Vətənə xidmət akademiyası

 

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının şəxsi heyəti ölkənin xüsusi xidmət orqanlarının tarixində ən əlamətdar günlərdən birini - bu ali təhsil müəssisəsinin yaradılmasının 10-cu ildönümünü böyük ruh yüksəkliyi və təntənə ilə qeyd etməyə hazırlaşır.

Akademiyanın təsis olunmasının bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlılığı bütün kollektivimiz üçün sonsuz iftixar və qürur mənbəyidir.

Hamıya məlumdur ki, ulu öndər Heydər Əliyev özünə əziz və doğma saydığı təhlükəsizlik orqanlarından diqqət və qayğısını heç bir zaman əsirgəməmiş, Azərbaycan xalqının varlığını təhdid edən qüvvələrə qarşı mübarizənin ön sıralarında dayanan və onun əsas ağırlığını öz çiyinlərində daşıyan, ölkənin milli təhlükəsizliyini təmin etmək kimi müqəddəs bir missiyanı şərəflə yerinə yetirən bu təşkilatın möhkəmlənməsini Azərbaycan dövlətinin qarşısında duran ən başlıca vəzifələrdən saymışdır.

Böyük çətinliklər hesabına əldə olunmuş ictimai-siyasi sabitliyin, sosial və iqtisadi inkişaf tempinin qorunub-saxlanılmasında milli təhlükəsizlik orqanlarının rolunu yüksək qiymətləndirən ulu öndər bu qurumun güclənməsi və daha səmərəli fəaliyyət göstərməsi üçün müvafiq şəraitin yaradılmasına həmişə xüsusi diqqət yetirmişdir.

Respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə kadr məsələlərinə böyük önəm verən ümummilli lider onu dövlət strukturlarının normal fəaliyyətinin vacib amili saymışdır. Sovet dönəmində təhlükəsizlik orqanlarını milliləşdirmək kimi çox çətin bir işin öhdəsindən bacarıqla gəlmiş dahi öndər bu dəfə Milli Təhlükəsizlik Nazirliyini yüksək ixtisaslı yeni kadr nəsli ilə, xüsusi hazırlıqlı mütəxəssislərlə təmin etmək haqqında düşünürdü. Belə vacib və mühüm bir işin təşkilində xüsusi ali təhsil ocağının və mükəmməl tədris sisteminin roluna böyük önəm verən ümummilli lider Heydər Əliyev 1997-ci il iyunun 28-də Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti ilə görüşündə bu məsələyə toxunaraq demişdir:

"Bizim müasir müstəqil Azərbaycan dövlətinin, demokratik Azərbaycanın, hüquqi dövlətin Milli Təhlükəsizlik Nazirliyinin işçiləri gərək yüksək səviyyəli olsunlar. Bu, sizin əsas vəzifənizdir. Sizin məktəbiniz var, bu məktəbin işinə fikir verməlisiniz. Çox ciddi məsələdir. Mən deyə bilərəm ki, keçmiş SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin çox yüksək səviyyəli ali məktəbləri vardı, çox yüksək səviyyəli biliklər verirdilər. Mən özüm biliklərin əksəriyyətini həmin o ali məktəblərdə almışam. Mən Leninqradda oxuyarkən təkcə o ali məktəbin müəllimləri deyil, Leninqrad Universiteti professorlarının əksəriyyəti bizim ali məktəbdə mühazirələr oxuyurdu - həm tarixdən, həm fəlsəfədən, həm ədəbiyyatdan, həm mədəniyyətdən, həm dildən, həm coğrafiyadan, bütün başqa fənlərdən, xüsusən humanitar fənlərdən. Yəni, demək istəyirəm, nazirliyin belə yüksək səviyyəli məktəbləri var idi. 1953-54-cü illərdən sonra yaranmış məktəblər idi. Sizin belə məktəbiniz olmalıdır, kadrlar hazırlanmalı, işləyən kadrları təkmilləşdirməlisiniz".

Qeyd etmək lazımdır ki, əvvəllər Milli Təhlükəsizlik Nazirliyinin nəzdində qısamüddətli hazırlıq və təkmilləşdirmə kursları fəaliyyət göstərirdi. 1993-cü ildə Azərbaycan xalqının israrlı tələbi və zamanın hökmü ilə ümummilli liderin ikinci dəfə hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, kursların fəaliyyətinin gücləndirilməsi və səmərəliliyinin yüksəldilməsi istiqamətində də böyük işlər görüldü. Lakin həmin kurslar Heydər Əliyevin rəhbərliyi ilə dinamik surətdə inkişaf edən, çiçəklənən Azərbaycanın təhlükəsizlik orqanlarının müasir və peşəkar kadrlara ehtiyacını ödəmək iqtidarında deyildi. Dahi öndərin uğurlu xarici və daxili siyasəti nəticəsində Azərbaycanın geosiyasi mövqeyinin möhkəmlənməsi, bölgədə həyata keçirilən mühüm transmilli layihələrin, böyük enerji müqavilələrinin əsas təşəbbüskarına və iştirakçısına çevrilməsi, beynəlxalq aləmdə öz sözü, çəkisi və lazımi potensialı olan ölkə olaraq tanınması, respublikada ictimai-siyasi sabitliyin bərqərar olması, misilsiz iqtisadi yüksəliş dövlətimizin güclənməkdə olan bütün strukturları kimi, Milli Təhlükəsizlik Nazirliyinin də qarşısında mahiyyət etibarı ilə yeni vəzifələr qoyur, təhlükəsizlik aspektinə çağdaş yanaşma zərurəti doğururdu. Etiraf etməliyik ki, qısa müddət ərzində qazanılmış bu nailiyyətlər Azərbaycan xalqının ənənəvi bədxahlarını, xüsusilə də siyasi, sosial və iqtisadi böhran məngənəsindən qurtula bilməyən, əksinə, daha dərin uçuruma yuvarlanmaqda olan Ermənistanı qıcıqlandıraraq ölkəmiz əleyhinə aparılan kəşfiyyat-pozuculuq fəaliyyətinin bir qədər də kəskinləşməsinə səbəb olmuşdur. Eyni zamanda, dünyanın bir sıra nüfuzlu siyasi dairələri Azərbaycana maraq göstərməyə, Şərqlə Qərbin kəsişdiyi bu məkanda nüfuz qazanmaq uğrunda bir-birləri ilə açıq və ya gizli mübarizəyə başlamışdılar. Bütün bunlar isə ölkəmizin yerləşdiyi bölgənin siyasi palitrasını daha da mürəkkəbləşdirir, bir an belə yubanmadan bütün sahələrdə və istiqamətlərdə təcili tədbirlərin görülməsini tələb edirdi.

Adı Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış, misilsiz xidmətləri və fədakarlığı sayəsində ölkənin milli birliyini və böyük qurbanlar bahasına qazanılmış dövlət müstəqilliyini qoruyub saxlamış Heydər Əliyev qloballaşma və inteqrasiya proseslərinin sürətləndiyi, ayrı-ayrı ölkələrdəki ictimai-siyasi proseslərə fərqli münasibətlərin, regional münaqişələrə yeni baxış bucağının formalaşdığı, dünyanın siyasi düzənini müəyyənləşdirən güc mərkəzlərinin dəyişdiyi, beynəlxalq terrorçuluğa qarşı mübarizənin ön plana çəkildiyi yeni və olduqca mürəkkəb şəraitdə milli təhlükəsizlik orqanlarının öz vəzifələrinin öhdəsindən layiqincə gələ bilməsi üçün ən zəruri addımları atdı.

Belə addımlardan biri də məhz ulu öndər Heydər Əliyevin 1 dekabr 1998-ci il tarixli sərəncamı ilə Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının yaradılması oldu.

Ümummilli lider 28 iyul 1999-cu il tarixli digər sərəncamı ilə yaxşı tanıdığı, qabiliyyətinə bələd olduğu, uzun illər respublikanın xüsusi xidmət orqanlarında çalışmış, bu təşkilata rəhbərlik etmiş, böyük əməliyyat təcrübəsinə malik general-leytenant Ziya Məmmədiyyə oğlu Yusif-Zadəni akademiyanın rəisi təyin etdi.

İndi biz inamla deyə bilərik ki, ümummilli liderin həmin tarixi sərəncamlarından ötən 10 il ərzində akademiyamız bütün müasir tələblərə və dünya standartlarına cavab verən ali təhsil müəssisəsinə çevrilmişdir. Lakin keçmişə nəzər salaraq qeyd etməliyəm ki, akademiyanın təlim-tədris və texniki bazasının yaradılması prosesi böyük çətinliklərlə müşayiət olunmuşdur. Milli Təhlükəsizlik Nazirliyinin hazırlıq və təkmilləşdirmə kursları təmirsiz, təhsil üçün heç bir şəraiti olmayan inzibati binada təşkil edilmişdi. Lakin tədris və yataqxana korpuslarının, yeməkxananın, idman kompleksinin olmaması ulu öndər Heydər Əliyev tərəfindən akademiya qarşısında qoyulmuş ən mühüm vəzifələrdən birinin həyata keçirilməsinə - milli təhlükəsizlik orqanları, o cümlədən, həmin vaxt daha çox tələb olunan Sərhəd Qoşunları üçün sərhədçi zabitlərin hazırlanmasına imkan vermirdi. Qeyd etmək lazımdır ki, o vaxtlar yeni yaranmış Sərhəd Qoşunlarında kadr çatışmazlığı özünü xüsusilə kəskin şəkildə göstərdiyinə görə ilk qəbul akademiyanın məhz Sərhəd Qoşunları fakültəsindən başlanmışdı. Belə bir vəziyyətdə vaxt itirməmək üçün yaranmış vəziyyətdən yeganə çıxış yolu kimi Sərhəd Qoşunlarının komandanlığından kursantların müvəqqəti olaraq "Qobustan" sərhəd zastavasında yerləşdirilməsi xahiş olundu. Sərhəd Qoşunlarının rəhbərliyinin köməkliyi ilə "Qobustan" zastavası çox qısa müddətdə təmir edilərək akademiyanın istifadəsinə verildi.

Belə bir spesifik ali təhsil müəssisəsinin təşəkkül tapması prosesinin kifayət qədər çətin olacağını əvvəlcədən nəzərə alan ulu öndərin göstərişi ilə akademiya üçün ayrılmış ərazidə təmir-tikinti və quruculuq işləri aparılırdı.

Ümummilli liderin diqqət və qayğısı sayəsində ilk qəbuldan heç 15 ay keçməmiş Sərhəd Qoşunları fakültəsi üçün nəzərdə tutulmuş tədris və yataqxana korpuslarının, kursant yeməkxanasının tikintisi başa çatdırılaraq tədris prosesi bilavasitə akademiyanın özündə davam etdirildi.

Cənab Eldar Mahmudovun 2004-cü ildə milli təhlükəsizlik naziri təyin olunması ilə akademiyada aparılan təmir-tikinti və quruculuq işləri geniş vüsət aldı. General-leytenant cənab Eldar Mahmudovun böyük diqqət və qayğısının, tez-tez akademiyada olub problemlərlə maraqlanması və onları dərhal yerindəcə həll etməsinin, təlim-tədrisin səviyyəsinin daha da yüksəldilməsi və səmərəliliyinin artırılması istiqamətində gördüyü işlərin müsbət nəticələri göz qabağındadır.

Ümummilli lider Heydər Əliyevin nəsillərə örnək olan titanik fəaliyyətini əks etdirən "Şöhrət" muzeyinin yaradılması, dahi rəhbərin möhtəşəm abidəsinin ucaldılması, yeni inzibati binaların və tədris korpuslarının, müasir standartlara cavab verən yataqxanaların, idman kompleksinin və təlim mərkəzinin tikilməsi, tədris otaqlarının, kriminalistika laboratoriyalarının, linqafon kabinələrinin, kompüter zallarının, mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan klubların ən müasir avadanlıqla və kompüterlərlə təchiz olunması, zəngin fonda malik xüsusi və ümumi kitabxanaların yaradılaraq kursant və dinləyicilərin istifadəsinə verilməsi nazirin bilavasitə rəhbərliyi və nəzarəti altında həyata keçirilən işlərin yalnız bir hissəsidir.

Akademiyaya qəbul olunan hər bir kursant tam dövlət təminatına götürülür. Burada kursantların xüsusi biliklərə və zəruri vərdişlərə yiyələnmələri üçün lazım olan bütün şərait yaradılmışdır. Təhsildə müvəffəqiyyət qazanan, elmi-yaradıcılıq fəaliyyətinə meyil göstərən və akademiyanın ictimai həyatında fəal iştirak edən əlaçı kursantlar üçün milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun əmri ilə Heydər Əliyev adına təqaüd təsis edilmişdir. Hazırda 7 nəfər kursant Heydər Əliyev adına təqaüdə layiq görülmüşdür.

İlk buraxılışa həsr olunmuş təntənəli mərasimdə çıxış edərkən milli təhlükəsizlik naziri Eldar Mahmudov akademiyanın fəaliyyətini, professor-müəllim və zabit heyətinin əməyini yüksək qiymətləndirmişdir:

"Ulu öndərin amallarına, yaradıcısı olduğu tarixi ənənələrə sadiq qalan Milli Təhlükəsizlik Nazirliyi bu gün onun məktəbinin layiqli davamçısı adını doğrultmaq üçün bütün potensialını səfərbər etmişdir. Hazırda akademiyamızda təhsil alan və nazirlikdə yeni işə qəbul edilmiş gənclər məhz bu amallar ruhunda tərbiyə olunur, onların Heydər Əliyev yolunun davamçıları, əsl vətənpərvər kimi yetişmələri üçün bütün, o cümlədən elmi-texniki vasitələrdən səmərəli istifadə edilir. Ümummilli liderin adını daşıyan təhsil müəssisəsini bitirmək nə qədər şərəflidirsə, ulu öndərin qurduğu dövləti qorumaq və inkişaf etdirmək, onun Azərbaycanın tərəqqisinə xidmət edən siyasi kursunun daşıyıcıları olmaq bir o qədər də məsuliyyətlidir.

Zamanın sınaqlarından çıxmış, alternativi olmayan həmin siyasi kurs bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən ardıcıl surətdə və uğurla davam etdirilir".

General-leytenant Eldar Mahmudov akademiyada təhsil alan hər bir kursantın, bu elm ocağını bitirmiş hər bir gənc zabitin Vətən və dövlət qarşısında ən başlıca borcunun bütün qüvvə və imkanlarını səfərbər etməklə Azərbaycan dövlətçiliyinin gücləndirilməsi, ölkənin hərtərəfli tərəqqisi, milli maraqların qorunması naminə böyük peşəkarlıq və fədakarlıqla çalışmaqdan ibarət olduğunu xüsusi vurğulamış və əlavə etmişdir:

"Qarşıda bizi mühüm, taleyüklü vəzifələr gözləyir. Nə yolla olursa-olsun torpaqlarımızın azad olunması, sərhədlərimizin əsl yerlərində qurulması işində hər birinizə uğurlar arzulayıram. Qətiyyətlə inanıram ki, harada və hansı qoşun növündə xidmət etməsindən asılı olmayaraq, hər biriniz Ali Baş Komandanın bütün əmrlərini hər an və dərhal yerinə yetirməyə hazır olacaqsınız".

Milli təhlükəsizlik naziri Eldar Mahmudovun çıxışında qeyd olunduğu kimi, Azərbaycan dövlətçiliyinin sükanı etibarlı əllərdədir. Akademiyanın şəxsi heyəti son 5 il ərzində ölkədə həyata keçirilmiş uğurlu sosial-iqtisadi tədbirlərə, əhalinin bütün təbəqələrinin, o cümlədən məxfi xidmət işçilərinin rifahının yaxşılaşdırılmasına və 10 yaşlı ali təhsil ocağımızın inkişafı üçün görülmüş böyük işlərə görə ulu öndərin və onun siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezident İlham Əliyevə qəlbən minnətdardır. Qeyd etmək yerinə düşər ki, akademiyamız daim Ali Baş Komandanın diqqət mərkəzində olmuş, Azərbaycan dövlətinin hərtərəfli qayğısı ilə əhatə edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 dekabr 2005-ci il tarixli sərəncamı ilə akademiyaya ulu öndərin adının verilməsi bütün şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanmışdır.

Ali Baş Komandanın 2006-cı il martın 27-də akademiyaya gəlməsi, "Şöhrət" muzeyinin, ümummilli liderin əzəmətli abidəsinin açılışı mərasimində iştirak etməsi, abadlıq və quruculuq işləri ilə yerində tanış olması ali təhsil müəssisəmizin tarixində yeni və parlaq bir səhifə açdı. Cənab Prezident tərəfindən akademiyaya əsgəri şərəf və şücaət rəmzi olan Döyüş Bayrağının təqdim olunması isə Azərbaycan dövlətçiliyinə sədaqətini əməli fəaliyyəti ilə sübuta yetirmiş kollektivimizə böyük inamın və etimadın təzahürü idi.

Ali Baş Komandan İlham Əliyev akademiyanın şəxsi heyəti qarşısında çıxış edərkən demişdir:

"Bu gün akademiya ilə tanış olarkən gördüm ki, burada işlər yüksək səviyyədə qurulub, qısa müddət ərzində böyük təmir-tikinti işləri aparılmışdır. Akademiyanın binaları yüksək səviyyədə təmir olunmuş, yeni avadanlıq quraşdırılmışdır. Bir sözlə, indi akademiya ən yüksək standartlara cavab verir və burada kursantlar, əlbəttə ki, bütün bu imkanlardan səmərəli istifadə etməli, yaxşı oxumalı, bu peşəyə yiyələnməlidirlər.

Akademiya Heydər Əliyevin adını daşıyır və əlbəttə, bu, əlavə məsuliyyət deməkdir. Akademiyanın bütün fəaliyyəti gərək bu ada layiq olsun. Mən ümid edirəm ki, belə də olacaq və bu akademiyada oxuyan kursantlar gələcəkdə Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində fəal rol oynayacaqlar".

Cənab Prezident, həmçinin, Milli Təhlükəsizlik Nazirliyinin ölkəmizin milli təhlükəsizliyinin təmin olunması və milli maraqlarımızın qorunması üzrə fəaliyyətini yüksək qiymətləndirmişdir:

"Milli təhlükəsizlik orqanlarının son müddət ərzindəki fəaliyyəti də çox müsbətdir, çox uğurludur. Bildiyiniz kimi, Azərbaycanda müxtəlif cinayətkar dəstələr zərərsizləşdirildi. Məhz Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının fəaliyyəti nəticəsində cinayətkar dəstələr zərərsizləşdirildi, adam oğruları, canilər, qatillər, terrorçular tutuldu, cəmiyyətimizi narahat edən məsələlər öz həllini tapdı. Azərbaycan üçün təhlükə mənbəyi olan məsələlər həll olundu. Ona görə mən milli təhlükəsizlik orqanlarının fəaliyyətini çox yüksək qiymətləndirirəm.

Bilirsiniz ki, orqanların əməkdaşları yüksək dövlət mükafatları ilə təltif olunmuşlar. Eyni zamanda, onların məişət problemləri də öz həllini tapır. Milli Təhlükəsizlik Nazirliyinin maddi-texniki bazası möhkəmlənir. Biz bu məsələyə çox böyük diqqət göstəririk. Çünki indiki şəraitdə çox şey maddi-texniki bazanın yüksək səviyyədə olmasından asılıdır. Əlbəttə ki, peşəkarlıq, əməliyyat işləri - bütün bunlar çox önəmlidir. Əminəm ki, akademiyanın fəaliyyəti nəticəsində peşəkarlıq səviyyəsi daha da yüksələcəkdir".

Akademiyanın rəhbərliyi, professor-müəllim və zabit heyəti Azərbaycan dövlətinin, xalqının və şəxsən möhtərəm Prezident İlham Əliyevin etimadını doğrultmaq, gənc nəslin Heydər Əliyev ənənələri ruhunda, vətənpərvər, hərtərəfli inkişaf etmiş zabitlər kimi yetişdirilməsi üçün bilik və bacarığını əsirgəmir.

Kursantların əsl vətəndaş, Heydər Əliyev məktəbinin layiqli davamçıları, vətənə və dövlətə sədaqətli zabitlər kimi tərbiyə olunmalarında təlim-tədris prosesinin ayrılmaz hissəsi olan tərbiyəvi işin rolu xüsusilə böyükdür. Bu işin düzgün təşkili təlim-tədrisin və ümumiyyətlə hərbi xidmətin səmərəliliyini artırır, daha yüksək nəticələrin əldə olunmasını təmin edir. Akademiyanın professor-müəllim və zabit heyəti belə vacib və son dərəcə əhəmiyyətli bir sahədə iş apararkən kursantların intellektual səviyyəsinin daha da yüksəlməsinə, onlarda estetik zövqün formalaşmasına böyük önəm verir. Əməkdaşlarımız kursantların asudə vaxtının səmərəli təşkil olunması, hərbi xidmətin yeknəsəq və darıxdırıcı rejimə çevrilməməsi, akademiyanın ictimai həyatının dolğun, mənalı və maraqlı olması üçün tərbiyəvi işə əsl yaradıcılıqla yanaşır, bu məqsədlə toplanmış təcrübəni daha da zənginləşdirərək müxtəlif səpkili tədbirlər həyata keçirirlər.

Azərbaycan paytaxtının muzeylərinə, Bakının görməli yerlərinə müntəzəm ekskursiyalar, görkəmli alimlərlə, tanınmış siyasətçilərlə, mədəniyyət xadimləri və incəsənət ustaları ilə, şair və yazıçılarla vaxtaşırı görüşlər, teatrlarımızın yeni tamaşaları ilə tanışlıq, akademiyanın bədii özfəaliyyət ansamblının iştirakı ilə təşkil olunan konsert proqramları, ədəbi-bədii gecələr, yaradıcılıq müsabiqələri, şən və hazırcavablar klubu, intellektual rinq və müxtəlif idman yarışları kursantlarda kollektivçilik və yoldaşlıq hisslərinin gücləndirilməsi baxımından da müstəsna əhəmiyyət kəsb edir.

Kursantların siyasi hazırlıq səviyyəsinin yüksəlməsində və ümumi dünyagörüşünün genişlənməsində tərbiyəvi iş saatlarından səmərəli istifadə olunması müsbət nəticələr verir. Bu dərslərdə kursantlara Azərbaycanın görkəmli tarixi şəxsiyyətləri, məşhur hərbi xadimləri, xalqımızın şərəfli keçmişi və zaman-zaman üzləşdiyi faciələr, erməni vəhşilikləri Azərbaycan dövlətinin yürütdüyü uğurlu daxili və xarici siyasət barəsində geniş və ətraflı mühazirələr oxunur, ölkədə və beynəlxalq aləmdə cərəyan edən siyasi və iqtisadi prosesləri əks etdirən ən son məlumatlar onların nəzərinə çatdırılır. Kursantların dövri mətbuatla müntəzəm tanış olmaları, televiziya verilişlərini izləmələri üçün də lazımi şərait yaradılmışdır.

Azərbaycan xalqının çoxəsrlik tarixinin şanlı səhifələri kimi yaddaşlarımıza əbədi həkk olunmuş günlərin qeyd olunması akademiyamızın həyatında artıq ənənəyə çevrilmişdir. Burada təhsil alan kursantların həqiqi vətəndaş və şəxsiyyət kimi yetişməsində bu tədbirlərin rolu böyükdür. Keçirilən mərasimlərdə həmin günlərin mahiyyəti, milli özünüdərkin formalaşmasındakı rolu və önəmi barədə geniş məzmunlu məruzələrin oxunması, kursantların çıxışları və ürək sözləri böyük tərbiyəvi əhəmiyyətə malik olmaqla yanaşı, keçmişimizlə bugünümüz və gələcəyimiz arasında sıx əlaqənin qırılmazlığını, əcdadlarımızdan miras qalmış ən başlıca irsin - azadlıq ruhunun, azərbaycançılığın və türkçülüyün ölməzliyini, əbədiliyini canlı şəkildə sübut edir.

Müxtəlif mövzularda elmi-praktiki konfranslar, ulu öndərin həyat və fəaliyyətinə həsr olunan, eləcə də Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi son əməliyyatları əks etdirən sənədli filmlərin müntəzəm nümayişi kursantların məlumatlılıq və ümumi bilik səviyyəsini yüksəltməklə yanaşı, onların gələcək əməliyyat işinə hazırlanması və peşəkarlıq vərdişlərinin aşılanması prosesinin mühüm tərkib hissəsi kimi də böyük əhəmiyyət kəsb edir.

Akademiyanın ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş çox dəyərli və unikal sənədlərlə zəngin olan "Şöhrət" muzeyini yalnız kursantlar, dinləyicilər və Milli Təhlükəsizlik Nazirliyi əməkdaşları deyil, həm də Azərbaycanın digər ali təhsil ocaqlarının tələbə və müəllimləri də sonsuz qürur hissi ilə ziyarət edirlər. Muzeydə nümayiş etdirilən zəngin və dəyərli ekspozisiyalar hər bir azərbaycanlı gəncə öz vətənini və peşəsini məhz dahi öndər Heydər Əliyev kimi sevməyi öyrədir.

Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı, milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun gündəlik nəzarəti sayəsində akademiyamız təhlükəsizlik orqanlarının bilikli kadrlarla, xüsusi hazırlıqlı mütəxəssislərlə, vətənpərvər zabitlərlə təmin olunması üzrə fəaliyyətini gündən-günə daha da gücləndirir. Qarşımızda qoyulmuş böyük vəzifələrin uğurla həyata keçirilməsi, istiqlalımızın əbədi olması, ölkəmizin daim çiçəklənməsi, dövlətçiliyimizin daha da möhkəmlənməsi naminə bundan sonra da var qüvvəmizlə çalışacaq, bizə göstərilən yüksək etimadı qüsursuz xidmətimizlə doğruldacağıq.

 

İsgəndər Allahverdiyev,

MTN-in Heydər Əliyev

adına Akademiyasının rəis müavini, general-mayor

 

Azərbaycan.-2008.- 4 dekabr.-S.3.