Ulu öndər Heydər Əliyevin elm və təhsil siyasəti

 

 

Milli intibahın təminatında başlıca vasitə sayılan elm və təhsil cəmiyyətdə bir çox problemlərin həllində mühüm rol oynayır. Dünyəvi təhsilə inteqrasiya yolunu seçən Azərbaycan Respublikasında müstəqilliyin bərpasından sonra bu strateji sahəyə milli təhlükəsizliyin mühüm amillərindən biri kimi xüsusi diqqətin yetirilməsi deməyə əsas verir ki, ölkədə həmin məsələ ümumi inkişaf və dövlət siyasəti ilə vəhdət təşkil edir. Tərəqqiyə gedən yolda uğurlar qazanmaq üçünsə dünyanın sivil dövlətləri ilə diplomatik əlaqələrin yaradılması, sosial-iqtisadi, mədəni, elm-təhsil və digər sahələrdə beynəlxalq norma və tələblərə uyğun əməkdaşlığın qurulması zəruridir. Bunun üçün xüsusilə strateji əhəmiyyətə malik təhsildə köklü islahatlar aparmaq Azərbaycan dövlətinin ali məqsədinə çevrilir. Bu mənada ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi zaman kəsiyinin həm birinci, həm də ikinci dönəmində reallaşdırılan təhsil siyasətinin müxtəlif aspektlərini araşdırmaq üçün bu strateji əhəmiyyətli sahənin dünəninə və bugününə diqqət yetirmək zəruridir.

Bir fakt aydındır ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanda elm və təhsillə bağlı siyasəti artıq real şəkildə özünün müsbət təzahürünü göstərməkdədir.

Ulu öndər bu sahələrə xüsusi həssaslıqla yanaşmış və daim qayğı göstərmişdir. Çıxışlarında təhsilin mürəkkəb bir sahə olduğunu dəfələrlə vurğulayaraq demişdir ki, "Təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu, cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən bir sahədir. Belə halda təhsil sisteminə çox diqqətlə yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır".

Hələ ötən əsrin 70-ci illərində Heydər Əliyev bu məsələni daim diqqət mərkəzində saxlamış, təhsil sistemində ciddi islahatlar həyata keçirilmişdir. 1972-ci ildə "Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında" və 1973-cü ildə "Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında" qəbul edilmiş qərarlar nəticəsində sovet Azərbaycanında orta ümumtəhsil məktəbləri şəbəkəsi 3 dəfə genişləndirilərək 765-dən 2117-ə çatdırılmışdır.

70-ci illərin əvvəllərinə qədər Azərbaycanda orta ümumtəhsil məktəblərinin dərsliklərlə təminatı olduqca aşağı səviyyədə idi. Lakin ümummilli lider qısa müddətdə bu problemin də həllinə nail oldu və 1978-ci ildən etibarən şagirdlərin dərsliklərlə pulsuz təminatı ənənəsinin əsası qoyuldu. Respublika rəhbərliyinin təhsilin inkişafına göstərdiyi xüsusi diqqət yeni orta ümumtəhsil məktəblərinin tikintisində də öz təzahürünü tapırdı. Həmin illər ərzində 350 mindən çox şagird yeri olan 849 məktəb inşa edilib istifadəyə verilmişdi. 1980-ci ildə respublikada ümumtəhsil məktəblərində oxuyan şagirdlərin sayı 710 minə çatmışdı ki, bu da 1970-ci illə müqayisədə təxminən iki dəfə artıq idi.

Ümummilli lider Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə 5 yeni ali təhsil müəssisəsi açılmış və ali məktəblərdə təhsil alanların sayı 70 mindən 100 minə qədər artmışdı. Böyük rəhbər keçmiş İttifaqın ən nüfuzlu təhsil müəssisələrində azərbaycanlıların oxumasına çalışmış və bu istiqamətdə əsaslı dönüş yaratmışdır. Heydər Əliyevin təşəbbüsü və himayəsi nəticəsində 1970-ci ildən başlayaraq hər il 800-900 nəfər gənc SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilmişdir. Bu isə respublikanın milli kadr potensialının daha da gücləndirilməsinə səbəb olmuşdur.

Ulu öndər Heydər Əliyev müstəqillik illərində də təhsilin inkişafını diqqətdən kənarda qoymamışdır. Ölkə başçısı bu sahədə mövcud olan problemlərin aradan qaldırılması və Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının həyata keçirilməsi üçün ciddi tədbirlər həyata keçirmiş, mühüm tarixi fərman və sərəncamlar imzalamışdır.

2002-ci il oktyabrın 4-də ölkə başçısının imzaladığı "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin müvafiq texniki bazasının möhkəmləndirilməsi haqqında" sərəncamı milli təhsil sisteminin inkişafında vacib amillərdən biri kimi səciyyələndirilən ümumtəhsil məktəbləri şəbəkəsinin genişləndirilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə etibarlı zəmin yaratmışdır. "Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair proqramın (2003-2007-ci illər) təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 17 fevral 2003-cü il tarixli sərəncamı ölkədə bu sahədə yaranmış problemlərin aradan qaldırılması yönümündə müstəsna əhəmiyyətə malik dövlət sənədi olmuşdur.

Ulu öndərin təhsil siyasəti konsepsiyasına əsaslanaraq demək olar ki, elm və təhsil iki müstəqil sahəni ehtiva etsə də, onların birini digərindən təcrid etmək mümkün deyildir. Hər iki istiqamət ümumi dövlət siyasətinin tərkib hissələrindən olduğundan və strateji mahiyyət daşıdığından onların inteqrasiyası labüddür.

Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövrünə nəzər yetirsək, görərik ki, elm ilə təhsilin inteqrasiyası istiqamətində çox önəmli işlər görülmüşdür. Əslində, bu iki müstəqil sistemin həmişə güclü əlaqələri olub və indi də var. Çünki elmin təhsilsiz, təhsilin isə elmsiz mövcudluğu qeyri-mümkündür. O ölkədə ki, fundamental tədqiqatlar aparılmır, yüksək keyfiyyətə malik təhsil haqqında danışmaq mənasızdır. Ümumiyyətlə, dövlətin iqtisadi qüdrətini, onun elm tutumlu və rəqabətə davamlı məhsulunun istehsalını elmi tədqiqatların, xüsusən fundamental tədqiqatların səviyyəsi və yüksək ixtisasa malik milli kadrlar müəyyən edir. Bu mənada "Milli Elmlər Akademiyası sistemində yüksək ixtisaslı elmi kadrlar hazırlayan təhsil qurumlarının, respublikada prioritet istiqamətlərdə müstəqil fəaliyyət göstərən dövlət elm-təhsil mərkəzlərinin işi daim gücləndirilməli və zənginləşdirilməlidir" fikri məhz Heydər Əliyevin təhsil siyasəti strategiyasının mühüm tələblərindən biridir.

Təbii ki, bu prosesdə inteqrasiyanın vacib amillərindən biri kimi AMEA alimlərinin birgə proqramlar üzərində işləməsi vacib şərtdir. Belə proqramların həyata keçirilməsi elmi kadr potensialının inkişafına və təhsilin səviyyəsinin yüksəlməsinə gətirib çıxarır. Akademik C.Quliyevin fikrincə, "hazırda inkişaf etmiş ölkələrdə elmlə təhsilin inteqrasiyası təşkilati məsələlərin həlli səviyyəsindən daha yüksək mərhələyə - ali təhsilin fundamentallaşdırma mərhələsinə yüksəlməkdədir. Söhbət insan və cəmiyyət dünyası haqqında fundamental vahid elmi biliklərin tədrisindən, mədəniyyətin iki komponenti olan təbiət və humanitar elmlərin vəhdətini təmin etməkdən gedir. Respublikamızda yüksək ixtisaslı kadrların hazırlanmasında, elmi-texniki tərəqqinin təmin olunmasında dövlət ali təhsil müəssisələri xüsusi yer tutur.

Yaxın təhsil tariximizə istinadən deyə bilərik ki, bu gün ali məktəblər elmi araşdırmaların aparılmasına əlavə vəsait əldə etmək məqsədilə müxtəlif qrantların alınması və proqramların hazırlanması üzərində xüsusi iş aparır və nəticələr müsbətdir. Məsələn, BDU-da Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu "Soros" Fondundan 15 min dollarlıq qrant almışdır. Təhsil ocağının kimya fakültəsinin İNTAS Proqramı üzrə Moskva Dövlət Universiteti, Stokholm Texnologiya İnstitutu, Almaniyanın Dramştat Texniki Universiteti əməkdaşları ilə birgə hazırladıqları elmi-texniki layihə Brüsseldə keçirilən müsabiqədə iki dəfə üç il müddətinə xüsusi qranta layiq görülmüşdür.

Bu da danılmaz faktdır ki, ulu öndər Heydər Əliyevin təhsil siyasəti konsepsiyasına əsasən ali məktəblərimizin əksəriyyətində təhsil alan gənclərin elmi-tədqiqat işlərinə cəlb olunması üçün, demək olar ki, lazımi şərait yaradılmışdır. Hər il tələbələrin riyaziyyat, fizika, kimya, informatika fənləri üzrə respublika olimpiadaları, konfranslar, aspirantların və gənc tədqiqatçıların respublika simpoziumları, müsabiqələri keçirilir. 2000-ci ildə İran İslam Respublikasında təşkil edilmiş beynəlxalq riyaziyyat olimpiadasında Azərbaycanın ali məktəb tələbələrinin komandası dördüncü yeri tutmuşdur. Azərbaycan MEA-nın Təhsil Nazirliyi və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti ilə birlikdə gənc tədqiqatçılar və ali məktəb tələbələri üçün neft-qaz mövzusu ilə bağlı keçirdiyi müsabiqələr xüsusi qeyd olunmalıdır. 1998-ci ildə "Neft və Azərbaycanın gələcəyi", 1999-cu ildə "Böyük İpək yolu və Azərbaycan nefti", 2000-ci ildə "Neft strategiyası və Azərbaycanın sosial-iqtisadi inkişaf problemləri", 2001-ci ildə "Neft-qaz hasilatı və Azərbaycanın davamlı inkişafı" mövzularında uğurlu müsabiqələr keçirilmişdir. Bundan başqa, son illər ərzində AMEA-nın Təhsil Nazirliyi ilə birlikdə "Saf su", "Bakı-Tbilisi-Ceyhan" boru xəttinin beynəlxalq və regional əhəmiyyəti" mövzularında beynəlxalq konfranslar, "Üçüncü minilliyin astanasında fövqəladə hallarda insanların və cəmiyyətin təhlükəsizliyi" adlı simpozium hamı tərəfindən böyük rəğbətlə qarşılanmışdır. 1998-ci ildən bu günə qədər elmi-tədqiqat müəssisələrinin və ali məktəblərin 1500-dən artıq əməkdaşı müxtəlif ölkələrdə - ABŞ, Böyük Britaniya, Fransa, Rumıniya, Polşa, Rusiya, Pakistan, Türkiyə, İspaniya, Almaniya, Yunanıstan və başqa ölkələrdə yerlərdə yaradıcı ezamiyyətlərdə olmuş, Azərbaycan elmini yüksək səviyyədə təmsil etmişdir.

Statistik məlumatlara əsasən demək olar ki, hazırda ali məktəblərimizdə iyirmidən artıq adda elmi məcmuə nəşr edilir. Son vaxtlar onların sayı artmaqdadır. Fərəhli haldır ki, "BDU-nun xəbərləri" elmi jurnalı Ümumrusiya Elmi-Texniki İnformasiya İnstitutu tərəfindən məzmunu və səviyyəsinə görə həmişə yüksək qiymətləndirilir və burada təbiət, fizika və riyaziyyat elmləri sahəsində çap olunmuş məqalələrin xülasələri həmin elm ocağının referativ jurnallarında çap olunur.

Ümummilli lider Heydər Əliyevin təhsil siyasəti bu gün islahatların zəruriliyinə önəmli diqqət yetirən Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu diqqətin və qayğının nəticəsi kimi cənab İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında "Bilik günü"nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında" fərmanda "Bilik günü"nün sentyabrın 15-də keçirilməsini xüsusi qeyd etmək lazımdır. Həmin gün respublikanın bütün məktəblərində ilk dərslərin ümummilli lider Heydər Əliyevin müstəqillik illərində elm, təhsil və gənclər siyasəti sahəsində gördüyü işlərə həsr olunmuş dəyərli söhbətlərlə başlanması, uşaqların yaş və bilik səviyyələrinə uyğun ölkədə aparılan iqtisadi, siyasi, sosialyönümlü islahatlar, tarixə dönən məqamlar barədə geniş məlumatlar verilməsi nəzərdə tutulmuşdur. Təbii olaraq, bu onun nəticəsidir ki, ümummilli lider Heydər Əliyev özünün milli dövlət quruculuğu strategiyasında təhsil siyasətinə dövlətçiliyin təməl prinsiplərindən biri kimi yanaşmış, bu sahəyə diqqət və qayğısını həmişə önə çəkmişdir. Ulu öndər təhsilin dünya standartlarına uyğun inkişafı, müəllimlərin, elm adamlarının əməkhaqlarının artırılması, məktəb şəbəkəsinin genişləndirilməsi ilə bağlı onlarla tarixi əhəmiyyətli fərman və sərəncamlar, islahat və dövlət proqramlarını təsdiq edən sənədlər imzalamışdır ki, bunlar birbaşa təhsildə problemlərin həllinə yönəlmişdir.

Heydər Əliyevin təhsil siyasətinin nəticəsi kimi aparılan islahatlar nəticəsində ötən illər ərzində bir sıra yeni ali məktəblər yaradılmış, bəzi təhsil ocaqlarının statusu artırılmış və profilləri dəyişdirilərək universitetlərə çevrilmişdir. Hazırda Bakı Dövlət Universitetinə, Azərbaycan Dövlət Neft Akademiyasına, Azərbaycan Tibb Universitetinə, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına, Naxçıvan Dövlət Universitetinə, Azərbaycan Dövlət İqtisad Universitetinə özünüidarəetmə prinsipi əsasında fəaliyyət göstərmək hüququ verilmişdir. Ali təhsil müəssisələrinə tələbə qəbulu çoxsaylı ixtisası əhatə edən müxtəlif istiqamətlər üzrə aparılmışdır. Bu istiqamətlər üzrə mütəxəssis hazırlığının məzmununa və səviyyəsinə qoyulan tələbləri müəyyən edən standartlara uyğun inteqrativ fənlərin proqram və dərsliklərinin hazırlanması işi başa çatdırılmışdır.

Məxsusi olaraq qeyd olunmalıdır ki, islahatların keçirilməsi təhsil siyasətinin mühüm amillərindəndir. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda təhsil siyasətini uğurla davam etdirən cənab İlham Əliyevin sərəncamlarından birinə diqqət yetirməklə onun strateji mahiyyətinə aydınlıq gətirə bilərik. Ölkə başçısının "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramının (2005-2007-ci illər) təsdiq edilməsi haqqında" 21 avqust 2004-cü il tarixdə imzaladığı sərəncam bu günümüz üçün zəruri olan informasiya texnologiyalarından müasir tələblərə uyğun istifadə problemlərinin həlli baxımından strateji əhəmiyyət kəsb edir. Təbii olaraq, həmin tarixi sənəd indiyədək bu sahədə mövcud olan boşluqların doldurulmasına, dünyəvi təhsilə inteqrasiya yönümündə çatışmazlıqların aradan qaldırılmasına önəmli kömək göstərir.

Artıq bu günün reallıqları sübut edir ki, Heydər Əliyevin təhsil siyasəti konsepsiyasına uyğun aparılan islahatlar müsbət nəticələr verir. Təhsil islahatlarının aparılmasını zəruri hesab edən ümummilli lider Heydər Əliyev deyirdi: "Təhsil sistemimizin hazırkı vəziyyətini, onun problemlərini dərindən öyrəndikdən sonra prioritet sahələr müəyyən edilməlidir".

Həqiqətən də, belə bir prinsipin seçilməsi Azərbaycanda təhsil siyasətinin əsas qayəsini təşkil etmişdir. 2001-2003-cü və ondan sonrakı illər üçün islahat proqramına əsasən fəaliyyətin ümumiləşdirilmiş prioritetlərinə diqqət yetirməklə Heydər Əliyevin təhsil siyasəti strategiyasının nə qədər fundamental bir konsepsiya olduğu təsdiqlənər.

Milli Tərbiyə Konsepsiyasının hazırlanması, təhsilin məzmununda inteqrasiya modellərinə keçid, təhsil sisteminin kompüterləşdirilməsi və informasiyalaşdırılması Proqramının təsdiqi və prosesə tətbiqi, təhsildə elmi istiqamət faktorlarının gücləndirilməsi, təhsillə elmin vəhdətini təmin etmək məqsədilə üstün sahələr üzrə elmi araşdırmaların, tədqiqatların aparılmasının intensivləşdirilməsi, dünya təhsil sisteminə inteqrasiyanın gücləndirilməsi məqsədilə proqramlar, layihələr üzərində işlərin müntəzəm olaraq davam etdirilməsi və digər məsələlərdən təhsil siyasətinin strateji istiqamətləri aydın görünür. İslahatın aparıldığı dövrdə önəmli mahiyyət daşıyan işlərdən biri Azərbaycan təhsili tarixində ilk dəfə olaraq ümumi təhsilin Dövlət Standartlarının və Bazis Tədris Planının hazırlanması və respublika hökuməti tərəfindən təsdiq edilməsi (1999, aprel) olmuşdur.

Ulu öndər Heydər Əliyevin elm və təhsil siyasətinin prioritetlərindən biri də hər iki sahənin idarə edilməsinə yeni yanaşmaların olmasıdır. Reallıqlar göstərir ki, hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu istiqamətdə aparılan işlər Azərbaycan xalqının xoş gələcəyinə xidmət edəcək səviyyədə uğurla davam etdirilir.

 

Habil HƏMİDOV,

AMEA-nın Fəlsəfə və

Siyasi-Hüquqi Tədqiqatlar

İnstitutunun aparıcı elmi

işçisi, pedaqoji elmlər

namizədi

 

Azərbaycan.-2008.-5 dekabr.-S.2.