilməsi, ümumi daxili məhsul istehsalına görə öncüllüyünü qoruyub saxlaması heç də yalnız respublikanın zəngin təbii sərvətləri, əlverişli geostrateji mövqeyi ilə şərtlənmir. Analoji inkişaf yolu keçmiş əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da bu zəngin potensialın xalqın mənafeyinə uyğun realizə edilməsi, hər bir fərdin maraq və mənafeyinə cavab verən milli siyasət strategiyasının həyata keçirilməsi lider amili ilə bilavasitə bağlıdır. Azərbaycan Prezidenti İlham Əliyevin yeni dövrün praqmatik və rasional düşüncəli lideri olaraq səlahiyyətlərinin icrasına başladığı ilk gündən bildirmişdir ki, müasir dünyada iqtisadi inkişaf potensialı hər bir dövlətin gücünü və qüdrətini müəyyən edən başlıca amil kimi çıxış edir. Dinamik inkişafda olan iqtisadiyyat sabitlik, əmin-amanlıq, demokratiya və vətəndaş cəmiyyəti, milli təhlükəsizlik, effektiv xarici siyasət deməkdir. Təsadüfi deyildir ki, Prezident İlham Əliyevin son beş illik fəaliyyəti dövründə hökumətin fəaliyyətinin əsas ağırlıq mərkəzi məhz tarazlı və davamlı iqtisadi inkişafın təmin edilməsi məqsədinə yönəlmişdir. Ötən dövrün təhlili deməyə əsas verir ki, dövlət başçısı hər bir mərhələ üçün hökumət qarşısında hansı əsas problemlərin, başlıca vəzifələrin dayandığını aydın təsəvvür edir və onların həlli üçün konkret planlara, proqramlara, yüksək potensiallı, çevik komandaya malikdir. Cənab İlham Əliyevin yenilməz iradəsi, düşüncəsinin dinamizmi, dünyada gedən qlobal iqtisadi prosesləri anlamaq, təhlil edib modelləşdirmək və siyasi davranışın ən əlverişli sxemlərini reallaşdırmaq qabiliyyəti son beş ildə Azərbaycanın inkişaf dinamikasını daha da sürətləndirmişdir.

Dövlət başçısı İlham Əliyevin iqtisadi islahatlara xüsusi diqqət yetirməsi təkcə davamlı tərəqqi və sosial rifah amilləri ilə bağlı olmayıb həm də ölkədə demokratikləşmə və modernləşmə xəttinin diktə etdiyi obyektiv siyasi reallığa əsaslanmışdır. Azərbaycan Prezidenti oktyabrın 24-də keçirilmiş təntənəli andiçmə mərasimindəki dərin məzmunlu nitqində bu iki təmayülü - iqtisadi inkişaf və demokratik-siyasi islahatları ölkənin konseptual inkişaf strategiyasının mühüm vektorları, prioritet istiqamətləri kimi önə çəkmişdir: "Siyasi islahatlar iqtisadi islahatlarla tamamlanmalıdır. Azərbaycanda həm siyasi, həm də iqtisadi islahatlar paralel şəkildə aparılır və hesab edirəm ki, bizim uğurumuzun əsas səbəbi məhz bundan ibarətdir. Biz siyasi islahatları artıq yaranmış çox güclü iqtisadi təməl üzərində qururuq. Əgər bu iqtisadi təməl olmasa, siyasi islahatları aparmaq o qədər də asan olmayacaqdır. Əgər demokratik inkişaf baxımından ən öndə gedən ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, onların tam əksəriyyətində iqtisadi inkişaf çox yüksək səviyyədədir".

Hələ 24 noyabr 2003-cü il tarixdə "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" ilk iqtisadi fərmanını imzalayan cənab İlham Əliyev bir iqtisadi-siyasi formasiyadan digərinə keçidlə bağlı uzun illərdən bəri həllini gözləyən problemlərin aradan qaldırılması üçün müxtəlif dövlət proqramlarının hazırlanmasının təməlini qoymuşdur. Baza rolunu oynayan fərmanda ölkə iqtisadiyyatında müşahidə olunan dinamik inkişaf meyillərinin daha da sürətləndirilməsi yolları nəzəri-praktiki və konseptual əsasda əksini tapmışdır. Azərbaycan Prezidentinin 27 sentyabr 2004-cü il tarixli fərmanı ilə təsdiq edilmiş "Neft və qaz gəlirlərinin istifadə olunması üzrə uzunmüddətli strategiya"nın əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Bu strategiyada vəsaitlərin qeyri-neft sektorunda, regionların, kiçik və orta sahibkarlığın inkişafında, infrastruktur sahələrin genişmiqyaslı inkişafında, yoxsulluğun azaldılması üzrə tədbirlərin həyata keçirilməsində, "insan kapitalı"nın formalaşmasında, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsində və digər bu kimi istiqamətlərdə istifadə olunması nəzərdə tutulmuşdur.

Dövlət başçısı İlham Əliyev reallığı düzgün dəyərləndirərək ölkə iqtisadiyyatının hərtərəfli inkişafının stimullaşdırılması üçün neft strategiyasının davam etdirilməsini, "qara qızıl"dan əldə olunan vəsaitlərin digər sahələrə yönəldilməsini vacib saymışdır. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu yeni neft strategiyasının reallaşdırılması baxımından son beş ili kifayət qədər uğurlu saymaq olar. Xatırlatmaq yerinə düşər ki, hələ 2005-ci il fevralın 18-də "Əsrin müqaviləsi" çərçivəsində "Mərkəzi Azəri" platforması istismara verilmiş, mayın 25-də BTC-nin Azərbaycan, oktyabrın 12-də isə Gürcüstan hissəsinin neftlə doldurulması ilə bağlı təntənəli mərasimlər keçirilmişdir. 2006-cı il iyulun 13-ü siqlətinə görə tarixi bir hadisəyə şahidlik etmişdir: Türkiyənin Ceyhan terminalında Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə BTC-nin tam istismara verilməsi ilə bağlı möhtəşəm mərasim təşkil olunmuş, beləliklə, kimlərinsə bir vaxtlar əfsanə hesab etdiyi bu layihə "Əsrin müqaviləsi"nin imzalanmasının 12-ci ildönümü ərəfəsində gerçəkliyə çevrilmişdir. Cənab İlham Əliyevin siyasi iradəsi və səyləri ilə ötən beş ildə həmçinin Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilmiş, Azərbaycanın mavi yanacağı Avropa bazarlarına nəql olunmuşdur.

Azərbaycanın mühüm uğurlarından biri də Prezidentin qısa müddətdə Avropa üçün alternativ enerji mənbələri formalaşdırmaq, neft kəmərlərini şaxələndirmək təşəbbüslərini praktik fəaliyyət müstəvisinə keçirməyə nail olmasıdır. Respublikamız öncə GUAM çərçivəsində, sonra isə daha böyük geosiyasi arealda fəal əməkdaşlıq çevrəsi yaratmaqla, Avropanın bir sıra aparıcı dövlətlərini yeni enerji təhlükəsizliyi sistemi ətrafında müzakirələrə cəlb edə bilmişdir. Bu baxımdan Azərbaycan nefti və qazı hesabına yaradılacaq enerji təhlükəsizliyi sistemi ilə bağlı 2007-2008-ci illərdə Krakov, Vilnüs, Kiyev və Tbilisidə təşkil olunmuş enerji sammitlərinin əhəmiyyəti xüsusi vurğulanmalıdır. Beynəlxalq əhəmiyyətli bu tədbirlərdə GUAM dövlətləri ilə yanaşı, Qazaxıstan, Polşa, Litva, Latviya, Estoniya, Rumıniya, Bolqarıstan kimi dövlətlərin də yaxından iştirak etməsi Avropada alternativ enerji mənbələrinə olan obyektiv tələbatın miqyası barədə aydın təsəvvür yaradır. "Nabukko" layihəsini həyata keçirəcək yeni konsorsiumun - Sarmatiyanın əsas məqsədi də məhz Azərbaycan Respublikası, Gürcüstan, Ukrayna və Polşa respublikalarının ərazisindən keçməklə Xəzər dənizindən Avropa bazarlarına və beynəlxalq bazarlara gedən daşınma sistemlərinin reallaşdırılmasının mümkünlüyünü təhlil etməkdir.

Dövlət büdcəsi hər bir dövlətdə davamlı iqtisadi inkişafın güzgüsü, barometri sayılır. Azərbaycanın son beş ildəki büdcəsinə nəzər saldıqda, həyata keçirilən neft strategiyasının milli maraq və mənafe baxımından səmərəliliyi bir daha təsdiqini tapır. MDB dövlətlərinin büdcə vəsaitləri son beş ildə təxminən 15-20 faiz artdığı halda, respublikamızda bu göstərici üzrə fərq 10 dəfədən çoxdur. Azərbaycanın büdcə gəlirlərinin illik artım tempi ötən dövrdə orta hesabla 30-40 faiz artımla müşayiət olunmuşdur. Məsələn, əgər 2003-cü ildə büdcə gəlirləri 1 milyard 200 milyon manat təşkil edirdisə, 2004-cü ildə bu rəqəm 1 milyard 500 milyon manat, 2005-ci ildə 2 milyard 100 milyon manat, 2006-cı ildə 3 milyard 800 milyon manat olmuş, 2007-ci ildə 50 faizdən də çox yüksələrək 6 milyard manatı ötmüşdür. 2008-ci ilin büdcəsinin 10 milyard manatı ötməsi də artım dinamikasının miqyasını əyani surətdə nümayiş etdirir. Büdcə gəlirlərinin sürətli artımı nəticəsində artıq 3 ildir ki, hökumət may-iyun aylarında dövlət büdcəsində əlavə və dəyişikliklər etməli olur.

2009-cu ilin büdcəsi də nikbindir. Proqnozlara əsasən, 2009-cu ildə ölkənin əsas makroiqtisadi göstəricisi olan ümumi daxili məhsulun həcmi 43,6 milyard manat, artım tempi 18 faiz təşkil edəcəkdir. Gələn ilin büdcə gəlirlərinin məbləği ÜDM-in təxminən 28 faizi nisbətində olacaqdır. 2009-cu ildə büdcənin gəlirlər bölməsi cari illə müqayisədə 16,1 faiz artaraq 12 milyard 177 milyon manata çatacaqdır. Gələn il Azərbaycanın icmal büdcəsinin gəlirləri 22 milyard 680 milyon manat təşkil edəcəkdir və bu da 2008-ci ilə nisbətən 29,9 faiz çoxdur.

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2008-ci ilin 9 ayının yekunlarına həsr olunmuş iclasında ötən beş ildə ölkə iqtisadiyyatının üç dəfəyədək artmasını ciddi uğurlardan biri kimi diqqətə çəkmişdir. "2003-2008-ci illərdə Azərbaycanın iqtisadiyyatı, ümumi daxili məhsul 2,7 dəfə artıbdır. Mən hesab edirəm ki, bu, dünyada tarixi bir nailiyyətdir. Mən yaxın keçmişdəki tarixdə ikinci elə ölkə tanımıram ki, beş il ərzində iqtisadiyyatı təxminən 3 dəfə artsın. Azərbaycan dörd il ərzində iqtisadi artım baxımından dünyada birinci ölkədir" - deyən dövlət başçısı dünya iqtisadiyyatını iflic edən maliyyə böhranının Azərbaycandan yan keçməsini ölkədəki düşünülmüş uğurlu iqtisadi strategiyanın məntiqi nəticəsi saymış, makroiqtisadi durumun sabitliyini razılıqla qeyd etmişdir.

 

Azərbaycan - "islahatçı ölkə"

 

Azərbaycan Prezidenti İlham Əliyev ilk gündən iqtisadiyyatın birqütblü inkişafını yolverilməz sayaraq respublikanın neft gəlirlərindən asılılığının aradan qaldırılmasına - qeyri-neft sektorunun, istehsal sahibkarlığının inkişafına xüsusi diqqətlə yanaşmış, regionların tarazlı və davamlı inkişafı, tarixi məşğulluq ənənələrinin bərpası istiqamətində ardıcıl tədbirlər sistemi həyata keçirmişdir. Bu siyasət neftdən asılılığı azaltmaqla ölkədəki dinamik iqtisadi inkişaf tempini sabit saxlamağa imkan verən fundamental əsasların yaradılmasını nəzərdə tutur. "Biz öz siyasətimizi elə aparmalıyıq ki, guya Azərbaycanda neft yoxdur. İqtisadiyyatın bütün sahələrində və ilk növbədə, qeyri-neft sektorunda mövcud strukturlar inkişaf etdirilməlidir. Biz yalnız bu yolla Azərbaycanı hərtərəfli inkişaf etmiş dövlətə çevirə bilərik" - deyən dövlət başçısı neft gəlirlərini digər strateji sahələrə yönəltməklə, qeyri-neft sektorunun, sənayenin inkişafına, infrastrukturun müasirləşməsinə, davamlı tərəqqiyə zəmin yaradan investisiya layihələrinin gerçəkləşməsinə xüsusi diqqətlə yanaşmışdır.

Bazar iqtisadiyyatının tələblərinə uyğun funksional idarəetmə mexanizmlərinin formalaşdırılması, liberal iqtisadi münasibətlərin inkişaf etdirilməsi və dövlət strukturlarının iqtisadi fəaliyyət sahələrinə nəzarətinin təkmilləşdirilməsi nəticəsində son beş ildə azad bazar prinsiplərinin daha geniş vüsət alması özəl sektorun inkişafına təkan vermiş, iş adamlarının fəaliyyətini stimullaşdırmışdır. Bu tədbirlərin mahiyyəti və konseptual məzmunu iqtisadiyyatın liberallaşdırılması və sərbəst bazar prinsiplərinin dərinləşdirilməsindən ibarət olmuş, nəticədə milli sahibkarların ümumi daxili məhsuldakı xüsusi çəkisi 84 faizə çatmışdır.

2004-cü ilin 1 fevralında yerli sahibkarlarla görüşən dövlət başçısı onların fəaliyyətinə hər cür institusional-təşkilati dəstəyin göstəriləcəyini, qanunvericiliyin təkmilləşdiriləcəyini, maliyyə-kredit təminatının yaxşılaşdırılacağını bəyan etmişdir. Ötən beş ildə kiçik və iri sahibkarlara dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin ildən-ilə artırılması, iş adamlarının fəaliyyətinə süni müdaxilələrin aradan qaldırılması, antiinhisar və korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, biznes subyektlərinin qeydiyyatı və lisenziya sisteminin sadələşdirilərək "vahid pəncərə" prinsipi əsasında aparılması, yerlərdə regional iqtisad məhkəmələrinin formalaşdırılması, azad iqtisadi zonaların yaradılmasını nəzərdə tutan xüsusi fərmanın imzalanması və s. tədbirlər iş adamları tərəfindən də razılıqla qarşılanır. Kənd təsərrüfatı sahəsində çalışan fermerlərin lazımi texnika, gübrə və toxum məhsulları ilə təmin edilməsinə kömək məqsədilə "Aqrolizinq" Səhmdar Cəmiyyətinin yaradılması, onların gəlir vergisindən azad edilməsi, güzəştli şərtlərlə yanacaq və motor yağları ilə təmini də sahibkarlığa göstərilən qayğının mühüm tərkib hissəsi kimi xüsusi vurğulanmalıdır.

Son beş ilin iqtisadi mənzərəsi liberal ruhlu islahatların dinamikliyinə stimul verən, sahibkarlığın inkişafını sürətləndirən mühüm qanun və proqramların qəbulu, qanunvericiliyin beynəlxalq tələblərə cavab verən standartlara çatdırılması ilə müşayiət olunur. Sahibkarlığın inkişafı ilə bağlı kompleks tədbirlərin davam etdirilməsi məqsədilə "2008-2015-ci illər üçün sahibkarlığın inkişafı Dövlət Proqramı"nın layihəsi hazırlanmışdır və hazırda aidiyyəti qurumlarla razılaşdırılır.

Azərbaycanın ildən-ilə əhəmiyyətli dərəcədə artan maliyyə imkanları onun həm də sərmayədar ölkəyə çevrilməsini, digər dövlətlərin iqtisadiyyatına kapital yatırmasını şərtləndirir. Türkiyə, Gürcüstan, Moldova ərazisində inşa edilən nəhəng sənaye obyektləri respublikamızın həmin ölkələrin bu məhsullara olan təminatında həlledici rol oynaması ilə bərabər, sərmayədar dövlət kimi dünya bazarında rəqabət imkanlarını artırır. Türkiyənin nəhəng sənaye sütunu olan "Petkim"in və "Tekfen" Holdinqin səhmlərinin böyük bir hissəsinin ARDNŞ tərəfindən alınması respublikamızın iqtisadi qüdrətinin bariz nümunəsidir. Şübhəsiz digər ölkələrin iqtisadiyyatına yatırılan investisiyalar yaxın perspektivdə respublikamıza böyük iqtisadi dividendlər qazandıracaqdır. Eyni zamanda azərbaycanlı iş adamları artıq Türkiyədə, Gürcüstanda və Orta Asiya respublikalarında öz bizneslərini qurur, fəaliyyət dairələrini ildən-ilə genişləndirirlər.

Ölkəmiz regional və beynəlxalq əhəmiyyətli layihələri də daxili imkanları hesabına maliyyələşdirmək gücündədir. Təkcə bir faktı demək kifayətdir ki, Azərbaycan Şərqlə Qərbi birləşdirəcək strateji əhəmiyyətli Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin maliyyələşdirilməsi üçün Gürcüstana 25 il müddətinə 200 milyon dollar kredit vermişdir.

Respublikanın əldə etdiyi uğurlar dünyanın ən nəhəng reytinq təşkilatları və maliyyə institutlarının hesabatlarında da əksini tapmışdır. Azərbaycanın adı son iki ildə maliyyə təşkilatlarının qiymətləndirmələrində islahatçı və pozitiv dəyişikliklərə nail olan dövlətlər sırasında çəkilir. "FITCH IBKA", "MOOD_S" kimi beynəlxalq reytinq agentliklərinin apardığı metodoloji araşdırmalarda və qiymətləndirmə əmsallarında respublikamız Avropanın inkişaf etmiş dövlətlərinin reytinq göstəricilərinə yaxınlaşmışdır. Bu reytinqlər Azərbaycanın dünyanın nüfuzlu maliyyə təşkilatlarının etibarlı tərəfdaşına çevrildiyini və kreditlərin cəlb edilməsində açıq məkan olduğunu təsdiqləyir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, ötən beş ildə Azərbaycan iqtisadiyyatına 44 milyard dollar sərmayə qoyulmuşdur və bu da müstəqillik dövründə respublikamıza yatırılan sərmayələrin 77 faizini təşkil edir.

Ümumdünya İqtisadi Forumu (Davos Forumu), Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, "Qoldman Saks" təşkilatı, Beynəlxalq Maliyyə Korporasiyası, Müstəqil Dövlətlər Birliyinin Statistika Komitəsi və digər qurumların hesabatlarında da Azərbaycanda investisiyalar üçün əlverişli biznes mühitinin yaradılması, sahibkarlıq subyektlərinin qeydiyyat prosesinin təkmilləşdirilməsi, əcnəbi sərmayəçilər üçün hökumət tərəfindən əlverişli sərmayə imkanlarının təmin edilməsi, eləcə də digər tədbirlərin intensiv xarakter alması əksini tapmışdır. Məsələn, Davos Dünya İqtisadi Forumunun 2008-ci il üzrə hesabatında rəqabətqabiliyyətlilik sahəsində Azərbaycan 66-cı yeri tutmuşdur. "Qoldman Saks" kimi mötəbər qurumun reytinqində (2008-ci il üzrə) isə Azərbaycan 61-ci yerdə qərar tutmuşdur.

Dünya Bankının ən iri maliyyə strukturlarından olan Beynəlxalq Maliyyə Korporasiyasının dünya ölkələrində biznes mühitinə dair hazırladığı növbəti "Doing Business - 2009" hesabatında isə Azərbaycan "islahatçı ölkə" elan edilmişdir. İşgüzar mühitin əlverişliliyi baxımından ötən il dünya üzrə 97-ci yerdə olan respublikamız bu il 33-cü yerə yüksəlmişdir. Bununla da hesabatın tərtib edildiyi tarix ərzində ən böyük sıçrayış rekordu müəyyən edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 24-də keçirilmiş andiçmə mərasimində demişdir: "Mən çox şadam ki, iqtisadi sahədə göstərilən səylər və əldə edilmiş nailiyyətlər, eyni zamanda dünya tərəfindən və beynəlxalq maliyyə qurumları tərəfindən də bəyənilir və dəstəklənir. Bunun sübutu dünyanın aparıcı maliyyə qurumu olan Dünya Bankının 2008-ci il üzrə hesabatıdır. O hesabatda Azərbaycan dünyada bir nömrəli islahatçı ölkə kimi tanınır. Bu, çox böyük qiymətdir, bizim səylərimizə, siyasətimizə verilən qiymətdir".

 

Sosial-infrastruktur layihələri

insan inkişafına mühüm töhfədir

 

Bu gün neftdən qazanılan vəsaitlərin müəyyən qisminin infrastruktur layihələrinin maliyyələşdirilməsinə yönəldilməsi də respublikamızın milli inkişaf modelinin obyektiv mahiyyətindən irəli gəlir. İnfrastrukturun yeniləşdirilməsi insanların firavan və rahat yaşayışı, sahibkarlığın dinamik inkişafı məsələləri ilə yanaşı, bu gün həm də ölkənin milli təhlükəsizliyi ilə bağlı məsələdir. Ümumbəşəri sivilizasiyanın ən yüksək səviyyəyə çatdığı bir şəraitdə Azərbaycan kimi bir ölkənin vətəndaşının normal yaşayışı üçün kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi, zəruri infrastruktur layihələrinin gerçəkləşdirilməsi, ilk növbədə, əhalinin fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatı, yolların bərpası və yenidən çəkilişi, zəruri abadlıq işlərinin aparılması dövlətin bir nömrəli vəzifəsi olmalıdır. Bütün bunlar isə nəticə etibarilə Azərbaycan insanının mədəni-intellektual səviyyəsinin yüksəlişinə, mənəvi-əxlaqi dəyərlərin cəmiyyətdə əsas meyara çevrilməsinə xidmət edir.

Cənab İlham Əliyev infrastrukturun yeniləşdirilməsi məqsədilə dövlət büdcəsində investisiya xərclərinin ildən-ilə artırılmasını təmin edir. Əgər 2006-cı ilin dövlət büdcəsində investisiya layihələrinin maliyyələşdirilməsi üçün 600 milyon manat ayrılmışdısa, 2007-ci ildə bu rəqəm 1,5 milyard manat təşkil etmiş, 2008-ci ildə isə 4 milyard manatı keçmişdir. Ayrılmış vəsait regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş məqsədlərin gerçəkləşdirilməsi, ilk növbədə, infrastrukturun yeniləşdirilməsi məqsədinə yönəldilmişdir. Bölgələrdə genişmiqyaslı tikinti-abadlıq, sosial-mədəni quruculuq işlərinin həyata keçirilməsi, yolların abadlaşdırılması, eyni zamanda Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi məqsədilə yeni körpülərin, yolayrıcılarının, yeraltı keçidlərin tikintisi, mədəniyyət abidələrinin bərpası, yeni məktəblərin, səhiyyə ocaqlarının inşası və digər mühüm tədbirlər məhz investisiya xərclərinin artırılması sayəsində mümkün olmuş, görülən tədbirlər, ilk növbədə, ölkə vətəndaşlarının firavan yaşayışına xidmət etmişdir. Regionların sosial-iqtisadi inkişafı tədbirləri çərçivəsində Bakıya İsmayıllı-Oğuz bölgəsindən su kəmərinin, Xınalığa yolun çəkilişi, Lerik kimi ucqar rayonun təbii qazla təminatı, Bakıda müasir körpülərin salınması, yol şəbəkəsinin müasirləşdirilməsi və digər tədbirlər məhz Azərbaycan insanının mənafeyinə xidmət edir.

Prezident andiçmə mərasimində infrastruktur layihələrinin milli inkişafdakı rolunu xüsusi önə çəkmişdir: "Böyük infrastruktur layihələrimiz həyata keçirilir. Son beş il ərzində 4 beynəlxalq aeroport istismara verilibdir. Səkkiz elektrik stansiyası tikilibdir. Minlərlə kilometr yollar salınıbdır. Qazlaşdırma prosesi uğurla gedibdir. Su kəmərləri çəkilir. Yəni bütün bu infrastruktur layihələri Azərbaycanı gücləndirir".

 

Hər kəs üçün sosial rifah

 

Prezident İlham Əliyevin son beş ildə sosialyönümlü siyasət strategiyasına üstünlük verməsi bir tərəfdən Azərbaycanda insan amilinə, insan hüquqları sisteminə yüksək həssaslıq nümunəsidirsə, digər tərəfdən bazar iqtisadiyyatı yolu ilə inkişaf etmiş bir sıra qabaqcıl dünya dövlətlərinin təcrübəsinə əsaslanır. Dövlət başçısı məhz bu reallıqdan çıxış edərək bildirir ki, bəşər cəmiyyəti sivilizasiyanın ən yüksək mərhələsinə çatdıqca, cəmiyyətdə formalaşmış mənəvi dəyərləri qoruyub saxlamaqla sosial müdafiəyə ehtiyacı olan insanlara daha diqqətlə yanaşmalı, həmin insanların sosial tələbatının ödənilməsi həmin cəmiyyətin mənəvi göstəricisinə çevrilməlidir.

Ölkədə həyata keçirilən sosialyönümlü siyasət son nəticədə insan amilini nəzərdə tutan liberal bazar iqtisadiyyatı xəttini əsas götürür. Yürüdülən siyasət elmi əsaslara söykəndiyindən, bazar iqtisadiyyatı prinsiplərinin cəmiyyətimizdə özünə dayaqlar tapması, özəl sektorun inkişafına yaradılmış şərait, iqtisadiyyatın liberallaşdırılması sosial himayəyə ehtiyacı olan vətəndaşlarımızın maraqları ilə qətiyyən ziddiyyətə girmir. Əksinə, ölkənin iqtisadi inkişafından, neft strategiyasının uğurlu nəticələrindən əldə edilən dividentlər insanlarımızın sosial problemlərinin həllinə, vətəndaşlarımızın həyat səviyyəsinin yaxşılaşmasına yönəlir. Minimum əməkhaqlarının, büdcə təşkilatlarında çalışan ayrı-ayrı vətəndaş kateqoriyalarının məvaciblərinin, pensiya və müavinətlərin artırılması, sosial müdafiə sisteminin getdikcə təkmilləşdirilməsi dövlətin vətəndaşlarına olan diqqət və qayğısının bariz təcəssümüdür.

Ötən beş ildə orta aylıq əməkhaqqı 3,4 dəfə, əhalinin gəlirləri 2,9 dəfə yüksəlmiş, orta pensiya məbləği 17 manatdan 90 manata çatmışdır. 2008-ci il yanvarın 1-dən yaşa görə əmək pensiyasının baza hissəsi 60 manata, sentyabrın 1-dən isə 75 manata qaldırılmış, yəni təkcə bir il ərzində 50 faiz artırılmışdır. Bu, MDB-də pensiyaların məbləği nisbətən yüksək olan ilk 5 dövlət arasında ən yuxarı artımdır.

Əvvəlki büdcə zərflərində olduğu kimi, 2009-cu ilin büdcəsində də sosial xərclərin artırılması nəzərdə tutulur və bu da dövlət başçısı İlham Əliyevin insan amilinə xidmət edən siyasət yeritdiyini bir daha təsdiqləyir. Sosialyönümlü xərclərin büdcədəki payı gələn il üçün 4 milyard 24 milyon manat proqnozlaşdırılır ki, bu da ümumi büdcə vəsaitlərinin 33 faizi deməkdir. 2008-ci illə müqayisədə gələn il sosial bölməyə 790 milyon manat çox vəsait yönəldiləcəkdir. Bu vəsaitlər hesabına əməkhaqlarının, pensiyaları, minimum əməkhaqqını, sosial yardımları, müavinətləri, hərbi qulluqçuların və müharibə veteranlarının maaş və təqaüdlərini artırmaq mümkün olacaqdır.

Dövlət başçısı İlham Əliyev andiçmə mərasimində sosial məsələlərə bundan sonra da xüsusi diqqət yetiriləcəyini vurğulamışdır: "Uzaq və yaxın tarixdən də bilirik ki, köklü islahatlar müvəqqəti olaraq insanların yaşayış səviyyəsini endirir. Azərbaycanda isə biz bunun əksini görürük. Biz köklü iqtisadi islahatlar aparmaqla bərabər, sosial məsələlərin həllində böyük işlər görmüşük. Dövlət ehtiyacı olan vətəndaşlarının yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün öz köməyini göstərir və biz gələcəkdə bu siyasəti davam etdirəcəyik".

2008-ci il yanvarın 1-dən minimum əməkhaqqı və minimum pensiya məbləğinin dövlət başçısı tərəfindən 20 faiz artırılaraq 60 manata, sentyabrın 1-dən isə daha 25 faiz artırılaraq 75 manata çatdırılması bir daha göstərir ki, sosial sahədə islahatlar davamlı xarakter daşıyır. 2009-cu ildən isə pensiyaların baza hissəsi yenidən artırılacaq eyni zamanda pensiyaların sığorta hissəsi illik inflyasiya faizinə uyğun indeksləşdiriləcək ki, bu da qiymət artımı baş verdiyi təqdirdə, bunun pensiyaçıların sosial vəziyyətinə hər hansı bir neqativ təsirini neytrallaşdıracaq. Bütün bu tədbirlər sosial müdafiənin keyfiyyətcə yeni mərhələyə keçid alması kimi dəyərləndirilə bilər. Onlar kompleks xarakter daşıyır və bu konsepsiyanın davamı qarşıdakı beşilliyin də sosial rifah və tərəqqi dövrü kimi səciyyələndiriləcəyinə münbit zəmin və möhkəm təminat yaradır.

Andiçmə mərasimində "Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da Vətənimizin uğurlu inkişafı üçün, Azərbaycanın çiçəklənməsi üçün mən əlimdən gələni əsirgəməyəcəyəm, Azərbaycan xalqına bundan sonra da xidmət edəcəyəm" - deyən dövlət başçısı İlham Əliyev ötən beş ildə olduğu kimi, bundan sonra da hər bir azərbaycanlının layiqli prezidenti olacağını, xalqa verdiyi hər bir vədi əməli işi ilə doğruldacağını bir daha bəyan etmişdir. Ümumilikdə, ötən beş ilin iqtisadi yekunları da təsdiqləyir ki, xalqa layiqli xidmət məramı dövlət başçısı İlham Əliyevin yeritdiyi siyasətin ana xəttini təşkil edir. Bu siyasət eyni zamanda hər bir vətəndaşın layiqli və firavan həyat tərzinin təminatına, ölkənin taleyi üçün strateji qlobal layihələrin davamlılığına, ölkədə demokratik-hüquqi islahatların genişləndirilməsinə xidmət edir.

 

Xalid NİYAZOV

 

Azərbaycan.-2008.-4 dekabr.-S.2.