Milli Məclisdə
görüş
Dekabrın 4-də Milli Məclisin Sədri Oqtay Əsədov Türkiyə Respublikasının dövlət naziri Kürşad Tüzmənin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Qonağı səmimi salamlayan sədr bu cür görüşlərin qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi üçün gözəl imkan olduğunu vurğuladı. Qeyd edildi ki, günbəgün inkişaf edən Azərbaycan-Türkiyə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinədək yüksəlmiş, dostluğumuz əbədi səciyyə kəsb etmişdir. Bu sahədə dövlət başçılarımızın siyasi iradəsi, qarşılıqlı səfərlər və görüşlər mühüm rol oynamışdır. Bugünədək ölkələrimiz arasında 140-dan artıq sənəd imzalanmışdır ki, bunlar da əməkdaşlığımızın möhkəm hüquqi bazasını təşkil edir.
Söhbətdə sədr Türkiyə İş Adamları Birliyinin Bakıda keçirilmiş toplantısını yüksək dəyərləndirərək siyasi, iqtisadi, mədəni sahələrdə əməkdaşlığımızın yüksək səviyyəsindən məmnun olduğunu ifadə etdi. Qeyd edildi ki, bu yaxınlarda İstanbulda Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması ümumi mənafelər baxımından çox mühüm addım olmuşdur.
Səmimi qəbul üçün minnətdarlığını bildirən qonaq Azərbaycanda gördüklərindən məmnun qaldığını bildirdi. O, belə bir fikri vurğuladı ki, Azərbaycanın həyatın müxtəlif sahələrində əldə etdiyi nailiyyətlər Türkiyəni də sevindirir. Ölkələrimiz arasında siyasi, humanitar istiqamətlərdə əldə edilmiş uğurlar iqtisadi sahədə də müvəffəqiyyətlə davam etdirilir. Bu gün sürətlə inkişaf edən Azərbaycan dünyanı bürümüş iqtisadi böhran fonunda çox cəlbedici və riskə az məruz qala biləcək ölkə kimi səciyyələndirilir. Buna görə də Azərbaycanla əməkdaşlığın daha da dərinləşməsi mühüm əhəmiyyət kəsb edir.
Qonaq Azərbaycanda yerli iş adamları ilə keçirilən görüşdən və ümumiyyətlə, ölkəmizə səfərdən razı qaldığını dilə gətirdi. O, gələcəkdə bu cür tədbirlərin davam etdirilməsinin əhəmiyyətini vurğuladı.
Söhbətdə parlamentlərarası əlaqələrin inkişafı, beynəlxalq qurumlar çərçivəsində birgə fəaliyyətin perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç və digər rəsmi şəxslər iştirak edirdilər.
Milli Məclisin
mətbuat xidməti
Azərbaycan.-2008.- 5 dekabr.-S.1.