Azərbaycan-Türkmənistan münasibətləri sürətlə inkişaf edir

 

 

Azərbaycanla Türkmənistan arasında diplomatik münasibətlərin əsası 1992-ci ilin iyunundan qoyulmasına baxmayaraq zəngin karbohidrogen ehtiyatlarına malik bu iki türk dövləti arasında siyasi əlaqələr uzun müddət formal mahiyyət daşımışdı. İki ölkənin siyasi münasibətlərindəki soyuqluq Türkmənistanın Xəzər dənizində Azərbaycana məxsus bir sıra yataqlara iddia etməsi səbəbindən yaranmışdı. Elə bu soyuqluq vaxtilə Transxəzər qaz kəməri layihəsinin reallaşmasına imkan verməmişdi.

 

1999-cu ildə ATƏT-in İstanbulda keçirilən zirvə tolantısı zamanı Azərbaycan, Türkiyə, Gürcüstan və Türkmənistan prezidentləri arasında "Transxəzər qaz boru xəttinə dair hökumətlərarası Bəyannamə" imzalanmışdı və ilkin razılığa görə, 2000-ci ildən etibarən Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə yanaşı, Transxəzər qaz kəməri layihəsi də reallaşma müstəvisinə gətirilməli idi. Amma Azərbaycan Türkmənistanın iddia etdiyi yataqların məhz onun milli sektoruna aid olduğunu və bunu istənilən səviyyədə sübutlamağa hazır olduğunu birmənalı bəyan etdi. Digər tərəfdən, "Əsrin müqaviləsi"ndə ABŞ başda olmaqla dünyanın siyasi həyatında mühüm yeri olan dövlətlərin, o cümlədən Rusiyanın təmsil olunması Aşqabadın bu ambisiyasına su səpdi. Azərbaycan həmin dönəmdə yataqlarla bağlı mübahisəni dərinləşdirməmək üçün təmkin göstərdi.

Xatırladaq ki, Türkmənistanla Azərbaycanın strateji əhəmiyyət daşıyan Transxəzər qaz kəməri layihəsində iştirakı məsələsi 1998-ci ildə gündəmə gəlmişdi. Birləşmiş Ştatların da dəstəklədiyi bu regional layihə Xəzərətrafı enerji ehtiyatlarının Qərbə nəqli yönündə önəmli marşrut idi. Öz növbəsində, postsovet məkanında Rusiyadan sonra ikinci qaz istehsalçısı olan Türkmənistan da iri qaz ehtiyatlarını dünya bazarına çıxarmaq üçün alternativ və səmərəli yol tapmaqda çox maraqlı idi. Çünki sovet dövründə olduğu kimi, SSRİ-nin dağılmasından sonra da Türkmənistan qaz ixracatı məsələsində Rusiya tranzitindən asılıydı.

2007-ci ildə Türkmənistanın yeni prezidentinin seçilməsindən sonra rəsmi Aşqabadın xarici siyasət kursunda etdiyi korrektələr tezliklə Azərbaycanla münasibətlərdə də özünü göstərdi. Ölkəsinin daxili və xarici siyasətinin aspektlərinə yenidən baxan Prezident Qurbanqulu Berdiməhəmmədovun münasibətləri yeni tərzdə, dünyada gedən qlobal proseslərə uyğun şəkildə qurmağa çalışması Azərbaycanla əlaqələri yeni inkişaf mərhələsinə çıxardı. İki Xəzəryanı ölkənin siyasi əlaqələrində yenidən canlanma hiss olunmağa başladı.

Bu ilin mayında Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə rəsmi səfəri əlaqələrin güclənməsinə xidmət edən təşəbbüslərin həmin dövr üçün pik nöqtəsi sayılacaq göstəricisi idi. O zaman Türkmənistan Prezidentinin Azərbaycana rəsmi səfəri təsdiq etdi ki, iki türk dövləti arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı potensial var və xüsusən, xalqlarımızın etnik, mədəni köklərinin yaxınlığı əlaqələrin genişlənməsi üçün möhkəm əsas yaradır. İki ölkə arasında münasibətlərin istiləşməsi dövlət başçılarının təkbətək və geniştərkibli görüşündə özünü aydın büruzə verdi. Prezident İlham Əliyev Türkmənistanın dövlət başçısının ölkəmizə gəlişini tarixi səfər kimi qiymətləndirmişdi: "Biz Türkmənistan Prezidentinin Azərbaycana səfərinə çox böyük əhəmiyyət veririk. Mən bu səfəri ikitərəfli münasibətlərimizin inkişafında keyfiyyətcə yeni mərhələ açan tarixi səfər hesab edirəm. Son vaxtlar biz ikitərəfli münasibətlərimizin coşğun inkişafının şahidləriyik. İqtisadi əlaqələrimiz möhkəmlənir, siyasi təmaslarımız daimi xarakter daşıyır, həyatımızın bir sıra istiqamətləri üzrə çox sıx qarşılıqlı əlaqə mövcuddur. Bütün bunlar, əlbəttə ki, bizi çox sevindirir".

1996-cı ildən sonra ilk dəfə Azərbaycana rəsmi səfər edən Türkmənistan Prezidentinin ölkəmizin başçısı ilə görüşündə Xəzərin statusu, regional təhlükəsizlik, o cümlədən qarşılıqlı əlaqələrin ən mühüm və aktual məsələləri müzakirə edildi, əməkdaşlığın strateji istiqamətləri müəyyənləşdirildi.

2008-ci ilin noyabrın son günlərində isə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Türkmənistana etdiyi rəsmi səfər iki ölkə münasibətlərinin daha da möhkəmlənməsinə mühüm töhfələr verəcəkdir. Səfər zamanı Azərbaycan və Türkmənistan prezidentlərin görüşlərində ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub, əlaqələrin daha da genişlənəcəyinə əminlik vurğulanıb. Danışıqlarda ikitərəfli münasibətlərin bütün cəhətləri, regional sabitlik və təhlükəsizlik məsələləri, müasir dövrün terrorizm, ekstremizm, separatizm, mütəşəkkil cinayətkarlıq və narkotik vasitələrin qanunsuz dövriyyəsi kimi bəlaları ilə mübarizədə səylərin birləşdirilməsi məsələləri müzakirə edilib.

Sirr deyil ki, iki ölkə arasındakı siyasi münasibətlərin fəallaşması və möhkəmlənməsi əlaqələrin bütün sahələrdə genişlənməsinə təkan verib. Bunu səfər zamanı imzalanmış ikitərəfli sənədlər - Bakı və Türkmənbaşı limanları vasitəsilə beynəlxalq dəmir yolu - bərə xəttində yüklərin daşınmasının, yük vaqonlarının və konteynerlərin istismarının, nömrələr üzrə qeydiyyatının və onlardan istifadəyə görə hesablaşmanın təşkili haqqında, təhsil sahəsində əməkdaşlıq haqqında, sazişlər, Bakı və Türkmənbaşı limanları vasitəsilə birbaşa beynəlxalq dəmir yolu - bərə əlaqəsinin təşkili haqqında saziş, Azərbaycan-Türkmənistan hökumətlərarası komissiyası haqqında saziş də təsdiqləyir.

Azərbaycan Prezidentinin Türkmənistana səfəri zamanı gündəliyi zəngin olan danışıqlar, əldə edilən razılaşmalar dövlətlərarası dialoqu yeni səviyyəyə çatdıracaq, ona yeni dinamika və keyfiyyət verəcəkdir.

Azərbaycanla Türkmənistan arasında münasibətlərin inkişafında yanacaq-enerji sektorunun xüsusi yer tutması təbiidir. Bu sahədə əməkdaşlığı şərtləndirən əsas amil ilk növbədə hər iki ölkənin zəngin karbohidrogen ehtiyatlarına malik olmasıdır. Azərbaycanın uğurlu neft-qaz strategiyası və dünyanın enerji təhlükəsizliyinə verdiyi töhfələr, xüsusən, Azərbaycan-Türkmənistan münasibətlərinin istiləşməsi iki ölkə arasında enerji sahəsində əməkdaşlıq üçün yeni perspektivlər açıb. Ona görə Azərbaycan və Türkmənistan prezidentlərinin görüşündə əsas müzakirə mövzularından biri energetika sahəsində əməkdaşlıq məsələsi olub. Bir vaxtlar Azərbaycanın enerji layihələrinə qarşı çıxan Türkmənistan artıq bu gün Azərbaycan üzərindən keçəcək qaz kəməri planına dəstək verir, ölkəmizlə ortaq enerji layihəsinə qoşulmaq niyyətini gizlətmir. Çünki Türkmənistanın Qərbə çıxışı üçün Rusiyadan yan keçən yeni alternativ yola ehtiyacı var. Azərbaycandan və Gürcüstandan keçən Transxəzər nəqliyyat dəhlizi isə bu sahədə yeganə vasitədir. Bu baxımdan, getdikcə daha da canlanmaqda olan Türkmənistan-Azərbaycan dialoqunun əsas müzakirə predmetlərindən biri də rəsmi Aşqabadın enerji ixracı sahəsində alternativ layihələri inkişaf etdirmək niyyətidir. Azərbaycan Prezidenti ilə görüşdən sonra mətbuat üçün bəyanatla çıxış edən Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov bildirib ki, "...biz "açıq qapı" siyasətinə və karbohidrogen ehtiyatlarımızın nəqlinin şaxələndirilməsinə tərəfdarıq".

Azərbaycan Prezidenti İlham Əliyev bu barədə bildirib ki, Xəzəryanı iki ölkə nəinki özlərinin enerji təhlükəsizliyini təmin edir, həm də başqa ölkələrin enerji təhlükəsizliyində mühüm rol oynayır və bu rol gələcəkdə artacaqdır. Dövlətimizin başçısı deyib: "İki müstəqil dövlət kimi biz öz enerji potensialımızı tamamilə reallaşdırmışıq. Həyata keçirdiyimiz sərmayələr və layihələr xalqlarımızın xoşbəxt gələcəyini təmin edir və hələ bir çox onilliklər ərzində təmin edəcəkdir". Prezident İlham Əliyev Azərbaycan və Türkmənistan arasındakı münasibətlərin təkcə bu ölkələr üçün deyil, həm də bütün Mərkəzi Asiya, Xəzər, Qafqaz regionu üçün böyük əhəmiyyət daşıdığını qeyd edib.

Zəngin karbohidrogen ehtiyatları olan Azərbaycan və Türkmənistanın regionda enerji siyasəti məsələlərinə eyni mövqedən yanaşmalarının və energetika sahəsində əməkdaşlıqla bağlı razılaşmalarının işartıları artıq görünməkdədir. Bu yaxınlarda Bakıda keçirilmiş "Azərbaycan və Türkmənistanın neft və qaz potensialı: energetika, iqtisadiyyat, ekologiya. Əməkdaşlığın strategiyası" mövzusunda beynəlxalq konfrans da iki ölkə arasındakı səmərəli dialoqun nəticəsidir. Neft-qaz sahəsində Azərbaycanın zəngin təcrübəsi var və bunu Türkmənistan tərəfi ilə bölüşməyə hazırdır. Ölkə başçısı cənab İlham Əliyevin konfransa göndərdiyi məktubda deyildiyi kimi, Azərbaycanda neft-qaz sahəsində dünya standartlarına uyğun geniş infrastruktur yaranmışdır və bütün bu imkanları qarşılıqlı maraq doğuran tərəfdaşlıq üçün təqdim etməyə tam hazırdır. Dövlətlər arasında aparılan faydalı fikir mübadiləsinə, regionda gələcək enerji və kommunikasiya layihələrinin inkişafına böyük töhfə olan, həm siyasi, həm də iqtisadi əhəmiyyət daşıyan həmin tədbir göstərdi ki, Azərbaycan və Türkmənistan rəqib deyil, açıq əməkdaşlığa hazır olan ölkələrdir. Bu əməkdaşlıq həm iki ölkə, həm də region dövlətləri arasında qarşılıqlı faydalı əməkdaşlıq mühitinin yaranması üçün zəruridir. Artıq bu mühit mövcuddur və Azərbaycan tərəfi bu mühitin daha da yaxşılaşmasının tərəfdarıdır.

ABŞ-ın Ceyms Taun Fondunun "Avrasiya gündəlik monitor" elektron nəşrində siyasi şərhçi Vladimir Sokorun "Azərbaycan Nabukko layihəsinə təkan verir" sərlövhəli məqaləsi yerləşdirilmişdir. Məqalədə bildirilir ki, bu il noyabrın 29-da Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Abdullah Gülün və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun üçtərəfli görüşündə Avropanın enerji təhlükəsizliyi məsələləri müzakirə olunmuşdur. Müəllif qeyd edir ki, Azərbaycan tərəfinin bu təşəbbüsü Xəzər qazını Avropaya nəql edəcək Nabukko layihəsinə dəstək vermək istiqamətində göstərilən səylərin tərkib hissəsidir. Nəhayət, Avropa İttifaqı və ABŞ hökuməti anlayır ki, Qərb dövlətlərinin və şirkətlərinin strateji layihələrə maliyyə vəsaiti ayırması zərurətdir. Türkmənistanın zəngin qaz ehtiyatları Nabukko kəmərini kifayət qədər təbii qazla təmin edəcəkdir. Vladimir Sokor yazır ki, Brüssel və Vaşinqton Nabukko layihəsini sözdə dəstəkləsələr də, Azərbaycan bu layihəni əməli işlə dəstəkləyir. Nabukko layihəsinin ilkin mərhələdə qazla təchizində, ikinci mərhələdə isə Türkmənistan qazının bu kəmərlə Avropaya nəqlində Azərbaycanın rolu olduqca vacibdir. Məqalədə qeyd edilir ki, Azərbaycan Nabukko layihəsini dəstəkləməkdə davam edir. Avropa İttifaqı və Birləşmiş Ştatlar isə layihəyə investisiyalar qoymaqla və siyasi dəstək nümayiş etdirməklə Azərbaycanın yanında olmalıdırlar.

Müəllif həmçinin vurğulayır ki, Azərbaycan rəhbərliyi Nabukko layihəsini qazla təmin etməyə üstünlük verməklə öz strateji seçimini etmişdir. Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri layihəsi tam şəkildə Azərbaycan qazına ümid bəsləyir.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.-2008.-5 dekabr.-S.1.